AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


GƏNCLİK DÖVRÜNDƏ HƏYAT YOLU VARİANTININ SEÇİMİ



Yüklə 1,28 Mb.
səhifə6/13
tarix14.01.2017
ölçüsü1,28 Mb.
#203
1   2   3   4   5   6   7   8   9   ...   13

GƏNCLİK DÖVRÜNDƏ HƏYAT YOLU VARİANTININ SEÇİMİ
Abdullayeva İlahə Müqəddəz q.

BDUdoktorantı
Müasir dövrdə fərdi inkişafı xarakterizə edərkən “həyat yolu” terminindən istifadə daha məqsədəuyğun sayılır. Həyat yolu dedikdə, insanın inkişaf prosesi, şəxsiyyətin formalaşması başa düşülür. Son illər inkişaf psixologiyasında bu problemin sistemli öyrənilməsi və bioqrafik metodun tətbiqinə geniş yer verilir.

Həyat yolunun variantları dedikdə isə insanın öz həyat yolunu formalaşdırması üsulları başa düşülür.V.N.Drujinin həyat yolunun müxtəlif variantlarının tipologiyasını vermişdir. O hesab edirdi ki, həyat variantları insandan aslı olmayaraq mövcuddur və onların formalaşması sosial sistem vasitəsilə reallaşır.

Gənclik dövründə həyat yolu variantının seçimi mühüm əhəmiyyət kəsb edir. Gənclərin şəxsi potensialının effektiv reallaşması onların düzgün seçimindən bilavasitə aslıdır. Bu dövrdə özünüreallaşdırmanın istiqaməti və xarakteri bu və ya digər dərəcədə insanın sonrakı həyat yolunu müəyyən edir. Bu və ya digər həyat variantını seçməklə insanın psixoloji siması formalaşır. Seçimin optimallığından, şəxsi potensialının maksimum reallaşmasından aslı olaraq bu və ya digər həyat yolu variantı insanın sosial aləmə adaptasiyasına təkan verə və ya onu məhdudlaşdıra bilər. Bu baximdan seçimin məzmununa təsir edən psixoloji determinantları, şəxsi keyfiyyətləri öyrənmək zərurəti meydan çıxır. S.L.Rubinşteyn, A. .Leontyev, B.Q.Ananyev həyat yolu variantının seçimini “subyekt-fəaliyyət” yanaşması ilə izah edərək, bu prosesdə psixoloji determinatların əsas rol oynadığını təsdiq etmişlər. Seçimi reallaşdıran şəxsiyyət həyat subyekti hesab olunur. Həyat prosesinin məzmununa aktiv təsir edə bilir, inisiativlik göstərərək öz seçiminə görə məsuliyyət daşıyır.

Gənclərin həyat yolu variantının seçimində psixoloji determinant kimi intelektual inkişaf səviyyəsi, həyat istiqaməti, şəxsi mənalar sistemi, özünəmünasibətin məzmunu çıxış edir.

Həyat yolunu tədqiq edən alimlər həmçinin “real”, “ideal” və “arzuolunmaz” həyat variantlarını irəli sürmüşlər. “Real variant” insanın hazırki anada öz həyatına münasibətini əks etdirir. “İdeal variant” proqnozlaşdırılan gələcəkdə arzu olunan və güman edilən münasibəti göstərir. “Arzuolunmayan” həyat variantı həm indiki anda, həm də gələcəkdə adaptasiya və özünüreallaşdırmanın yolverilməz üsullarını xarakterizə edir.

Bəzi şəxsi keyfiyyətlər həm optimal, həm də qeyri optimal həyat variantlarının seçiminə təsir edir. Optimal həyat variantları səxsi potensialı maksimum reallaşdırmağa imkan verən, şəxsin qarşıya qoyduğu məqsədə çatmağa kömək edən özünüreallaşdırma üsullarıdır. Bu variantları seçənlər intelektual inkişaf səviyyəsi yüksək olan insanlardır.

Qeyri-optimal həyat vaiantını seçən insanlar həyat əhəmiyyətli orientasiyaları kifayət qədər inkişaf etməmiş və özünəmünasibətin neqativ aspektlərinə malik insanlardır. Gənclərlə müsbət özünə münasibətin, həyat əhəmiyyətli orientasiyaların formalaşması istiqamətində psixoloji iş aparmaqla həyat variantının düzgün seçiminə nail olmaq mümkündür.
ƏCNƏBİ TƏLƏBƏLƏRİN TƏLİM MOTİVASİYASI, ADAPTASİYASI VƏ AZƏRBAYCAN

DİLİNİ MƏNİMSƏMƏSİ METODLARININ TƏSVİRİ

VƏ EKSPERİMENTAL-PSİXOLOJİ TƏHLİLİ
Cəbrayılova Rahilə Qaçay qızı

BDU Psixologiya kafedrasının doktorantı,

AzDİU-nun “Nəşriyyat” şöbəsinin korrektoru, cabrailovarh@mail.ru
Əcnəbi tələbələrin təlim motivasiyası, yeni sosial-mədəni mühitə adaptasiyası və Аzərbaycan dilini mənimsəməsi test, anket-sorğu və s. psixolinqvistik metodlarla öyrənilir.

Testləşmə fərdi təhlil etməyə imkan verən obyektiv metod kimi XIX əsrin sonları və XX əsrin əvvəllərində əsasən Qərbdə yaranmış və sonra bütün dünyaya yayılmışdır.

“Test” anlayışı bu və ya digər prosesin və şəxsiyyətin xassələrinin inkişaf səviyyəsini obyektiv şəkildə öyrənmək üçün tətbiq edilən standart tapşırıq sistemi kimi ilk dəfə məşhur ingilis psixoloqu Frensis Qalton tərəfindən irəli sürülmüşdür.

Test metodunun sadə sensomotor keyfiyyətləri və hafizənin ölçülməsindən “əqil”, “intellekt” terminləri ilə ifadə olunan ali psixi funksiyaların ölçülməsinə də keçməsi testləşdirmənin inkişafında yeni mərhələ oldu. Məşhur fransız psixoloqu Alfred Bine 1905-ci ildə T.Simonla birlikdə uşaqların əqli inkiqaf səviyyəsini öyrənmək üçün testlər sistemini hazırlamışdır. Bu sistem 30 tapşırıq və ya testdən ibarət “Bine-Simon şkalası (cədvəli)” adı ilə məşhurdur. Testlər geniş funksiya diapazonunu həyata keçirməyi nəzərdə tutmuş və burada intellektin qiymətləndirilməsinin əsas komponentləi kimi mühakimə, anlama qabiliyyətlərinə xüsusi yer verilmişdir.

1908-ci ildə şkalada testlərin sayı artırılmış, bir neçə yararsız testlər çıxarılmışdır. Eyni zamanda mövcud testlər yaş səviyyəsinə uyğun qruplaşdırılmışdır.

Bine və Simonun testlərinin ardınca Bine testlərinin müxtəlif variantları işlənmişdir. ABŞ psixoloqu L.Termenin Stanford Universitetində hazırladığı test variantı “Stanford-Bine şkalası” adlandırılmışdır. L.Termen testin tətbiqi nəticələrinin şərhi üçün ilk dəfə olaraq V.Şternin irəli sürdüyü “Əqli koeffisient” intellectualquotient anlayışından istifadə etmişdir.

Dünya miqyasında daha çox yayılmış psixodiaqnostik metod olan testləşmə sahəsində Termenin tutduğu mövqe geniş əhatyə malik olmuş və bu günə qədər öz həlledici yerini itirməmişdir.

XX əsrin 20-ci illərində testləşmə bütün dünyada geniş yayılmışdır. Ümumiyyətlə götürüldükdə psixodiaqnostika məqsədi ilə tətbiq oluan testlər əqlin (intellektin) və şəxsiyyətin öyrənilmsinə yönəldilmişdir. Bununla yanaşı olaraq, yuxarıda qeyd olunduğu kimi, psixodiaqnostika məqsədi ilə dünya psixoloqları proyektiv metodlardan, sorğu və anketlərdən də geniş istifadə etmişlər.

Əcnəbi tələbələrin təlim motivasiyası, adaptasiyası Azərbaycan dilinin öyrənilməsi probleminin eksperimental-psixoloji xüsusiyyətlərini və psixodiaqnostikasını öyrənmək üçün aşağıdakı anket, sorğu və s. metodlardan istifadə edilir:


  1. Təlim fəaliyyətinin motivasiyası metodikası;

  2. Terminal dəyərlər sorğusu metodikası.

  3. Həyat mənası yönümü testi.

  4. Liri testi.

  5. C.Holland testi.

  6. C.Kettel testi metodikası.

  7. Bine və Simon testi.

  8. R.Amtxauerin intellektual struktur testi.

  9. A.V.Şutsun FİRO-B sorğusu (şəxsiyyətlərarası münasibətlər sorğusu).

Əcnəbi tələbələrin intellektual inkişaf səviyyəsinin adaptasiya prosesinə təsiri səviyyəsini tədqiq etmək üçün aşağıdakı metodlardan istifadə edilir:

  1. Yaş çətinlikləri testi (Ravenin metodu).

  2. K.Rocers və R.Daymondun metodları.

  3. Sosiometrik sorğular.

  4. Mənimsəmənin təhlili.

Psixologiya elmlər doktoru N.F.Maslovun redaktorluğu ilə çapdan çıxmış “Təlim fəaliyyətinin motivasiyası” metodikasının məqsədi anket-sorğu vasitəsilə təlim fəaliyyətinin motivlərini aşkara çıxarmaqdır. Bu metod tədqiq olunan predmet haqqında kifayət qədər informasiya toplamağa imkan verir.

12 maddəlik anket-sorğu vasitəsilə tələbələrin arzu və istəklərini öyrənmək mümkündür. Bu metodikanın köməyilə keyfiyyətli təhlil həyata keçirilir ki, bunun da əsas meyarı aşağıdakılardır:

1. Motivlərin zənginliyi və müxtəlifliyi.

2. Qrupa, cəmiyyətə uyğunlaşmanı açıb göstərən motivlərin sosial dəyərləri.

3. Motivasiyanın strukturunda idraki maraqların iştirakı.

Terminal dəyərlər sorğusu metodikası tələbələrin terminal dəyər yönümünü, o cümlədən təlim prosesini müəyyən etməyə imkan verir.

ABŞ-da və dünyanın qabaqcıl ölkələrində bu cür tədqiqatlar ictimai həyatın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Şəxsiyyətin yönümünün müxtəlif aspektlərinin diaqnostikası üçün məşhur slovak psixoloqu T.Taroçkovun “Həyati məqsədlər” ABŞ-lı müəlliflər D.Süper və D.Nevilin “Dəyərlər şkalası” testlərinin M.Rokiçin “İnsan dəyərlərinin öyrənilməsi” metodikasının, Oliort Veron-Lindseyin sorğuları xüsusi əhəmiyyət kəsb edir. Bu metodlarla aşağıdakı dəyər yönümlərini aşkar etmək olar: 1. Öz nüfuzu. 2. Kreativliyi. 3. Fəal sosial əlaqəsi. 4. Özünün inkişafı. 5. Uğurları. 6 Mənəvi tələbatları. 7. Öz fərdiliyini qoruyub saxlaması.

Sorğu ilə insan üçün əhəmiyyət kəsb edən müxtəlif həyat sahələrinə aid məlumatlar əldə etmək olar. Bizi isə dahv çox əcnəbi tələbələrin təlim və təhsil, dil öyrənmə prosesi maraqlandırır.

Liri testi metodikası 1954-cü ildə T.Liri tərəfindən kiçik qruplarda qarşılıqlı münasibətləri öyrənmək üçün işlənmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan dilini öyrərən əcnəbi tələbələrin əsas psixoloji xüsusiyyətlərini aşkar etmək və alınan nəticələri ümumiləşdirmək üçün 20 tələbənin iştirakı ilə psixoloji eksperiment aparılır.

Eksperiment zamanı aşağıdakı vəzifələr yerinə yetirilir:

 tədqiq olunan tələbə qruplarının fəaliyyət və kommunikativ inkişaf səviyyəsini üzə çıxarmaq;

 əcnəbi tələbələrin şəxsiyyətinin ümumi yönümünü müəyyən etmək;

 onların emosional yönüm səviyyəsini aşkarlamaq.

Bu zaman ümumi emosional yönüm tipli testdən və V.M.Rusalovun sorğusundan, C.Hollandın testindən istifadə edilməli, ciddi və səmimi cavablar alınmasına nail olunmalıdır.

Bütün cavabların nəticələrinin işlənməsi zamanı onları aşağıdakı meyarlar üzrə qruplaşdırmaq lazımdır:

 alturist emosiyalar (A);

 kommunikativ emosiyalar. Bu emosiyalar əcnəbi tələbələrin digər insanlarla və tələbə dostları ilə qarşılıqlı anlaşmaları zamanı ünsiyyətdən aldığı həzzə uyğun gəlir;

 praktik emosiyalar təlim prosesində uğurdan həzz almağa uyğun gəlir;

 qnostik emosiyalar əcnəbi tələbələrin yenini dərk etməsi və bu prosesdən həzz almasına uyğun gəlir;

 estetik emosiyalar əcnəbi tələbənin gözəllik hissindən, təbiət gözəlliyindən, musiqidən, şeirdən həzz almasına uyğun olur;

 romantik emosiyalar əcnəbi tələbələrin gerçəkliyi ideallaşdırmağa meylini müəyyən edir;

 hedonik meyillər əcnəbi tələbənin mənəvi-ruhi və cismani rahatlığı ilə bağlı həzzlə əlaqədardır.
SƏRVƏT DƏYƏRLƏRİNİN PSİXOLOJİ MAHİYYƏTİ

İsazadə Səriyyə Əkbər qızı

BDU-nun II kurs magistrantı

sariyya.mammadova@mail.ru
Dəyər insan üçün əhəmiyyətə malik olan, onun tələbatlarını ödəyə bilən, maraqlarına cavab verən maddi və ideal cisimdir. Dəyər eyni zamanda cisim və və hadisələrin müsbət və ya mənfi qiymətini, dəyərini əks etdirən anlayışdır. A.N.Leontyevə görə, dəyərlər haqqında təsəvvürlər əsasında şəxsiyyətin sərvət dəyərləri dayanır. Dəyərlərin mənimsənilməsi və qəbul edilməsi uzunmüddətli və mürəkkəb bir prosesdir.

Psixoloji lüğətdə "Sərvət dəyərləri (fransız sözü olub, "orientation" - "ustanovka" deməkdir) subyektin ətraf gerçəkliyi ideoloji, siyasi, əxlaqi, estetik və digər əsasda qiymətləndirməsi və ona yönəlmə,eləcə də fərdin obyektləri onların əhəmiyyətliliyinə görə differensiasiyası üsulu" kimi şərh edilir.

Sərvət dəyərləri mürəkkəbdir və o, milli xüsusiyyətlərə malikdir, özündə milli fərqləri əks etdirir. Sərvət dəyərləri insanın məqsədinə xüsusi əhəmiyyət və məna verir. Psixoloji cəhətdən sərvət dəyərələrini ictimai əhəmiyyətli fəaliyyətdə gerçəkləşən fiksasiya olunmuş ustanovkalar kimi də nəzərdən keçirmək olar.

Şəxsiyyətin fəallığında təzahür edən tələbatların, motivlərin, maraqların, məqsədlərin, dünyagörüşün, idealların, əqidənin mürəkkəb strukturu onun sərvət dəyərlərinin psixoloji əsasını təşkil edir. Sərvət dəyərləri dəyərlərin dərk olunmuş seçimidir. O, həmçinin cəmiyyətdə mövcud olan dəyərlərə yönəlişlik kimi də müəyyən edilir. Sərvət dəyərələri əxlaqi şüurun və şəxsiyyətin əsas komponentidir. V.P.Tuqarinova görə, şəxsiyyətin bu və ya digər dəyərələrə yönəlişliyi onun sərvət dəyərlərini təşkil edir.

Sərvət dəyərləri ail sosial tələbatlar əsasında formalaşır. İdeal, həyati əhəmiyyətli məqsədlər haqqında təsəvvürlər sərvət dəyərləri ilə bağlıdır. Sərvət dəyərləri şəxsiyyətin şüurunda, onun daxili aləminin təşəkkülündə sosial əlaqə və münasibətlərin təmsilçisidir. Sərvət dəyərlərinin idrak komponenti müəyyən obyektin ətraf aləmdə yerini, onun digər obyektlərlə əlaqəsini, obyektin faktiki və potensial xassələrini şərtləndirir [1, s.20].

Sərvət dəyərləri sosial təcrübəni mənimsəmə zamanı formalaşır və şəxsiyyətin məqsədlərində, ideallarında, əqidəsində və maraqlarında üzə çıxır. Sərvət dəyərləri sistemi şəxsiyyətinin yönəlişliyinin məzmun tərəfini təşkil edir və onun gerçəkliyə münasibətinin daxili əsasını ifadə edir. sərvət dəyərləri bir tərəfdən şəxsiyyətin ətraf mühitə münasibətinin konkret təzahürü, digər tərəfdən isə hər bir konkret şəraitdə şəxsiyyətin davranışını tənzim edən ustanovkalar sistemi kimi çıxış edir.

Sərvət dəyərlərinin psixoloji əsası tələbat, motiv və maraqların çox müxtəlif strukturundan ibarətdir. Odur ki, sərvət dəyərləri insanın həyatının mənasını təşkil edir. Bir sözlə, sərvət dəyərləri insanın öz məqsəd və mövcudluğunun istiqamətinin düzgün istiqamətləndirilməsinə zəmin yaradır.

Sərvət dəyərlərinin problemi müxtəlif aspektlərdən tədqiq olunmuşdur. Bir sıra tədqiqatçılar: Q.Ollport, T.Parsons, M.Şeller, M.Rokiç və başqaları sərvət dəyərlərinin psixoloji mahiyyətinin nəzəri-metodoloji məsələlərini öyrənmişlər.

Prof.B.H.Əliyev sərvət dəyərlərinin şəxsiyyətin özünügerçəkləşdirməsində rolu, prof. Ə.Ə.Əlizadənin cinsi demorfizm məsələlərinin araşdırılmasında bu problemə toxunmuşlar.Sərvət dəyərləri probleminin tədqiqində prof. Ə.S.Bayramovun tələbələrin sərvət dəyərləri və ideallarının onların şəxsiyyətinin inkişafında roluna dair apardığı tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir. L.Süleymanova şəxsiyyətin sərvət dəyərlərinin və qarşılıqlı münasibətlərin tənzimlənməsinin psixoloji məsələlərini öyrənmişdir. A.Musayeva dissertasiya işində müasir Azərbaycan qadınlarının sərvət dəyərlərinin psixoloji xüsusiyyətlərini tədqiq etmişdir.

İ.Kantın fikrincə, sərvət dəyərləri fərdi xarakterə malikdir, amma onlar kollektiv şüurun, ictimai fikrin təsirini məruz qalır və ətraf mühitin təsiri altında formalaşma xüsusiyyətinə malikdir. demək olar ki, sərvət dəyərləri həm onun daşıyıcısının şəxsiyyəti ilə, həm də onun yaşadığı ərazinin, dövrün əxlaqi baxış və normaları ilə müəyyən olunur.

L.P.Fomina cəmiyyətin sinfi struturundan asılı olaraq sərvət dəyərlərinin aşağıdakı tiplərini ayırmışdır:

a/ iqtisadi münasibətlər sistemində fəaliyyətin xarakterindən, gəririn mənbəyi və səviyyəsindən, həcmindən, başqa sözlə, insanın həyat fəaliyyətinin maddi şəraitindən asılı olan sərvət dəyərləri. Bu halda sərvət dəyərlərinin tipinin cəmiyyətin sosial sinfi strukturu ilə identikliyindən danışmaq olar (işçilərin, ziyalıların sərvət dəyərləri və s.);

b/ sosializasiya agentlərinin təsiri nəticəsində yaranan sərvət dəyərləri (ailə, məktəb, həmyaşıdlar qrupu, kütləvi informasiya vasitləri), belə hallarda insanlarda davranış qaydaları, ənənələr haqqında təsəvvürlər, eləcə də adətlər, cəhdlər, həyati məqsədlər, mənəvi dəyərlər haqqında təsəvvürlər formalaşır;

c/ dövlətin, siyasi sfernın təsirini xarakterizə edən sərvət dəyərləri [2, s.103].

V.B.Olşanski sərvət dəyərləri dedikdə, qrup şüurunda qəbul edilmiş müəyyən normalar sistemi kimi nəzərdən kerilən məqsəd, cəhd və həyati idealları başa düşürdü. Alimin fikrincə, şəxsiyyətin həyati cəhdləri həmişə "qrup şüuru" ilə, yəni insanın işlədiyi, oxuduğu, başqa sözlə, mənsub olduğu qrup tərəfindən tənzimlənir.

İ.N.İstomin isə sərvət dəyərlərini ustanovkanın müəyyən kateqoriyası kimi nəzərdən keçirir. Onun fikrincə, eyni vaxtda tələbatı və onun ödənilməsi üçün müvafiq şəraitin olması fərddə onun sonrakı davranışını müəyyən edən konkret cisim və hadisələrə müəyyən ustanovka yaradır.

B.Ananyev qeyd edir ki, sərvət dəyərləri sistemi şəxsiyyətin sosial statusu əsasında formalaşır. Status, rollar və sərvət dəyərləri şəxsi keyfiyyətlər qrupunu əmələ gətirməklə davranışın motivasiyası və struktur xüsusiyyətlərini və onlarla qarşılıqlı təsirdə xarakter və insanın meyllərini müəyyən edir.

Şəxsiyyətin sərvət dəyərlərinin əsasında insanın onu əhatə edən gerçəkliklə tanışlığı prosesində formalaşan müəyyən dəyərlər sistemi durur. Sərvət dəyərlərinin formalaşmasının əsas yollarından biri kimi insanın mövcud olan dəyərləri passiv şəkildə mənimsəməsi qeyd edilir. İkinci yolu sərvət dəyərlərinin şəxsiyyət tərəfindən müstəqil surətdə hazırlanması təşkil edir. Bu zaman birincidən fərqli olaraq sərvər dəyərlərinin formalaşması, əvvəla, inkişaf etmiş təfəkkürə malik olan şəxsiyyət, yəni iqtisadi və siyasi azadlığa malik olan şəxsiyyətin, ikincisi, biliklərin əqidə üzərində üstünlüyə malik olmaması, əksinə onların sız qarşılıqlı əlaqəsi və bir-biri ilə şərtlənməsini zəruri edir.

Ədəbiyyat
1. Musayeva A.K. Müasir Azərbaycan qadınının sərvət dəyərlərinin psixoloji xüsusiyyətləri. Psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya.Bakı.: 2010

2. Фомина Л.П. Основания типологии ценностных ориентации./ В кн.Актуальные проблемы воинствующего материализма и диалектики.Л.: Изд.-во 1976

3.Aлексеева В.Г. Ценностные ориентации как фактор жизнедеятельности и развития личности // Психологический журнал, 1984. № 5

4. Леонтьев Д.А. Методика изучения ценностных ориентации. М.: Смысль, 1992.



MƏŞĞƏLƏLƏRDƏ NİTQ İNKİŞAFI ÜZRƏ İŞİN TƏŞKİLİ
Yeganə Xanoğlan qızı Məmmədova,

Azərbaycan Müəllimlər İnstitutunun doktorantı
Ana dili tədrisi məktəbəqədər tərbiyə müəssisələrində böyük pedaqoji əhəmiyyəti olan məsələdir. Uşaqların təfəkkür səviyyəsini müəyyənləşdirməkdə və onun inkişaf yolunu təmin etməkdə ana dili tədrisinin ümumi təlim sistemində rolu son dərəcə böyükdür. Ana dili məşğələlərində uşaqlar biliklər əsasında fikir mübadiləsi keçirir, öz fikirlərini düzgün, aydın, səlis ifadə etmək üçün müvafiq sözlər axtarır, tapdıqları sözləri fəal lüğətlərində işlətməyə çalışırlar. Bu məqsədlə tərbiyəçilər səylə çalışmalı, məşğələlərdə nitq inkişafının müxtəlif cəhətlərini-söz yaradıcılığını, nitqin qrammatik cəhətini və rabitəli nitqinin qarşılıqlı inkişafının əlaqələndirilməsini təmin etməlidirlər.

Uşaq bağçalarında nitq inkişafı üzrə iş iki formada gedir:

1) nitq inkişafı üzrə xüsusi məşğələlərdə;

2) uşaqların öz yoldaşları, bağçanın işçiləri, xüsusilə tərbiyəçi ilə sərbəst ünsiyyətləri prosesində.

İkinci kiçik qrupdan (3 yaşdan) başlayaraq uşaq bağçalarında nitq inkişafına həsr olunmuş xüsusi məşğələlər təşkil edilir. Belə məşğələlərdə əsas məqsəd uşağın həmin dövrədək ailədə, körpələr evində, uşaq bağçasında öyrəndiklərini sistemə salmaq, onun nitq inkişafı sahəsindəki qabiliyyətini artırmaq və bu prosesi sürətləndirməkdir. Məşğələlər uşağın məsuliyyətini artırır, onu kollektivlə birlikdə dinləməyə, yoldaşlarının nitqinə fikir verməyə, onlarla söhbət etməyə, onların qarşısında şeir oxumağa, nağıl danışmağa alışdırır. “Uşaq bağçalarının təlim- tərbiyə proqram”ında nitq inkişafı ilə əlaqədar xüsusi məşğələlər “Nitq inkişafı”, “Təbiətlə tanışlıq və nitq inkişafı”, “Bədii ədəbiyyat”, “Ana dili”, “Savad təliminə hazırlıq və nitq inkişafı” başlıqları altında verilir.

Tədqiqatlar göstərir ki, məktəbəqədər yaşlı uşaqların nitqinin inkişafında ən yaxşı və səmərəli yanaşma məşğələlərin inteqrativ qurulmasıdır. Bunun üçün işin müvafiq qaydada planlaşdırılması əhəmiyyətli hesab edilir. Məşğələnin inteqrativ qurulması onun keyfiyyətinə bir neçə cəhətdən təsir göstərir:



  • Məşğələlərin inteqrasiyası onların saylarının azalması ilə nəticələnir. Məzmunca yaxın məşğələlər sintez edilir.

  • Məşğələlərin inteqrasiyası həftəlik saatların minimum səviyyəyə endirilməsi imkanını yaradır. Bu isə təlim yükünün-məşğələlərin sayının azalmasına gətirib çıxarır.

  • Uşaqların həyati əhəmiyyəti olan bilik, bacarıq və vərdişlər qazanmalarına, onların şəxsiyyət kimi formalaşması üçün ən zəruri praktik işlərin həyata keçirilməsinə imkan yaranır.

İnteqrativlik təlim sistemində pedaqoji prosesin mərkəzində dayanan tərbiyəçinin vəziyyətini, fəaliyyət istiqamətini dəyişir. Onların fəaliyyəti əvvəlcədən müəyyən olunmuş nəticələrə əsasən qurulur. Bu zaman uşaqlar öz təfəkkürünün düşüncəsi, tərbiyəçilər isə uşağın inkişafı üçün şərait təşkilatçısı olur.

Məşğələlərdə nitq inkişafı üzrə işin qarşısında duran vəzifələri iki istiqamətdə ümumiləşdirmək olar: a) uşaqlara ana dilində düzgün və təmiz danışmağı öyrətmək; b) uşaqların nitqinin inkişaf etdirilməsi üzrə işi ilk növbədə ətraf aləmlə, təbiətlə tanışlıq prosesində təşkil etmək.

Hər bir tərbiyəçi bilməlidir ki, uşağın söz ehtiyatı onun təsəvvürlərinə müvafiq olmalıdır. Bəzən uşaqlarda kifayət qədər təsəvvür olur, lakin onları ifadə edən sözlər olmur. Bəzən əksinə, uşaq canlı təsəvvürə əsaslanan çoxlu söz bildikdə onların mənasını dərk etmədən işlədir. Bu halın aradan qaldırmaq üçün tərbiyəçilər məşğələləri planlı aparmalı, əşya, hadisə haqqında uşaqda geniş təsəvvür yarandıqdan sonra, həmin sözləri uşağın fəal nitqinə daxil etməlidirlər. Deməli, biz məşğələ prosesində uşaqların nitqinin inkişafı üçün iki halı öyrətməliyik.


  1. Söz və cümlələri başa düşmək qabiliyyəti.

  2. Sözün formasını, söz birləşmələrini və cümlələri nitqdə işlətmək qabiliyyəti.

Beləliklə, məktəbəqədər təhsil müəssisələrində nitq inkişafı üzrə təşkil edilən məşğələlərin məzmununu üç mərhələyə bölmək olar:

Birinci, uşağın söz ehtiyatının get-gedə zənginləşməsi, yəni sözlər öyrənib bu sözlərdən istifadə etməsi;

İkinci, nitqin fonetik cəhətdən inkişaf etməsi, yəni uşağın səsləri düzgün tələffüz etmək xüsusiyyətinin inkişafıdır. Bu bir tərəfdən səsləri düzgün eşitmək, digər tərəfdən isə səsləri düzgün tələffüz etməkdə ifadə olunur;

Üçüncü, uşaq nitqinin qrammatik cəhətdən təkmilləşməsi, danışıq hissinin inkişaf etməsidir. Bu prosesin düzgün qurulması, uşaqların yaşına və anlaq səviyyəsinə uyğun təşkili, məktəbəqədər yaş dövrünün sonunda onların aşağıdakı nitq bacarıqlarına yiyələnməsinə imkan verir.

Beləliklə, məktəbəqədər yaşlı uşaqların nitqinin inkişaf etdirilməsi üzrə bütün işlər onların hərtərəfli inkişafına, məktəbdə müvəffəqiyyətlə oxumalarını təmin etmək imkanı verir. Uşaq bağçalarında nitq inkişafı üzrə iş apararkən diqqət hər şeydən əvvəl, uşağın lüğət ehtiyatının zənginləşməsinə, nitqin səs mədəniyyətinin tərbiyə edilməsinə, nitqin qrammatik quruluşunun formalaşdırılmasına yönəldilməlidir.

Nəhayət, qeyd edilməlidir ki, uşaq bağçalarında Azərbaycan dili məşğələlərinə, o cümlədən uşaqların nitqinin inkişafı üzrə işlərə verilən tələblərlə I sinifdə Azərbaycan dili tədrisinin, uşaqların nitqinin inkişafı arasında müəyyən varislik, uyğunluq təmin edilməlidir. Uşaq bağçalarının məktəbəhazırlıq qruplarında uşaqların nitqi elə inkişaf etməlidir ki,onlar I sinifdə sərbəst, düzgün, sürətlə, ifadəli, şüurlu oxumağa, qrammatik, leksik çalışmaları yerinə yetirməyə, gördükləri, eşitdikləri, yerinə yetirdikləri haqqında müstəqil danışmağa hazır olsunlar.
MƏHKUMLARIN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ

PSİXOLOJİ ADAPTASİYASININ ƏSAS ASPEKTLƏRİ VƏ ADAPTASİYANI ÇƏTİNLƏŞDİRƏN AMİLLƏR HAQQINDA
Zamin Ramilov

BDU-nun I kurs magistrantı
Məlum olduğu kimi, məhkumların cəzaçəkmə müəssisəsinə psixoloji adaptasiyası özünə idraki, emosional, iradi, motivasyon və praktik aspektləri daxil edir:

1. İradi aspekt-məhkum müəyyən sosial mühitlər qarşılıqlı təsirdə olarkən tədricən bu mühir haqda, buradakı əhatə, həyat şəriti və fəalyyət haqda müxtəlif informasiya əldə edir (ünsiyyətdə olduğu insanların mənəvi dəyərlərin, yönümləri, ona bu və ya digər qrup üzvü kimi verilən tələblər haqda, ətrafdakıların ona münasibəti və s. haqda).

Məhkum ətraf mühit haqda sosial-psixoloji məlumatı öz təcrübəsinə, sərvət dəyərlərinə, yönümünə müvafiq mənimsəyir. Əgər bu informasiya onun təcrübəsinə müvafiq gəlirsə, o, bu informasiyanı mənimsəyir. Bu yolla tədricən məhkumun mühitlə identifikasiyası prosesi baş verir.



2. Emosional aspekt. Məhkumun mühit, insanlar və sosial həyatda özünün real iştirakı haqda əldə etdiyi müxtəlif sosial-psixoloji informasiya əsasında psixoloji adaptasiyanın emosional aspekti tızahür edir. Bu aspekt ətrafındakı insanlarla münasibətlərin asanlığı, yaxud bu münasibətlərin çətinləşməsilə, həmin münasibətlər sistemində məhbusun öz mövqeyindən və qarşılıqlı münasibətlərindən məmnunluğu ilə bağlıdır.

3. İradi aspekt.Yeni şəraitə daxil olma məhkumlardan bu şəraitdəki çətinlik və maneələri aradan qaldırmaq üçün iradi səy tələb edir. Bu da adaptasiyanın iradi aspektini təşkil edir.

4. Motivasiya aspekti.Bu aspekt məhkumun adaptasiyası zamanı əsaslandığı motivlərdə təzahür edir.

5. Praktik aspekt.Məhkum yeni şəraitə düşdüyü ilk vaxtdan ətrafdakı insanlarla obyektiv münasibətlər sisteminə daxil olur. Məhkumun mühitlə identifikasiyası onun sosial mühitə daxil olma fəallığından asılıdır [2, s. 452].

Lakin bir çox məhkumlar adaptasiya prosesində müəyyən çətinliklərlər qarşılaşır. məhkumların cəzaçəkmə müəssisəsinə adaptasiya prosesini çətinləşdirən 2 qrup amilləri fərqləndirirlər: subyektiv və obyektiv [1, s.48].

Adaptasiyanı çətinləşdirən subyektiv amillərə məhkumun temperament tipi, aşağı kommunikativlik səviyyəsi, qapalılığı, asanlıqla təsir altına düşməsi, yüksək konformluq dərəcəsi aid edilir.

Müəssisəyə adaptasiyanın ilkin mərhələlərində məhkumların temperament xüsusiyyətlərinin nəzərə alınması olduqca əhəmiyyətlidir. Müşahidələr göstərir ki, məhkumlarda temperamentin məhz neqativ keyfiyyətləri aksentuasiya olunur. Belə ki, sanqviniklərdə yüngül fikirlilik, laqeydlik, fleqmatiklərdə emosional kütlük, etinasızlıq, şübhələnmə, melanxoliklərdə bədbinlik, qapalılıq, həyəcanlılıq, xoleriklərdə isə affektiv, aqressiv xüsusiyyətlər təzahür edir.

Adətən ekstravert tipli məhkumlarıda adaptasiya asan, intravert tiplərdə isə bir qədər çətin gedir. Melanxolik və fleqmatik tipli məhkumlarda müəssisəyə gəldikləri ilk vaxtlar çox güclü həyəcan, gədbinlik, qapalılıq müşahidə olunur ki, bu da çox vaxt autoaqressiyaya və suisidal cəhdlərə gətirir. Azadlıqdan ömürlük və uzun müddətə məhkum edilmiş məhkumlarda psixi və fiziki qüsurları olan, yoluxucu xəstəlikləri olan məhkumlarda adaptaisya daha çətin gedir. Onlar əksər hallarda bu mühitdə autsayder olur.

Adaptasiyanı çətinləşdirən obyektiv amillərər isə rejimin növü, məhkumlar kollektivi, bu şəraitə düşənə qədər məhkumların olduğu şərait aid edilir.

Adətən, ümumi rejimə tez, ciddi və xüsusi rejimə isə çətin uyğunlaşırlar. Çünki xüsusi rejimli cəzaçəkmə müəssisəsində həyat şəraiti azadlıqdakı həyat şəraitindən kəskin fərqlənir.

Hesab olunur ki, məhkum cəzaçəkmə müəssisəsində nə qədər çox vaxt keçibsə, azadlıqdakı həyata nə qədər yadırğayıbsa, oradakı yeni şəaritə bir o qədər çətin uyğunlaşır. B müəssisədə nə qədər çox vaxt keçiribsə, yenidən azadlıqdan məhrum edildikdə adaptasiya mexanizmi daha tez işə düşür.


Ədəbiyyat
1. Поздняков В.М. Пенитенциарная психология: история и современность. М.: 2000

2. Ушатиков А.И., Казак Б.Б. Пенитенциарная психология: учебник. -2-е изд., перераб. и доп. Рязань: Академия права и управления Минюста России, 2003.


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin