TİcarəT nümayəndəsİ (agenT)
Maddə 789. Ticarət nümayəndəsi (agent) haqqında müqavilə
789.1. Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alqı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir.
789.2. Həm fiziki, həm də hüquqi şəxslər ticarət agenti ola bilərlər. Aşağıdakılar ticarət agentləri deyildirlər:
789.2.1. vasitəçilik fəaliyyəti və ya əqdlərin bağlanması ilə təsadüfdən-təsadüfə məşğul olan şəxslər;
789.2.2. ticarət və xammal bircalarında işləyən şəxslər;
789.2.3. tapşıranla əmək müqaviləsi bağlamış şəxslər.
789.3. Ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır.
789.4. Müqavilə ilə tənzimlənməyən öhdəliklərə bu Məcəllə və əlavə olaraq, ticarət nümayəndəsinin olduğu yerdə ticarət sahəsindəki işgüzar adətlər tətbiq edilir.
Maddə 790. Ticarət agentinin vəzifələri
790.1. Ticarət agentinin ümumi vəzifələri bu Məcəllənin 778-ci maddəsindən irəli gəlir.
790.2. Ticarət agentinin aşağıdakı vəzifələri vardır:
790.2.1. vasitəçilik qaydasında tapşıran üçün əqdləri bağlamağa çalışmaq və ya əqdləri bağlamaq, habelə tapşıranın müştərilərinin sayının optimal surətdə artmasına çalışmaq;
790.2.2. bütün sifarişlər və (və ya) bağlanmış müqavilələr barəsində tapşırana bildiriş vermək;
790.2.3. özündə olan hər bir zəruri informasiyanı tapşırana bildirmək;
790.2.4. tapşıranın əsaslı sərəncamlarını yerinə yetirmək;
790.2.5. tapşıranın məhsullarına və xidmətlərinə oxşar məhsulları və xidmətləri öz hesabına və ya başqa tapşıranın hesabına təklif etmək üçün tapşıranın qabaqcadan razılığını almaq.
790.3. Müqavilədə ticarət agentinin öhdəsinə başqa vəzifələr, o cümlədən aşağıdakı vəzifələr də qoyula bilər:
790.3.1. müəyyən mövzular üzrə müntəzəm hesabat vermək;
790.3.2. sifarişlər və ya müqavilələr üzrə minimum dövriyyəyə (kvotaya) nail olmaq;
790.3.3. zərurət olduqda və ayrıca muzd müqabilində tapşıran üçün malları saxlamaq və göndərmək, habelə onun borclularından məbləğləri tutmaq.
790.4. Ticarət agenti tapşıran barəsində müqavilələrin müştərilər tərəfindən icrasına yalnız aşağıdakı hallarda qarantiya verməlidir:
790.4.1. bu, yazılı formada qabaqcadan ifadə edildikdə;
790.4.2. qarantiya dəqiq müəyyənləşdirilmiş əqdə və ya müştəriləri qabaqcadan müəyyənləşdirilməklə bir neçə əqdə şamil edildikdə;
790.4.3. öz öhdəsinə qarantiya götürmək barəsində razılaşmada ayrıca muzd şərtləşdirildikdə və ticarət nümayəndəsinə bu muzdun ödənilməsi müddəti müştəri ilə həmin müqavilənin bağlanmasından dərhal sonra çatdıqda. Buna zidd olanlar barəsində razılaşmaların qüvvəsi yoxdur.
Maddə 791. Tapşıranın vəzifələri
791.1. Ticarət agenti barəsində tapşıran vicdanlılıq prinsipinə uyğun hərəkət etməlidir. Tapşıran:
791.1.1. öz məhsulları və xidmətləri, işlərin aparılması qaydaları və qiymətləri barəsində ticarət agentinə lazımi informasiya verməlidir;
791.1.2. ticarət agentini ticarət nümayəndəsi haqqında müqavilənin yerinə yetirilməsi üçün zəruri informasiya ilə təmin etməli, o cümlədən bunu ehtimal etməyin mümkün olduğu hallarda ticarət agentini dərhal xəbərdar etməlidir ki, ticarət əqdlərinin həcmi ticarət nümayəndəsinin adi halda ümid bəsləyə biləcəyi həcmdən xeyli az olacaqdır;
791.1.3. ticarət nümayəndəsinin vasitəçilik qaydasında təklif etdiyi ticarət əqdinin qəbul olunması, rədd edilməsi və ya icra olunmaması barədə ticarət agentinə ağlabatan müddət ərzində bildiriş verməlidir;
791.1.4. ticarət agentinə muzd ödəməlidir.
791.2. Müqavilədə tapşıranın digər vəzifələri, o cümlədən ticarət agentinin müəyyən ərazi və ya müəyyən müştərilər üçün qüvvədə olan müstəsna hüququna (inhisar hüququna) hörmət bəsləmək vəzifəsi də nəzərdə tutula bilər.
Maddə 792. Ticarət agentinin muzdu
792.1. Ticarət agentinin sabit aylıq muzd və (və ya) əqdlərin dövriyyəsindən və ya miqdarından asılı muzd (komisyon muzdu) almaq hüququ vardır.
792.2. Muzd müqaviləyə əsasən hesablanır. Əgər o, müqavilə ilə tənzimlənmirsə, ticarət agentinin öz təqdim etdiyi mallar və ya bunlara oxşar mallar üçün işgüzar adətlərə uyğun qəbul edilmiş muzda bərabər muzd almaq hüququ vardır. İşgüzar adətlər olmadıqda müqavilənin istənilən iştirakçısı bütün hallar nəzərə alınmaqla ağlabatan muzdun müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət edə bilər.
792.3. Muzdun tamamilə və ya qismən komisyon prinsiplərinə əsaslandığı hallara bu Məcəllənin 793-cü maddəsi tətbiq edilir.
Maddə 793. Ticarət agentinin komisyon muzdu
793.1. Ticarət agentinin aşağıdakılar üçün komisyon muzdu almaq hüququ vardır:
793.1.1. ticarət nümayəndəsi haqqında müqavilənin qüvvədə olduğu müddət ərzində ya ticarət agentinin fəaliyyəti nəticəsində bağlanmış, ya da oxşar əqdlərin həyata keçirilməsi üçün ticarət agentinin əvvəllər müştəri kimi cəlb etdiyi şəxslər ilə bağlanmış bütün ticarət əqdləri;
793.1.2. əgər ticarət agentinin müəyyən coğrafi ərazidə və ya şəxslərin müəyyən qrupuna inhisar hüququ varsa, həmin ərazidə və ya həmin qrupdan müştərilər ilə bağlanan bütün əqdlər;
793.1.3. ticarət nümayəndəsi haqqında müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bağlanmış ticarət əqdləri - bu şərtlə ki, əqd ticarət agentinin müqavilənin qüvvədə olduğu dövrdə və ya bundan sonra ağlabatan dövrdə fəaliyyəti nəticəsində yaransın və ya müştərinin sifarişini agent və ya tapşıran ticarət nümayəndəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə xitam verilənədək alsın.
793.2. Əgər ticarət əqdi bir neçə ticarət agentinin fəaliyyəti nəticəsində həyata keçirilərsə, onlar komisyon muzdunu həmin əqdin bağlanmasına onlardan hər birinin göstərdiyi təsirə uyğun nisbətdə bölüşdürürlər.
793.3. Ticarət agentinin komisyon muzduna iddiası tapşıranın üçüncü şəxslə müqavilə üzrə öz öhdəliklərini icra etməsindən və ya icra etməli olmasından sonra əmələ gəlir. Komisyon muzduna iddia tapşıran öz öhdəliklərini icra etdikdən sonra üçüncü şəxsin öz müqavilə öhdəliklərini yerinə yetirdiyi və ya yerinə yetirməli olduğu andan gec olmayaraq əmələ gəlir.
793.4. Əgər tapşıranla üçüncü şəxs arasında bağlanmış müqavilənin yerinə yetirilməyəcəyinə əminlik olarsa və onun yerinə yetirilməməsi tapşıranın cavabdeh olduğu hallardan irəli gəlməzsə, komisyon muzduna iddia istisna edilir. Əgər ticarət agenti həmin əqd əsasında komisyon muzdunu almışdırsa, bu muzdu qaytarmağa borcludur.
793.5. Təqvim ilinin hər rübündən sonrakı ayda tapşıran ticarət agentinə müvafiq rüb üçün ona çatası komisyon muzdunun hesabını verir. Bu hesabda komisyon muzdunun miqdarını və ödənilməsi müddətini yoxlamaq üçün zəruri məlumat göstərir.
793.6. Hər rüb üçün komisyon muzdu rübün qurtarmasından ən geci bir ay keçənədək ödənilməlidir.
793.7. Bu Məcəllənin 793.5 və 793.6-cı maddələrinə uyğun komisyon muzdlarının hesabının verilməsi və ödənilməsi müddəti tərəflərin razılaşmasına əsasən qısaldıla və ya uzadıla bilər, özü də bu müddət ən çoxu altı aylığına uzadıla bilər.
793.8. Ticarət agenti komisyon muzdunun hesablanması üçün zəruri olan mühasibat uçotu sənədləri də daxil olmaqla tapşıranın bütün sənədlərini gözdən keçirmək hüququna malikdir.
Maddə 794. Ticarət nümayəndəsi haqqında müqavilənin qüvvədə olma müddəti və ləğvi
794.1. Ticarət nümayəndəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə, əgər müqavilənin qüvvədə olması konkret müddətlə məhdudlaşdırılmayıbsa, müqavilədə müəyyənləşdirilmiş müddətdə xitam verilir. Lakin əgər tapşıranın dinməz və ya birbaşa razılığı ilə ticarət agenti öz fəaliyyətini davam etdirirsə və ya əgər ilkin müqavilədən sonra yeni müqavilə bağlanırsa, hesab edilir ki, müqavilə lap əvvəldən qeyri-müəyyən müddətə bağlanmışdır.
794.2. Qeyri-müəyyən müddətə bağlanmış müqaviləni istənilən iştirakçı ləğvetmə haqqında xəbərdarlıq edilməsinin ağlabatan müddətini gözləməklə ləğv edə bilər. Ağlabatan müddət birinci il ərzində azı 1 ay, ikinci il ərzində azı 2 ay və əgər müqavilənin qüvvəsi iki ildən çox davam edirsə, 3 ay təşkil edir. Əgər müddətli müqavilə bu Məcəllənin 794.1-ci maddəsinə uyğun olaraq müddətsiz müqaviləyə çevrilirsə, ləğvetmə haqqında xəbərdarlıq müddəti hesablanarkən müqavilənin bütün qüvvədə olma müddəti əsas götürülür.
794.3. Müqavilənin iştirakçıları ləğvetmə haqqında xəbərdarlıq edilməsinin daha uzun müddətini şərtləşdirə bilərlər. Ləğvetmə haqqında xəbərdarlıq edilməsinin bu müddəti həm tapşıran, həm də ticarət agenti üçün eyni olmalıdır.
Maddə 795. Ticarət nümayəndəsi haqqında müqavilənin qüvvəsinə fövqəladə hallar nəticəsində xitam verilməsi
795.1. Ticarət nümayəndəsi haqqında müqavilənin hər bir iştirakçısı aşağıdakı hallarda xəbərdarlıq müddətini gözləmədən istənilən vaxt müqaviləni ləğv edə bilər:
795.1.1. öz vəzifələrini əhəmiyyətli dərəcədə pozan digər iştirakçıya bu barədə yazılı xəbərdarlıq edildikdə, o, müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra da öz vəzifələrini pozmaqda davam etdikdə;
795.1.2. müqavilə iştirakçılarından heç birinin cavabdeh olmadığı digər fövqəladə hallar baş verdikdə və bu hallar ləğvetməyə dair bildiriş vermiş iştirakçıdan müqaviləni qüvvədə saxlamağı tələb etməyi artıq ağlabatan etmədikdə.
795.2. Ticarət nümayəndəsi haqqında müqavilənin hər hansı iştirakçısının digər iştirakçının öz vəzifələrini pozması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsinə iddiaları qüvvədə qalır.
Maddə 796. Müştərilər üçün kompensasiya
796.1. Müqavilənin qüvvəsinə xitam verildikdən sonra ticarət agenti özünün cəlb etdiyi müştərilər üçün kompensasiya almaq hüququna malikdir, bu şərtlə ki:
796.1.1. o, tapşıran üçün yeni müştərilər cəlb etsin və ya mövcud müştərilərlə əqdlərin həcmini xeyli artırsın;
796.1.2. tapşıran bu Məcəllənin 796.1.1-ci maddəsindən onun üçün irəli gələn faydalardan istifadəni davam etdirə bilsin;
796.1.3. müqaviləyə xitam verilməsi nəticəsində komisyon muzdu ticarət agentinin əlindən çıxsın.
796.2. Kompensasiyanın maksimum miqdarı illik muzdun miqdarı ilə məhdudlaşdırılır. Ticarət agentinin illik muzdu ticarət nümayəndəsi haqqında müqavilənin qüvvəsinə xitam verilməzdən əvvəlki son illər (maksimum 5 il) üçün orta muzd şəklində hesablanır.
796.3. Aşağıdakı hallarda kompensasiya ödənilmir:
796.3.1. müqavilə üzrə hüquq münasibətlərinə ticarət agentinin təqsiri üzündən xitam verildikdə;
796.3.2. ticarət agenti müqavilə üzrə hüquq münasibətlərinə şəxsi əsaslar üzrə xitam verdikdə;
796.3.3. tapşıranın razılığı ilə ticarət agenti müqavilədən irəli gələn hüquq və vəzifələrini hər hansı üçüncü şəxsə verdikdə.
Maddə 797. Zərərin əvəzinin ödənilməsi
Müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdə ticarət agenti, bu Məcəllənin 796-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, tapşıranın müqavilə üzrə hüquq münasibətlərini hüquqa zidd və ya yanlış dəyişdirməsi və ya bu münasibətlərə xitam verməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini də tələb edə bilər.
Maddə 798. Ticarət agentinin ölümünün nəticələri
Ticarət agentinin öldüyü halda onun vərəsələri müştərilər üçün kompensasiya alınmasına dair tələb irəli sürə bilərlər.
Maddə 799. Ticarət nümayəndəsi haqqında müqavilənin qüvvəsinə xitam verildikdən sonra rəqabətin istisna edilməsi
Ticarət agenti müqavilənin qüvvəsinə xitam verildikdən sonra tapşıranla rəqabət aparmayacağı barədə iltizam verə bilər. Rəqabətin bu cür istisna edilməsi yalnız o halda etibarlıdır ki, əvvəla, ticarət nümayəndəsinin nümayəndəlik hüququna malik olduğu əraziyə, şəxslərə və məhsul növünə şamil edilsin, ikincisi, ticarət nümayəndəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə xitam verildiyi andan ən çoxu iki illik müddətlə məhdudlaşdırılsın.
43-cü fəsil
Dostları ilə paylaş: |