ƏLAVƏ KASSASİYA QAYDASINDA İCRAAT
Maddə 422. Kassasiya qərarlarına yenidən baxılması
Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının və İnzibati-iqtisadi kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər.[257]
Maddə 423. Təqdimat, şikayət və protest vermək hüququ
Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının və İnzibati-iqtisadi kollegiyasının qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. Bu Məcəllənin 50-ci və 306-cı maddələrində nəzərdə tutulmuş hallarda müvafiq prokuror məhkəmə araşdırmasında iddiaçı və ya ərizəçi olmuşsa, Azərbaycan Respublikasının Baş prokuroru protest vermək hüququna malikdir.[258]
Maddə 424. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun işə baxmasının əsasları
424.1. Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.
424.2. Kassasiya qərarlarının ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
424.2.1. kassasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmayan hesab edilmiş hüquq normasına əsasən qəbul edilmişsə;
424.2.2. kassasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişsə;
424.2.3. kassasiya instansiyası məhkəməsinin qərarında onun istinad etdiyi motivlərin əsası yoxdursa; [259]
424.2.4. kassasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsi onun təsviri və ya əsaslandırıcı hissəsinə müvafiq olmazsa.
Maddə 425. Təqdimatın, protestin və şikayətin məzmunu
Təqdimat, protest və şikayət bu Məcəllənin 407-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. [260]
Madə 426. Təqdimatın, protestin və ya şikayətin göndərilməsi
426.1. Əsaslar olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimatı, protesti və ya şikayəti iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərir.
426.2. Təqdimat, protest və yaxud şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində verilə bilər.
426.3. Təqdimat, protest və yaxud şikayətin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. [261]
Maddə 427. Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi
427.1. Təqdimatı, protesti və ya şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir.
427.2. Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraata xitam verilməsinə səbəb olur.
Maddə 428. İşə baxılması
428.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əvvəllər işə baxılmasında iştirak etməmiş hakimin işin halları və təqdimatın, protestin və ya şikayətin dəlilləri barədə məruzəsini dinləyir.
428.2. Plenumun iclasına izahat vermək üçün protest və ya şikayəti vermiş şəxslər, habelə işdə iştirak edən digər tərəflər çağırıla bilərlər. Bu halda onlara plenum iclasının vaxtı və yeri barədə bildiriş göndərilir. Onların gəlməməsi işə baxılmasına mane olmur.
428.3. İşə baxılarkən bütün məsələlər səs çoxluğu ilə həll edilir. Təqdimatın, protestin və ya şikayətin təmin edilməsi leyhinə və əleyhinə verilmiş səslərin sayı bərabər olduqda təqdimat, protest və ya şikayət rədd edilmiş sayılır.
Maddə 429. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun səlahiyyətləri
429.0. Əlavə kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun hüququ vardır:
429.0.1. kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən, təqdimatı, protesti və ya şikayəti isə təmin etmədən saxlamaq;
429.0.2. kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək;
429.0.3. kassasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv etmək, işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək;
429.0.4. kassasiya instansiyası məhkəməsinin qərarını tamamilə yaxud qismən ləğv etmək, bu Məcəllənin 259.0.1, 259.0.2 və 259.0.8—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlamaq və ya bu Məcəllənin 261.0.1—261.0.3, 261.0.6 və 261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam vermək;
429.0.5. kassasiya instansiyası məhkəməsinin qərarını ləğv etmək və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını qüvvədə saxlamaq.
429.0.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə etmək. [262]
Maddə 430. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
430.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə qərar çıxarır.
430.2. Qərarda aşağıdakılar göstərilməlidir:
430.2.1. qərarı çıxarmış məhkəmənin adı;
430.2.2. qərarın çıxarılma vaxtı və yeri;
430.2.3. haqqında qərar çıxarılan iş;
430.2.4. şikayət verən şəxs;
430.2.5. təqdimat və ya protest verən şəxs;
430.2.6. aşağı məhkəmələrin şikayət edilən aktlarına istinad;
430.2.7. çıxarılan qərarın əsaslandığı qanun;
430.2.8. protestə baxılmanın nəticəsi üzrə qəbul edilmiş qərar.
430.3. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarı onun sədri tərəfindən imzalanır və işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir.[263]
Maddə 431.(çıxarılıb) [264]
Fəsil 44-1
HÜQUQ VƏ AZADLIQLARIN POZULMASI İLƏ BAĞLI YENİ HALLAR ÜZRƏ İCRAAT [265]
Maddə 431-1. İşə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxılması [266]
431-1.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər.
431-1.2. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır:
431-1.2.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi;
431-1.7.7. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrinin işə baxarkən "insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarını pozduğu müəyyən edilməsi.
Maddə 431.2. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxan məhkəmə [267]
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Plenum Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır.
Maddə 431-3. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxılması qaydası [268]
431-3.1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə plenum məhkəmə iclasında hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxır.
431-3.2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda Ali Məhkəmənin sədri işin plenumun məhkəmə iclasına hazırlanmasını və məruzə edilməsini hakimlərin birinə tapşırır.
431-3.3. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin onların gəlməməsi işə baxılmasına mane olmur.
431-3.4. İşə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iş qaydasına müvafiq olaraq baxılır.
Maddə 431-4. İşə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxmaq haqqında qərar [269]
431-4.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə qərar çıxarır. Qərar bu məcəllənin 430.2-ci və 430.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.
431-4.2. Hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edir:
431-4.2.1. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesab edilməsi barədə qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər);
431-4.2.2. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının qüvvədə saxlanılması barədə;
431-4.2.3. əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kassasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə;
431-4.3. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edir:
431-4.3.1. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarına dair qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər);
431-4.3.2. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının qüvvədə saxlanılması barədə;
431-4.3.3. əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kassasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə.
431-4.3.4. əlavə kassasiya qaydasında çıxarılmış qərara və ya kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik edilməsi barədə.
Fəsil 45
Dostları ilə paylaş: |