QİYABİ İCRAAT VƏ QİYABİ QƏTNAMƏ
Maddə 238. Qiyabi icraatın əsasları
238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür.
238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır.
238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır.
238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.
Maddə 239. Gəlmiş tərəfin hüququ
Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir. [120]
Maddə 240. Qiyabi qətnamənin yolverilməzliyi
240.1. İşə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir:
240.1.1. gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə;
240.1.2. tərəf üzürlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda.
240.2. Bu hallarda işə baxılması təxirə salınır.
Maddə 241. Qiyabi icraat qaydası
241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur.
241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz.
241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. [121]
Maddə 242. Qiyabi qətnamənin məzmunu
Qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.
Maddə 243. Qiyabi qətnamənin surətinin rəsmi qaydada verilməsi
Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. [122]
Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi
Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. [123]
Maddə 245. Qiyabi qətnamənin ləğvi haqqında ərizənin məzmunu
245.1. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir:
245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı;
245.1.2. ərizə verən şəxsin adı;
245.1.3. cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar;
245.1.4. ərizə verən şəxsin xahişi;
245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı.
245.2. Qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir.
245.3. Ərizədən dövlət rüsumu alınmır.
Maddə 246. Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina
Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir.
Maddə 247. Ərizəni qəbul etdikdən sonra hakimin hərəkətləri
Məhkəmə ərizənin baxılma yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə xəbər verir və onlara ərizənin və ərizəyə əlavə edilmiş materialların surətlərini göndərir.
Maddə 248. Ərizəyə baxılması
Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur.
Maddə 249. Məhkəmənin səlahiyyətləri
Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır.
Maddə 250. Qiyabi qətnamənin ləğvi üçün əsaslar
Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.
Maddə 251. İşə baxılmanın təzələnməsi [124]
Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim, işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur.
Maddə 252. Qiyabi qətnamənin qanuni qüvvəyə minməsi
Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir.
Maddə 253. Qiyabi icraat qaydasında qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi
253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz.
253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər:
253.2.1. bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə; [125]
253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə;
253.2.3. ikinci qiyabi qətnamədən. [126]
253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər.
Fəsil 18
Dostları ilə paylaş: |