AZƏrbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə6/16
tarix17.01.2017
ölçüsü1,08 Mb.
#581
1   2   3   4   5   6   7   8   9   ...   16

VAHİD ZAHİDOĞLU
KİTABİ - DƏDƏ QORQUD”DA ARXAİK BİR FONETİK HADİSƏ

VƏ ONUN MÜASİR DİLDƏKİ İZLƏRİ
Açar sözlər: kök, q / k samitləri, -caq / -cıq şəkilçisi, samit düşməsi

Ключевые слова: корень, согласный q / k, окончание -caq / -cıq , вы­па­де­­ние сог­ласного.

Key words: root, consonants q / k, ending -caq / -cıq, omission of consonant
Orta əsrlərdə yazıya alınmış “Oğuznamə”lərin ən mükəmməl nümunəsi olan və danışıq - folklor üslubunun çevik ifadə vasitələrini maksimum dərəcədə özündə əks etdirən ədəbi - bədii abidə kimi “Kitabi - Dədə Qorqud” təkcə dil tariximizin qa­ranlıq səhifələrinə işıq tutmur, həm də bir çox leksik vahidlərin, qrammatik for­ma­ların tarixi təkamül yollarını da müəyyənləşdirməyə imkan yaradır. Abidənin di­lində elə fonetik hadisələr də vardır ki, onlar müasir dildə relikt halında kök və şə­kilçiyə ayrila bilməyən müxtəlif daşlaşmış söz- formaların tərkibində bu və ya di­gər şəkildə qorunub saxlanmışdır. Həm dil tariximiz, həm də müasir Azər­bay­can dilçiliyi üçün xüsusi əhəmiyyət kəsb edən belə fonetik hadisələrdən biri də so­nu q və k samitləri ilə bitən sözlərə kiçiltmə - əzizləmə mə­na­lı - caq və - cıq şə­kil­çi­ləri artırılarkən söz köklərindəki son samitin düşməsidir. Bu fonetik hadisə abi­də­nin leksik- qrammatik strukturunda fonetik qanun sə­viy­yə­sin­də özünü göstərir. Baş­qa sözlə desək, “Kitabi - Dədə Qorqud”da sonu q və k ilə bi­tən elə bir söz yox­dur ki, bu şəkilçilər artırılarkən sondakı q və k samitləri düş­mə­sin. Eyni vəz­iy­yə­ti abidənin Drezden və Vatikan nüsxələrinin hər ikisində sis­tem­li şəkildə mü­şa­hi­də etmək mümkündür. Məs.: süñücük (< süñükcük), bıyıcaq (< bıyıqcaq), to­pu­caq (< topuqcaq), qulacuq (< qulaqcuq), küçücük (< kü­çük­cük), köşəcük (< kö­şək­cük), bəbəcük (< bəbəkcük), Baracuq (< Baraqcuq) və s.:

Məgər, bənüm xanım, ol arada oğlan atdan yıqılmışdı. Qarğa, quzğun qan gö­rüb oğlanuñ üstinə qonmaq istərdi. Oğlanuñ iki köpəcügi (D- də: kəlbcügəzi) var­dı. Qarğayı, quzğunı qovar(lar)dı, qondurmazlardı (V. 15); Qara qıyma göz­lə­rüñ uyxu almış açğıl axı / On ikicə süñücügün (V - də : süñücəgüñ) örən olmış yığ­şur axı (D. 27); And içəyim bu gəz boğaz qısrağa bindigüm yoq / Binübəni qa­za­vata varduğum yoq / Hay bən səni xub tanıram / Evüñüz ardı dərəcük / İtüñüz adı Baracuq (D- də: Baraq) degilmidür? (V. 47); Hey ana, Ərəbi atlar olan yerdə bir qulun olmazmı olur? / Dəvəsi olan yerdə köşəcügi (D- də: köşəgi) olmazmı olur? (V. 63); İki varduñ, bir gəldüñ, yavrum qanı? / Qarañu dündə bulduğum oğul qanı? / Bəbəcügüm (D - də: bəgüm) görinməz, bağrum yanar. (V.75); İki qoşa kardaşa beñzer senüñ qulacuğuñ (D. 99); Qıl kəpənək boyunçuğın sürər degil / Ağır buqağu topucağın dögər degil! (D. 144); Ağır buqağu topucağın dögər deyəyinmi? (D. 146); Bıyıcağı qararmış yigitcükləri çoq yemişəm / Yigitlikləri tutdı ola, gözüm, səni. (D. 233); Qazanı küçücük ölüm tutdı, uyudı. Məgər, xanum, Oğuz bəgləri yedi gün uyurdı. Anıñ içün küçücük ölüm derlərdi (D. 272); Küçücük tonuz şölənli / Bir torba saman döşəkli / Yarım kərpic yasduqlu / Yonma ağac tañrılı / Köpəgüm kafir (D. 281).

Sporadik şəkildə söz kökündəki q və k samitlərinin düşməsinə digər yazılı abidələrdə də təsadüf edilir: totaçux (< totaqcuq “dodaqcıq”- Q. Bürhanəddin), ufacıq (< ufaqcıq “xırdaca, kiçicik” – M. Ə. Sabir); əski Anadolu mətnlərində: ənücək (< ənükcək), əsrücək (< əsrükcək) və s.

Bir sıra hallarda bu fonetik hadisənin nəzərə alınmaması “Kitabi - Dədə Qor­qud”un bəzi mətn tərtibçilərini yanlış oxunuş variantları seçməyə, abidənin mət­nindən istifadə edən tədqiqatçıları isə səhv nəticələr çıxarmağa isti­qa­mət­lən­dir­mişdir. Məsələn: D. 27 - dəki سکوجککsüñücügüñ (< süñükcügüñ) “sü­mük­cü­yün” sözünü H. Araslı süküciyin, Ş. Cəmşidov sinəcigin, S. Əlizadə süñücigiñ şək­lində oxumuşlar. H. Araslı özünün oxunuş variantını izahsız buraxmış, Ş. Cəm­şidov mətnə düzəliş vermək yolunu seçmişdir; mətndəki yazılış şəklini əsla onun verdiyi şəkildə oxumaq mümkün deyil. S. Əlizadə qrafik kompleksi düzgün oxu­sa da, mənasını yanlış olaraq “qol - qıçını” şəklində izah etmişdir. Buradan da ay­dın olur ki, tərtibçi “Kitabi - Dədə Qorqud”da geniş yer tutan məlum fonetik ha­d­isənin fərqinə varmamışdır. D. 233 - dəki بیجاغی bıyıcağı (< bıyıqcağı) “bığcığı” qra­fik kompleksini H. Araslı müçağı, Ş. Cəmşidov bacağı, S. Əlizadə bığçağı şək­lində oxumuşlar. S. Əlizadənin nəşrində sözün mənası düzgün təyin edilsə də, bığ­cağı oxunuş variantı sözün tarixi - etimoloji məzmununu əks etdirmir. Azər­bay­can nəşrlərindən fərqli olaraq türk nəşrlərində göstərilən sözlər düzgün tran­sl­i­te­rasiya edilmiş və mənaları dəqiq şərh olunmuşdur.

M. Kaşğarinin “Divanü luğatit - türk” əsərində bu fonetik hadisə haqqında xü­susi qeyd yoxdur. Bu barədə ilk məlumata XVI əsrdə türk dilinin elmi qram­ma­ti­kasını yazmış Berqamalı Kadrinin “Müyəssirətül - ülum” əsərində təsadüf edilir. Mü­əllif göstərir ki, əgər ikidən çox hərfdən ibarət olan ismin sonunda kəf və qaf hərf­ləri varsa, onlara kiçiltmə bildirən -cak şəkilçisi artırılarkən söz kökündəki kəf və qaf düşür: balıcak (< balıkcak), sucucak (< sucukcak).

Berqamalı Qədrinin qeydləri təsdiq edir ki, bu fonetik hadisə Oğuz dillərinin əv­vəlki dövrləri üçün də xarakterikdir və -caq forması -cıq şəkilçisinə nisbətən da­ha qədimdir.

Sonrakı əsrdə polyak alimi Meninskinin qələmə aldığı “Türkcə- ərəbcə- farsca sözlük (Thesaurus)” adlı əsərin (1680) qrammatika bölümündə isimdən isim düzəldən - cək / - cak şəkilçiləriinə aid verilmiş misallar içərisində eyni fonetik hadisəyə aid büyücek (< büyükcek), alçacak (< alçakcak), kabucak (< kabukcak), soucak (< soukcak), küçücek (< küçükcek), ılıcak (< ılıkcak) sözləri vardır. Meninski eyni zamanda sonu k' və k ilə bitən sözlərə -rak, - rek şəkilçisi artırılarkən əksər hallarda sondakı samitin mühafizə edildiyini (uvakrak, soukrak, büyükrek, gevşekrek, yüksekrek), müəyyən hallarda isə bu tipli sözlərin fonetik variantlarla (alçakrak / alçağrak / alçarak, küçükrek / küçürek / kiçirek , titrerek / titrekrek) işləndiyini nəzərə çarpdırır. Müəllif - cık, - cik şəkilçili sözlərdə də ey­ni prosesin baş verdiyini, bu şəkilçilərin kəf və qaf hərfləri ilə bitən sözlərə artı­rıl­dı­ğı zaman söz kökünün sonundakı hərflərin düşdüyünü müvafiq nümunələrlə təs­bit edir: etek- etecik, köpek - köpecik, etmek - etmecik. Lüğətin “Sözlük” bö­lü­mün­də eyni fonetik hadisəyə aid bir sıra sözlər verilmişdir: çanacik (< çanakcik) , dudacik (< dudakcik), irmacik (< irmakcik), kalpacik (< kalpakcik), kazıcik (< ka­zıkcik), kıvrıcik (< kıvrıkcik), uvacik (< uvakcik), yapracik (< yaprakcik), yumşacik (< yumşakcik), çubucik (< çubukcik), enicik (< enikcik), eşecik (< eşekcik), köpecik (< köpekcik), yüksecik (< yüksekcik), körücik (< körükcik). Bu­nunla yanaşı, bəzi sözlərdə söz kökündəki son samitin mühafizə edildiyi də diq­qəti cəlb edir: belekçik, körükçik.

XVI əsrə aid farsca- türkcə sözlükdə ilerürecük (öndünrecük (<ön­dünrekcük) nümunələrində - rək şəkilçisi - cik şəkil­çisindən əvvəl gəldikdə k sa­miti düşür1

Hazırda bu fonetik hadisəyə ən çox oğuz qrupu türk dillərində rastlanır: krım- tatar. kaşıçık (< kaşıkçık), bayraçık (< bayrakçık), balıcık (< balıkcık) , kobeleçik (< kobelekçik “göbələkcik”), yumruçık (< yumrukçık), alçacık (< alçakcık), tos - tomalaçık (< tos - tomalak “yumruca”); türkmən. sovucak (< sovukcak), arrıcak (< arrıkcak “arıqcıq, arıqca”), qorkacık (< qorkakcık), keyicek (< keyikcek), mıssıcak (< mıssıkcak “yumşaqcıq”); türk. büyücek (< büyükcek), küçücek / küçücük (< küçükcek / küçükcük), ufacık (< ufakcık), yüksecik (< yüksekcik), çabucak (< çabukcak “tezliklə, tezcə”), parmacık (< parmakcık) , çiçecik (< çiçekcik), bebecik (< bebekcik), eşecik (< eşekcik)*; qaqauz. köpecik (< köpekcik), üzücek (< üzükcek), kuyrucak (< kuyrukcak) və s.

Söz kökü ilə şəkilçinin qovşağında q, k samitlərinin düşməsinə bəzi başqa türk dillərində də tək - tək hallarda təsadüf edilir: karay. ayaçəx (< ayaxçəx); qırğ. könöçök (< könökçök), kuyruçuk (< kuyrukçuk) və s.

Müasir Azərbaycan dilində bu hadisə sistemli şəkildə özünü göstərməsə də, ədəbi dilimizdə və dialektlərdə işlənən bir neçə sözün tərkibində relikt halında onun izləri qorunub saxlanmışdır: alçacıq (< alçaqcıq), kiçicik (< kiçikcik), artıcaq (< artıqcaq), yumşacıq (< yumşaqcıq), gödəcik (< gödəkcik), kiçicik (< kiçikcik), qovucuq (< qovuqcuq) və s.

“Kitabi - Dədə Qorqud”un mətnində xüsusi mövqeyə malik olan bu səs­dü­şü­mü hadisəsinin mahiyyətini və səbəblərini aydınlaşdırmaq üçün həmin prosesə bi­lavasitə təsir edən şəkilçilərin etimologiyası üzərində dayanmaq lazım gəlir. Ək­sər tədqiqatçıların fikrinə görə, diminutiv mənalı - caq, - cıq, - ca şəkilçiləri ey­ni­kök­lüdür. Həmçinin türkologiyada ümumi qənaət belədir ki, bu şəkilçilərin kar ç samiti ilə olan - çaq, - çıq, - ça fonetik variantları daha qədim tarixə malikdir.

Müasir Oğuz qrupu türk dillərində, o cümlədən də Azərbaycan dilində di­mi­nu­tiv mənalı - cıq şəkilçisi məhsuldar şəkilçilərdən hesab olunur. Digər türk dilləri üçün - ğına, - çak, - kay, - aç və s. formalar daha çox xarakterikdir. Bununla belə, - cıq şəkilçisinə başğırd, tatar, çuvaş, yakut, qazax və başqa dillərdə də rast­la­nır. Adə­tən - cıq şəkilçisinin əski forması - caq (< çaq) şəkilçisi hesab edilir. Bə­zi tür­ko­loqlar -ca kiçiltmə şəkilçisinin də q ünsürünün düşməsi ilə bu formadan ya­ran­dı­ğını irəli sürürlər. Azərbaycan dilində - çaq /-caq şəkilçisi ilə işlənən bir ne­çə isim­dən düzəlmiş söz qalmışdır: dilçək, oduncaq və s. Bu sözlərdə kiçiltmə mə­na­sı nisbətən azalmışdır.

İlk dəfə O. Bötlinq - çaq, - çıq, - ça şəkilçiləri arasında semantik yaxınlığı təsbit etmiş və onların çağ ismindən törəndiyini göstərmişdir. Daha sonra bu fikir P. M. Melioranski və digər türkoloqlar tərəfindən inkişaf etdirilmişdir. J. Deni bu tezisi daha ətraflı şəkildə əsaslandırmışdır. Onun sxeminə görə, - cıq, - caq və -ca şəkilçiləri çağ sözündən törəmiş, çağ sözünün özünün arxetipini isə onunla eyni semantik yükə malik olan çañ forması təşkil edir. Müasir türkoloji tədqiqatlarda bu fikir böyük əksəriyyət tərəfindən qəbul edilir. Lakin - ça/ - ca - nın çağ/ çaq sözündən törəməsi ehtimalı inandırıcı təsir bağışlasa da, -caq / -cıq şəkilçisinin bu sözə bağlı olması o qədər də həqiqətəuyğun görünmür. Bu baxımdan A. fon Qabenin etimologiyası daha çox diqqəti cəlb edir. A. fon Qabenə görə, - cıq şəkilçisi kiçiltmə mənalı iki formanın: - c və - ıq şəkilçilərinin calaqlanması yolu ilə yaranmışdır. - caq şəkilçisini də A. fon Qaben eyni şəkildə izah edir: - c + -aq . V. Banq, Q. Ramstedt və başqa türkoloqlar da bu fikrə şərik çıxırlar. Biz də bu fikrin həqiqətə daha yaxın olduğu qənaətindəyik. Kiçiltmə mənalı - ç və - k şəkilçilərinə aid qədim yazılı abidələrdə və müasir türk dillərində bir sıra örnəklər vardır. - ç şəkilçisi: qəd. türk. ataç “atacıq”, ögüç “anacıq”; alt. kayınaş “qayıncıq”, ayağaş “bardaqcıq”, biçiqəş “kitabcıq”; uyğur. (dialekt) akaş “qardaşcığaz”, kiziş “qızcığaz”; xakas. xulağas “qulaqcıq”; şor. kuzuruğaş “quyruqcuq”; yakut. arağas “sarımtıl”; azərb. anaş (< anaç), ataş (< ataç) və s.

- k şəkilçisi. Bu forma - ak , -ək şəklində altay, tuva, xakas və çuvaş dillərində daha çox işlənir: itək “itcik” (“Kitabi - tərcüman”), alt. koyonok (koyon “dovşan”+ -ok) “dovşancıq”, çıçkanak (çıçkan “siçan”) “siçancıq”, yabızak (yabız “alçaq”) “alçaqcıq”, tayızak (tayız “dayaz”) “dayazcıq”; tuv. ōlak “oğlancıq”, töjək “kötükcük”, koyğunak “dovşancıq”; xak. ağazax “ağaccıq”, xozanak “dovşancıq”; çuv. sĕdĕk “südcük”, çĕbĕk “cücəcik”, kĕbĕk “köynəkcik”, yabalak “əşyacıq”, varak “yarğancıq” və s. Türk dillərində iki və hətta üç kiçiltmə bildirən şəkilçinin bir - birinin ardınca işlənməsi hallarına təsadüf edilir: alt. kısçağaş “qızcığaz”; karay. kızğınaçəx “qızcığaz”; tuva. xölçüqəş “gölcüyəz”; özbək. toyçəkkinə “dayçacığaz”, kuziçəkkinə “quzucuğaz”, köprikçəqinə “körpücük”; xakas. kiməcəqəs “qayıqcıq”, turacağas “evcik”; azərb. bircəcik və s. Bütün bunlara əsasən, -çaq və -çıq (> -caq və -cıq) formalarının da etimoloji cəhətdən eyni mənalı -ç və -k şəkilçilərinin bir - birinə calaqlanması yolu ilə yarandığını irəli sürmək mümkündür.

Böyük bir ehtimalla sonu q və k samitləri ilə bitən sözlərə - cıq və - caq şə­kil­çiləri artırılarkən söz kökündəki son samitin düşməsində fonoloji və semantik amil­lərlə yanaşı bu amilin də rolu olmuşdur. Yəni əslində kiçiltmə şəkilçisi ol­ma­yan q və k samitlərinin dilin genetik yaddaşında kiçiltmə bildirən şəkilçilərlə ey­ni­ləş­dirilməsi və kiçiltmə bildirən bir neçə şəkilçinin yanaşı işlənməsi, kök və şə­kil­çi­lərin calaqlanması prosesində q və k samitlərinin müvafiq olaraq ğ və y sami­t­lə­ri­nə çevrilməsi və bu samitlərin qonşu samitlərlə müqayisədə zəif mövqeyə düş­mə­si yuxarıda haqqında bəhs etdiyimiz fonetik hadisənin meydana çıxmasında rol oy­nayan başlıca amillər kimi götürülə bilər. Müasir Azərbaycan dilində və dia­lektlərimizdə işlənən alçaraq (< alçaqraq), yumşaraq (< yumşaqraq), gödərək (< gö­dəkrək) formalarında söz köklərindəki q və k samitlərinin düşməsini də eyni sə­bəb­lərlə izah etmək mümkündür. Həmçinin azacıq (türk. azacıkazıcık), türk. daracık “darca, sıxca”, biricik “bircəcik” sözlərinin köklərinə artırılmış və müasir dil nöqteyi- nəzərindən tədqiqatçıların səsartımı kimi qiymətləndirdikləri a, ə sait­lə­ri, çox güman ki, qədim kiçiltmə bildirən -aq, -ək şəkilçisinin qalığıdır. Müq. et: azacıq / azıcıq (< azaqcıq / azıqcıq), daracık (< dar +ak+cık), biricik (< birək + cik / bir + ik + cik).

Diminutiv mənalı - q, - k şəkilçiləri ilə - cıq, - cik şəkilçilərinin eyni sözün tər­­kibində ard - arda işlənməsinə “Kitabi - Dədə Qorqud”un Vatikan nüsxəsində də təsadüf edilir. Drezden nüsxəsində Qaraçuq Çobanın qardaşlarının adları Qıyangüc, Dəmürgüc, Vatikan nüsxəsində QıyangüçDəmürəcik şəklindədir. Təd­­qiqatçılarının, demək olar ki, hamısı Drezden nüsxəsindəki QıyangüçDəmürgüç şəxs adlarındakı güç formantını güc “qüvvət” sözü ilə ey­ni­ləş­dir­miş­lər. Halbuki burada güç formantı diminutiv mənalı - qaç, - gəç şəkiçisinin fonetik va­­riantıdır. Müq. et.: alt. kuşkaç, tuva. kuşkaş “quşcuğaz”, yakut. sonoğos “day­ça” və s. Dəmürəcik şəxs adı isə - ək kiçiltmə şəkilçisindən k samitinin düşməsi nə­­ti­cəsində Dəmürəkcik (Dəmür + - ək + - cik) formasından yaranmışdır.
AZƏRBAYCAN DİLİNİN CƏMİYYƏTDƏ İŞLƏNMƏSİ



E. ATAKİŞİYEV
N. ƏFŞARIN YARADICILIĞINDA

DİLÇİLİK TERMİNLƏRİ HAQQINDA
Açar sözlər: dilçilik, termin, formalaşma, fonetika, səs

Ключевые слова: языкознания, термин, формирование, фонетика, звук

Key words: linguistics, term, forming, phonetics, voice
Dilçilik terminləri dilçilik elminin müxtəlif sahələrinə və şöbələrinə aid söz­lə­rin birliyidir. Dilçiliyin ayrı-ayrı sahələri və şöbələri ilə bağlı anlayışları bildirən ter­minlərin cəmi, birliyi əsasında dilçilik terminologiyası yaranmışdır. Onların tə­şək­külü, formalaşması və inkişafı probleminin elmi təhlilini vermək üçün dil­çi­li­yin ayrı-ayrı şöbələri barədə söhbət açmağa ehtiyac vardır.

Dilçiliyin fonetika şöbəsində dilimizin fonetikasına aid terminlər bir sistem təş­kil edir. Bu terminlərdə fonetik xüsusiyyətlərin ümumi mənzərəsi əks olunmuş­dur. M. Kaşğarinin, V. Radlovun, L. Budaqovun, K. Foyun, M. Kazımbəyin, M. Əf­şa­rın, M. Mahmudbəyovun, S.M. Qənizadənin, N. Nərimanovun, B. Çoban­za­də­nin, S. Vəlibəyovun və başqa alimlərin əsərlərində fonetikaya aid terminlərə çox rast gəlinir. Bununla yanaşı XIX əsrdə Azərbaycan dilçilik elminin forma­laş­ma­sında Məhəmməd Əfşarın mühüm rolu olmuşdur. Belə ki, XIX əsrin ikinci ya­rı­sında məşhur dilçi və Azərbaycan dili müəllimi Xələfi Mirzə Məhəmməd Əf­şa­rın “Fənni-sərfi-türki” əsərində işlədilən dilçilik terminləri bu baxımdan maraq do­ğurur. Əsər iki hissədən ibarətdir. Birinci hissə “Fənni-sərf”, ikinci hissə “Fənni-nəhv” adlanır. “Fənni-sərf” termini morfologiya, “Fənni-nəhv” termini isə sintaksis anlayışını bildirir. XIX ərsdə yazılmış həmin əsərdə “sövtiyyat” termini fonetika mənasındadır. Sövtiyyatda səslərin məxrəcləri, onların məxrəclərinə görə bölgüsündən bəhs edilmişdir. M. Əfşar hərfləri iki qrupa ayırmış və bununla bağlı “hürufi qəməriyyə” terminlərini işlətmişdir. M. Əfşar babü-isim adlanan hissədə ümumi və xüsusi isimlərdən danışır. Ümumi isimlərin heyvan və əşya, xüsusi isimlərin Əli, Həsən, Hüseyn kimi adları bildirildiyini göstərir.

M. Kazımbəy kimi, M. Əfşar da Azərbaycan dilində ismin yeddi halı ol­du­ğu­nu göstərmişdir. Onu da deyək ki, XX əsrin birinci yarısına qədər bütün əsər­lər­də ismin yeddi halı verilmiş və onlar ərəb terminləri ilə ifadə edilmişdir. Başqa mü­əlliflər kimi M. Əfşar da morfologiyada “isim” əvəzinə “mübtəda” terminini iş­lət­mişdir. İsmin halları belə verilmişdir:


  1. ibtidai

  2. izafə

  3. məfuli-əleyhə (yönlük)

  4. məfuli-be

  5. məfuli-məsdur

  6. məfuli-fiyə

  7. məfuli-mə

M. Əfşar sifəti adlar qrupuna daxil etmiş və onu “ismi-sifət” adlandırmışdır. O, ilk öncə “İsmi-təxsir”dən (kiçiltmə bildirən sifətlər) danışmış, onun-cığ şəkilçisi ilə əmələ gəlməsini göstərmişdir.

Feldən yaranan isimləri ismi-məsdər adlandıran M. Əfşar yazmışdır: “İsmi-məsdər” o kəlmədir ki, məsdərdən hasil olan bir halı göstərən məsdərin axırıncı hərfini atıb “m” artırılır: gəlmək-gəlmə, almaq-alma və s.”.

O, felin zamanlarını belə izah etmişdir: “Zaman üçdür:

Mazı, hal, müstəqbəl. Hal (indiki zaman): oxunur, çalınır, yazıram, yazırsan. Hal-müstəqbəl hali-vəsfiyyənin axırına-acaq \\ əcək, -ar\\ -ər gətirməklə düzəlir: Gələcək, yazacaq, yazaram, yazarsan, yazar, yazarıq, yazarsız, yazarlar.

M. Əfşar felin arzu formasını “feli-təmanna” adlandırmışdır. O, kitabında A. Bakıxanovdan, Ə. İrəvanidən tutmuş bir çox Azərbaycan dilçiləri kimi isim, fel və sərh/hərf adı ilə mübtəda, xəbər və ikinci dərəcəli üzvləri nəzərdə tutmuşdur. M. Əfşarın kitabında da ismi-mübtəda, fel-xəbər sərhədləri müəyyənləşdirilmışdir. Sərf, hərf və başqa cür adlandırılan ikinci dərəcəli üzvlər də qarışdırılmışdır. Məs: M. Əfşar “sərf” dedikdə “qoşmanı”, bəzən də fel formasını nəzərdə tutmuşdur.

Əsərdə “Tərkibi-izafi” adı ilə söz birləşmələrinin ətraflı şəkildə izah edildiyini görürük. Cümlə növlərinə toxunan M. Əfşar “Əl-münhəmat və əl-ədavət” başlığı altında sual cümlələrindən söhbət açmışdır.

Beləliklə, Əfşar yaradıcılığında işlənən dilçilik terminləri mənşə ba­xı­mın­dan təhlil edilmişdir. Təhlil nəticəsində aydın olur ki, bu dövrdə işlənən ter­min­lə­rin çoxu ərəb mənşəlidir. Ona görə də terminlər sonrakı dövrlərdə dilimizdən çıx­mış yeniləri ilə əvəz olunmuşdur.

G.K. BİNNƏTOVA
ŞƏKİLÇİ MORFEMLƏRİN MÜXTƏLİF SİSTEMLİ DİLLƏRDƏ TƏZAHÜR FORMALARI
Açar sözlər: ulu dil, morfem, ər sözü, -dar, -ban şəkilçiləri

Ключевые слова: праязык, морфема, слово ер (ər) , суффиксы – дар, -бан

Key words: protolanguage, morpheme, word “er”, suffixes - dar, - ban
İnsanlar arasında ünsiyyət vasitəsi adlandırdığımız dil böyük yaradanın bə­şər övladına bəxş etdiyi ən qiymətli sərvət, ona olan sevgisinin parlaq tə­zahü­rü­dür. Hələ eramızdan əvvəl 40-35 min il ərzində təşəkkül tapan dil bəşəriyyətin keç­diyi inkişaf yolunu özündə yaşadan canlı salnamədir. Bunu nəzərə alsaq, hər han­sı bir dil elementinə təkcə linqvistik obyekt kimi yox, eyni zamanda, insan hə­yat və məişətininin, davranışının, təfəkkürünün, nitqinin formalaşma təkamülünü əks etdirən bir qaynaq baxımından yanaşmaq tədqiqatçıya daha dəyərli və doğru nə­ti­cələr əldə etməyə imkan verir.

Məlum araşdırmalara əsasən dilin keçdiyi inkişaf yoluna nəzər salaq:

1.Məhdud coğrafi şəraitdə təşəkkül tapan və fərdi dil xüsusiyyətləri ilə fərqlənən ulu dilin yaranması;

2.Ulu dilin miqrasiyaların nəticəsində protodillərə parçalanması;

3.Müxtəlif dil ailələrinin yaranması.

Göstərilən inkişaf xəttini keçmiş dünya dillərinə nəzər saldıqda eyni və ya ya­xın mənanı ifadə edən, lakin bu və ya digər şəkildə bu dillərə səpələnmiş və qə­dim dövrlərlə bağlı olan sonsuz sayda dil faktlarını müşahidə edirik. Prof. Q.Ka­zı­mo­vun qeyd etdiyi kimi, “Bütün ayrılmalara, parçalanmalara baxmayaraq, ulu di­lin lüğət fonduna daxil olan sözlər, ulu dilin makro və mikro sistemləri yaranan hər bir dildə özünə yer eləmiş və bu yolla dil ailələrinə keçmişdir. Həmin lüğət fon­du və həmin quruluş minilliklər boyu təkmilləşmə, səlisləşmə, sadələşmə və mü­rəkkəbləşmə yolu ilə inkişaf etsə də, bir çox dəyişmələrə məruz qalsa da, öz əsa­sını dünya dillərində saxlamışdır” (Q.Kazımov “Azərbaycan dilinin tarixi”, 2003, s.17-18).

Demək, dünya dillərində müşahidə edilən oxşar əlamətlərə bu və ya digər di­lin bir-biri ilə əlaqəsinin nəticəsi hesab etmək, onların bir dil ailəsinə mən­sub­lu­ğu­nun sübutuna çalışmaq yanlış yanaşma tərzidir. Belə faktların ulu dildən pro­to­dil­lə­rə, protodillərdən dil ailələrinə keçdiyi bu və ya digər inkişaf yolunu izləmək, ən qədim praformaları müəyyənləşdirərək nəticəyə gəlmək daha doğrudur.

Bu məqalədə biz də dilçilik ədəbiyyatında haqqında geni-boluna, müxtəlif səpkidə tədqiqatlar aparılmış “ər”, eləcə də -ban/-man/-van morfemləri, bu morfemlərin müstəqil və ya şəkilçiləşmiş variantları haqqında araşdırmalarmızdan bəhs edəcəyik.

Ər morfemi. Kişi, igid, qorxmaz, cəsarətli, ər (həyat yoldaşı) mənalarını ifadə edən “ər” türk dillərində müxtəlif fonetik variantlarda – səs uzanması, samit düşümü, dəyişməsi və ya artımı ilə müşahidə olunur: a:r//e:r//ar//er//ər//iy//ey//yə//hə//rə (ЭСТЯ, 1, 1974, s. 322). Bu söz ilkin mənasını (adam, kişi) saxlayaraq ən qədim dövrlərdən mürəkkəb sözün ikinci kompanenti kimi də çıxış edərək bəzi türk tayfa adlarında özünə yer almışdır. Məsələn: avar, qa­car, bolqar, sabar, xəzər və s. Müasir Azərbaycan ədəbi dilində çapar, yazar sözlərindəki ər hissəsi adlardan ad düzəldən morfem mövqeyindədir. Dilimizin şivələrində işlənən cuvar (su işlərinə baxan adam), biçər (dərzi) sözlərində də ər eyni funksiyanı yerinə yetirir. Müxtəlif sistemli dillərdən dilimizə keçmiş sözlərə nəzər saldıqda bu morfemin -er//-or//-ar variantlarını müşahidə edirik: spiker, killer, milyoner, dizayner, menecer, lider, doktor, diktor, direktor, senator, tokar və s.

“ Ər” morfeminin qədim larinqal tələffüzün əlaməti hesab edilən söz əvvəlində h səsinin əlavəsi ilə formalaşmış variantı da dünya dillərində görünməkdədir. İngilis dilində III şəxs təkdə yiyəlik əvəzliyi her (onun, qadın cinsində), alman dilində herr (knyaz), slavyan və german dillərində hersoq sözlərini misal göstərmək olar. Lakin bir qrup sözlərdə-- məsələn, ingilis dilində bəzi qohumluq terminlərində: mother (ana), father (ata), brother (qardaş), fars dilində xahər (bacı) sözlərində həmin morfemin şəkilçi mövqeyində çıxış etdiyini görürük..

Kökündə ər morfeminin daşlaşdığı aydın görünən -tar/-ter/-tor/-dar/-dər şəkilçili sözlərə diqqət yetirək; məs.: fars dilində madər(ana), pedər(ata), bəradər(qardaş), doxtər (qiz), ingilis dilində sister (bacı), kişilərə müraciətən işlədilən mister, Balkan dillərində odatar(ev işlərinə baxan), çaytorı(çayçı), dilimizə Avropa dillərindən keçmiş diktator, admnistrator sözləri. Bəzi Avropa dillərində bu mövqedə işlədilən müstəqil ser, yaxud hökmdar mənasını ifadə edən çar sözlərinin mənbəyi də elə bu morfemlə bağlıdır. t>d, d>t, d>s, s>ç səs dəyişmələri göz önündədir.

Elə bu məqamda bəlkə də kifayət qədər diqqət yetirilmədiyindən bütün normativ qrammatikalarda fars mənşəli hesab edilən –dar, -gər, -kar şəkilçilərinə də münasibət bildirmək yerinə düşərdi. Türk dilçiliyində -dar//-tar şəkilçinin tutar felinin farscaya keçmiş halı olduğu iddia edilir. Örnək olaraq sancaktar(sancaq tutan), tərəftar(tərəf tutan), dəftərtar(dəftər tutan) və s.sözlər göstərilir. Lakin bütövlükdə, qeyd etdiyimiz kimi, dilçilik qaynaqlarında bu şəkilçilərin fars mənşəli olduğu fikri üstünlük təşkil edir. Nümunələrə nəzər yetirək: hesabdar, anbardar, xəzinədar, misgər, sövdəgər, sənətkar, peşəkar və s. Peşə, sənət ifadə edən bu sözlərin mənasında şəxs anlayışının qabarıq olduğunu nəzərə alsaq, onların əsasında dünya dillərində geniş yayılmış ər sözünün dayandığını deyə bilərik. Demək, -dar/-tar/-ter/-tor/-kar/-gər kökündə ər morfemi dayanan, müxtəlif səs dəyişmələri ilə müşayiət olunan bir şəkilçinin müxtəlif variantlarıdır.



-ban//-man//-van morfemi. Məlum olduğu kimi, müasir ədəbi dilimizdə peşə, sənət məzmunu yaradan –ban morfemi fars mənşəli hesab edilir və buna aid yalnız bağban sözü nümunə verilir. -man şəkilçisi haqqında isə yazılır: “Ancaq bir fonetik variantı olan bu şəkilçi vasitəsilə üstünlük dərəcəsi keyfiyyətinə malik sözlər düzəldilir; məsələn, qocaman, qəhrəman, şişman, dəyirman və s.”(S.Cəfərov”Müasir Azərbaycan dili”, 1982, s.178). –ban morfemi müasir ədəbi dilimizdə çoban sözünün tərkibində də işlənir. Bu morfemin –man//-mən//-men//-van variantlarını nəzərdən keçirək. Qeyd edək ki, həmin sözlər (bağban, çoban) qərb qrupu şivələrində bağvan, çovan variantında özünü göstərir. Çoban sözü fars dilində şuban, ərəb dilində covban şəklindədir. Eyni zamanda, İraq-türkman ləhcəsində, eləcə də türk dilində bağban sözü bağçevan (ban>van) şəklində işlədilir. Türk dilində otelçi mənasını ifadə edən sarayven sözündən də eyni əlamət müşahidə olunur. Azərbaycan dilinin Salyan, Lənkəran, Masallı, Şahbuz şivələrində malavan//malvan (maldar mənasında) sözü var. Müasir ədəbi dilimizdə qocaman, azman, ataman, türkmən sözlərində, Osman, Qılman, Elman, Telman, Bağman kimi şəxs adlarında bu morfemin –man variantı işlənir. Qeyd edək ki, ingilis dilində man müstəqil morfem kimi daha geniş mənada adam, kişi anlamını ifadə edir. Elə həmin dildə qadın mənasında worman sözü işlədilir. Dilimizə Avropa dillərindən keçmiş centlmen, biznesmen, polismen sözlərinin, türkcədə işlənən ögretmen sözünün tərkibində men aydin görünür. Göründüyü kimi, qeyd edilən nümunələrdə sözügedən morfem eyni funksiyanı daşıyır. Demək, araşdırmalar bu morfemin alınma deyil, müxtəlif sistemli dillərdə müəyyən səs dəyişmələri ilə (m>b, b>v, a>e, a>ə) özünü göstərən, lakin eyni məna daşıyıcısı kimi çıxış edən, dil əlaqələrini müəyyənləşdirmək baxımından maraq doğuran qədim bir morfem olduğunu sübut edir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin