Məktəbdaxili idarəetmə Pedaqoji təhlil tam pedaqoji prosesi idarəetmənin funksiyalarından biridir. Idarəetmə dövrəsinin strukturunda pedaqoji təhlil xüsusi yer tutur. Ardıcıl və bir-biri ilə qarşılıqlı bağlı olan funksiyalardan ibarət olan hər hansı idarəetmə dövrəsi pedaqoji təhlillə başlayır və onunla da qurtarır.İdarəetmənin və pedaqoji fəaliyyətin effektliyi məktəb rəhbərlərinin, müəllimlərin pedaqoji təhlilin metodikasına yiyələnmələrindən çox asılıdır. Məktəb direktorunun fəaliyyətində vaxtında aparılmayan və ya səriştəsiz aparılan təhlil məqsədləri və vəzifələri müəyyənləşdirmə mərhələsində konkretsizliyə, hətta qəbul olunan qərarların əsassızlığına gətirib çıxarır. Pedaqoji və ya şagird kollektivində işlərin həqiqi vəziyyətini bilmək pedaqoji prosesin tənzimlənməsi və korrektirovkası prosesində düzgün qarşılıqlı münasibətlər sisteminin yaranmasında çətinliklər yaradır. Pedaqoji təhlilin əsas məqsədi pedaqoji prosesin vəziyyətini və inkişaf tendensiyasını öyrənmək, onun nəticələrini obyektiv qiymətləndirmək, bunun əsasında idarəetmə sistemini qaydaya salmaq üçün tövsiyələr işləyib hazırlamaqdır. İdarəetmə dövriyyəsinin strukturunda bu funksiya ən çətin funksiyalardan biridir, çünki təhlil öyrənilən obyektin hissələrə bölünməsini, hər bir hissənin rolunu və yerini qiymətləndirməyi, hissələri vahid tam halında birləşdirməyi, sistem yaradan amillər arasında əlaqələr yaratmağı nəzərdə tutur. İdarəetmənin başqa funksiyalardan, məsələn planlaşdırma və ya təşkil etmə funksiyalarından fərqli olaraq, pedaqoji təhlil funksiyası zahirən az effektli görünür. Əslində o şəxsiyyətdən maksimum intellectual gərginlik, pedaqoji faktları və hadisələri müqayisə etmək, ümumiləşdirmək, sistemləşdirmək, sintezləşdirmək üçün formalaşmış analitik təfəkkürə malik olmağı tələb edir.Məktəbdaxili idarəetmənin nəzəriyyə və praktiksında pedaqoji təhlilin aşağıdakı əsas növləri müəyyən olunmuşdur: parametrik (parametr-hər hansı bir hadisənin bu və ya digər xassəsini göstərən kəmiyyət) təhlil, tematik təhlil, yekun təhlil.