Tədqiqatın metodları.Tədqiqat həm sinxron, həm də diaxron istiqamətdə aparılmışdır. Burada müqayisəli-tarixi metoddan, təsviri və rekonstruktiv metodlardan istifadə olunmuşdur. Dissertasiyanın əsas mənbələri Orxon abidələrinin (Ongin, Kül tigin, Bilgə kağan, Tonyukuk, Küli çor, İhe-Ashete, Hoytu-Təmir abidələrinin) mətnləridir. Abidələrdəki söz yaradıcılığı proseslərini daha yaxşı təhlil edə bilmək üçün digər qədim türk yazılı abidələri ilə – Yenisey, qədim uyğur abidələri, “Divanü lüğat it-türk”, “Qutadğu bilig”, “Kitabi-Dədə Qorqud” müqayisələr aparılmış, yeri gəldikcə “Qədim türk lüğəti”nə, türk dillərinin etimoloji lüğətlərinə, müasir türk dillərinin ikidilli lüğətlərinə də müraciət olunmuşdur. Qədim və müasir türk dillərinin morfologiya və leksikasına dair yazılmış əsərlər də dissertasiyadakı nəzəri məlumatların dərinləşdirilməsi üçün işlənmişdir.