Maliyyə hesabatının konseptual əsasları Beynəlxalq Standartlar Şurasının hazırladığı və dərc etdiyi Çərçivə Sənədinə əsaslanır. Konseptual əsaslar mühasibat uçotunun xüsusi tələblərini və ya maliyyə hesabatının hazırlanması qaydalarını nəzərdə tutur. Həmin tələb və qaydalar kommersiya təşkilatları üçün müvafiq MMUS-da qeyd edilir. Konseptual Əsasların əsas məqsədi maliyyə hesabatının şəffaflığının və cavabdehliyin təmin edilməsindən ibarətdir. Şəffaflıq məhfumu müəssisənin cari vəziyyəti, qərarları və fəaliyyəti haqqında informasiyanın maliyyə hesabatının istifadəçiləri üçün düzgün çatdırılmasını və anlaşıqlı olmasını nəzərdə tutur. Cavabdehlik məhfumu isə maliyyə hesabatını hazırlayanlara həvalə edilmiş resursların idarə edilməsi və onların qəbul etdikləri qərarlar üzrə məsuliyyətin daşınması zərurətini nəzərdə tutur.
Maliyyə hesabatının istifadəçiləri müəssisənin rəhbərliyindən, sərmayədarlardan (səhmdarlardan), borcverən və kreditorlardan, muzdlu işçilərdən, analitiklər və məsləhətçilərdən, hökumət və cəmiyyətdən, habelə, işgüzar təmas qruplarından ibarətdir. Səhmdarlar qrupuna mövcud və potensial mülkiyyətçilər daxildir. Bu qrupun üzvləri sərmayələrin alınması üzrə düzgün qərarların qəbul edilməsi üçün zəruri olan informasiyalar ilə təmin olunmalıdır. Borcverənlər qrupuna veksel və istiqrazların mövcud və potensial sahibləri, təminatlı və təminatsız qısamüddətli borcverən subyektlər aiddir. Muzdlu işçilər qrupuna müəssisədə keçmişdə və hal-hazırda çalışan, habelə gələcəkdə fəaliyyət göstərə biləcək əməkdaşlar daxildir. Bu qrupun üzvləri müəssisənin sabitliyinin, onun öz işçilərinə əməkhaqqının və işdən çıxdıqdan sonra pensiyaların ödənilməsinin və işçilərin məşğulluğunun təmin edilməsi imkanları haqqında zəruri informasiyada maraqlıdırlar. Analitiklər və məsləhətçilər qrupuna maliyyə ekspertləri və tədqiqatçılar daxildir. Onlar müəssisənin gələcəkdə mənfəət və pul vəsaitləri əldə etmək imkanlarını qiymətləndirmək üçün zəruri informasiya ilə təmin olunmalıdırlar. İşgüzar təmas qrupuna tədarükçülər, istehlakçılar və digər oxşar məqsədli tərəflər daxildir. Hökumət qrupununa təsərrüfat fəaliyyətinə nəzarət edən bütün müvafiq dövlət və ya hakimiyyət orqanları daxildir. Bu qrupun üzvləri müəssisənin fəaliyyətini tənzimləmək üçün tələb olunan müvafiq informasiya ilə təmin olunmalıdır. Cəmiyyət qrupu dedikdə, buraya müəssisənin fəaliyyəti ilə təmasda olan və ya maraqlanan geniş ictimai qurumlar başa düşülür. Maliyyə hesabatı ictimaiyyəti müəssisənin müxtəlif sahələrinin fəaliyyətində mövcud olan meyillərdə baş vermiş dəyişikliklər haqqında informasiya ilə təmin etməklə, ictimaiyyətə yardımçı ola bilər.