Nə Qazlıq tağı aqar səniñ suların.
Aqar kibi aqmaz olsun!
Bitər səniñ otların, Qazılıq tağı,
Bitər ikən bitməz olsun!
Qaçar səniñ keyiklərin, Qazılıq tağı,
Qaçar ikən qaçmaz olsun, taşa donsun!
Nə biləyin, oğul, arslandanmı oldı,
Yoxsa qaplandanmı oldı?
Nə biləyin oğul, bu qəzalar saña nerədən gəldi?!
Ol gödəndə canın varsa, oğul, xəbər maña!
Qara başım qurban olsun, oğul saña!
Ağız-dildən bir qac kəlmə xəbər maña! – dedi” (4, 39).
Anasının səsinə oyanan Buğac onun Qazılıq dağına nahaqdan qarğış etməsinə dözmür. Çünki Buğac alqış və qarğışın (magik) gücünü bilir və anasının onun bu vəziyyətə düşməsində heç bir günahı olmayan dağa nahaqdan qarğış etməsini istəmir: “Boylə digəc oğlanın qulağına səs toqındı. Başın qaldırdı, yalabıdaq gözin açdı. Anasınıñ yüzinə baqdı. Soylamış, görəlim, xanım, nə soylamış:
Aydır:
Bərü gəlgil, aq südin əmdigim qadunım ana!
Ağ birçəklü, izzətlü, canım ana!
“Aqar” ayıda qarğamağıl,
Qazlıq tağının günahı yoqdur.
“Bitər” ayıda otlarına qarğamağıl,
Qazlıq tağının suçı yoqdur.
Qaçar keyiklərinə qarğamağıl,
Qazlıq tağının günahı yoqdur.
Arslanla qaplanma qarğamağıl,
Qazlıq tağının suçı yoqdur.
Qarğar isən, babama qarğa,
Bu suc, bu günah babamdandır, – dedi.
Oğlan yenə aydır: “Ana, ağlamağıl, maña bu yaradan ölüm yoqdur, qorxmağıl! Boz atlu Xızır maña gəldi, üç kərrə yaramı sığadı, “Bu yaradan sana olum yoqdur; dağ çicəgi, anañ südi saña mərhəmdir, – dedi” (4, 39).
Süjetin bu hissəsini magik görüşlər baxımından təhlil etdikdə aşağıdakı qənaətləri əldə edirik:
1. Oğlunun bu vəziyyətə düşməsində Qazılıq dağının vəhşi heyvanlarını (aslanları, qaplanları) günahkar bilən ana dağa qarğış edir. Burada magik söz kultunun rolu üzə çıxır. Oğuzlarda ana müqəddəsdir. Onlar “Ana haqqı – Tanrı haqqı” deyirlər. Bu cəhətdən anaların qarğışı magik gücə malikdir. Ana öz qarğışı ilə dağı quruda, onu cansız quru torpağa-daşa çevirə bilər.
2. Ana alqış və qarğışının (magik) gücünü yaxşı bilən Buğac ananın nahaq qarğışından qorxur. Bu da magik söz kultunun oğuz düşüncəsi üçün səciyyəvi olduğunu göstərir.
3. Xızırın yaranı üç dəfə sığaması və ana südü ilə dağ çiçəyini məlhəm olaraq göstərməsi də magik görüşlərə əsaslanır. Ana südü və dağ çiçəyinin hər ikisi magik ana kultunun gücünü ifadə edir. Ana – doğucu, həyatverici varlıqdır. Dağ da torpaq kimi ana hesab olunur. Bu baxımdan ana südü ilə dağ çiçəyindən hazırlanan dərman cəmiyyətin və təbiətin gücünü özündə birləşdirən sehrli (magik) dərmandır.
Məhərrəm Cəfərli ananın dağa qarğış etməsini ritual-mifoloji kontekstdə təhlil edərək burada bütöv bir magik-ritual aktının olması qənaətinə gəlmişdir. O yazır: “Göründüyü kimi, Buğacın anası bəd dua edir, yəni Qazılıq dağını qarğışlayır. Onun dağa qarğış etməsi tədqiqatçı üçün, əslində, yalnız qarğışın özü ilə əlamətdar deyildir. Burada bütöv ritual-mifoloji situasiya təsvir olunur. Daha doğrusu, magik-ritual situasiyanı biz epikləşmiş formada öz dinamik təfərrüatı ilə görürük” (2, 358).
Doğrudan da, müəllifin bu fikri ilə razılaşmamaq olmur. Axı hər bir magik element bütün hallarda magik ritual aktının tərkib hissəsidir. Əgər ana dağı qarğayırsa, demək, bu bədii epizodun altında bütöv bir magik ritual durur. Ona görə ki, hər bir magik akt ritual sisteminə daxildir. Süjetə bir qədər dərindən nəzər saldığımızda M.Cəfərliyə haqq verib, burada magik ritualı təşkil edən bütün elementlərin “yerində olduğunu” təsdiq etməli oluruq.
Müəllif öz fikrinə davam edərək qarğama prosesinin magik strukturunu aşağıdakı kimi müəyyənləşdirmişdir: “Qarğama prosesi Ana ilə Dağ arasında gedir. Bu prosesin semantik dinamikası Anadan Dağa doğrudur. Yəni bəd dua, mənfi söz Anadan çıxır, onu qəbul edən isə Dağdır. Beləliklə, qarğamanın strukturu iki əsas elementdən (göndərən və qəbul edən) ibarət olmaqla üzə çıxır:
Dostları ilə paylaş: |