Azərbaycan respulikasi



Yüklə 0,86 Mb.
səhifə9/30
tarix11.01.2022
ölçüsü0,86 Mb.
#110718
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
Məntiqi substrat terminə anlayışlar sisteminə mənsub olan konkret və ya abstrakt anlayışı adlandırmağa imkan verən məzmun əlamətidir.

Terminoloji mahiyyət terminə insan bilikləri və ya fəaliyyətinin, müəyyən xüsusi sahəsini təsvir edən nəzəriyyə elementi funksiyasını yerinə yetirməyə imkan verən məzmun və funksional əlamətlərdir [121, s.7].

Termin və terminologiya problemi ümumi dilçilik nəzəriyyəsinə daxil olur. Termin anlayışının izahı ilə bağlı olan hər bir şey linqvistikanı yalnız müxtəlif elmi bilik sahələri ilə deyil, həm istehsal praktikası, eləcə də peşə və sənətlə yaxınlaşdırır…Bu və ya digər elm, mədəniyyət, istehsal fəaliyyəti sahəsinin terminologiyası tarixi təbiət və cəmiyyət haqqında biliklərin inkişaf qanunauyğun­luqları haqqında ardıcıl məlumatdır. Hər bir elmin tarixinin anlayış və terminlərin tarixini də özündə birləşdirilməsi danılmazdır. Görünür bu istiqamətdə tədqiqatlarda dilçilərlə sahə mütəxəssislərinin əməkdaşlığı xüsusilə zəruridir… Terminologiya tarixi yalnız milli-tarixi deyil, həm də beynəlmiləl problemdir. Dünya elminin, insan sivilizasiyasının, xalqların mədəni qarşılıqlı əlaqələrinin tarixi problemidir” [92, s.6-7].

Hər bir elm sahəsi isə üç əsas anlayışlar sistemindən təşkil olunur: onun məzmununu təşkil edən özündə əks etdirən bir çox faktların toplusundan, onun nəticəsindən meydana çıxan təsəvvürlərdən və bu təsəvvürlərin ifadə olunduğu terminlərdən. Hər bir elmi biliklər sahəsini bu üç atribut olmadan təsəvvür etmək mümkün deyil. Bu baxımdan elmi biliklərin, ayrı-ayrı elm sahələrinin inkişafında dil təsadüfi funksiya daşımır, dil hər bir elmin struktur elementlərindən biri kimi meydana çıxır. Deməli, elmi dil vahidləri məhz terminologiya vasitəsilə elmə daxil olur” [70, s.5-6].

Anlayışın meydana çıxması mürəkkəb və uzunmüddətli prosesdir. Anlayışlar elmin yeni nailiyyətlərini, eləcə də ictimai praktikanın yeniliklərini özündə birləşdirir. Hər bir elmin anlayışlar sisteminin və terminologiyasının yaranması bu elmin inkişafı ilə sıx bağlıdır. Elmi biliklər keyfiyyətcə yeni elmi-nəzəri səviyyəyə keçməsi onun anlayışlar sisteminin formalaşıb sabitləşməsi ilə möhkəm əlaqədar olur. Anlayışlar tədricən qeyd olunan, təyin edilən məna alır. Bu anlayışlar inkişaf etmiş nəzəri sistemin vahidlərin çevrilirlər. Elm özünün nəzəri inkişaf səviyyəsinə keçənə qədər kateqoriyalar sisteminin formalaşması dövrünü keçirir. Anlayışın yaranmasının son mərhələsi onun sözlə adlandırılmasıdır. Əgər adi danışıq dilində söz bir neçə mənaya malik ola bildiyi halda, elmi dildə işlənən xüsusi sözlər, terminlər təkmənalılığı ilə seçilir. “Elmi dilin dəyişməsi, onun inkişafı ümummədəni dildə gedən proseslərlə, həmçinin müxtəlif tarixi dövrlərdə elmin inkişaf xüsusiyyətləri ilə təyin olunur. Elmi dilin leksikasında üç müstəqil layı ayırmaq olar: 1)qeyri-terminoloji leksika (dilin əsas və köməkçi sözləri); 2)ümumelmi leksika (elmi ünsiyyətin xüsusi sözləri); bura müxtəlif elm sahələrində işlənən xüsusi sözlər daxildir. Müasir dövrdə elmlərin inteqrasiyası və diferensiasiyası sayəsində bu laydakı sözlərin sayı daim artır; 3) məxsusi terminoloji leksika (konkret terminosistemin xüsusi sözləri)” [103, s.17-19].

A.A.Reformatski sahə terminologiyasının vəziyyətinin elmin inkişaf səviyyəsi ilə bağlılığını qeyd etmişdir. Onun fikrinə görə, elm nə qədər çox inkişaf edib təkmilləşirsə onun terminoloji sistem isə bir o qədər sabitləşir, təkamül edir [134, s.47].

Pedaqogikada üç qrup leksik vasitənin olması qeyd olunur. Məsələn, B.B.Komarovski leksik vasitələrin üç qrupunu belə ayırır: “1) sözün həqiqi mənasında terminlər; 2) yalnız nominativ funksiya yerinə yetirən nomenklaturlar; 3) qismən pedaqogikaya aid olan terminlər” [115, s.9]. Bu qruplardan birinci və üçüncüsündə termin-anlayış uyğunluğu aşkara çıxır. Həmin vahidlər nomenklaturalar pedaqogika elminin təbiəti ilə təyin olunmur.

“Terminoloji sahə” anlayışını A.A.Reformatski elmə daxil etmişdir. “Termin üçün sahə (feld) onun terminoloji mahiyyət kəsb etdiyi sahədir. Terminoloji sahədən kənarda terminoloji mahiyyət itir” [134, s.46].

Qeyd edək ki, eyni səs cildinə malik olan termin bir neçə terminoloji sahədə yer tutur. Məsələn, diqqət, nitq, maraq, dominant terminləri pedaqogika, psixologiya, fiziologiyada işlənir. Nitq həm də dilçilik terminidir. Müxtəlif sahələrdə bu terminlər yaxın, lakin fərqli mənalar kəsb edir. Bu baxımdan onların sahəyə görə definisiyası da fərqlənməlidir.

Eyni termin fərqli sahələrdə eyni mənada işləndikdə o, bu sahələrin hər birinin termini olmur. Belə hal sahələrin inteqrasiyasının nəticəsidir.

Terminologiyada rast gəlinən başqa bir cəhət eyni terminin eyni sahədə müxtəlif mənalarda işlənməsində özünü göstərir. Belə cəhət daha çox humanitar, ictimai-siyasi elmlərdə qeydə alınır. Pedaqogikada da belə terminlər az deyildir. Eyni terminin müxtəlif mənalara malik olması, fərqli definisiyalar daşıması sahə terminologiyasının qüsurlu cəhətidir.

Terminologiyada sahə mühüm anlayışdır. Sahə terminin, eləcə də pedaqoji terminin mövcud olduğu spesifik oblastdır. Bu oblast daxilində termin onu səciyyələndirən bütün əlamətlərə malik olur. Sahə müəyyən sərhədə malikdir. Bu sərhəd sahənin məhdudluğunu və ya qapalılığını şərtləndirmir. Sərhəd sahəni söz və başqa sahə terminlərindən ayırır. Sərhəd sahənin demarkasiya xəttidir. Bu xətt bir sahəni ona yaxın olan sahələrdən ayırır. Terminin sahəyə aidliyi onun əsas xüsusiyyəti, termin olmayan sözlərdən fərqləndirici əlamətidir. Anlayışlar sahəsi sahə anlayışları toplusu, terminlər sahəsi sahə terminləri toplusudur. Sahənin birinci və başlıca əlaməti onun ekstralinqvistik istiqamətliliyidir [142, s.110-111]. Ekstralinqvistik amillərin təsiri ilə sahəyə yeni-yeni terminlər daxil olur. Termin bir sahədən digərinə keçdikdə reterminləşmə hadisəsi baş verir. Bu da yeni sahəyə keçidlə bağlı terminin mənasında və onun ifadə etdiyi anlayışın definisiyasında baş verən dəyişiklikləri əhatə edir. Terminologiyada sahələrarası omonimlik mümkündür. Hər omonim terminin öz sahəsi olur.

Terminlərdə çoxmənalılıq məsələsi də kifayət qədər aydınlaşdırılmamışdır. Məsələn, V.N.Şevçuk belə hesab edir ki, hətta texniki sahələrdə çoxmənalı terminlər vardır. Buna misal olaraq o, ingilis dilindəki gün termininin mənalarını göstərir: “1) top; 2) tüfəng; 3) pulemyot; 4) pistolyot” [147, s.7].

Elmi terminologiyanın yeniləşməsinin müxtəlif üsulları vardır. Bunlardan birincisi terminləşmədir. Ümumişlək leksik vahidlər elmi anlayışı ifadə edərək terminləşir. İkinci üsul terminoloji derivasiyadır. Terminlərin derivasiyası ümumişlək leksikanın derivasiyasına oxşar şəkildə də müəyyən xüsusiyyətləri ilə seçilir. Bu xüsusiyyətlər dörd yerə ayırmaq olar: 1) terminlər sahə anlayışlarını adlandırır; 2) terminoloji derivasiya şüurlu şəkildə gedir; 3) terminlərin düşünülərək yaradılması prosesə nəzarət etməyə imkan verir; 4) sözdüzəltmə vasitələri terminin başa düşülən daxili formasının yaradılmasında əhəmiyyətli rol oynayır.

Zənginləşmənin üçüncü üsulu terminalmadır. Müasir informasiya cəmiyyətində pedaqoji terminologiya göstərilən hər üç üsulla yeniləşir. Bununla belə, pedaqogikanın müasir inkişaf səviyyəsində alınma terminlərin artımı hiss olunur. Ikinci bir cəhət pedaqoji terminologiyada sintaktik analitik üsulla əmələ gələn terminlərin çoxalmasında özünü büruzə verir.

Alınmalar daha çox Avropa dillərindən, xüsusən də ingilis dilindən gəlir. Ingilis dilində isə yunan-latın mənşəli elementlərin terminyaratmadakı funksionallığının güclənməsi meyli diqqəti cəlb edir.

A.V.Superanskaya göstərir ki, XIX əsrin ortalarına qədər terminlərin əsas hissəsi üç üsulla əmələ gəlmişdir: “1) ümumişlək sözün işlənməsinə bir sıra məhdudiyyətlər qoyulması; ümumişlək söz müəyyən məhdud zonada işlədilir və onun məntiqi mənsubluğunda da məhdudiyyətlər əmələ gəlir. Nəticədə ümumişlək söz terminə çevrilir. 2) dildə mövcud olan sözlər əsasında termin-söz birləşmələri, termin-frazalar əmələ gəlir; 3) sahənin inkişaf etməsi ilə yeni anlayışlar təyin edilir və həmin anlayışlar adlandırılır” [142, s.114].

Sonuncu üsul termin yaradıcılığıdır. Nominasiya prosesi çoxmərhələlidir. Yeni terminin yaradılması zamanı aralıq variantlardan istifadə oluna bilər. Eyni anlayışın bir neçə terminlə adlandırılması mümkündür. Lakin sonuncu mərhələdə bir termin seçilir.

Termin yaradıcılığında terminə qoyulan tələblərə riayət olunur. Bu zaman terminə aşağıdakı əlamətlərin xas olmasına diqqət verilir: 1) terminin definisiyası yaradılır və definisiyada obyektin ən mühüm fərqləndirici əlamətləri ifadəsini tapır; 2) termin birmənalı olur; 3) terminə emosional-ekspressiv xüsusiyyətlər xas deyildir; 4) termin sistemləşdirici cəhətlərə malik olur; 5) terminin sinonimi olmur; 6) termin semantik cəhətdən şəffaf olmalıdır; 6) termin qısa, aydın və asan yadda saxlanılan olmalıdır......

Tərbiyə insan şəxsiyyətinin məqsədyönlü formalaşması və inkişafı prosesi və nəticəsidir. O, iki mənada - geniş və dar mənada işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi kimi başa düşülür. Bu halda tərbiyə insana bütün mütəşəkkil və məqsədyönlü təsirləri, o cümlədən sosial həyatın təsirlərini, tərbiyə, təhsil və təlimi özündə birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin (eləcə də təlim və təhsilin) mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi başa düşülür.

Özünütərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi, şəxsiyyətini təkmilləşdirməsi prosesidir.

Yenidəntərbiyə insanın şüur, xarakter və davranışında kök salmış mənfi halların, keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir. Təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Təhsil müxtəlif yollarla - təlim və özünütəhsil yolu ilə (eləcə də onların vəhdəti ilə) əldə edilə bilər. Təhsil almağın əsas vasitəsi təlimdir.

Təlim müəllimin rəhbərliyi altında insanın təhsil alması prosesidir. O, müəllim və şagirdlərin məqsədyönlü qarşılıqlı əlaqəsinə əsaslanır. Şəxsiyyətin inkişafı müxtəlif amillərin (təbii və sosial, xarici və daxili amillərin) təsiri ilə insanın şəxsiyyət kimi formalaşması prosesidir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin