Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,74 Mb.
səhifə83/110
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#104066
1   ...   79   80   81   82   83   84   85   86   ...   110
Ключевые слова: любовные эпосы, трансформация будучи близнеца, двоюродный сестра-двоюродный брат близнецов, брендированные близнецы.

Məsələnin qoyuluşu: Mifologiyada və məhəbbət dastanlarında əkizlik kon­septinin transformasiyalarına geniş şəkildə rast gəlinir. Bu cəhətdən, “Arzı və Qənbər” dastanı əmiqızı və əmioğlu münasibətlərinin əkizlər mifi baxımın­dan öyrənilməsi üçün geniş material verir.

İşin məqsədi: Tədqiqatın aparılmasında əsas məqsəd əkizlər mifinin transformasiyalarını məhəbbət dastanları əsasında araşdırmaqdır.
Məhəbbət dastanlarında əkizlik konseptinin transformasiyalarını iki qardaş (şah-vəzir) əkizlər, əmioğlu-əmiqızı əkizlər, göbəkkəsmə nişanlı əkizlər və buta əkizlər kimi müşahidə edə bilərik.

Folklorumuzda əkizlik konsepti ilə bağlı müxtəlif obrazlar vardır. Bunların arasında əmioğlu-əmiqızı əkiz obrazlarının özünəməxsus yeri var. Əmioğlu-əmi­qızı əkizlər arasında olan münasibət sevgiyə əsaslanır. Miflərdən birində deyilir:

“Qədimlərdə çox gözəl, ağıllı, namuslu bir qız varmış. Bu qız öz əmisi oğluna adaxlı imiş.

Qızın toy günü olur. Onun əl-ayağına xına qoyurlar.

Hamının başı həyət-bacada toy işlərinə qarışır. Qız təkcə yengə ilə evdə oturubmuş. Bu vaxt çoxdan bəri qızı izləyən, onu ələ gətirməyə çalışan başqa bir oğlan başının dəstəsi ilə içəri girir. Yengənin əl-ayağını, ağzını bağlayıb yerə yıxırlar. Qızı da götürüb dağlara qaçırlar.

Qız nə qədər dartınır, qışqırır, yalvarır ona qulaq asan olmur. Hər yerdən əlacı kəsilən, əli üzülən qız üzünü göyə tutub deyir:

Tanrı, məni quş elə.

Qanadı gümüş elə.

Eldə rüsvay eləmə.

Dağda günüm xoş elə.

Daşlara yoldaş elə.

Qız onu deyən kimi dönüb kəklik olur, pırıltı ilə uçub çəmənliyə düşür.

Qızın əl-ayağı xınalı olduğu üçün, kəkliyin də ayağı xınalı olur” (2, 68).

Mifdə göründüyü kimi qız əmisi oğluna sadiq qalmaq, öz namusunu qorumaq üçün quşa dönür. Ümumiyyətlə, əmiqızı və əmioğlu arasında olan mü­na­sibətlər ailə bağlarının nə qədər möhkəm olduğunu göstərir. Bəzən cəmiyyə­ti­mizdə əmiqızı ilə əmioğlunun ailə qurmasına pis baxılır, yəni, onların gələcəkdə övlad sahib olmalarında problem yaranma məsələsi önə çəlkilir. Əslində, bu məsələ elmi cəhətdən də təsdiq olunur ki, əmiqızı-əmioğlu arasında qurulan ni­gah­da övladın dünyaya gəlməsi problemi yaranır. Bu da qan qohumluğu, qanın eyni olması kimi göstərilir. Və yaxud da əmiqızı və əmioğlu nigahında övlad olsa da, ata-ana arasında olan münaqişələr bütün ailəyə və qohumluğa təsir edir.

İndi isə mif mətninə əkizlər mifi konsepti baxımından yanaşaq. Əvvəlcə süjeti mənalı hissələrinə ayıraq:

– Oğlan və qız qan qohumlarıdır. Bu, onların əzəl başdan bağlılığını, birgəliyini göstərir.

– Toy qızla oğlanın birliyini həyata keçirməlidir.

– Antiqəhrəman (düşmən) bu birliyi pozmaq istəyir: qızı qaçırır.

– Namusunu qoruyan qız Allahdan onu quşa çevirməyi diləyir.

– Allah qızı ayağı xınalı kəkliyə çevirir.

Bu mətn miflərin tematik tipologiyası baxımından kosmoqonik mif, yəni yaradılış mifidir. Funksiyasına görə etiolojidir, yəni kəklik quşunun necə yaranmasını izah edir. Yaradılış mifinin əsasında əkizlər mif modeli durur.

İlk baxışdan belə bir təəssürat yaranır ki, burada oğlan və qızın əmioğlu-əmiqızı olaraq əkizlər modelini təmsil etməsi sanki təsadüfdür. Yəni əvvəldə əkiz qəhrəmanlardan bəhs olunsa da, süjetin davamında oğlan yoxdur, yalnız qız var. Ancaq məsələ belə deyil.

Mifologiyada yaradılış üçün hökmən kişi və qadın başlanğıclarının olması vacibdir. Sonda yaranış var: kəklik quşu yaranır. Bu yaranışın əsasında kişi (əmioğlu) və qadın (əmiqızı) başlanğıcları durur. Onlar birləşməsə, yeni yara­dılış (kəklik) baş verməz. Bunu bir qədər də geniş izah edək.



Belə bir deyim var: “Əmioğlu ilə əmiqızının kəbini göydə kəsilib”. Bu o deməkdir ki, onlar hələ dünyaya gəlməmişdən potensial ər-arvaddırlar. Demək, on­ların real həyatda evlənə bilib-bilməmələrindən asılı olmayaraq, onlar kəbinli, yəni ər-arvad olaraq qalırlar. Bu halda antiqəhrəmanın qızı qaçırması mifin mən­tiqini poza bilməz. Qızın kəkliyə çevrilməsi ondan kəkliyin yaranması, başqa söz­lə, doğulması deməkdir. Mifologiyada hər bir yeni element zahirən görünüb-görünməməyindən asılı olmayaraq, doğuluş yolu ilə yaranır. Diqqət edək.

Kəkliyə oğlan yox, qız çevrilir. Qız – qadın başlanğıcını təmsil edir. Belə­liklə, əkizlər mifi burada yeni yaradılışın əsasında durur. Bu cəhətdən kəklik quşunun yaranması haqqında etioloji (izahedici) mif bilavasitə əkizlər mifi konseptinə bağlanır.

Azərbaycan folklorunda “Arzı və Qənbər” (1, 231) məhəbbət dastanını və bir sıra nağıl və hekayələri göstərə bilərik ki, əmiqızı, əmi oğlu münasibətləri orda öz əksini tapmışdır.

Qeyd edək ki, Azərbaycan folklorunda göbəkkəsmə, yəni nişanlı əkizlər özü­nəməxsus yer tutur. Tarix boyu türk cəmiyyətində göbəkkəsmə məsələsi daim mövcud olmuşdur. Belə ki, yaxın dostlar, qardaşlar yeni doğulmuş uşaqlarını (yəni, qız və oğlan uşaqlarını) göbəkkəsmə edərək nişanlı elan edirlər. Uşaqlar böyüyüb evlənmə yaşına gəldikdə isə onları evləndirirlər. Amma uşaqlar böyüyüb evlənmə yaşına çatdıqda müəyyən problemlər ortaya çıxır. Belə ki, ya uşaqlar bir-birini sevmir, ya da valideynlər fikrini dəyişir. Buna görə də göbəkkəsmə hər zaman uğurlu olaraq ailələri mehribanlaşdırmır, hətta düşmən edirdi.

Məhəbbət dastanlarında nişanlı və göbəkkəsmə daha mənalı şəkildə izah olunur. “Arzı və Qənbər” (1, 231) dastanı bunun açıq nümunəsidir. Dastanda deyilir ki, Nadir və Qadir adlı iki tacir qardaşın övladı olmur. Bu qardaşlar yetim, yesirə, ehtiyacı olanlara əl tutaraq, elin duasını qazanırlar. Allahın izni ilə tacir qardaşlardan birinin yəni, Nadirin qızı, o birinin (Qadirin) oğlu olur. Qardaşlar böyük şadlıq qurdurlar. Ağsaqqal, qara saqqal, ağ birçək toplanıb oğlanın adını Qənbər və qızın adını Arzı qoyurlar. Hər iki qardaş and-iman, əhdi-peyman elədilər, göbək-kəsmə Arzını Qəmbərə nişan taxdılar. Qardaşlar uşaqları dayələrə tapşırırlar. Arzıynan Qənbər bir yerdə oynayırlar, bir yerdə gəzirlər və bir yerdə yeyib-içirdilər. Elə olmuşdular ki, bir-birilərindən ayrı dura bilmirdilər. Uşaqlar yeddi yaşına çatdıqda Qənbərin atası Qadir xəstələnib ölür. Dastanda göstərilir ki, Nadir qardaşını dəfn-kəfn edəndən sonra arvadına tapşırır ki, Qənbərə elə baxsın ki, özünü dədəsiz hesab etməsin. Arzını bir istəyəndə onu iki istəməlisən.

“Nadir Arzıynan Qənbəri mollaxanaya oxumağa qoydu. Arzıynan Qənbər oxumağa fikir vermirdilər. Onların fikirləri sevişməkdə, söyləşməkdə idi. Qol-bo­yun mollaxanaya gedirdilər, qol-boyun da evə gəlirdilər. Bir gün molla Arzıya deyir:

– Qızım, iki məhəbbət bir yerə sığışmaz. Gərək birini tutasan o birini buraxasan. Ya dərs oxu, ya da əmin oğlu Qənbərə ərə get. Bir də ki, nə bilirsən, bəlkə, sən onu sevirsən, o səni sevmir, elə belə gəzmək istəyir. İndi mən səni öyrədim, sən onu sına, gör səni ürəkdən sevir, ya yox. Qızım, dərsdən çıxanda apar bilərziyini qoy bulaq başında. Gözlə Qənbər gəlsin. Əgər, Qənbər bilər­ziyini götürüb, öpüb gözünün üstünə qoysa, bil ki, o da səni sevir. Yox öpmədi, götürüb kənara atdı, bil ki, səni sevmir.

Qız molla dediyi kimi edir, bilərziyi aparıb qoyur bulaq başına və gizlənir. Qənbər onun dalınca bulağa gəlir. O, Arzının bilərziyini görüb, götürür öpüb gözünün üstünə qoyur. Arzı bunu görən kimi, Qənbərin gözünə görünmədən, başqa yolla evlərinə gedir” (1, 232).

Bir gün Nadir gedir mollanın yanına soruşsun ki, uşaqlar məktəbdə necə oxuyur? Molla gülümsünüb deyir:

“– Tacir, uşaqlar oxumağı o qədər yox, sevişməyi yaxşı bilirlər.

Tacir bərk tərlədi, hirsindən burnundan tüstü qalxdı. Tərini silib dedi:

– Aha belə imiş. İndi mən nə cürə eləyim, molla?

Molla dedi?

– Çarəsi budur ki, sən bunları götür apar evə. Bunlardan oxuyan çıxmaz. Bunlar bir-birilərinə aşiqdirlər, toylarını elə.

Nadir tacir bərkdən Arzıynan Qənbərə dedi:

– Durun yığışdırın şey-şüylərinizi, gedək evə. Evdə başınıza oyun gətirəcəyəm.

Nadir tacir bunları mollaxanadan çıxarıb gətirir evə. Evdə Qənbərə dedi:

– Quzuları aparıb axşama kimi hər gün otararsan. Sənin işin bu.

Arzıya da dedi:

– Sənin də işin ev çöl, bulaqdan su gətirmək, xırda, böyük işlər olacaq” (1, 232).

Verilən tapşırıqlar aşiqlərin bir-birini tez-tez görməsinə imkan vermirdi. Onlar lap yanıb qovrulurdular. Bir gün Arzı bir yol tapıb bulaqdan su gətirməyə gedir və qəsdən bilərziyini orda qoyur. Sonra nənəsinə deyir ki, bilərziyim bulaq­da düşüb gedim gətirim. Nənəsi tapşırır ki, Qənbəri görsən danışma. Arzı bulağa gəlir görür ki, Qənbər yaxınlıqda quzuları otarır. Aşiqlər qucaqlaşıb doyunca dərdləşirlər. Arzı evə gələndə nənəsi onu olüncə döyür. Axşam Nadir evə gələndə arvad beş-onunu da üstünə qoyub əhvalatı ona danışır. Nadir bərk hirslənir:

“– Verdiyim əhdi, göbəkkəsməni pozuram. Arzını Qənbərə verməyəcəyəm.

Arvad dedi:

– Axı başı batmış qız da onu sevir.

Nadir tacir dedi:

– Bəs nə çarə?

Arvad dedi:

– A kişi, küp qarısının cadusu, əfsunu daşdan keçir. Onu çağırarıq, pul basarıq ovcuna, ya aralarını vurdurar, ya da başını batırar.

Nadir tacir dedi:

Atan rəhmətlik, çarəsi elə budur. Tez küp qarısını çağır” (1, 235).

Küp qarısının elədiyi çarələrdə Arzınan Qənbəri ayıra bilmədi. İşi belə gö­rən küp qarısının məsləhəti ilə Arzı tacir Qulu xanın böyük oğluna nişanlayırlar. Tacir Qulu xanın on beş ərgən oğlu var idi, özü də padşah kimi zəngin idi.

Bunu eşidən Qənbər çox pis olur, artıq heç bir şey edə bilməyəcəyini Arzıya deyib, xudafizləşib əcəm vilayətinə gedir.

Əcəm şahının yanına gəlib əhvalatı ona danışır. Əcəm şahı Qənbərin haqq aşığı olduğuna inanır və ona qoşun verib deyir ki, gedin aşığın sevgilisini alıb özünə verin. Bundan xəbər bilən küp qarısı tez Arzının anasına halva çaldırıb oturur yolun üstündə. Gəlib-gedənə paylayır. Qoşun gəlib keçəndə onlarada verir və ağlayır. Qənbər soruşur ki, nə olub, niyə ağlayırsan?

Qarı yalandan ağlaya-ağlaya dedi:

– Kaş dədəsi, nənəsi öləydi, Arzı ölməyəydi. Dilim qurusun, dilim gəlmir deməyə, Arzı “Qənbər” deyə-deyə öldü. Getdi haqq evinə. Mən göz yaşı tökə-tökə onun ağız acısını-halvasını paylayıram.

Qənbər başına, gözünə döydü. Gözlərindən yaş yerinə qan tökdü, qoşunu geri qaytarıb dedi:

– Mən sizi Arzım üçün aparırdım. Arzım ki, ölüb, siz geri qayıdın” (1, 240).

Qənbər əmisigilə gəlir, görür ki, Arzı sağdı sevindiyindən ağlayır. Arzı da Qənbəri görüb çox sevinir. Amma toy günü idi. Arzı xına otağına apardılar ki, bəzəsinlər. Qənbər qapıda durub, ağı deyirdi:

Hey hökülsün, hökülsün,

Qarlı dağlar sökülsün.

Arzını bəzəyənin

On barmağı tökülsün.
Mən Qənbərəm Dağ kimin,

Titrəyən yarpaq kimin,

Arzını bəzəyəni

Qara geysin zağ kimin” (1, 242).

Qənbərin ağısı bitən kimi məşşatənin birinin barmaqları quruyur, birinin evi uçur. Vəziyyəti belə görən arvadlar deyir ki, qoyun Qənbər özü qızı bəzəsin, əmisi oğludur heç nə olmaz. Qənbər isə bir şərtlə qızı bəzəyəcəyini deyir, qıza hər paltar geydirəndə bir öpüş alacağam. Arvadlar razılaşır ki eybi yoxdur, heç nə olmaz, əmisi oğludur, qoy öpsün.

Gəlini aparmağa gələn atlara da Qəmbər ağı deyir, atların beli sınır. Axırda, Qənbər öz atı ilə aparır gəlini bəy evinə. Gəlini bəy otağına aparanda da Qənbər ağı deyib, ac-susuz çıxıb gedir çay qırağına:

Mənnən olan geriyə,

Getməsin irəliyə,

Arzım girən evləri,

Gecə afat bürüyə (1, 244)

Qənbərin bu ahından sonra Arzının girdiyi otağın ortasından böyük bir çay əmələ gəlir. Gəlin çayın bu üzündə, yeznə o üzündə qalır. Bəy Arzının yanına getmək istəyəndə çaya düşür ölür. Bunu eşidən tacir Qulu xan oğlunun meydini başqa otağa aparır. O biri, on dördüncü oğluna Arzının kəbinini kəsdirir. Bu oğlu da çaya düşür ölür. Beləliklə, tacir Qulu xanın on beş oğlu da Arzının yanına gedəndə ölür. Tacir Qulu xan qırx gün yas saxlayıb, molla çağırıb, Arzının kəbinini özünə kəsdirir.

Bu zaman Arzı otaqda darıxıb dama çıxdı və gördü ki, Qənbər çayın qırağında ölüb. Tez ora getdi. Qənbəri qucaqlayıb, üz-gözündən öpdü, ah çəkib o da orada öldü. Küp qarısı gəlib tacir Qulu xandan Arzı soruşdu. Qulu xan Arzının gəlin otağında olduğunu deyir. Arzı otaqda tapmayan tacir Qulu xan dama çıxır və görür ki, aşiqlər qucaqlaşıb çay qırağında ölüblər.

Dastanın sonunda həm Qulu xan, həm də küp qarısı ölür. Amma əmiqızı-əmioğlu olan Arzı və Qənbər Hızırın sayəsində dirilirlər. Bu da dastanda olan dərin məhəbbətin ölməz olmadığını göstərir.

İndi isə dastanın süjetinə əkizlər mifi kontekstində yanaşaq:

– Dastanın süjeti bütövlükdə əkizlər mif süjetinin epik süjetə transfor­masi­yasıdır.

– Dastanın süjeti epik təfərrüatlarla zənginləşdirilsə də, burada əkizlər mif süjetinin sxemi tamamilə öz yerindədir.

– Dastanın süjeti bütövlükdə əkizlər mifinin məntiqini özündə qoruyur.

– Arzı və Qənbər həm əmioğlu-əmiqızı, həm də göbəkkəsmə nişanlılar kimi əkizlər modelini təcəssüm etdirirlər.

– Onların antaqonistlər (molla, Arzının atası, nənəsi, küp qarısı, Tacir Qu­lu, onun on beş oğlu) tərəfindən ayrılmasına edilən cəhdlər də kosmosla xaos ara­sındakı mübarizəni əks etdirməklə mifin kosmoqonik (yaradılış) məntiqinə tamamilə uyğundur.

– Arzı ilə Qənbərin nişanlı olması – kosmosu, onların bir-birindən müvəq­qəti ayrılması – xaosu, qəhrəmanların ölməsi isə – xaosdan kosmosa keçidi bildirir. Heç təsadüfi deyildir ki, Arzı ilə Qənbər axırda dirilirlər. Bu, yeni ya­radılışı soimvolizə edir.



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin