Su çərşənbəsi
Bəs bu doğruçu çərşənbələr nəyi işarələyir? Çərşənbələrin adlarına fikir verdikdə onların su, od, yel və torpaq olmaqla dörd yaradılış ünsürünü simvolizə etdiyi ilk baxışda özünü göstərir. Yəni bu dörd ünsür həyatın əsasını təşkil edir, yeni həyatı – diriliyi təmsil edir. Qış fəslində ölü sükuta, donub məhv olmuş ətraf aləmə, təbiətə yeni can – nəfəs gəlməsi ilə yeni fəsil – yaz fəsli dünyaya qədəm qoyur; bununla yaz bayramı olan Novruz bayramı bərqərar olur.
M.Təhmasibin də göstərdiyi kimi, ilaxır çərşənbə ritualları “qışın tez çıxması”, yəni sağlıqla, rahatlıqla ötüşüb keçib getməsi naminə keçirilir. Bu baxımdan Novruz yaz bayramı olmaqla həm də ilbaşı – yeni mövsüm ilinin başlanğıcının mərasimi aktıdır. Bir il isə, məlum olduğu üzrə, dörd fəslin növbəli şəkildə əvəzlənməsi və tsiklik olaraq qapalı dövrə üzrə təkrarlanmasıdır. Bu məntiqdən düşündükdə yazda – Novruzda doğulan təbiət canlı orqanizm kimi inkişaf dövrü keçirib, yayda, payızda bu mərhələləri müxtəlif formada yaşayır və qışda ölür. Necə ki, insan dünyaya gəlir, yeniyetməlik, gənclik, müdriklik, ahıllıq çağlarını yaşayıb sonda bu həyatla vidalaşır, onun yerini övladları, nəvə-nəticələri tutur (əvəz edir), bununla özünün fiziki varislərinin simasında təzədən dirilik tapıb, nəsillərin bir-birlərini əvəzləməsi olaraq yaşayır. Bax beləcə də canlı təbiət bu dörd fəslin içində özünün inkişaf dövrünü keçirir. Bunun inikası kimi xalqımız tapmacavari bir bayatı nümunəsi də qoşub-yaradıb:
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır,
Üçü yığar gətirər,
Üçü vurar dağıdar.
H ər biri üç aydan ibarət olan ilin fəsillərini xalqımız bu cür qruplaşdırıb. Təbiətdə üç fəsil beləcə təbii proses kimi ard-arda düzülüb dördüncü fəsil olan yaz fəslinə yetişdiyi kimi, bu minvalla bir ilin dörd fəslini tamamladığı kimi ilaxır çərşənbələr də bir-birilərini əvəz etməklə yaz fəsli olan Novruzun gəlişinə zəmin yaradırlar. Bu prinsiplə düşündükdə ilaxır çərşənbələrin (M.Təhmasibin təbirincə desək, üç “doğru üsgü”nün və sonuncu ilaxır çərşənbənin) də hər birinin sadəcə dörd yaradılış ünsürünü (su, od, yel və torpaq) yox, elə həm də hər birinin öz adlarına uyğun şəkildə ilin müəyyən bir fəslini simvolizə etdiyini aydın göstərir. Yəni dörd çərşənbə həmçinin ilin dörd fəslini işarələyir. O ki qaldı ilaxır çərşənbələrin sıra ardıcıllığına, hansı düzümdə olmalarına, bu barədə folklorşünaslıqda hələ də vahid fikir yoxdur. Bu da hardasa təbiidir. Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlunun dəfələrlə qeyd etdiyi kimi, folklor hadisəsinin başlıca qanunauyğunluqlarından biri də onun çoxvariantlılığa malik olmasındadır. Bu cür düşündükdə, ilaxır çərşənbələrin sıra düzümündəki fərqlərin yaranması bir folklor hadisəsi olmaqla təbii qarşılanmalıdır. Amma bu məsələdəki çoxvariantlılığı yaradan səbəbə bir az aydınlıq gətirmək istərdim. İl dörd fəslin qapalı çevrəsindən ibarətdir: yaz →yay→payız→qış. Bu mövsümi ardıcıllıq düzxətli inkişaf dövrü keçirsə də, axırda təzədən qayıdıb təkrarlandığından, dövrə şəkilini alır. Bunu sxem halında belə təsvir etmək olar:
Hesab etsək ki, ilin hər fəsli əl-ələ tutub dairəvi, zəncirvarı bir həlqə əmələ gətirirlər, onda yaz yayın əlindən, yay payızın əlindən, payız qışın əlindən tutduqları kimi, bir də təzədən qış da yazın ətəyindən yapışmaqla bu qapalı dövrəni təzədən davam etdirdiyini təsəvvürümüzdə canlandıra bilərik. Belə olan halda bizim hər birimiz, eləcə də tədqiqatçılar özləri bu dördguşəli dairəvi İl halqasına daxil olmaq istərkən, o zaman özümüzdən asılı olmadan kimimiz bu əl-ələ vermiş dörd fəslin arasına yazla yayın, kimimiz yayla payızın, kimimiz payızla qış mövsümünün arasından, kimimiz də qışla yaz fəslinin arasından keçib girə bilərik. Kim hansı aralıqdan bu qapalı dövrəyə keçib daxil olsa, özünü o aradakı fəslin ətrafında görəcək, həmin fəslin aurasını yaşayacaq və həmin adam üçün bu il zəncirinin başlanğıcı da həmin nöqtədən başlanacaqdır. Bu başlanğıc nöqtəsi hər kəsin bu çevrəyə daxil olma intervalına uyğun olacaq. Qışla yazın arasındakı intervaldan bu qapalı həlqəyə daxil olan (mahiyyətcə baxan, görə bilən) tədqiqatçı üçün ilin ilk ilaxır çərşənbəsi də təbii ki, qışın qarını – buzunu əks etdirən (qarın, buzun maye şəkli olan su) su çərşənbəsi kimi onun düşüncəsinə hakim olacaqdır. Yaxud yayla payız fəsli intervalından bu qapalı tsiklə daxil olan üçün ilk çərşənbənin yay fəslinin qızmar çağına uyğun olan od çərşənbəsi olduğunu zənn edəcəkdir və s. Bunu hər kəsin ad günü ilə də müqayisə etmək mümkündür. Kim hansı ayda anadan olubsa, həmin ay hansı fəslə düşürsə, o adamın ad günü də, yəni yaşının il dövriyyəsi üzrə tamamlanması anı da həmin fəslə təsadüf edir. Hər kəsin ad günü ondan asılı olmadan ilin hansısa fəslinə düşdüyü kimi, yaşının üstünə doğulduğu ayda (başqa sözlə, fəsildə) yaş gəldiyi kimi, ilbaşı bayramı olan Novruza aid çərşənbələrin də sıra düzümünə münasibət tədqiqatçının bu problemə baxış bucağından asılı olur.
Bax, ictimaiyyət içərisində də, tədqiqatçılar arasında da ilaxır çərşənbələrin sıra ardıcıllığına münasibətdəki fərqliliklərin özəyində il adlı canlı orqanizmin fəsillərinin qapalı təkrarlanan birgəliyindən, vəhdətindən irəli gələn amil dayanır. Lakin bu ardıcıllığa münasibətlər müxtəlif olsa da, mahiyyət dəyişməz, sabit qalar: su, od, yel, torpaq ünsürləri heç nə ilə dəyişilib-əvəzlənmirlər. Onların yaradıcılıq stixiyası öz hökmünü icra etməklə təbiətə yaz gəlir, ictimaiyyətə Novruz bayramı qədəm qoyur. Belə olan halda bu ünsürlər öz yaradıcılıq güclərini ayrı-ayrılıqda nümayiş etdirsələr də, bütövlükdə hərəsi birləşib ümumi bir anlayışı – yeni həyat amilini formalaşdırırlar. Vahid bir müstəvidə qərarlaşan bu dörd ünsürün yerdəyişməsi isə ümumilikdə heç nəyə xələllik gətirmir. Buna görə də hələlik ilaxır çərşənbələrin sıra düzümü ilə bağlı öz şəxsi qənaətlərimi başqa bir mövzuya saxlayıb, indiyədək söylənmiş mülahizələrə əsasən ilk çərşənbə hesab edilən Su çərşənbəsi haqda fikir bildirirəm.
“İlaxır çərşənbələrin sıra düzümündə su, od və yel çərşənbələrindən sonra torpaq çərşənbəsi gəlir. Bu sıra düzümü mərasim folkloru sistemində pozulmazdır. Torpaq çərşənbəsinin yel çərşənbəsindən qabağa keçirilməsi yanlışdır” iddiası ilə çıxış edən mərhum professor Azad Nəbiyev bu barədə yazır: “Boz ayın dörd müqəddəs çərşənbəsindən birincisi Əzəl çərşənbədir. Bu, xalq içərisində çox əzizlənən çərşənbələrdən hesab olunur. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Su çərşənbəsi”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də tanınır.
Əski inanclara görə, Əzəl çərşənbədə təzə ilin gəlməsi münasibətilə ən əvvəl su təzələnir, elə buna görə də bu çərşənbə su, suyun təzələnməsi ilə əlaqələndirilir. Türk xalqlarının mifoloji təsəvvürlərində ən qədim kultlar içərisində su kultu mühüm yer tutur. Su ilə bağlı yayılmış tapınmalar içərisində su tanrısı Abanın və Nahidin adı ilə əski süjet və nəğmələr geniş yayılmışdır. Həmin görüş və etiqadlarla bağlı təsəvvürlərin bir çoxu Əzəl çərşənbənin – Su çərşənbəsinin ayin-etiqadları ilə çarpazlaşmış, bu çərşənbənin adı ilə bağlı silsilə inanc, etiqad, ənənə, mərasim və s. yaratmışdır”.
Gənc tədqiqatçı Məleykə Məmmədova isə yazır: “İlaxır çərşənbələri içərisində birinci gələn su çərşənbəsini xalqımız müxtəlif mərasim və oyunlarla qeyd edir. Çərşənbənin adı ilə adlandırılan və oyun elementləri ilə zəngin olan “Su çərşənbəsi mərasimi” ayin və ritual xarakterli oyun şəklində icra olunur. Belə ki, su çərşənbəsi mərasimində sübh tezdən bulaq başına gedərək “Ağırlığım-uğurluğum, azarım-bezarım suya” deyib su üstündən atlanması, əl-üz yuyub, bir-birlərinin üstünə su atıb, sifətlərinə su çilənməsi, xəstələri su üstündən hoppandırıb, sonra günah işləməyəcəklərinə, yaxşılıq edəcəklərinə and içdikdən sonra əl-ələ tutub suyun ətrafında su ilə bağlı nəğmələr oxunması və s. bütün bunların hamısı ümumilikdə oyun formasında həyata keçirilir”.
Hər iki müəllif su çərşənbəsini əzəl çərşənbə hesab edir, eyni zamanda su çərşənbəsi ilə əlaqəli keçirilən ayin və mərasimlərə diqqəti çəkir. Yuxarıda da qeyd etdiyim kimi, çərşənbələrin sıra düzümü haqda mübahisə açmadan (çünki sıra əvəzlənməsi dörd yaradılış ünsürünün vəhdətinə xələllik gətirmir), bəzi əlavələr etmək istərdim. Xalq düşüncəsindəki inam belədir ki, hər çərşənbəni müəyyən bir ünsürlə əlaqələndirib, misal üçün, “çərşənbə bu dəfə suya düşdü”, yaxud “çərşənbə bu dəfə yerə (torpağa) düşdü” və s. tipli sabit deyimlərlə fikir yürüdülür. Bu fikir nəyi işarələyir? Bu fikir onu bildirir ki, yəni əgər su çərşənbəsidirsə, çərşənbə suya düşür deyiləndə suyun canına istilik düşür, su qızmağa, donu-şaxtası açılmağa (kristal buz və ya qar dənəcikləri formasından yumşaq maye şəklinə keçir) başlayır ki, bununla da soyuqdan donmuş, ölmüş su qızmaqla suya can gəlir, başqa sözlə, “ölmüş su” yenidən dirilik tapıb dirilir, yeni həyat qazanır. “Qurani-Kərim”də buyurulan “hər bir canlını sudan yaratdıq” kəlamı da suyun yaradılışın əsasını təşkil etdiyini göstərir və bu məntiqdən düşündükdə su çərşənbəsinin təbiətdə hansı mühüm funksiyaya malik olduğu da aydın görünür. Habelə kainatdakı yaradılmışın üçdə iki hissəsinin su, üçdə bir hissəsinin quru olduğunu da nəzərə aldıqda, yenə də suyun dünyada hansı böyük miqdarda olmasını və yaradılış üçün mühüm baza təşkil etdiyini təsəvvürümüzdə aydınlaşdırarıq.
Professor Fərahim Sadıqov “Masallı folkloru” kitabında Masallıda mövcud ənənə ilə keçirilən Novruz və ilaxır çərşənbələrdən danışarkən, o da eynilə ilkin olaraq Su çərşənbəsinin keçirilməsini qeyd etsə də, regionda ənənəvilik qazanmış fərqli xarakterik halı da göstərir: “Su çərşənbəsinə bir neçə gün qalmış Masallı bazarında çərşənbənin atributları satılmağa başlayır. 1950-60-cı illərdə Ərkivanlı dulusçuların, xarratların, əttarların, təkəlduzların, rəssamların və digər sənətkarların hazırladıqları rəngli bardaqlar, küpə səhənglər, nehrələr, sərniclər, gövdüşlər (gavdiş, gödiş də deyilir), kuzələr, lüleyinlər, müxtəlif qablarda becərdilmiş səmənilər, rəngli yumurtalar, cürbəcür ədviyyatlar Masallı bazarında öz yerlərini tutardı”.
Bu informasiyada Su çərşənbəsinin keçirilməsi ilə bağlı çox mühüm və zəngin məlumat bazası var. Əhalinin Su çərşənbəsinə çox böyük önəm verməsi aydın görünür. Su həyat mənbəyidir. Su dirilikdir. Dilimizdəki sabitləşmiş olan “abi-həyat” – “Dirilik suyu” tipli el ifadəsi də xalq təfəkküründə suyun məhz həyatla, yaşayışla sıx bağlı olmasını əks etdirir. Bu, istər mifoloji, istər dini, istərsə də müasir gerçəklik baxımından tam reallığa söykənən həqiqətin ifadəsidir. Mifdə, mərasimdə və məişətdə suyun əvəzsiz rolu, müstəsna əhəmiyyəti vardır. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamını da bu anda yada salaq. Masallıda camaatın Su çərşənbəsini qarşılamaq ərəfəsində bazar iqtisadiyyatında Su çərşənbəsi atributlarına xüsusi önəm verilməsi mərasim mədəniyyəti ilə məişət mədəniyyətinin qovuşub vəhdət təşkil etməsi deməkdir. Mənəvi güclə iqtisadi gücün birliyinin rəmzi deməkdir. Mifologiyada, dində və məişət həyatımızda dirilik mənbəyi hesab olunan su ilə bağlı çərşənbədə iqtisadi gücün ifadəçisi kimi bazara həyat, yaşayış üçün vacib olan məişət avadanlıqlarının (su ilə bağlı əmək alətlərinin) ayaq açması artıq Su çərşənbəsinin mərasim hadisəsi olmaqla, həm də məişət həyatına nüfuz etməsinin real göstəricisidir. Bu, xalqın Su çərşənbəsinə olan böyük inamını praktik baxımdan həyata keçirə bilmək hünəridir. Ayrı-ayrı peşə sahibləri olan sənətkarların – dulusçunun, xarratın, rəssamın və başqa sənət sahiblərinin hamısının bir məqsədə yönəlməklə – Su çərşənbəsinə hazırlaşmaqları: rəngli bardaq, küp səhəng, nehrə, sərnic və s. su qablarını düzəldib istehsal etmələri və bazara çıxarmaqları müxtəlif təbəqədən olan adamların mərasim ənənəsində və məişət həyatında bir ortaq məxrəcə gəlib birlik nümayiş etdirməkləri deməkdir. İnsanların birliyi də güc, həyatsevərlik anlamına gəlir. Deməli, Su çərşənbəsinin atributu olan su özü həyati gücü ifadə edir, su ilə bağlı atributlar bazara çıxarılır, bazar özü də iqtisadi gücü göstərir, bu sırada insanların birlik, həmrəylik münasibətində olmaları da ictimai həyatdakı gücü bildirir. Bu nöqteyi-nəzərdən ümumiləşdirmə aparanda Su çərşənbəsi özlüyündə mənəvi, iqtisadi və sosial sahədə vahid bir məcraya yönəlib sığışan güc birliklərini vahid bir nöqtədə birləşdirir. “Birlik harda, dirlik orda” məsəlimizdə də vurğulandığı kimi, bu birlik isə diriliyə – yeni həyatın canlanmasına təminat yaradan əsas amildir ki, Novruzun da, ilaxır çərşənbələrin də missiyası bu qayəyə xidmət edir.
F.Sadıqov Su çərşənbəsinin elliklə, böyüklü-kiçikli hamı tərəfindən icra edilməsindən də bəhs açır:
“Masallıda Su çərşənbəsi günü səhər sübhdən Viləşin sahilində bayram qiyafəli qızlar su daşıyırdılar. Rastlaşanlar bir-birlərini “çərşənbə bayramın mübarək”, “sucan ömrün olsun”, “su qədər ömrün olsun”, “sudan yarıyasan” sözləri ilə təbrik edərdilər.
Maraqlıdır ki, Viləşin ətrafında olan Dadva, Müsaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Ərkivan, Yiyənkənd, İskəndərli kəndləri ilə yanaşı ətraf kəndlərdən, rayon mərkəzindən çoxlu qızlar, gəlinlər, yaşlı qadınlar əllərində rəngli bardaq, səhəng, kuzə, kiçik al-əlvan rəngli vedrələr, küpələr Viləşə su götürməyə gedirdilər. Xüsusilə onlar özləri ilə məktəbəqədər yaşlı uşaqların, kiçik məktəbyaşlı uşaqların əllərindən tutub çaya su gətirməyə yollanardılar”.
Göründüyü kimi, müəllif mövzuya uyğun olaraq burada Masallı bölgəsindən söhbət açır. Su çərşənbəsini bayram etmək üçün sübh çağı bayram libası geyinib qız-gəlinlərin, arvad-uşaqların Viləş çayı sahilinə enib oradan su gətirmələrindən danışır və bu zaman onların bir-birilərinin su ilə bağlı inanclara söykənərək “su qədər ömrün olsun”, “sudan yarıyasan” və s. tipli alqışlarla su çərşənbələrini təbrik etmələrini göstərir. Əslində bu cür bayram əhval-ruhiyyəsi respublikamızın hər bir bölgəsində bu sayaq yaşanır. Masallı ərazisindəki Viləş çaya müvafiq olaraq digər yerlərdə də bu cür axar su üstünə, ya bulaq başına seyrə çıxırlar və oradan səhənglərini (su qablarını) su ilə doldurub xoş ovqatla bayramlaşırlar. Burada bir məqamı da nəzərdən qaçırmayaq ki, rəngli bardaqla al-əlvan rəngli vedrələrlə su daşınması faktı da təsadüfi deyil. Su çərşənbəsinin şərəfinə su qablarının da bəzək-düzəkli, naxışlı olması təbiidir; çünki mifik düşüncəyə görə hər bir şeyin əyəsi, sahibi, hamisi olduğu kimi suyun da yiyəsi, hami ruhu var və Su çərşənbəsi bayramında su əyəsini razı salmaq, su hamisinə xoş gəlmək üçün suyu gözəgəlimli, təzə naxışlı, bəzəkli qablarda daşıyırlar. Axı həm də “Su gözəllər yüküdü” deyiblər. Gözəllər yükü olan, gözəl qız-gəlinlər daşıyan suların qabları da gözəllərimizin gözəlliklərinə uyğun tərzdə gözəl naxışlı bəzədilmiş qablar olmalıdır. Üstəlik də Su çərşənbəsi günündə təzə bayram paltarlarını əyinlərinə geyinmiş qız-gəlinlərin çiyinlərinə aldıqları su qabları da cazibədar görünüşdə, bər-bəzəkli formada olmalı və bayram əhval-ruhiyyəsini tamamlamalıdır. Axı Su çərşənbəsinin təzə suyu da təzə, təravətli, əlvan naxışlı qablarda daşınmalıdır.
Bəli, su çərşənbəsinin təbiət hadisəsi olaraq hansı təbii stixiyanı yerinə yetirməsi bu prizmadan düşündükdə hamımıza bəlli olur. O ki qaldı Novruz bayramı hadisəsi olaraq su çərşənbəsinin cəmiyyətdə – insan dünyasında inikasına, bu məsələlər də su çərşənbəsi mərasimi adı ilə keçirilən ayin və mərasimi aktlarda gerçəkləşir. Yəni insan özünü təbiətin ayrılmaz parçası hesab etməklə su ilə ilgili əfsun, sehr, oyun, icra ayinləri, mərasimi hərəkətlər və s. yerinə yetirir – su üstündən adlamaqla, evinə zəmzəm suyu gətirməklə və s. şəklində su çərşənbəsini bayram edir. Beləliklə, təbiətdə suyun canına istilik düşməklə su çərşənbəsində dirilik tapan suya müvafiq olaraq icra edilən ayinlər bunun ictimaiyyətdə də rəsmiləşdiyini təsdiqləmiş olur: İnsan təbiətlə harmonik tənzimlənmə situasiyasına düşür...
Dostları ilə paylaş: |