III FƏSİL
SAMİT SƏSLƏRİN UYĞUNLUĞU VƏ NORMA
3.1. Samitlərin bir-birini izləməsi haqqında
Türk dillərində söz və köklərinin nisbi sabitliyə malik olması sait səslərin ardıcıllığını, sırasını və ahəngdarlığını təmin etdiyi kimi, samit səslərin də özünəməxsus ardıcıllıqla işlənməsini tənzim edir. Aydın məsələdir ki, türk dillərində də dünyanın başqa dillərində olduğu kimi daimi durğunluğun mövcudluğu mümkün deyildir. Dildə dəyişkənlik daimi olduğu üçün saitlərin sıralanmasındakı kimi samitlərin də ardıcıllığında özünəməxsus bir prinsip yaranmışdır. Hər bir dildə özünəməxsus dəyişiklik baş verməsinə baxmayaraq, qohum dillərdə fonetik vahidlərin sıralanması üzrə ümumi əlamətləri də tapmaq mümkündür. Türk dillərinə məxsus samitlərin sırasında müşahidə olunan müvafiq uyğunluq birincisi, səslərin genetik təbiəti ilə bağlıdırsa, ikincisi onların təkamül prosesi ilə də əlaqədardır. Daha sonra isə şəkilçilərin tərkibində saitlər öz ardıcıllığını saxladığı kimi, samitlərin də ardıcıllığı nitq prosesindəki tələffüz şəraiti əsasında tənzim olunur. Samitlərin sırası da türk dillərində, bir qayda olaraq, bu dillərə məxsus aqlütinasiyanın təsirindən ibarətdir. Məsələn, analitik-flektiv dillərdə samit səslər karlığından, cingiltililiyindən, kipləşmə və novluluğundan, sonorluğundan və titrəyiciliyindən asılı olmayaraq sözün müxtəlif yerlərində-əvvəlində, ortasında və sonunda işlənə bilir. Türk dillərində isə sözün əvvəlində, birincisi, bütün samitlər iştirak edə bilmir, ikincisi, iştirak edən samitlərin hamısı sözyaratmada, məna fərqləndiricilikdə fəallıq göstərə bilmir.
Bütün bunlar onu göstərir ki, türk dillərində samit ardıcıllığı aqlütinasiyanın hesabına qorunur, hərçənd nitq prosesi bu ardıcıllığa öz təsirini göstərməyə bilmir. Analitik –flektiv dillərdə isə samitlərin ardıcıllığını tutmaq mümkün deyildir. Çünki belə bir sıra protodillərdə mövcud olmuş olsa da sonrakı prosesdə, flektivliyin güclü təsiri ilə həmin ilkin, protoardıcıllıq öz sabitliyini itirə-itirə onu sona çatdırmışdır. Belə olduğu üçün tədqiqatçılar qədim analitik – flektiv dillərdə ilkin samitlər ahənginin (sinqarmonizmin) mövcudluğunu təyin etməkdən və bu barədəki dil faktlarının təhlil olunmasından başqa bu cür ahəngin davam etməsi ilə bağlı pozitiv bir fikir söyləmək fikrində də olmurlar [94, s. 34; 127, s. 86-106; 124, s. 39-64; 126, s. 62; 125, s. 21-24; 95, s. 182; 128, s. 173-175; 118, s. 184-198; 105, s. 37; 117, s. 72-74].
Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində isə istər saitlərin, istərsə də samitlərin sırasından qanun adı ilə söylənilən çoxsaylı mülahizələrlə qarşılaşmaq mümkündür [75, s. 75-146; 55, s. 124-125; 91, s. 261-263; 76, s. 97; 98, s. 34; 114, s. 27-29; 49, s. 33; 47, s. 58-73; 130, s. 185-201; 130, s. 195-196; 110, s. 76-77; 133, s. 23-70].
Azərbaycan dilçiliyində də bu məsələ xüsusilə diqqət mərkəzində olmuşdur. Ancaq onu demək lazımdır ki, samitlərin ardıcıllığının və uyuşmasının qanun adı altındakı izahı çox vaxt bəzi səslərin, xüsusilə q, k, t samitlərinin uyuşması ya söz tərkibindəki saitlərin xarakteri ilə və ya onların sait aralığındakı yumşaq tələffüzlü variantı ilə əvəz olunması əsasında izah edilir. Bundan başqa, söz köklərinə onların sonundakı saitin xarakterinə uyğun şəkilçilərin qoşulması ilə baş verən dəyişikliklər samitlərin ahəngi kimi nəzərə alınır. Məsələn, Muxtar Hüseynzadə yazır ki, Azərbaycan dilinin ahənginə görə səslilər (saitlər) və səssizlər (samitlər) incə və qalın olaraq iki qismə ayrılır: yəni qalın səssizlər qalın səslilərlə, incə səssizlər incə səslilərlə tələffüz olunur. Hər bir Azərbaycan sözünün özünəməxsus tələffüz tonu vardır ki, bütün həmin sözün mahiyyətini təyin edir. Buna görə də azərbaycanca sözlərin hər birinin özünəməxsus olan tələffüz tonu həmin sözün başında (əvvəlində) olan səsli və səssizlərdən asılı olaraq həmin sözün başqa səsli və səssizləri də ona uyğunlaşmalı olur. Məsələn, gəlin sözünün ilk səssizi incə olduğu üçün ondan sonra gələn səsli də incə olmalıdır. Yaxud qardaş sözünün başında qalın q səssizi özündən sonra gələn səsli səssizlərin də qalın tələffüzünü tələb edir. Azərbaycan dilində bu möhkəm bir qanun şəklini almışdır” [35, s. 41-42].
Sözün tərkibində q, t, k samitlərinin dəyişərək cingiltili variantlarla əvəz olunması da bu qanunun bir tərkib hissəsi hesab edilir: “Azərbaycan sözlərinin sonunda işlənən səssizlərin həm tələffüz, həm də imla dəyişməsi dilimizin fonetik qanunlarından biri hesab olunur… Sözün sonunda səssizlərin dəyişmə qanunudur ki, bu qanuna görə çoxhecalı Azərbaycan sözlərinin sonunda işlənən q səssizi iki səsli arasına düşdüyü zaman şəkilçi qalın səsli ilə başlanırsa, q səsi ğ səsinə çevrilir. Qonaq-qonağın-qonağa-qonağı və s.
Yenə də həmin qanuna əsasən Azərbaycan sözlərinin kökü k səsi ilə bitərsə həmin səssiz iki səsli arasında y səssizinə çevrilir: çiçək-çiçəyin, çiçəyə-çiçəyi” [26, s. 133].
Əbdüləzəl Dəmirçizadə saitlərlə samitlərin söz tərkibində ardıcıl işlənməsinə dair geniş şərh verərək yazır ki, məhz söz daxilində belə səslərin, yəni ön sıra saitləri ilə ön sıra samitlərinin, arxa sıra saitləri ilə arxa sıra samitlərinin bir-birini uyuşma halında izləməsi nəticəsində də saitlərlə samitlərin ahəngi qanunu formalaşır [26, s. 133].
Samitlərlə samitlərin uyuşmasının qanun xarakterini Əbdüləzəl Dəmirçizadə aşağıdakı kimi izah edir: “Azərbaycan dilində saitlərlə samitlərin ahənginin bir növü olaraq kar samitlərin cingiltililəşməsi halında təzahür edən belə bir qanun da vardır ki, iki və ikidən çox hecalı Azərbaycan sözlərinin sonunda sait səsdən sonra gələrək kar və karlaşmış halda tələffüz olunan samitlər ona bitişən şəkilçinin və ya ona yanaşan sözün başında sait olduqda iki sait arasına düşərək saitlərlə həmcinsləşir” [26, s. 137].
İsmayıl Kazımov samit səslərin söz tərkibindəki keyfiyyət dəyişmələrinin ümumi cəhətlərini nəzərə alaraq kar samitlərin cingiltili qarşılıqla əvəzlənməsi prosesini cingiltililəşmə qanunu kimi izah edir. Bu qanunun isə türk dillərində mövcudluğunu faktik dil materialları ilə göstərərək yazır ki, bu qanun cingiltiləşmə hadisəsi kimi də qəbul edilir. Türkoloji araşdırmalarda cingiltililəşmə qanunu ilə bağlı k-q iki samitinin (dilarxası və dilortası samitlərin keçidləri) qarşılığı bəzən variant, bəzən törəmə, bəzən allofon və yaxud paralel kimi səciyyələndirilir” [43, s. 113-114].
Söz tərkibində kar samitlərin cingiltili qarşılıqla əvəzlənməsi samitlər üçün ümumi bir proses olduğu digər tədqiqatlarda da nəzərdən qaçırılmamışdır [131, s. 68; 82, s. 3-10].
Ağamusa Axundov saitlərlə samitlərin uyuşması əsasında baş verən uyğunlaşma ilə əlaqədar yazır ki, Azərbaycan dilindəki ahəng qanununun ikinci növünü saitlərlə samitlərin ahəngi təşkil edir. Bu qanuna görə samitlər, bir qayda olaraq saitlərlə uyuşur, onların fizioloji-akustik keyfiyyətlərinə uyğun çalarlıq kəsb edir [4, s. 213].
Dilçilikdə bu istiqamətdəki tədqiqatların nitq mədəniyyəti və onun normalarının müəyyənləşdirilməsi, stabilləşdirilməsi və saxlanılması baxımından olduqca mühüm əhəmiyyəti vardır. Ona görə də istər türkologiyada və istərsə də Azərbaycan dilçiliyində indiyədək qoyulmuş bu təməl üzərində daha geniş, daha ətraflı tədqiqatlar aparmağa ehtiyac vardır. Bu ehtiyac ona görədir ki, artıq türk dillərinin taleyində bir müstəqilləşmə mərhələsi baş verib. Bu dillər artıq ikidillilik məngənəsindəki sıxışdırılmaq təhlükəsindən uzaqlaşmışdır. Bu dillərin öz tarixi inkişaf ənənələri vardır. Tarixən bu dillər yad dillərin təsiri altında qəlizləşdirilsə də onların daxili strukturu pozulmamışdır. Bu dillərdə öz resursları əsasında fərqlənmə və dəyişmə bilavasitə və birbaşa şifahi nitqin təsiri ilə baş vermişdir. Baş verən dəyişmələr dillər üzrə fərqlənməni çoxlu dialektlərin yaranması hesabına dərinləşdirmişdir. Odur ki, dillərin struktur tərkib cəhətdən bir-birinə yaxınlığı onların ümumi əlamətlərinin təməlində yaxınlaşma meyilli nitq mədəniyyəti normalarının yaradılması imkanlarını da istisna etmir. Ona görə də bu istiqamətdə aparılan tədqiqatların şəbəkəsinin genişləndirilməsinə daha artıq yer verilməsi zamanın tələbinə çevrilməlidir.
Doğrudur, indiyə qədərki tədqiqat əsərlərində fonetik uyğunlaşmalar, o cümlədən samitlərin söz tərkibindəki uyğunlaşması qanun adı ilə təsbit olunur. Lakin bu qanun dilin struktur tərkibindəki ardıcıllıqlarda axtarıla bilər. Dil strukturu nitq prosesində özünün informasiya vəzifəsini yerinə yetirdikcə nitqin təsiri ilə bu strukturda dəyişmələr baş verir. Hər bir dəyişmənin arxasında isə transformasiyalar gizlənir. Odur ki, dil strukturlarını daimi olaraq nitq prosesinin ixtiyari, özbaşına, lokallıqla səciyyələnən dəyişdirici meyillərinin tabeçiliyinə qoymaq mümkün deyildir. Nəzərə almaq lazımdır ki, məsələn, X-XII əsrlər ərəb, fars dilləri, o cümlədən nitq mədəniyyəti normaları yazı ənənələri ilə tənzimlənən başqa dillər o zaman necə anlaşıqlı olubsa, indi də həmin ənənələr saxlanılır. Türk dillərində, həmçinin Azərbaycan dilində isə qədim və orta əsr mənbələrinin qapısı hamının üzünə eyni dərəcədə açıq deyildir. Ona görə də nitq mədəniyyəti normalarının dil strukturu əsasında stabilləşdirilməsi dil daşıyıcılarını dil itkisinə məruz qalmaqdan xilas edən vasitə kimi nəzərə alınmalıdır.
Dildəki fonetik dəyişmələrin nitq mədəniyyətinə aidiyyətini nəzərə almaqla bu istiqamətdəki tədqiqatların nəticələrini həm bir dilin normalarına, həm də dillərarası normaların yaxınlaşmasına tətbiq etmək mümkündür.
Mövcud tədqiqatlarda saitlərin və samitlərin ardıcıllığının qanun kimi qəbul edilməsində elə bir qəbahət yoxdur. Ancaq bu qanunun nitq vasitəsi ilə pozulma yolları açıq buraxılırsa, onun qarşısının alınması üçün müvafiq qaydalar tətbiq edilmirsə, qoyulan qaydalara riayət edilmirsə onda qanun adından danışmağın da elə bir əhəmiyyəti qalmır. Ona görə son vaxtların tədqiqatlarında sait və samitlərin ardıcıllığında və sırasında tarazlaşma qaydasından bəhs olunması nitq mədəniyyəti normalarının sistemləşdirilməsi baxımından əhəmiyyətsiz sayıla bilməz [56, s. 183-199].
Nitq mədəniyyəti ilə bağlı aparılan indiyə qədərki tədqiqatlarda normaların orfoqrafiyaya (yazı qaydalarına) və orfoepiyaya (danışıq qaydalarına) görə təyin edilməsinə üstünlük verilmişdir. Bu o deməkdir ki, bir dilin nitq mədəniyyəti normalarında ikiləşmə əməliyyatı tətbiq edilmişdir. Yazılı dil üçün bir cür norma, şifahi dil üçün başqa bir normanın tətbiq olunması əsas götürülmüşdür. Bu halda normalar arasında fərqlənmə baş verir. Norma fərqlənmələri isə müəyyən dövrdə anlaşıqlıqda çətinlik yaranmasına səbəb olur. Məsələn, Əli Fərəcovun və Məmməd Həsənovun bir vaxt 3-cü sinif üçün hazırladıqları “Azərbaycan dili” dərsliyində yazılı dilə və danışıq dilinə aid normaların nümunəsi kimi sözlərin aşağıda göstərilən qaydada deyilişi və yazılışı məqbul hesab edilir:
yazılı dilə aid norma şifahi dilə aid norma
Dostları ilə paylaş: |