Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 146. Hüquqi şəxsin yaranması



Yüklə 0,93 Mb.
səhifə21/28
tarix22.10.2017
ölçüsü0,93 Mb.
#9470
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

Maddə 146. Hüquqi şəxsin yaranması


146.1. Aktivlərin verilməsi aşağıdakı hallarda onların vergiyə cəlb olunan təqdim edilməsi sayılmır:

146.1.1. şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə);

146.1.2. şəxs və ya şəxslər qrupu bilavasitə mübadilədən sonra hüquqi şəxsdə iştirak paylarının 100 faizinə sahib olursa.

146.2. Bu Məcəllənin 146.1-ci maddəsinin müddəaları şamil edilən aktivi alan iştirakçı üçün onun dəyəri aktivi verən iştirakçı üçün onun verilmə vaxtındakı dəyərinə bərabərdir və aktivin balans dəyəri onu alan şəxsə keçir.

146.3. Bu Məcəllənin 146.1-ci maddəsində göstərilən mübadilə nəticəsində alınan iştirak payının dəyəri verilən hər hansı borcun məbləği çıxılmaqla verilən aktivlərin dəyərinə bərabərdir.

146.4. Götürülmüş öhdəliklər verilən aktivlərin dəyərindən artıqdırsa, bu maddə həmin artıq məbləğə tətbiq edilmir.


Maddə 147. Hüquqi şəxsin yenidən təşkil edilməsi


147.1. Yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxsə və ya hüquqi şəxslərə məxsus əmlakın və iştirak paylarının dəyəri həmin əmlakın və iştirak paylarının bilavasitə yenidəntəşkildən əvvəlki dəyəri ilə eynidir. Eynilə əsas vəsaitlərin hər hansı amortizasiya kateqoriyasına aid olan balans dəyəri həmin əsas vəsaitləri alan şəxsə keçir.

147.2. Yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxslər arasında əmlakın və iştirak paylarının verilməsinə əmlakın vergiyə cəlb olunan özgəninkiləşdirilməsi kimi baxılmır.

147.3. Yenidəntəşkilin iştirakçısı olan rezident hüquqi şəxsin özünün iştirak paylarının bu yenidəntəşkilin iştirakçısı olan digər rezident hüquqi şəxsdəki iştirak payları ilə hər hansı mübadiləsi iştirak payının vergiyə cəlb olunan özgəninkiləşdirilməsi hesab edilmir.

147.4. Bu Məcəllənin 147.3-cü maddəsinə uyğun olaraq mübadilə edilən iştirak paylarının dəyəri ilkin iştirak paylarının dəyərinə bərabərdir.

147.5. Yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxsin iştirak paylarının iştirakçı tərəf olan digər hüquqi şəxsdəki iştirak payının dəyişməsi ilə əlaqədar bölüşdürülməsi, yenidəntəşkildə iştirakçı tərəflər üçün dividend sayılmır.

147.6. Bu Məcəllənin 147.5-ci maddəsində göstərilən ilk iştirak paylarının dəyəri bilavasitə bölüşdürmədən sonra ilk və bölüşdürülmüş iştirak payları arasında onların bazar dəyərinə mütənasib olaraq bölüşdürülür.

147.7. Hüquqi şəxsin yenidəntəşkili:

147.7.1. iki və daha çox rezident hüquqi şəxsin birləşməsi;

147.7.2. rezident hüquqi şəxsin səsvermə hüququ olan iştirak paylarının 50 və ya daha çox faizinin və bütün digər iştirak paylarının dəyərinin 50 və ya daha çox faizinin yalnız yenidəntəşkilin iştirakçısı olan tərəfin iştirak payları ilə dəyişdirilməsi;

147.7.3. rezident hüquqi şəxsin aktivlərinin 50 və ya daha çox faizinin digər rezident hüquqi şəxs tərəfindən, yalnız yenidəntəşkildə iştirak edən tərəfin dividendlərinə münasibətdə imtiyazlı olmayıb səsvermə hüququ olan iştirak paylarına dəyişdirilməsi üçün əldə edilməsi;

147.7.4. rezident hüquqi şəxsin iki və ya daha çox rezident hüquqi şəxsə ayrılması;

147.7.5. ayırma yolu ilə yeni şəxs yaradılması;

147.7.6. müəssisədə iştirak paylarının azı 50 faizinin sahibi olan hüquqi şəxs tərəfindən öz iştirak paylarının hamısının bu hüquqi şəxsin iştirakçılarına paylanması deməkdir.

Bu Məcəllənin 147.7.1. - 147.7.6-cı maddələrinin müddəaları o şərtlə tətbiq olunur ki, birləşmənin, əldəetmənin, birləşdirmənin, ayrılmanın və ya ayırma yolu ilə yeni şəxs yaradılmasının əsas məqsədinin vergilərdən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun.

147.8. Yenidəntəşkilin bilavasitə iştirakçısı olan hər hansı rezident hüquqi şəxs və yenidəntəşkilin bilavasitə iştirakçısı olan rezident hüquqi şəxsin sahibi olan, yaxud bu cür şəxsə mənsub olan hər hansı hüquqi şəxs yenidəntəşkilin iştirakçısı sayılır.

147.9. Bu Məcəllənin 147.8-ci maddəsinin məqsədləri üçün hüquqi şəxsin sahibi hüquqi şəxsdə səsvermə hüququ olan iştirak paylarının 50 və ya daha çox faizinin, yaxud iştirak paylarının hamısının dəyərinin 50 və ya daha çox faizinin sahibi sayılır.

147.10. (Çıxarılıb)

Maddə 148. Hüquqi şəxs üzərində sahibliyin əhəmiyyətli dərəcədə dəyişdirilməsi


148.0. Hüquqi şəxsin sahibliyi əvvəlki ilə nisbətən 50 və ya daha çox faiz dəyişdikdə, bu dəyişikliyin baş verdiyi vergi ilindən başlayaraq əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin keçirilməsinə, aşağıdakı hallar istisna edilməklə, icazə verilmir:

148.0.1. dəyişiklikdən sonrakı 3 il ərzində hüquqi şəxs həmin sahibkarlıq fəaliyyətini həyata keçirirsə və

148.0.2. dəyişiklikdən sonrakı 1 il ərzində hüquqi şəxs yeni sahibkarlıq fəaliyyətinə başlamırsa.

Maddə 149. Bəyannamənin verilməsi


149.1. Aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər:

149.1.1. rezident müəssisələr;

149.1.2. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər;

149.1.3. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər;

149.1.4. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər.

149.2. Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər - hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.

149.3. Vergi ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda, 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

149.4. Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, ləğvetmə komissiyası və ya vergi ödəyicisi bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanına məlumat verməlidir. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərarda göstərilən ləğv olunma tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün ərzində ləğvetmə komissiyası vergi orqanına bəyannamə verməyə borcludur.

149.5. Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər.

149.6. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan, bu Məcəllənin 125.1.3-cü, 125.1.4-cü, 125.1.5-ci və ya 125.1.7-ci maddələrinə müvafiq qaydada ödəmə mənbəyində vergi tutulan gəlir əldə edən qeyri-rezident vergi ödəyicisi bu cür gəlir haqqında bəyannamə verməklə tutulmuş verginin qaytarılması tələbini irəli sürə bilər. Bu cür bəyannamə bu Məcəllənin 149.2-ci maddəsində müəyyən edilən müddətlərdə verilməlidir. Belə vergi ödəyicisindən Azərbaycan Respublikasında vergi ödəyicisinin daimi nümayəndəliyinin gəliri kimi bu Məcəllənin 105.1-ci maddəsində müəyyən edilən dərəcə ilə vergi tutulur, vergi ödəyicisinin gəlir əldə edilməsi ilə bağlı olan xərci isə daimi nümayəndəliyin xərcində olduğu kimi gəlirdən çıxılmalıdır, bu şərtlə ki, vergi bu Məcəllənin 125-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində tutulan verginin məbləğindən artıq olmasın.



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin