§ 4. Malların göndərilməsi
Maddə 627. Göndərmə müqaviləsi
627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.
627.2. (Çıxarılıb) cclxxvi[280]
Maddə 628. (Çıxarılıb) cclxxvii[281]
Maddə 629. Malların göndərilməsi dövrləri
629.1. Tərəflər göndərmə müqaviləsinin qüvvədə olduğu müddət ərzində malların ayrı-ayrı partiyalar ilə göndərilməsini nəzərdə tutduqda və bu partiyaların göndərilməsi müddətləri (göndərmə dövrləri) müqavilədə müəyyənləşdirilmədikdə, mallar, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə, bərabər partiyalar ilə aybaay göndərilməlidir.
629.2. Göndərmə müqaviləsində göndərmə dövrləri ilə yanaşı malların göndərilməsi cədvəli də (on günlük, günlük, saatlıq və i.a.) müəyyənləşdirilə bilər.
629.3. Mallar alıcının razılığı ilə vaxtından qabaq göndərilə bilər. Vaxtından qabaq göndərilmiş və alıcı tərəfindən qəbul edilmiş mallar növbəti dövrdə göndərilməli olan malların miqdarına daxil edilir.
Maddə 630. Malların göndərilməsi qaydası
630.1. Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir.
630.2. Göndərmə müqaviləsində alıcının mal göndərənə malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququnun nəzərdə tutulduğu halda mal göndərən malları yollama sərəncamında göstərilmiş mal alanlara yollayır (verir).
630.3. Yollama sərəncamının məzmunu və alıcı tərəfindən onun mal göndərənə verilməsi müddəti müqavilə ilə müəyyənləşdirilir. Əgər müqavilədə yollama sərəncamının verilməsi müddəti nəzərdə tutulmayıbsa, o, mal göndərənə göndərmə dövrünün çatmasına ən geci otuz gün qalmış verilməlidir.
630.4. Alıcının yollama sərəncamını müəyyənləşdirilmiş müddətdə verməməsi mal göndərənə ya göndərmə müqaviləsinin icrasından imtina etmək, ya da alıcıdan malları ödəməyi tələb etmək hüququ verir. Bundan başqa, mal göndərən yollama sərəncamının verilməməsi ilə əlaqədar dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Maddə 631. Malların çatdırılması
631.1. Mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır.
631.2. Müqavilədə malların hansı nəqliyyat növü ilə və ya hansı şərtlərlə çatdırıldığının müəyyənləşdirilmədiyi hallarda nəqliyyat növünü seçmək və ya malların çatdırılması şərtlərini müəyyənləşdirmək hüququ, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə, mal göndərənə mənsubdur.
631.3. Göndərmə müqaviləsində alıcının (mal alanın) malları mal göndərənin olduğu yerdə alması (malların seçilməsi) nəzərdə tutula bilər. Əgər müqavilədə malların seçilməsi müddəti nəzərdə tutulmayıbsa, alıcı (mal alan) malları onların hazır olduğu barədə mal göndərəndən bildiriş aldıqdan sonra ağlabatan müddətdə seçməlidir.
Maddə 632. Malların tam göndərilməməsinin tamamlanması
632.1. Ayrıca göndərmə dövründə malları tam göndərməmiş mal göndərən malların göndərilməmiş miqdarını, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, göndərmə müqaviləsinin qüvvədə olduğu müddət ərzində növbəti dövrdə (dövrlərdə) göndərməlidir.
632.2. Mal göndərən malları göndərmə müqaviləsində və ya alıcının yollama sərəncamında göstərilmiş bir neçə mal alana yolladığı halda bir mal alana müqavilədə və ya yollama sərəncamında nəzərdə tutulan miqdardan artıq göndərilmiş mallar, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, digər mal alanlara tam göndərilməmənin tamamlanması hesabına daxil edilmir.
632.3. Əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur.
Maddə 633. Tam göndərilməmə tamamlanarkən malların çeşidi
633.1. Tam göndərilməməsi tamamlanmalı olan malların çeşidi tərəflərin razılaşması ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda mal göndərən malların göndərilməmiş miqdarını buna yol verildiyi dövr üçün müəyyənləşdirilmiş çeşiddə tamamlamağa borcludur.
633.2. Bir addan olan malların göndərmə müqaviləsində nəzərdə tutulduğundan artıq miqdarda göndərilməsi eyni çeşidə daxil olan digər adlı malların tam göndərilməməsinin tamamlanması hesabına daxil edilmir. Bu cür göndərmənin alıcının qabaqcadan yazılı razılığı ilə həyata keçirildiyi hal istisna olmaqla, tam göndərilməmə tamamlanmalıdır.
Maddə 634. Alıcı tərəfindən malların qəbul edilməsi
634.1. Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur.
634.2. Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. cclxxviii[282]
634.3. Göndərilmiş malları nəqliyyat təşkilatından aldıqda alıcı (mal alan) malların nəqliyyat və müşayiət sənədlərində göstərilmiş məlumatlara uyğunluğunu yoxlamalı, habelə nəqliyyat təşkilatından bu malları nəqliyyatın fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulan qaydaları gözləməklə qəbul etməlidir.
Maddə 635. Alıcı tərəfindən qəbul edilməmiş malın məsuliyyətlə saxlanması
635.1. Göndərmə müqaviləsinə uyğun olaraq alıcı (mal alan) mal göndərənin verdiyi maldan imtina etdikdə bu malın salamatlığını təmin etməyə (məsuliyyətlə saxlamağa) və mal göndərənə ləngimədən bildiriş göndərməyə borcludur.
635.2. Mal göndərən alıcının (mal alanın) məsuliyyətlə saxlamağa qəbul etdiyi malı ağlabatan müddətdə aparmağa və ya ona dair sərəncam verməyə borcludur. Əgər mal göndərən mala dair bu müddətdə sərəncam verməzsə, alıcı malı sata bilər və ya mal göndərənə qaytara bilər.
635.3. Malın məsuliyyətlə saxlanmağa qəbul edilməsi, satılması və ya satıcıya qaytarılması ilə əlaqədar alıcının çəkdiyi zəruri xərclərin əvəzini mal göndərən ödəməlidir. Bu zaman malın satışından götürülən vəsait alıcıya çatan məbləğ çıxılmaqla mal göndərənə verilir.
635.4. Müqavilədə müəyyənləşdirilmiş əsaslar olmadan alıcı mal göndərəndən malı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə mal göndərən alıcıdan malı ödəməyi tələb edə bilər.
Maddə 636. Malların seçilməsi
636.1. Göndərmə müqaviləsində alıcı (mal alan) tərəfindən malların mal göndərənin olduğu yerdə seçilməsi nəzərdə tutulduqda, əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malları onların verildiyi yerdə gözdən keçirməyə borcludur.
636.2. Alıcının (mal alanın) göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş müddətdə, belə müddət olmadıqda isə malların hazır olduğu barədə mal göndərənin bildirişini aldıqdan sonra ağlabatan müddətdə malları seçməməsi mal göndərənə müqavilənin icrasından imtina etmək və ya alıcıdan malları ödəməyi tələb etmək hüququ verir.
Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar
637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.
637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.
637.3. Göndərmə müqaviləsində malların komplektə daxil olan ayrı-ayrı hissələrlə göndərilməsi nəzərdə tutulduqda, alıcı malları, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, komplektə daxil olan sonuncu hissə yollandıqdan (seçildikdən) sonra ödəyir.
Maddə 638. Göndərmə zamanı tara və qab
638.1. Əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı (mal alan) malın göndərildiyi çoxdəfəlik taranı və paketləmə vasitələrini müqavilə ilə müəyyənləşdirilmiş qaydada və müddətlərdə qaytarmağa borcludur.
638.2. Malın digər tarası, habelə qabı mal göndərənə yalnız müqavilədə nəzərdə tutulmuş hallarda qaytarılmalıdır.
Maddə 639. Lazımi keyfiyyətli olmayan malların göndərilməsinin nəticələri
639.1. Lazımi keyfiyyətli olmayan malların göndərildiyi alıcı (mal alan) mal göndərənə qarşı bu Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.
639.2. Göndərilmiş malların pərakəndə satışını həyata keçirən alıcı (mal alan) istehlakçının qaytardığı lazımi keyfiyyətli olmayan malın ağlabatan müddətdə dəyişdirilməsini tələb edə bilər, bu şərtlə ki, göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmasın.
Maddə 640. Komplektsiz malların göndərilməsinin nəticələri
640.1. Göndərmə müqaviləsinin şərtləri, komplektlik barəsində adətən irəli sürülən tələblər pozulmaqla malların göndərildiyi alıcı (mal alan) mal göndərənə qarşı bu Məcəllənin 592-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.
640.2. Malların pərakəndə satışını həyata keçirən alıcı (mal alan) istehlakçının qaytardığı komplektsiz malların ağlabatan müddətdə komplektli mallarla əvəz olunmasını tələb edə bilər, bu şərtlə ki, göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmasın.
Maddə 641. Mallar tam göndərilmədikdə, malların qüsurlarının aradan qaldırılmasına və ya komplektinin tamamlanmasına dair tələblər yerinə yetirilmədikdə alıcının hüquqları
641.1. Əgər mal göndərən göndərmə müqaviləsində nəzərdə tutulan miqdarda malları göndərməzsə və ya pis keyfiyyətli malların dəyişdirilməsinə və ya malların komplektinin tamamlanmasına dair alıcının tələblərini müəyyənləşdirilmiş müddətdə yerinə yetirməzsə, alıcının ixtiyarı var ki, göndərilməmiş malları başqa şəxslərdən əldə edərək buna çəkdiyi bütün zəruri və ağlabatan xərcləri mal göndərənə aid etsin.
641.2. Mal göndərən tərəfindən malların tam göndərilmədiyi və ya malların qüsurlarının aradan qaldırılmasına və ya malların komplektinin tamamlanmasına dair alıcının tələblərinin yerinə yetirilmədiyi hallarda alıcının malları başqa şəxslərdən əldə etməyə çəkdiyi xərclər bu Məcəllənin 645.1-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun hesablanır.
641.3. Malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər.
Maddə 642. Malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün dəbbə pulu
Malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün qanunla və ya göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş dəbbə pulu mal göndərəndən onun tam göndərilməmiş malların miqdarını göndərmənin sonrakı dövrlərində tamamlamaq vəzifəsinin hüdudları daxilində öhdəliyini faktik icra edənədək tutulur, bu şərtlə ki, qanunla və ya müqavilə ilə dəbbə pulunun ödənilməsinin ayrı qaydası nəzərdə tutulmasın.
Maddə 643. Bir neçə göndərmə müqaviləsi üzrə eyni növlü öhdəliklərin icrası
643.1. Mal göndərən eyni vaxtda bir neçə göndərmə müqaviləsi üzrə alıcıya eyni adlı mallar göndərdikdə və göndərilmiş malların miqdarı mal göndərənin bütün müqavilələr üzrə öhdəliklərinin icrası üçün yetərli olmadıqda göndərilmiş mallar mal göndərənin göndərmə zamanı və ya göndərmədən sonra dərhal göstərdiyi müqavilənin icrası hesabına daxil edilməlidir.
643.2. Əgər alıcı bir neçə göndərmə müqaviləsi üzrə aldığı eyni adlı malları mal göndərənə ödəmişsə və ödəniş məbləği alıcının bütün müqavilələr üzrə öhdəliklərinin icrası üçün yetərli deyilsə, ödənilmiş məbləğ alıcının malları ödəyərkən göstərdiyi müqavilənin icrası hesabına daxil edilməlidir.
643.3. Əgər mal göndərən və ya alıcı bu Məcəllənin 643.1 və 643.2-ci maddələrinə uyğun onlara verilmiş hüquqlardan istifadə etməzlərsə, öhdəliyin icrası icra müddəti daha tez çatan müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Əgər bir neçə müqavilə üzrə öhdəliklərin icrası müddəti eyni vaxtda çatarsa, həyata keçirilmiş icra bütün müqavilələr üzrə öhdəliklərin icrası hesabına mütənasib surətdə daxil edilir.
Maddə 644. (Çıxarılıb) cclxxix[283]
Maddə 645. Müqavilə ləğv edilərkən zərərin hesablanması
645.1. Əgər satıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə alıcı müqavilədə nəzərdə tutulan malın əvəzinə başqa şəxsdən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini satıcıya qarşı irəli sürə bilər.
645.2. Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər.
645.3. Əgər bu Məcəllənin 645.1. və 645.2-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər.
645.4. Malın verilməli olduğu yerdə oxşar mal üçün müqayisəyə gələn şəraitdə adətən alınmış qiymət cari qiymət sayılır. Əgər həmin yerdə cari qiymət yoxdursa, başqa yerdə tətbiq edilən, ağlabatan əvəz ola bilən cari qiymət, malın nəql edilməsi xərclərindəki fərq nəzərə alınmaqla, tətbiq edilə bilər.
645.5. Bu Məcəllənin 645.1.-645.4-cü maddələrində nəzərdə tutulan tələblərin yerinə yetirilməsi öhdəliyi icra etməmiş və ya lazımınca icra etməmiş tərəfi digər tərəfə vurulmuş başqa zərərin əvəzini ödəməkdən azad etmir.
Dostları ilə paylaş: |