1.2. Pedaqogika terminologiyasının təşəkkülü, formalaşması və inkişafı
Gerçəkliyin mənimsənilməsinin nəzəri forması kimi, pedaqogika öz anlayışlarında ictimai-tarixi təcrübənin müəyyən tərəflərini ümumiləşdirir və bu ümumiləşdirmələri öz terminologiyası ilə ifadə edir. Pedaqogika elmi bilik sahəsi olduğundan onun anlayışlar və terminlər sistemi hər bir elmin terminologiyasına xas olan cəhətlərə malikdir. Pedaqoji terminologiyanın başqa elmlərin terminologiyası ilə oxşar cəhətləri bir sıra səbəblərdən aşkara çıxır. Belə səbəblərdən başlıcası anlayışların elmi dərkin əsasında durmasıdır. Pedaqogika terminlərinin özünəməxsusluğu sahənin özünün spesifik xüsusiyyətləri ilə təyin olunur.
Pedaqoji terminologiya təlim və tərbiyənin nəzəriyyə və praktikasında istifadə olunan dil vasitələrindən təşkil olunmuşdur. Pedaqogika terminologiyasının təşəkkülü, formalaşması və sabitləşməsi həm pedaqoji biliklərin, həm də cəmiyyətin inkişaf qanunauyğunluqları ilə şərtlənir. Elmi-pedaqoji ədəbiyyatda pedaqoji elmin tarixi inkişafının təhlilinə bir neçə istiqamətdən yanaşılır. Pedaqogikanın inkişafında iki mərhələni ayırmaq olar. Birinci mərhələdə pedaqogika elminin formalaşması və ümumi sahəyə çevrilməsidir. Bu mərhələni V.S.Bezrukova dörd dövrə bölür. O, pedaqogika elminin inkişafının ikinci mərhələsini onun obyekt və predmetinin axtarışları ilə bağlı tədqiqatların aparılması ilə əlaqələndirir [88].
Azərbaycan Dillər Universitetində hazırlanmış, Azərbaycan Milli izahlı ensiklopedik pedaqoji lüğətdə pedaqogikaya belə tərif verilir: “Pedaqogika pedaqoji prosesin qanunauyğunluqlarını öyrənmək əsasında inandırıcı tövsiyələr verməklə ölkənin sosial-iqtisadi və siyasi-mədəni inkişafına yardım edən elmdir” [12, s.170]. Həmin mənbədə fəlsəfi mənada “pedaqogika pedaqoji prosesin ictimai şüurda inikası olan və ona (yəni pedaqoji prosesə) təsir göstərməklə cəmiyyətə fayda verən real elmi biliklər sistemi kimi” izah edilir və bu definisiyalara görə “Təhsil” qəzetinə (23.01.2002) istinad olunur [12, s.170-171]. Fikrimizcə, bu, elmi və ümumi tərif deyildir.
Pedaqogika - tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elmdir. Bu söz iki yunan sözündən (“payda” və “loqos”) əmələ gəlib, hərfi mənası “uşaq ötürən” deməkdir. Pedaqogika tərbiyə haqqında elmdir.
Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Onun mövzusu isə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Pedaqogikanın mövzusu təkcə uşaqların tərbiyəsi ilə məhdudlaşmır; o, ümumilikdə insan tərbiyəsi məsələlərini öyrənir.
Hər bir elmdə olduğu kimi, pedaqogikanın da özünəməxsus anlayışlar sistemi vardır. Buraya pedaqoji proses, tərbiyə, özünütərbiyə, yenidəntərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı və s. anlayışlar daxildir.
Pedaqoji proses tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin vəhdətidir. Pedaqoji prosesin bu tərkib hissələri bir-birindən ayrılıqda yox, bir-biri ilə əlaqəli şəkildə eyni məqsədə xidmət edən vahid proses kimi çıxış edir.
Pedaqogikanın anlayışlar və terminlər sisteminin inkişafı müxtəlif istiqamətlərdə getmişdir. Bu elmin anlayışları arasında induktiv-empirik əlaqələr hökm sürür. Həmin əlaqələr tərbiyə sahəsindəki proseslərdən doğur.
Pedaqogikanın inkişafının çoxcəhətliliyi onun müxtəlif dövrlərdə ayrı-ayrı istiqamətlərdə irəli getməsini göstərir. Bu da sahə terminologiyasının tədqiq edilməsinə müxtəlif aspektlərdən yanaşmaq zərurətini ortaya atır.
Pedaqogika çox qədim tarixə malikdir. Bu sahə formalaşmamışdan qat-qat əvvəl ona aid sözlər yaranmışdır. Belə bir cəhət təsadüfi səciyyə daşımır. İnsanın şüurlu bir varlıq kimi həyat sürməsi hələ qədimlərdə təbiət qüvvələri ilə mübarizə aparmaq üçün müəyyən bilik və bacarıqlar tələb olunmuşdur. Ona görə də insan hadisə və proseslərə həmişə yaradıcı şəkildə yanaşmışdır. Yaşamaq uğrunda mübarizədə fiziki güc, cəldlik, azuqə tapmaq, qidanı əldə etmək və nəhayət döyüş bacarığı tələb olunmuşdur. Qədim insanlar özünütərbiyə və özünütəlimlə məşğul olmaq məcburiyyətində qalmışlar. İlkin dövrdə bu kortəbii proses kimi getmişdirsə, əldə olunmuş təcrübə sonralar ötürülmüş və təkmilləşdirilmişdir. Aydındır ki, bu proses də qismən kortəbii şəkildə olmuşdur. Şüurlu formada yaşayış prosesində fərdlərin bir-birinin hərəkət və fəaliyyətindən öyrənməsi aparıcı mövqedə durmuşdur. Tayfa və qəbilələr yarandıqda isə artıq müəyyən təlimlər gerçəkləşməyə başlamışdır. Ona görə də, öyrənmək, öyrətmək, təlim vermək, tərbiyə etmək kimi sözlərin ən qədim dövrlərdə yaranması şübhə doğurmur. Təlim və tərbiyəyə aid sözlər ayrılıqda götürülmüş bir dildə deyil, bütün dillərdə qədimdən yaranmışdır. Bu qəbildən olan sözləri dilin ən qədim leksik qatlarında axtarmaq və tapmaq mümkündür. Qeyd edilən cəhət Azərbaycan dilinin pedaqoji terminologiyasının təşəkkül dövründə yaranan sözləri ən qədim türk yazılı abidələrində axtarmağa əsas verir.
Bu abidələrdə müasir dövrdə pedaqogikada işlənən terminlərin bir zaman terminoloji xüsusiyyəti olmuş, sonralar sahə terminologiyasında müəyyən səbəblərdən yer almamış kifayət qədər çox leksik vahid tapmaq, şübhəsiz ki, mümkündür.
Azərbaycan pedaqogikası, təbii ki, qədim türk tərbiyə və təlim sisteminin tərkib hissəsi kimi təşəkkül tapmışdır. Bu sistemdə tarixən ilkin tərbiyə olmuşdur.
Türk dilinə aid ən qədim yazılı abidələrdə tərbiyə məsələləri, tərbiyə sistemi ayrılıqda şərhini tapmır. Bununla belə ailənin yaranması ilə ailə tərbiyəsinin də formalaşması faktları ayrı-ayrı fikir və kontekstlərdə üzə çıxır.
Orxon-Yenisey abidələri türk xanlıqlarının döyüş, şücaət, qəhrəmanlıq və dövlətçilik salnamələridir. Bu qədim yazılı abidələr döyüş və zəfərlərdən, alınmış şərhlərdən, güclü ordulardan, həmin orduların başında duran zəkalı xaqanlardan, sərkərdələrdən xəbər verir. Belə orduların yaranması, zəfərlərin qazanılması yüksək nizam-intizam, döyüş hazırlığı tələb etmişdir. Aydındır ki, tərbiyə və təlim olmadan bütün bunlar mümkün olmazdı. Abidələrdə təlim və tərbiyənin müəyyən məqamların açıqlayan bəzi fikirləri nəzərdən keçirək.
Açura abidəsində: “…il ögəsi Inançu bilgə irig ölüg ara… – ...el müdriki (bilicisi, ağsaqqalı) Inançu bilgə müvəqqətilər və ölülər arasında” [62, s.259].
Tonyukuk abidəsində: “Bilgə Tonyukuk ben özüm Tabğaç ilinə kılıntım. Türk bodun Tabğaçka körür erti. - Müdrik Tonyukuk mən özüm Tabğaç elində tərbiyə aldım. Türk xalqı Tabğaça baxırdı (tabe idi)” [62, s.117].
Verilmiş iki nümunədə işlənmiş “bilgə”, “kılıntmaq” sözləri öz dövrünün ümumişlək sözləri olsalar da, onlar təlim və tərbiyəyə aid olub, türk dillərində pedaqoji terminologiyanın təşəkkül dövrünə aid vahidlər kimi qəbul edilə bilər.
Orxon-Yenisey abidələrindən olan Ongin abidəsinə yazılmış girişdə göstərilir ki, “bilgə” sözü “bil” sözündən əmələ gəlmişdir: Orxon -Yenisey abidələri mətnlərində də, qədim türk qəbilələrinin, müasir türk xalqlarının dillərində də eyni mənada -”bilmək” feili mənasında işlənmişdir. -gə sifətdüzəldici şəkilçidir. “bilgə” sözü “biliyi olan”, “ağıllı, bilikli” deməkdir” [62, s.47]. Kitabda bu söz “müdrik” kimi tərcümə edilmişdir. Abidədə tərbiyələnmək, tərbiyə almaq, təlimlənmək, təlim almaq, yazmaq və s. mənalarda qədim türk sözləri istifadə olunur. Tərbiyə almaq, tərbiyələnmək, təlim almaq kimi sözlər təlim-tərbiyənin bir proses kimi formalaşmasından xəbər verir. Təbii ki, abidələrdəki mətnlər konkret fərdlərə həsr edilmiş epitafiyalar olduğundan onların tərkibində müasir dövrə aid pedaqoji terminlərin çoxluğunu iddia etmək olmaz. Lakin hələ o dövrdə təlim və tərbiyənin formalaşması, müxtəlif sahələrdə, xüsusən hərb sahəsində təlimin sistem şəklində olması aydınlaşır.
“Kitabi-Dədə Qorqud” dastanları Oğuzun bir cəmiyyət kimi formalaşmasını göstərən eposdur. Mədəniyyət, mənəviyyat tariximizin qiymətli ədəbi dəyərlərindən biri, bəlkə də, birincisi olan bu epos təkcə bədii təfəkkürümüzün möhtəşəm abidəsi deyil, həm də Azərbaycan türklərinin mifik tarixi, coğrafi, etnoqrafik, ictimai, əxlaqi görüşlərinin ən mötəbər qaynağı, ana dilimizin ən ulu kitabıdır. İctimai düşüncəmizin də, mədəni ənənələrimizin də, milli xarakterimizin də kökləri “Kitabi-Dədə Qorqud”a bağlıdır” [4, s.3].
“Kitabi-Dədə Qorqud” dastanlarının əhatə etdiyi dövrdə Oğuzda cəmiyyət tayfa və qəbilədən daha irəli getmiş şəkildə formalaşmışdır. Burada tayfa və qəbilələrin birliyi vardır. Onlar xeyirdə, şərdə bir yerdədirlər və vahid mərkəzdən idarə olunurlar. Bu cəmiyyətdə ailə və ailə münasibətləri tam formalaşmışdır. Ata, ana, qardaş və bacının yeri bəllidir. Digər qohumluq əlaqələri və onlardan doğan münasibətlər də bəllidir, aydındır. Dostluq, düşmənçilik, qəhrəmanlıq, sədaqət, məhəbbət, mübarizlik, qorxmazlıq və bu kimi keyfiyyətlərin mahiyyəti cəmiyyət üzvlərinə məlumdur. Dastanda təsvir olunan Oğuz cəmiyyətində tərbiyənin əsasında ailə tərbiyəsi durur.
“Oğul atadan görməyincə süfrə açmaz” [39].
KDQ-də Dədə Qorqud Oğuzun əsas adamı, mənəvi və maddi rəhbəridir.
“Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə olardı, qayibdən dürlü xəbər söylərdi. Həqtəala onun könlünə ilham edərdi…
…Qorqud ata Oğuz qovmünün mümkünlünü həll edərdi. Hər nə iş olsa, Qorqud Ataya danışmayınca işləməzlərdi. Hər nəki, buyursa, qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi” [39].
Aydın olur ki, Oğuz cəmiyyətində tərbiyənin aşağı istinad və dayaq nöqtəsi ailədirsə, yuxarı dayaq nöqtəsi Qorqud Atadır.
Qorqud Atanın təlimi abidədə onun nəsihətləri, məsləhətləri, alqış və qarğışları ilə gerçəkləşir. Oğuz cəmiyyətinin bu dövrü müasir elm və təhsil prizmasından götürülə bilməz. Şübhəsiz ki, həmin dövrdə məktəb və məktəb pedaqogikası axtarmaq olmaz. Lakin ailə pedaqogikası, sosial pedaqogika, hərbi pedaqogika, təlim və tərbiyənin müxtəlif aspektləri fəaliyyət göstərmişdir. Bu cəmiyyətdə verilən savad, verilən təlim dövrünə görədir.
Bütövlükdə dastanda tərbiyə və təlimin müxtəlif formaları, üsulları var. Lakin bunlar elmi sistemin tərkib hissəsi deyil, elmi izahını almamış, anlayış səviyyəsinə qalxmamışdır. Ona görə də, müvafiq terminlə adlandırılmamışdır. Dədə Qorqud dövrü üçün pedaqogika terminləri sahəsi yoxdur. Lakin pedaqoji terminlər vardır.
Ailə tərbiyəsində də təlim üsullarından biri olan sual-cavab forması dastanda yetərincə ifadəsini tapsa da, terminoloji vahidlə işarələnməmişdir.
“Kitabi-Dədə Qorqud”da ogit/ögüt, ögrənmək, bilik, bilici, bilmək, qulaq urmaq və s. bu kimi sözlər təlim-tərbiyə ilə bağlı kontekstlərdə də işlənir. Məsələn, ögit (öyüd, nəsihət): “Qız anadan görmiyincə ögit almaz, oğul atanın yetridir, iki gözünün biridir” [39, s.32]; “Qırq incə belli qızın içinə girdi, ögüt verdi” [39, s.46]; “Qurani yazdı-düzdü, üləmalər ögrənincə göydi-biçdi” [39, s.32].
Göründüyü kimi, abidənin dilində müasir dövr pedaqogikasının anlayışlar sisteminə daxil olmuş xeyli sayda söz vardır. Maraqlıdır ki, burada “yazıb-düzmək”, “üləmalər ögrənincə göydi-biçdi” ifadələrindən istifadə edilmişdir ki, bunlar yazıb-oxumaq, daha savadlıların - ülamələrin oxunmasından sonra təkrar düzəldilməsindən (göydi-biçdi) belə söhbət gedir. Bu da dövrün müəyyən təhsil sistemindən xəbər verir. Təbii ki, bu dastanın yaranma dövrünə deyil, yazıya alınma dövrünə aid hadisə sayılmalıdır.
A.Rəhimoğlu M.Kaşğarinin lüğətinə istinadla qədim türklərdə məsləhət-məşvərət məqsədi ilə toplanılan yer mənasında “ternek” sözündən istifadə olunmasını qeyd edir. O yazır: “ternek - “işləri danışmaq üçün ulusun toplandığı yer” mənasında işlənmişdir. Çağdaş Azərbaycan türkcəsində “dərnək” sözü ilkin anlamını qismən qorusa da, müəyyən semantik dəyişikliyə uğramışdır. Belə ki, dərnək qədim türk demokratiyası və qədim türklərdə hakimiyyət bölgüsü ilə bağlı çox önəmli bir termin olub qanunverici orqanı bildirmişdir. Sosioloji ədəbiyyatda tam təsbit olunmuşdur ki, göytürklərdə toy, monqollar dövründə qurultay, son çağlarda isə məclis, parlament terminləri ilə ifadə edilən anlayış Batı (Oğuz) türklərində dərnək adlanmışdır” [63]. Dərnək sözü müasir pedaqoji terminologiyada yaxın mənada istifadə edilir.
Mahmud Kaşğaridə bilge, bilgelendi, bilgetti, bilig, biliglig, biligsedi, ögrendi, ögretti, ogreyuk kimi sözlər işlənir ki, bu sözlər müasir dildə kiçik fonetik dəyişmələrlə termin olaraq istifadə edilir. Bunlardan başqa, lüğətdə elə qədim türk mənşəli sözlər vardır ki, onlar müasir pedaqoji terminologiyada ərəb-fars dillərindən alınmalarla əvəz olunmuşdur. Məsələn, “ukuş - dərrakə, zəka, ağıl; ukuşlu kişi - zəkalı adam” [36, c.1, s.131]; “ukuşluğ - ağıllı, zəkalı; ukuşluğ ər -zəkalı adam” [36, c.1, s.203]. Lüğətdən bəzi başqa nümunələri də nəzərdən keçirək.
“Ol manga bilig ögrətti = O mənə bilik öyrətdi” [36, c.1, s.292].
“Ol məninq birlə bitik okıştı = O mənimlə kitab oxumaqda yarışdı” [36, c.1, s.236].
“Ər bilig ögrəndi = Adam bilik öyrəndi.”
“Ərdəm tilə, ogrənübən bolma küwəz,
Dostları ilə paylaş: |