Azərbaycan respublikasi təhsil nazirliyi baki döVLƏt universiteti iqtisadi Nəzəriyyə Kafedrası roman


Azərbaycanda xəlvəti iqtisadiyyat və onun leqallaşdırılması zəruriyyəti



Yüklə 60,32 Kb.
səhifə5/8
tarix05.01.2022
ölçüsü60,32 Kb.
#111255
1   2   3   4   5   6   7   8
2. Azərbaycanda xəlvəti iqtisadiyyat və onun leqallaşdırılması zəruriyyəti.

Müstəqilliyini əldə etdikdən sonra ictmai həyatın bütün sahələrində olduğu kimi, iqtisadiyyatda da kəskin transformasiya prosesinə daxil olmuş Azərbaycan Respublikasında bu dövr ərzində baş verən yüksək amplitudalı tsiklik inkişaf uğurlarla yanaşı bir sıra “iqtisadi xəstəliklər” də doğurmuşdur ki, onlardan biri xəlvəti iqtisadi sektordur. İlkin kökləri hələ sovet dönəminə gedib çıxan Azərbaycan xəlvəti iqtisadiyyatı ilə bağlı aparılan tədqiqatların ümumiləşdirilməsi onu göstərir ki, bu sektor özündə həm inkişaf etmiş, həm də üçüncü dünya ölkələrindəki xəlvəti iqtisadiyyatların xüsusiyyətlərini birləşdirir. Eyni zamanda həmin ölkələrin də təcrübəsi göstərir ki, artıq əksər dövlətlər xəlvəti iqtisadi sektorla bağlı konkret dövlət siyasəti formalaşdırmış, hətta bəzilərində bu məsələlərlə məşğul olan ayrıca dövlət strukturu da təşkil edilmişdir. Formalaşmış dövlət siyasətlərinin təhlili nəticəsində belə qənaətə gəlirik ki, bu siyasət əvvəllər daha çox cəzalandırma, qəti inzibati-hüquqi tədbirlərin həyata keçirilməsi ilə xarakterizə olunduğu halda, müasir dövrdə xəlvəti iqtisadi sektorun leqallaşdırılaraq, rəsmi iqtisadiyyata inteqrasiya olunması əsas vəzifə kimi qarşıya qoyulur.

Bu gün Azərbaycanda xəlvəti iqtisadiyyatla bağlı vahid dövlət siyasətinin hələ tam şəkildə formalaşmasını qeyd etmək çətindir. Hesab edirik ki, belə bir vəziyyətin yaranması, ilk növbədə xəlvəti iqtisadi sektorun ölkə iqtisadiyyatındakı yeri və əhəmiyyəti, hətta bəzi hallarda onun mövcud olub-olmaması ilə əlaqədar rəsmi dairələrdə hələ də davam etməkdə olan kəskin fikir müxtəlifliyi ilə bağlıdır. Xəlvəti iqtisadiyyatla bağlı vahid dövlət siyasətinin formalaşması ilk növbədə problemin miqyası və konturlarının müəyyənləşdirilməsini tələb edir. Lakin ölkəmizdə bu məsələ ilə bağlı hələ də kəskin fikir ayrılığı mövcuddur. Hal-hazırda bütün ölkələr üzrə aparılan tədqiqatlarda olduğu kimi, Azərbaycan xəlvəti iqtisadiyyatının kəmiyyət qiymətləndirmələrini özündə əks etdirən tədqiqatlarda da müxtəlif rəqəmlərə rast gəlmək mümkündür. Belə ki, makroiqtisadi (və ya dolayı) qiymətləndirmə metodlarının tətbiq edilərək, əldə olunan və əksər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmış rəqəmlər bu sektorun ÜDM-in 40-80%-ni, Azərbaycan Dövlət Statistika Komitəsinin struktur metod əsasında ayrı-ayrı sektorlar üzrə xəlvəti yaradılmış əlavə dəyərlərin hesablanması (mikro və ya birbaşa metod) - apardığı qiymətləndirmələr isə ÜDM-in 18-20%-ni təşkil etdiyini göstərir. 2007-ci ildə isə 13.4 faiz təşkil etmişdir. Mən aparılan hesablamaların yüz faiz reallığı əks etdirdiyi iddiasını qətiyyən qəbul etmirəm. Hər halda, belə bir iddia xəlvəti iqtisadiyyatın kəmiyyət qiymətləndirməsinin mövcud metodologiyasına da zidd olardı. Ancaq Dövlət Statistika Komitəsinin apardığı qiymətlədirmələrlə yaxından tanışlıq, bu qurumun irəli sürdüyü rəqəmlərin reallıqdan daha aşağı olduğu fikrini asanlıqla irəli sürməyimizə imkan verir.

Bunun üçün aşağıdakı iki məqama nəzər yetirmək kifayətdir:

1. Komitənin apardığı tədqiqatlarda göstərilir ki, onların mövcud qiymətləndirmə sistemi mükəmməl deyil, hələ də formalaşma mərhələsindədir. Yəni xəlvəti yaradılmış əlavə dəyərin hələ də ölçülə və ya üzə çıxarıla bilməyən hissəsi mövcuddur. Məsələn, 2002-ci il üzrə hesablanan xəlvəti iqtisadiyyatın 19,2%-lik göstəricisinin strukturuna nəzər saldıqda görürük ki, aparılan hesablamalarda mineral ehtiyatlar və mədən sənayesi, elektrik enerjisi, qaz və su təminatı və maliyyə vasitəçiliyi sektorlarında xəlvəti iqtisadiyyat ya hesablana bilməmiş, ya da bu sektorlarda xəlvəti iqtisadiyyatın olmadığı fərz edilmiş, həmçinin tikintidə yaradılan əlavə dəyərin 5,3%, otel və restoranlar sektorunda 4,8%, əmlak dövriyyəsi, icarə və kommersiya fəaliyyətində isə 10%-nin xəlvəti olması üzə çıxarılmışdır 2 ki, fikrimizcə, bunların həqiqətdən çox-çox uzaq olduğunu isbat etməyə belə gərək yoxdur.

2. İkinci məqam isə ondan ibarətdir ki, baxmayaraq Dövlət Statistika Komitəsi Milli Hesablar Sistemi konvensiyasına uyğun olaraq, xəlvəti iqtisadiyyat dedikdə, qanunla qadağan olunmadığı halda, müxtəlif səbəblərdən dövlət orqanlarına xəlvəti qalan iqtisadi fəaliyyət və əməliyyatlarla, qanunla qadağan olunduğu halda xəlvəti həyata keçirilən iqtisadi fəaliyyət və əməliyyatları birgə nəzərdə tutur, ancaq kəmiyyət qiymətləndirmələri zamanı ikinci qrup xəlvəti iqtisadi fəaliyyətlərin hesablamalara daxil edilmədiyinin şahid oluruq. Halbuki ən azı vaxtaşırı mətbuatla maraqlanan heç kimə sirr deyil ki, Azərbaycan Respublikasında qanunla qadağan olunan iqtisadi fəaliyyətlərin demək olar ki, bütün növlərinə bu və ya digər formada rast gəlmək çətin deyil. Məsələn, narkotika dövriyyəsi, insan alveri, piratçılıq, saxta sənəd hazırlama, sələmçilik, qanunsuz valyuta ticarəti, qaçaqmalçılıq, qumar və bəhsləşmə oyunları, falçılıq və.s. Məhz bu iki məqamı nəzərə alsaq, onda beynəlxalq təşkilatların hesablamaları ilə Dövlət Statistika Komitəsinin hesablamaları arasındakı fərqin də nədən yarandığını üzə çıxarmış olarıq. Belə ki, AzSTAT-ın apardığı hesablamalar xəlvəti iqtisadiyyatı tam əhatə edə bilmədiyi halda, əsasən xəlvəti iqtisadiyyatda dövr edən nağd pulun hesablanmasına dayanan makroiqtisadi qiymətləndirmələrdə isə xəlvəti iqtisadiyyatın bütün fəaliyyət növləri demək olar ki, tam şəkildə əhatə olunur. Bəs real göstərici nədən ibarətdir? Hesab edirik ki, bunun əldə edilməsinin iki yolu qalır: ya AzSTAT-ın metodologiyası inkişaf etdirilərək xəlvəti iqtisadiyyatı tam əhatə edən səviyyədə tətbiq olunmalı, ya da makroiqtisadi metodların, başqa sözlə, beynəlxalq təşkilatların istifadə etdiyi metodların mövcud parametrlərinin ölkə reallıqlarına uyğun şəkildə seçilməsi ilə alternativ hesablamalar aparılmalıdır. Bəzi iqtisadçılar tərəfindən ikinci yola uyğun olaraq etdiyi cəhdlərdən biri üzrə artıq real nəticələr əldə edilib. Belə ki, nağd pul nisbəti və ya Gutmann metodu ilə apardıqları hesablamaların nəticəsinə əsasən deyə bilərəm ki, 1991-2006-cı illər üzrə xəlvəti iqtisadiyyatın orta illik səviyyəsi ÜDM-in 53%-i, 2006-cı il üzrə isə 47,3%-i olmuşdur.

Göründüyü kimi, Azərbaycan xəlvəti iqtisadiyyatını tam şəkildə əhatə edəcək istənilən kəmiyyət qiymətləndirməsinin nəticəsi AzSTAT-in irəli sürdüyü rəqəmlərdən kifayət qədər yüksəkdir. Bu isə ölkəmizdə xəlvəti iqtisadiyyat fenomeninin nə qədər aktual olduğu və onunla bağlı vahid dövlət siyasətinin formalaşdırılması zəruriliyi üzərində düşünməyə əsas verir. Bəs formalaşdırılacaq bu siyasət konseptual baxımdan hansı istiqamətdə olmalıdır: Tolerant yanaşma, yoxsa xəlvəti iqtisadiyyatın leqallaşdırılaraq rəsmi iqtisadiyyata inteqrasiya olunması? Bəziləri ölkədə xəlvəti iqtisadi sektorun formalaşmasının keçid iqtisadiyyatlı bütün ölkələrdəki kimi, qaçılmaz bir proses olduğunu qeyd edərək, onun rəsmi iqtisadiyyatın öhdəsindən gələ bilmədiyi bir sıra sosial-iqtisadi problemlərin müvəqqəti “həll yollarını” özündə birləşdirdiyini göstərirlər. Bu yanaşmanın tərəfdarları xəlvəti iqtisadiyyatla mübarizə və onun leqallaşdırılması zəruriliyinin hələlik aktual bir məsələ olmadığını qeyd edərək, fikirlərini aşağıdakılarla əsaslandırırlar:

-Ölkədə səmərəli dövlət idarəetmə sistemi formalaşmadığından, özəl sektordan dövlət sektoruna məcburi şəkildə transfer olunan resurslar da səmərəsiz istifadə olunur. Halbuki xəlvəti iqtisadi sektor mövcud resursların belə səmərəsiz istifadəsinin qarşısını alaraq, onların özəl sektorda daha rasional qaydada istifadəsinə şərait yaradır;

-Xəlvəti iqtisadi fəaliyyətlərin mühüm bir hissəsi elə məhz rəsmi iqtisadiyyatın qanuni öhdəliklərindən azad olduqları üçün öz mövcudluqlarını qoruyub saxlayırlar, əks halda, bütün qanuni öhdəliklərə əməl edilərsə, bu tipli fəaliyyətlərin əksəriyyəti sıradan çıxmış olar ki, bu da ölkədə ümumi rifaha mənfi təsir göstərər. Məsələn, göstərilir ki, bu gün ölkəmizdə demək olar ki, tamamilə xəlvəti iqtisadi sektora aid olan xırda ticari fəaliyyətlər leqallaşdırılarsa, onların əksər hissəsi birbaşa, bir hissəsi də müəyyən zaman kəsiyində tamamilə aradan qalxacaqdır. Çünki onların “rəqabət üstünlüyü” məhz xəlvəti olmaları ilə bağlıdır;

-Xəlvəti iqtisadiyyat ölkəmizin aşağı kvalifikasiyalı işçi qüvvəsinin mühüm bir hissəsini işlə təmin edir ki, onlar da xəlvəti iqtisadi sektorun aradan qaldırıldığı halda, rəsmi iqtisadi sektorda birbaşa işləyə biləcək səviyyədə olmadıqlarından işsiz qalacaqlar;

-Xəlvəti iqtisadi sektor rəsmi iqtisadiyyatı böyük bazar, eyni zamanda daha ucuz istehsal amilləri ilə təmin edir ki, onun da aradan qaldırılması iqtisadi artım, inflyasiya kimi makroiqtisadi göstəricilər üzərində mənfi effekt yaradacaqdır. Məsələn, fərz edək ki, xəlvəti iqtisadiyyatın leqallaşdırılması nəticəsində bu sektorda istehsal olunan kompüter-proqram və digər intellektual mülkiyyət məhsullarının qiymətləri kəskin şəkildə yüksəlir. Bu, dövlət idarələrindən tutumuş, ev təsərrüfatlarına qədər, geniş spektrədə xərclərə təsir göstərərək, inflyasiya təzyiqi yaradacaqdır;

-Nəhayət, o da qeyd olunur ki, ölkədə xəlvəti iqtisadi sektorun mövcudluğu burada istehsal olunan yerli məhsulların keyfiyyət baxımından heç cür rəqabət apara bilmədikləri xarici məhsullar üzərində heç olmazsa, qiymət baxımından rəqbət üstünlüyü əldə etmələrinə şərait yaradır ki, bu da yerli istehsalın inkişafına müsbət təsir göstərir.

Ancaq digər yanaşmanın tərəfdarları hesab edirlər ki, ölkədə xəlvəti iqtisadiyyatın səviyyəsi artıq ifrat səviyyəyə çatmış və iqtisadiyyatın davamlı, məqsədyönlü inkişafı üçün real təhlükəyə çevrilmişdir. Onlar xəlvəti iqtisadi sektorla mübarizə və onun leqallaşdırılaraq, rəsmi iqtisadiyyata inteqrasiyasının bu gün həllini gözləyən vacib problemlərdən olduğunu qeyd edir və öz yanaşmalarını aşağıdakı tezislərlə müdafiə edirlər:

- Ölkədə xəlvəti iqtisadiyyatın yüksək səviyyəsi və onun statistikada düzgün qiymətləndirilməməsi, hər şeydən əvvəl başlıca sosial-iqtisadi göstəricilərin təhrif olunmasına gətirib çıxarmışdır ki, bu da həmin göstəricilər əsasında formalaşdırılan sosial-iqtisadi siyasət və icra olunan dövlət proqramlarının effektivliyini xeyli aşağı salır. Məlumdur ki, həyata keçirilən dövlət siyasəti öz təsirini əsasən rəsmi fəaliyyət göstərən bazar subyektləri üzərində göstərir. Xəlvəti iqtisadi sektor isə ölkə iqtisadiyyatında mühüm çəkiyə malik olmasına baxmayaraq, bu siyasət tədbirlərindən kənarda qalır ki, bu da iqtisadi proseslərin nəzarətdən çıxması və həyata keçirilən iqtisadi siyasətin məqsədlərinə nail oluna bilməməsi ilə nəticələnir. Məsələn, ölkə iqtisadiyyatında hal-hazırda mövcud olan real inflyasiya problemi buna tipik nümunədir;

- Xəlvəti iqtisadi sektor vasitəsilə vergi və digər məcburi ödəmələr şəklində böyük həcmli maliyyə resursları dövlət büdcəsindən yayındırılır və nəticədə ictimai xidmətlərin keyfiyyət səviyyəsinin yüksəldilməsi mümkün olmur. Məsələn, 2006-cı il üzrə 19,9 mlrd. ABŞ dolları olan ÜDM-in AzSTAT-ın rəqəmlərinə görə (20%) 4 mlrd. dolları xəlvəti iqtisadi sektora aiddir. Həmçinin bu ildə dövlət büdcəsi gəlirlərinin rəsmi iqtisadi sektordakı (yəni elan olunmuş ÜDM göstəricisindən 20%-lik xəlvəti iqtisadiyyat çıxılmaqla) payı da təxminən 28% olmuşdur. Demək, ən sadə şəkildə qeyd etmək olar ki, əgər həmin 4 mlrd. dollarlıq xəlvəti iqtisadi sektor leqallaşdırılsaydı, dövlət 1,1 mlrd. dollar (4x28/100) da əlavə gəlir əldə edərdi. Yəni AzSTAT-ın rəsmi xəlvəti iqtisadiyyat göstəricisi belə, təkcə 2006-cı ildə təxminən 1,1 mlrd. dollar vəsaitin büdcədən yayındırıldığını göstərir. Bu vəsaitlə həmin il təhsil xidməti xərclərini 2 dəfə; və ya səhiyyə xidməti xərclərini 6 dəfə; və ya elm xərclərini 34 dəfə; və ya hüquq-mühafizə xidməti xərclərini 4 dəfə artırmaq olardı;

- Xəlvəti iqtisadi sektor ölkə iqtisadiyyatında kəskin haqsız rəqabət yaratmışdır. Belə ki, məcburi dövlət öhdəlikləridən yayınan xəlvəti iqtisadiyyat subyektləri bu öhdəlikləri yerinə yetirən bazar subyektlərindən hərtərəfli üstün mövqedədirlər. Bura iqtisadi fəaliyyəti daha aşağı xərclərlə təşkil etməkdən tutmuş, bazarda inhisarçı mövqeyə yüksəlməyə qədər bütün növ üstünlüklər daxildir;

- Xəlvəti iqtisadiyyat ölkədə ədalətsiz gəlir bölgüsü sistemini formalaşdırmışdır. Bir tərəfdən dövlət büdcəsi qarşısındakı öhdəliklərindən yayınan bazar subyektləri digər tərəfdən də büdcə imkanlarından yararlanaraq, ikiqat fayda götürürlər. Başqa sözlə, məcmu ÜDM-i tam əhatə edə bilməyən dövlət büdcəsi özünün səmərəli bölgü funksiyasını da reallaşdıra bilmir;

- Xəlvəti iqtisadiyyat iqtisadiyyatda dollarlaşma səviyyəsini yüksəltmişdir ki, bu da iqtisadi təhlükəsizlik baxımından ciddi məsələdir. Məlumdur ki, xəlvəti iqtisadiyyat nağd pul iqtisadiyyatıdır. Bu sektorda baş verən əməliyyatlar nağd pulla aparıldığından, həmçinin dövlətin valyuta nəzarətindən kənar olduğundan, xəlvəti iqtisadiyyat subyektlərinin etibarlılıq və əlverişlilik baxımından üstünlük verdiyi ödəmə və yığım vasitəsi də dollardır;

- Xəlvəti iqtisadiyyat sosial müdafiə və digər bütün əmək hüquqlarından məhrum qalmış böyük miqyasda işçi kütləsini formalaşdırmışdır ki, bu da gələcəkdə ölkə iqtisadiyyatı üçün böyük sosial yük və eyni zamanda daha keyfiyyətsiz işçi qüvvəsinin meydana çıxmasını doğurur. Məsələn, Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il üzrə olan məlumatlarının təhlili göstərir ki, 3973 min məşğul əhalinin yalnız 1580 min nəfəri, başqa sözlə, 40%-i sosial sığortaya cəlb olunmuşdur;

- Xəlvəti iqtisadiyyat resursların əsasən xəlvətiliyin daha geniş yayıldığı (xırda ticarət, xidmət və.s) sektorlara yönəldilməsinə şərait yaratmışdır ki, bu da onlardan səmərəli istifadə imkanlarını aşağı salmışdır. Məsələn, bu gün əksər azərbaycanlıların öz maliyyə resurslarını kütləvi şəkildə küçəticarəti, restoran-əyləncə xidməti və.s. sektorlara yönəltməsi məhz bu amildən irəli gəlir;

- Xəlvəti iqtisadi sektor məhsul və xidmətlər bazarında keyfiyyətin hədsiz aşağı düşməsinə və ölkənin ərzaq təhlükəsizliyinə real təhlükə yaratmışdır. Bu gün səhiyyədən tikintiyə, məişətdən hərbiyə qədər demək olar ki, bütün sahələrdə keyfiyyətsiz, hətta insan sağlamlığı üçün real təhlükə mənbəyi olan məhsullardan istifadə edilir ki, bunun da mühüm hissəsi dövlətin tənzimləmə və nəzarət sistemindən kənarda olan xəlvəti iqtisadi sektor tərəfindən təmin edilir;

- Xəlvəti iqtisadiyyat ölkədə miqyas iqtisadiyyatı prinsipinin də kəskin şəkildə pozulmasına gətirib çıxarmışdır. Əksər sahibkarlar öz biznesinin daha kiçik vahidlərə bölünməsinə və ya ən azından böyük instutsional vahidlərə çevrilməsinin qarşısının alınmasına çalışır ki, bu da biznesin miqyasından doğan iqtisadi səmərəliliyin əldə edilməsinə imkan vermir;



- Nəhayət, xəlvəti iqtisadi sektor vergi mədəniyyətinin aşınması, dövlət qurumlarına etibarın azalması, korrupsiya, rüşvətxorluq və digər qeyri-etik fəaliyyətlərin genişlənməsi, bir sözlə, sosial əxlaqın kəskin deqradasiyasına səbəb olmuşdur ki, bu da ölkədə həqiqi mülki cəmiyyət və demokratik dövlət quruculuğuna ciddi maneə yaradır. Məsələn, bu gün əhalisinin yarısından çoxu seçici hüquqlu olan, vergi mükəlləflərinin sayı isə bundan qat-qat aşağı olan ölkəmizdə vətəndaşların dövlət idarəçiliyində aktiv və məsuliyyətli şəkildə iştirakını təmin etmək çox çətindir. Tarixən demokratiya xalqların onları idarə edənlər tərəfindən toplanan vergiləri necə xərclədiklərinə daha yaxşı nəzarət etmək cəhdləri nəticəsində meydana çıxmışdır. Təcrübə göstərir ki, qanunvericiliklə xalqdan toplanan məcburi ödəmələrin səviyyəsi ilə xalqın dövlət idarəçilik sisteminə olan marağı arasında düz əlaqə vardır. Bu isə sadə bir məntiqə əsaslanır: insan eldən gedənin deyil, əldən gedənin haqqında daha çox düşünər. Digər tərəfdən, gəlirlərini xəlvəti yollarla əldə edib “gözükölgəli” olan xalq dövlətindən də daim kənar “gəzməyə” çalışar. Göründüyü kimi, ölkədə xəlvəti iqtisadiyyat real demokratiya üçün də təhlükə mənbəyidir. Mövcud yanaşmaların təhlili göstərir ki, onların hər ikisi özü-özlüyündə tutarlı sayıla biləcək arqumentlərə malikdir. Lakin hesab edirəm ki, dövlətin vahid siyasətinin formalaşdırılması baxımından hər iki yanaşmalar üzrə kəsişən baxışları ortaya qoymaq mümkündür. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, xəlvəti iqtisadiyyatın qanunla qadağan olunan fəaliyyət növlərinin qəti şəkildə aradan qaldırılması və onlardan əldə olunan gəlirlərin müsadirə edilərək, dövlətin nəzarəti altında rəsmi iqtisadiyyata cəlb edilməsi məsələsində heç bir fikir ayrılığı yoxdur və olmamalıdır. Digər tərəfdən, xəlvəti iqtisadiyyatın pozitiv təsirlərini qabardaraq, ona dövlətin liberal yanaşmasını istəyənlərin arqumentləri ilə, yalnız öz-özünü işlə təmin edənlər və yeganə gəlir mənbəyi xəlvəti iqtisadi sektor olan kiçik biznes subyektləri məsələsində razılaşmaq olar. Əhalinin aztəminatlı təbəqəsinin rifah halına ciddi təsir göstərdiyindən, ilkin dövr üçün məhz bu tipli xəlvəti iqtisadi subyektlərin fəaliyyətlərinə liberal yanaşmaq mümkündür. Onu da nəzərə almaq lazımdır ki, bu tipli fəaliyyətlər qanuni müstəviyə keçirilərsə, onların əksər hissəsi özü-özlüyündən aradan qalxacaqdır. Ancaq qeyd etmək lazımdır ki, xəlvəti iqtisadiyyatın neqativ təsirləri pozitiv təsirlərindən daha çoxdur və yuxarıda göstərilən neqativ təsirlərlə bağlı da cəmiyyətdə demək olar ki, fikir ayrılığı yoxdur. Bu isə artıq xəlvəti iqtisadiyyatla bağlı vahid dövlət siyasətinin formalaşdırılması vaxtının çatdığını göstərir. Xüsusilə, nəzərə alsaq ki, ölkədə ildən ilə yüksək iqtisadi artım baş verir, böyük həcmli neft dollarları daxil olur, yaşadığımız region qlobal münaqişələr, dini-ekstremizm və terrorçuluğun əhatə dairəsinə daxil olur, həmçinin iqtisadiyyatımız inhisarlaşma, xroniki inflyasiya, qeyri-neft sektorunun inkişafı, “holland sindromu” kimi problemlərlə üz-üzə qalmışdır, onda dövlətin iqtisadi prosesləri daha dolğun tənzimləməsi və nəzarət altında saxlaması məsələsi də aktuallaşır ki, bu da ilk növbədə xəlvəti iqtisadiyyatın leqallaşdırılaraq, rəsmi iqtisadiyyata inteqrasiyasını zəruri edir.


Yüklə 60,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin