Götürüb boynuna ol, kafir olub, vizrü-vəbal,
Niyə təlimə siz ətraflı qılırsız irsal,
Bilməyirsiz niyə bəs eybü rəbahət, Hadi?” [27, s.370].
Yenə “Əkinçi” qəzetindən götürülmüş başqa bir parçanı nəzərdən keçirək.
“Hər kəs xəyal edirsə ki, bizim indiki müəllimlər birdən-birə başlayıb təzə qayda ilə təlim edəcək, nahaq fikrə düşüblər. Onlar nə qədər qabiliyyətli olalar və nə qədər xahiş də edələr, bunu edə bilməzlər. Ona binaən ki, onların bu təzə qaydadan əsla xəbərləri yoxdur. Pəs bir camaat xahiş etsə ki, uşaqlara təzə qayda ilə təlim olunsun, ol vaxtda gərək bizim gimnaziyada ya uyezdni uşkolada oxumuş kəslərdən müəllim eləsin, yəqin ki, bizim indiki müəllimlər 4 ilə öyrətdiyini bunlar bir ilə öyrədəcək. Ona binaən ki, bunlar az-çox elmdən xəbərdar olub, onu təlim etməyin qaydasını həm az-çox bilirlər.
Təlim etmək asan deyil, bu özü bir elmdir ki, Avropa əhali ona elmi-pərvəriş deyir” [27, s.379].
Bu parçada “təlim qaydaları”, “qabiliyyət”, “təlim etmək” anlayışlarından söhbət gedir. Üç anlayışdan ikisi termin-söz birləşməsi ilə adlandırılmışdır. Pedaqogikada “təlim” ayrıca termindir. Eyni zamanda bu terminin təlimat və təlimatçı törəmələri, həmçinin birləşmənin bir komponenti olduğu çoxlu sayda termin-söz birləşməsi vardır. Məsələn, təlim düşərgəsi, təlim haqqı, təlim məşğələləri, təlim zamanı təhlil, təlimdə əyanilik, təlimin motivləri, təlimin priyomları, təlimin metodları, təlimin funksiyaları və s.
Təlim. Ərəb dilindən alınma sözdür. “Təlim müəllimin məqsədyönlü, planlı, mütəşəkkil rəhbərliyi ilə şagirdlərin sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərə yiyələnmələri və bu zaman onların psixoloji cəhətdən inkişaf etmələri və tərbiyə olunmaları prosesidir” [12, s.223].
Təlim qaydası. Birləşmənin ikinci tərəfi də ərəb dilindən alınma (qaidə) sözdür. Ikinci dərəcəli təyini söz birləşməsi kimi formalaşmış termindir. Hər iki tərəfi alınma -ərəb mənşəli sözdür. Müasir pedaqogikada təlim üsulu, təlim metodu bəzən təlim qaydası anlayışı ilə eyniləşdirilir.
Müəllim ərəb dilindən alınma çoxmənalı sözdür. Onun “ələmli, kədərli, dərdli”, “kədərləndirən”, “qəmləndirən”, “dərs verən, tədris verən adam” mənaları vardır. Azərbaycan dilində, eləcə də pedaqoji terminologiyada sonuncu mənada işlənir.
“Pəs, qardaşlar, gərək mürur ilə təzə məktəbxanalar bina edib, az-çox elmdən xəbərdar olanları oraya müəllim tutmaq.
Bir baxın bizim qonşu ermənilərin elm təhsil etməyinə Qafqazın hər bir şəhərində onların gimnaziyaya bərabər məktəbxanaları var. Irəvan yavıqlığında hətta akademiyaları da var. Amma bizim bircə də elm oxuyan məktəbimiz yoxdur” [27, s.383].
Bu nümunədə gimnaziya və akademiya terminləri diqqəti cəlb edir. Müəllif məktəbxananın gimnaziyaya bərabər olmasından söhbət açır. Bu da onu göstərir ki, bunlar fərqli təhsil ocaqları kimi, hələ o dövrdə verilən təhsil səviyyəsinə görə bir-birindən fərqləndiyini göstərir.
Azərbaycanda təhsilin vəziyyəti və təhsilə münasibətlə bağlı M.Ə.Sabirin qələmə aldığı bir şerdə xeyli sayda pedaqogika terminindən istifadə edilmişdir:
“Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!
Nə dərsə, məktəbə, elmə, filana hacət olaydı!
Nə səndəli, nə karandaş, nə lövhü miz, nə tabaşir,
Nə dəftərə, qələmə, kağəzə bu rəğbət olaydı!
Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidə
Və nə uşaqlarımızda bu qabiliyyət olaydı…” [65, c.1, s.205].
Dəftər. Ərəb dilindən birbaşa və ya fars dili vasitəsilə alınmış sözdür. Etimoloji baxımdan əsli yunan dilinə gedib çıxır. Yazı yazmaq üçün nəzərdə tutulan vasitədir.
Elm.- Ərəb dilindən alınıb “bilmə, bilgi, məlumat, xəbər” və “nəzəriyyə” mənalarındadır [40, c.1, s.164]. Qeyd edək ki, bir çox elmlərin adları Azərbaycan dilində daha əvvəllər tərkibində “elm” komponenti olan müxtəlif strukturda sahə adlarını bildirən terminlər işlək olmuşdur. Məsələn, elmi-ədəbi-ədəbiyyatşünaslıq, elmi-ədyan teologiya, elmi-əxlaq-etika, elmi-ərz-geologiya, elmi-kəlam-dini məsələləri məntiq və hikmətlə sübut etməyə çalışan sxolastik elm elmüləduniyyat -ilahiyyat, elmi-heyət-astronomiya, elmülbəyan-ritorika, elmüləbdan-fiziologiya, elmülyəqin-dəqiq elmlər, elmüllisan-dilçilik və s. Qəzetdə işlənmiş elmi-pərvəriş tədris elmi, başqa sözlə desək pedaqogikanı bildirmişdir.
Dəftər, qələm, kağız, karandaş, lövhə, miz, tabaşir və bu qəbildən olan sözlər tədris prosesində istifadə edilən ləvazimatların adlarıdır. Onların, zənnimizcə, pedaqogika terminləri hesab edilməsi düzgün deyildir.
Ümumiyyətlə, aparılmış təhlil göstərir ki, XVIII əsrdə və XIX əsrdə Azərbaycan dilinin pedaqoji terminologiyası, əsasən ərəb-fars mənşəli olmuşdur. Azərbaycanın Rusiya tərkibinə ilhaq edilməsi rus pedaqoji terminologiyasının təsirini gücləndirmiş və XIX əsrin sonlarında, XX əsrin əvvəllərində bu sahədə rus mənşəli terminlərin artması ənənəsi artmışdır.
Pedaqoji terminlərin mənşəyi nəzərə alınarsa bu şeir parçasında istifadə edilmiş terminlərin ərəb-fars mənşəli olması aydın görünür.
Dərs. Ərəb sözüdür (درس). Ərəb dilində “təhsil, oxuma və öyrənmə” mənaları vardır [40, c.1, s.118]. Pedaqoji termin olan dərs belə izah edilir:
Dərs - müvafiq sinifdə, cədvəl üzrə, müəyyən vaxt ərzində, tədris proqramına uyğun təşkil edilən məşğələ [12, s.80].
Pedaqoji hadisələrin anlayış və terminlərlə ifadə olunması sosial-tarixi əsaslara söykənir. Pedaqoji biliklərin inkişafı sosial-iqtisadi və mədəni həyat şəraiti ilə bağlıdır. Cəmiyyət həyatının dəyişməsi pedaqogikanın terminoloji sisteminə təsir göstərir. Ona görə də pedaqogika sahəsində terminlərin müəyyən qisminin köhnələrək terminoloji sistemdən çıxması, eyni zamanda yeni anlayışların və onları ifadə edən terminlərin yaranması daim baş verir.
Dostları ilə paylaş: |