Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının
10 aprel 2017-ci il tarixli 09/184 nömrəli
iclasının qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2017-ci il ikinci qrant müsabiqəsi
ELAN EDİR
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir:
-
Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, qanunsuz iqtisadi fəaliyyət, tarixi abidələrin dağıdılması və özgəninkiləşdirilməsi, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
-
Beynəlxalq informasiya resurslarında Azərbaycan haqqında məlumatların monitorinqi və aşkarlanan nöqsanların aradan qaldırılmasına dair təşəbbüslər;
-
Əsir və itkin düşmüş, girov götürülmüş, o cümlədən müharibədən zərər çəkmiş vətəndaşların hüquqlarının beynəlxalq təşkilatlarda müdafiəsinə, onların azad olunmasına və hüquqlarının bərpasına dair təşəbbüslər;
-
Xocalı soyqırımının 25 illiyi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
-
Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliğinə dair təşəbbüslər;
-
Cəbhəyanı bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər;
-
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinə həsr olunmuş təşəbbüslər;
-
Milli maraqlara, vətənpərvərliyə və ictimai həyatın aktual sahələrinə dair sosial çarxların və 3 D qrafikalı animasiya filmlərinin hazırlanmasına dair təşəbbüslər;
-
Əhalinin həssas qruplarına psixoloji yardımların təşkili;
-
Sosial şəbəkələrdə milli və ictimai maraqların müdafiəsinə dair fəaliyyətin dəstəklənməsi ;
-
İslam həmrəyliyinə həsr olunmuş tədbirlər;
-
İctimai nəzarət və şəffaflıq məsələlərinə dair təşəbbüslər;
-
Yol hərəkəti iştirakçıları arasında maarifləndirmə tədbirlərin həyata keçirilməsinə dair təşəbbüslər;
-
Məcburi əməyə və insan alverinə qarşı mübarizəyə dair təşəbbüslər.
Layihələrin müddəti
Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 6 ayadək ola bilər.
Qrantın məbləği
-
2015-ci ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 10000 (on min) manat ola bilər.
-
2016-cı il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.
QHT üçün tələblər
-
Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
-
Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
-
Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.
Qeyd: Müsabiqədə bədən tərbiyəsi və idman sahəsində peşəkar idman fəaliyyəti göstərən təşkilatlar istisna olmaqla bütün QHT-lər iştirak edə bilər.
Maliyyə yardımı aşağıdakı fəaliyyətlər üçün istifadə edilə bilməz
-
Daşınmaz əmlakın satın alınması;
-
Təhsil üçün fərdi təqaüd;
-
Siyasi və dini fəaliyyət;
-
Ayrı-ayrı fərdlərə maddi yardım;
-
Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasından və ya ona riayət edilməməsindən irəli gələn cərimələrin ödənilməsi.
Layihələrin hazırlanması üçün texniki şərtlər
-
İctimai əhəmiyyət kəsb edən mövzu üzrə kitab nəşrini təklif edən QHT mövzuya dair ixtisaslaşmış qurumların rəyini təqdim edir;
-
Kitab nəşrini təklif edən layihənin büdcəsində çap məhsulunun həcmi və tirajının sayı göstərilir;
-
Film və video çarx çəkilişini təklif edən təşkilat filmin və video çarxın ssenarisini, ona dair rəyi təqdim edir və dəqiq həcmini göstərir. İxtisaslaşmış prodakşn və studiyalarla müvafiq müqaviləsi olan təşkilatların layihələrinə üstünlük verilir;
-
Layihədə təlimlərin keçirilməsi nəzərdə tutulduğu hallarda təlimin mövzuları və təlimçilərin CV-ləri əlavə olunur;
-
Seminar, konfrans, dəyirmi masa və bu tipli digər tədbirlərin proqramı, gündəliyi, iştirakçıların sayı barədə ilkin məlumatlar layihəyə əlavə olunur;
-
Televiziya verilişləri ilə bağlı müvafiq televiziyadan razılıq məktubu təqdim edən QHT-nin layihə təklifinə üstünlük verilir.
Ərizələrin təqdim olunması üçün texniki tələblər
-
QHT ilk növbədə Şuranın www.e-qht.az saytında “E-ərizə” bölməsinə daxil olaraq özünün VÖEN-ni və parolunu (azı 5 simvol) müvafiq xanalarda qeyd etməklə “Qeydiyyat” bölməsinə daxil olur və qeydiyyatdan keçir.
-
Elektron ərizənin qeydiyyatının Şura tərəfindən təsdiqlənməsi üçün QHT elektron bazada “Təşkilat haqqında” bölməyə daxil olmalı, QHT haqqında tələb olunan bütün məlumatları müvafiq xanalara əlavə etməli, həmçinin tələb edilən hüquqi sənədləri yükləməli və elektron qaydada Şuraya göndərməlidir.
-
Tələb olunan qaydada təqdim olunan sənədlər Şura tərəfindən qeydə alınır, bu barədə QHT-nin elektron poçtuna, e-qht.az saytındakı mesaj ünvanına və mobil nömrəsinə SMS-lə bildiriş göndərilir.
-
Yalnız elektron ərizəsi Şura tərəfindən qeydə alınmış və bu barədə müvafiq bildiriş almış QHT-lər Şuraya layihə təklifi təqdim edə bilər.
-
Qeydiyyatı Şura tərəfindən təsdiqlənən QHT, layihə sənədlərini təqdim etmək üçün VÖEN və parol ilə bazaya daxil olur, “Layihələr” bölməsində əsas məlumatları və layihə sənədlərini əlavə edir. Bütün məlumatları və layihə sənədlərinin daxil etdiyinə əmin olduqdan sonra onları elektron qaydada Şuraya göndərir.
-
Müvafiq sənədləri Şuraya göndərdikdən sonra QHT bazada ona aid olan məlumatlara və layihə sənədlərinə heç bir dəyişiklik edə bilməz.
-
Poçt, elektron poçt və ya çap formasında təqdim olunan ərizələr qəbul olunmur.
Layihələrin qiymətləndirilmə meyarları
Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Şura aşağıdakı meyarlardan istifadə edir:
-
Müraciət edən təşkilatın irəli sürdüyü təşəbbüsün və ya təklifin Azərbaycan cəmiyyəti üçün aktuallığı, Şuranın elan etdiyi istiqamət və mövzulara uyğunluğu;
-
Təşkilatın layihəni həyata keçirmək üçün müvafiq səriştəyə, bacarığa və insan resurslarına malik olması;
-
Layihənin adının onun məqsəd və məzmununa uyğunluğu;
-
Layihə müəllifinin irəli sürdüyü təşəbbüsü aydın təsvir etməsi və əsaslandırması;
-
Layihədə göstərilən təşəbbüsün və məqsədin ictimaiyyətin, o cümlədən faydalananlar üçün prioritet təşkil etməsi;
-
Layihədə nəzərdə tutulan faydalananların aydın təsvir edilməsi, onlarla tanışlıq və əvvəlki iş təcrübəsi;
-
Nəzərdə tutulmuş fəaliyyətlərin layihənin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə xidmət etməsi;
-
İcra planında (təqvim planı) tədbirlərin icrası üçün müəyyənləşdirilmiş müddətlərin reallığı;
-
Gözlənilən nəticələrin layihədə təsvir edilmiş məsələnin həllinə təsiri;
-
Nəzərdə tutulan nəticələri əldə etmək üçün tədbirlər planının real olması və həyata keçirilməsinin mümkünlüyü;
-
Təklif olunan monitorinq mexanizmlərinin layihədə əldə olunan nəticələrinin səmərəli qiymətləndirilməsinə imkan yaratması;
-
Layihənin davamlılıq göstəriciləri;
-
Büdcənin real və ehtiyaca uyğun hazırlanması, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğu;
-
Layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu, habelə verilmiş məlumatların və sənədlərin doğruluğu.
Ərizənin qeydə alınmasından imtina üçün əsaslar
-
Elektron bazaya təşkilat haqqında müvafiq sənədlər təqdim edilmədikdə;
-
Əvvəlki müsabiqədə Şura tərəfindən maliyyələşdirilmiş layihənin icra müddəti başa çatmadıqda;
-
Əvvəlki müsabiqə üzrə müqavilə öhdəliyini yerinə yetirmədikdə;
-
Əvvəlki qrant müsabiqəsi zamanı Şura ilə münaqişəli vəziyyətdə olan QHT-lərlə bağlı araşdırmalar başa çatmadıqda.
Müsabiqənin proseduraları
Müsabiqə üzrə ərizələrin qəbulu 11 aprel 2017-ci il tarixdən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılır:
-
1-ci mərhələ - Ərizələrin qeydiyyatı və layihə təklifinin qəbulu;
Bu mərhələ 11 aprel–08 may 2017-ci il saat 16.00-dək müddəti əhatə edir.
2-ci mərhələ - Ərizə və layihə təkliflərinin texniki seleksiyası;
Bu mərhələ 10-15 may 2017-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, layihə təklifi və ona əlavə olunan sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
-
3-cü mərhələ - Qeydə alınmış layihə təkliflərinin ekspertizası;
Bu dövr 15–31 may 2017-ci il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən ayrı-ayrılıqda və konfedensial qaydada qiymətləndirilir.
-
4-cü mərhələ- Şurada müzakirə və qaliblərin elan edilməsi;
Müsabiqə qalibləri 2017-ci il iyunun 10-dan sonra elan olunacaq. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır.
Əlavə məlumatlar
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 18 aprel 2017-ci il saat 15.00-da Şuranın ofisində (Fikrət Əmirov 1, 2-ci mərtəbə) keçiriləcək.
Ərizənin elektron forması, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az internet saytlarında tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin baş məsləhətçisi Rauf Məcidbəyliyə müraciət etmək olar.
Tel /faks: (012) 493 17 80, 493 17 32 (daxili 125). E-mail: r.medjidbeyli@cssn.gov.az
Dostları ilə paylaş: |