Çənlibel sözünün etimologiyasına gəldikdə isə, deməliyik ki, folklorşünasların böyük əksəriyyəti bu sözü çənlə örtülü dağ beli, danın söküldüyü bel kimi izah etmişdir.
Tədqiq etdiyimiz variantlarda Çamlıbеl/Çəmlibеl şam ağacları ilə örtülü dağ kimi düşünülür: “...Osmanlı ölkəsinin Ərzurum vilayəti yaхınlığında Baybur dağlarının yüksək və düzlük çəmənliklərini örtən qayət dərin (böyük) mеşəliklər varmış. Bu mеşəliklərin təbii yaradılışı olduqca şairanə olub ağacı da ancaq çam (şam) ağacı imiş; bеlə ki, çam ağacından başqa, bir bitki də olsa ağac adını alan yoх imiş… [21, s.131]; “Aradan aylar gеçmişti, günlеrdеn birgün Bingöl yaylasına gеldilеr. Ulu dağların hеr tarafi orman, mеşе, çam dolu. Dağlar arasında bir çam ağacı altında inip, baba oğul (Koroğlu və atası – E.İ.) oturdular…” [7, s.24].
Hənəfi Zeynallı “Koroğlu”dan danışarkən “Çamlıca”, “Çamlı dağ” terminlərini işlədir, Çamlı dağın mühüm rolunu diqqətə çatdırır və bu baxımdan dastandan beş bəndlik bir şeiri nümunə gətirir: “... Aşağıdakı bu bir-iki parça... “Çamlı dağ”ın mühüm rolundan bəhs olunduğunu da göstərə biləcəkdir” [34, s.233].
Tədqiqatçının nümunə üçün verdiyi şeir parçasının aşağıdakı bəndinə diqqət yetirsək, görərik ki, Çamlıbel deyəndə ətrafı meşəli dağ nəzərdə tutulur:
Meşədən enərkən Çamlı dağından,
Çəkinməyin həramıdan yağıdan.
Səflər pozan, düşmənləri dağıdan
Öndəki, düşməndən xəbardar olsun.
Mirəli Seyidov “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı əsərində Çənlibelin etimologiyasından danışır və bu sözün türk xalqlarının bəzilərində ağacla bağlı yarandığını diqqətə çatdırır [29, s.280].
Qəzənfər Paşayev “Kərkük folklorunun janrları” kitabında Çənlibel əvəzinə, Çəmlibel variantını qəbul edir və Çəmlibelin ətrafı meşəli dağ anlamına gəldiyini vurğulayır: “Çənlibel sözünün etimologiyasına gəldikdə isə deməliyik ki, folklorşünaslarımız bu sözü “çənlə örtülü dağ beli”, “danın söküldüyü bel” kimi izah etmişlər. Lakin tarixdən məlumdur ki, xalq qəhrəmanları adətən zülmkarlara, istismarçılara, hakimlərə qarşı mübarizə aparmaq üçün dəstəsini yığıb, ətrafı meşəli dağlarda məskən salmışlar. Koroğlu da belə etmişdir... Kərkük dolaylarında bu gün belə meşə sözü əvəzinə “çəm” işlənir. Bundan başqa, bu dialektdə böyük ağaclara “çəm ağacı” – meşə ağacı deyirlər. Beləliklə, Çənlibelin “Çəmlibel”– meşəli bel, ətrafi meşəli dağ olduğu fikrini söyləmək olar” [29, s. 280].
Bu toponimin etimologiyası ilə əlaqədar bir faktı da diqqətinizə çatdıraq: Deniz Karakurt “Türk Söylence Sözlüğü” (Türk əfsanə sözlüyü) adlı kitabında “Koroğlu” dastanındakı Çənlibel/Çamlıbel yer adını türk mifologiyasında dağ ilahəsi kimi tanınan Çenbil xanımın (Çembil/Çenbil/ Cenbil olaraq da adlandırılmışdır) adı ilə bağlayır, Koroğlunu qoruyan bu dağ ilahəsinin zaman içərisində bir yer adına çevrildiyindən və bu sözün birinci komponentinin dumanla örtülü yer, günəşin doğduğu yer mənalarını da bildirdiyindən söz açır: Çembil – dağları koruyan bir tanrıçadır. Köroğlu destanındaki Çenlibel/Canlıbel/Çamlıbel yer adıyla yakından ilgilidir. Köroğlu’nu koruyan bu dağ tanrıçası zaman içerisinde bir yer adına dönüşerek daha gerçekçi bir motife bürünmüştür. Azerilerin “Köroğlu” Destanında Çenlibel olarak geçen dağın adı, söylencenin Anadolu’daki versiyonunda Çamlıbel olarak yer alır. Cembil bazen de Köroğlu’nun annesinin adı olarak ifade edilir doğrudan....Anlam:(Çin/Çim/ Çem/ Cem/ Çen). Dumanla kaplı yer, Güneş’in doğduğu yer gibi anlamları vardır” [17, s.90]. Tədqiqatçının bu versiyası bizə qətiyyən inandırıcı görünmür. Zənnimizcə, bu toponimin mifologiya ilə heç bir əlaqəsi yoxdur, etimoloji izahı düzgün verilməmişdir.
Araşdırmalardan görünür ki, tədqiqata cəlb etdiyimiz variantlarda adın məna çalarlarına görə Çənlibel çənli, çiskinli bir dağ beli, Çamlıbel/Çəmlibel/Şamlıbel isə şam ağacları ilə örtülmüş, əhatə olunmuş yer anlamlarına gəlir.
Göründüyü kimi, bu ərazinin – Koroğlu məkanının adı iki komponentdən ibarətdir:çənli-bel/çamlı-bel/şamlı-bel. Bu sözlərdəki birinci komponent çənli çən olan, çən basmış, dumanlı, sisli [4, s. 467], çamlı/şamlı şam ağaclı (çam - şam ağacı [25, s.98]); ikinci komponent olan bel isə Azərbaycan dilində hündür dağın iki arasındakı əyilmiş yer və alçaq keçid; dövrə, ətraf [4, s. 255], türk dilində dağ ətəyi, geniş dağ aşırımı, iki dağ arasındakı yamac [25, s.70] mənalarını da bildirir.
Dostları ilə paylaş: |