Zənginlərlə bəhsə durar [124, 91].
Çəmənin sonsuzu, göyün əngini,
Ona təbiətdən bir ərməğandır [123, 153].
Gedin asta-asta,
dalğın, pərişan [124, 115]
Oldun müsafiri
sən bircə anın [124, 112]
Nümunə gətirdiyimiz misallardakı sözlərin bir qismi yalnız ədəbi dildə, digər bir qismi isə həm ədəbi dildə, həm də ümumxalq danışıq dilində işlənir. Belə ki, qəm, kədər, qüssə sözləri həm ədəbi dil, həm də danışıq dilində, lakin bu sözlərin qarşılığı olan məhzun sözü yalnız ədəbi dildə;eləcə də zəngin, əngin, dalğın, müsafir sözləri əsasən ədəbi dildə işləndikləri halda, bu sözlərlə sinonim olan varlı, sonsuz, pərişan, qonaq sözləri həm ədəbi dildə, həm də ümumxalq danışıq dilində işlənir.Danışıq dilində işlənən,etik mənaları pozmayan belə sözləri istər ədəbi dildə, istərsə də bədii dildə işlətmək heç də pis deyil. Çünki ədəbi-bədii dil məhz ümumxalq dili hesabına zənginləşir.
5.Dildə sinonim cərgələrin genişlənməsində dialekt sözlərin də əhəmiyyəti vardır. Dialektizmlərin sinonim cərgədə işlənməsi bədii üslubun ehtiyacından əmələ gəlir. Əsasən, nəsr əsərlərində hər hansı bir personajın yaşadığı yeri, onun həyat tərzini daha qabarıq nəzərə çarpdırmaq üçün istifadə olunan dialektizmlərə, bəzən poeziya dilində də rast gəlinir. Təbii ki, bu dialektizmlərin mənası başa düşülən, anlaşılan sözlərdir. Çünki dialektizmlərə müraciət edən hər bir sənətkar işlətdiyi sözün dar çərçivədə olan dialektdə deyil, müəyyən qrup dialektlərdə işlənməsini nəzərdə tutur. Hər bir sənətkar kimi, görkəmli şairimiz N. Xəzri öz yaradıcılığında az da olsa, dialektizmlərdən istifadə etmişdir. Məsələn;
Bir çaya döndüm ki, sısqa axıram [123, 46].
Axdı gözlərindən yaş gildir - gildir,
Yuxudan oyandım... yenə tənha - tək [123, 85]
Köklərdən
bir şiv ucaldı.
Şivlər kəsilmədi,
əllər kəsildi [123, 98].
Tərif atı yeyindir,
qürur atı ceydaraq,
Yaraşarmı qüruru
haqsızlıqla haqlamaq [124, 21]
Bu misallarda sısqa-dildə zəif; gildir-gildir-ədəbi dildə gilə-gilə;şiv-qanqal; yeyin-tez, cəld, yaxşı; ceydaraq-asta, ləng mənaları vardır. Məlum olduğu kimi, şair dialektlərə məxsus olan bu sinonim dialektizmləri heç də məqsədsiz işlətməmişdir. Poeziyanın üslubi ehtiyacından doğan tələbi ödəməklə şeirə yeni kolorit gətirmişdir.
6. Sinonim cərgələrin genişlənib zənginləşməsində alınma sözlərin də müəyyən qədər rolu vardır. Alınma sözlər hesabına artan sinonim cərgələrdə bu sözlərin öz dilimizdə ekvivalenti olur. Məsələn;
Oldun müsafiri -
Sən bircə anın [124, 112]
Nurani qonağım
Xəyala döndü [124, 84]
Ey İnsan!
Dünyaya
yaxşı mehman ol! [124, 61]
Bu nümunələrdəki qonaq-müsafir-mehman sözləri sinonim cərgə təşkil edir. Bu cərgədə qonaq sözü öz doğma Azərbaycan dilimizə, müsafir-ərəb, mehman-fars dilinə məxsusdur. Bu sözlərin hər üçü ümumi bir mənanı bildirsə də, lakin qonaq sözü həm ədəbi dildə, həm də sadə danışıq dilində daha işləkdir, digər iki alınma söz-müsafir, mehman sözləri daha çox ədəbi-bədii dildə istifadə olunur.Buna baxmayaraq, bu sözlər dilimizə başqa dillərdən keçsələr də, sinonim cərgədə olan sözlərlə sinonimik əlaqəyə girərək onun bərabərhüquqlu üzvü ola bilir.
7.Sinonim cərgədəki sinonimlərin artmasında köhnəlmiş və arxaik sözlər az da olsa iştirak edir. Belə sözlərin çoxu dilimizə başqa dillərdən keçən leksik vahidlərdir. Bu sözlər vaxtilə dilimizdə fəal olsalar da, indi isə lüğət tərkibimizin passiv fonduna keçərək köhnəlmişlər.Müasir Azərbaycan dilində, əsasən, üslubun tələbi ilə poetikada ahəngdarlığı artırmaq,ekspressiyanı daha da gücləndirmək üçün belə arxaik sinonimlərdən istifadə edilir. Məsələn;
Nəsimi yanaşır...o,müdrik, nədim! [123, 29]
O, hər kəsdən gizlənirdi,
qəlbdə günahı, suçu [123, 92].
Dostları ilə paylaş: |