Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,03 Mb.
səhifə88/92
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104117
1   ...   84   85   86   87   88   89   90   91   92
Ключевые слова: стихи эпоса «Аббас-Гюлгез», стихов исследо­вания, стихов издание, издания состояние
“Abbas-Gülgəz” dastanının şeirlərinin toplanması və nəşri sahəsində bir çox işlər görülüb. S. Mümtaz, H. Əlizadə, A. Dadaşzadə kimi tədqiqatçıların əməyi danılmazdır. Bu sahədə ən sistemli iş H. Əlizadəyə aiddir. O, Abbas Tufarqanlıya aid etdiyi müxtəlif şeirləri toplayıb 1929, 1930, 1935, 1937-ci illərdə nəşr etdirdiyi kitablarına daxil etmişdir (3; 4; 8; 9). “Azərbaycan aşıqları” “Abbas-Gülgəz” dastanının şeirlərinin dərc olunduğu ilk kitabdır (8; 9). Həmin kitabın 107-119-cu səhifələrində “Duharkanlı Abbas” başlığı altında iyirmi beş şeir dərc edilib. Bu şeirlərdən on altısı qoşma, səkkizi gəraylı, biri vücudna­mədir. Şeirlər adları ilə verilmir, rəqəmlərlə göstərilir. Təkcə bir vücudnamə “Meracnamə” adı ilə verilir. Həmin şeirlərdən “İnciməsin” (beş bənd) qoşması “Əsas” və Şirvan versiyasına, “Bir də yaz” (üç bənd) qoşması “Əsas versiya” və “Abbas” dastanına aiddir. Qalan on doqquz şeir yalnız Əsas versiyaya aid olan şeirlərin variantlarıdır. “Meracnamə” başlığı ilə verilən yetmiş dörd misralıq vücudnamə, “Bir özgəsinə” (dörd bənd), “Nə gözəl imiş” (altı bənd) rədifli qoşmalar, “Mən” rədifli gəraylı (üç bənd) dastanın əldə etdiyimiz versiya və variantların heç birində səslənmir. Bunlardan təkcə “Nə gözəl imiş” qoşmasının beş bəndlik variantı sonradan “Azərbaycan aşıqları” (10, 68), “Tufarqanlı Abbas. 72 şeir.” (31, 29), “Azərbaycan aşıqları və el şairləri” (11, 87) kitab­larında dərc edilib. Bu kitabların hər üçündə şeirin variantları eynidir. H. Əli­zadənin nəşr etdirdiyi “Meracnamə” şeirini (8, 112-113) M. Təhmasib sənət­karlıq baxımından Aşıq Abbasın başqa şeirlərindən zəif hesab edir, onun şeiri olmasına şübhə edir. Belə bir şeiri M. Təhmasib, Abbas kimi qüdrətli bir şairin adına bağlamağı münasib görmür: “əlli səkkiz misradan ibarət olan “əvvəl-axır”, yaxud “vücudnamə”də əsil mənasında nə vəzn var, nə qafiyə var, nə də bədii təfəkkürdən əlamət var. Süni, zorakı, quru sözlər yığınından ibarət olan bu “şeir”in hətta şəkli də məlum deyildir (30, 256).

“Azərbaycan aşıqları” kitabının ikinci nəşrinin 5-7-ci səhifələrində (9, 5-7) “Divarkanlı Abbas” başlığı altında iyirmi iki şeir yer alır. Bunlardan beşi gəraylı, on yeddisi qoşmadır. Bu şeirlər də adları ilə verilmir, amma birinci nəşrdən fərqli olaraq, rum rəqəmləri ilə sıralanır. Bu kitabdakı şeirlərdən yalnız ikisinin variantına birinci nəşrdə rast gəlirik. Amma bu variantlar arasında kifayət qədər fərq var. Görünür, müəllif bu səbəbdən eyni şeirin ikinci nəşrdə də verilməsini gərəkli bilib. Sözügedən kitabdakı şeirlərdən birinə dastanın heç bir versiya və variantında rast gəlmirik. Bu şeir qoşma şəklindədir, üç bənddən ibarətdir. “Başına döndüyüm alagöz Pəri!” misrası ilə başlayır, “-ab” hissəcikli sözlərlə qafiyələnir: “inqilab”, “niqab”, “qurab”, qaimul əzab” ( kitabda “inkilab”, “nikab”, “gurab”, kaimul əzab” şəklində verilir). Bu şeirin bir variantı sonrakı illərdə müxtəlif kitablarda (10, 64), “Tufarqanlı Abbas.72 şeir.” (31, 42) nəşr edilib. Qoşmalardan ikisi – “İnciməsin” (dörd bənd), “Qaşların” (üç bənd) qoşmaları “Əsas” və Şirvan versiyasının ortaq şeirlərindəndir. Şeirlərin yerdə qalan on doqquzu isə ancaq Əsas versiyada səslənən şeirlərin variantlarıdır.

H.Əlizadənin növbəti kitabı 1935-ci ildə dərc edilib (3, 3-28). Müəllif Aşıq Abbas Tufarqanlıya aid etdiyi qırx beş şeiri bu kitabda dərc etdirib. Şeirlər sıra nömrələrilə deyil, öz adları ilə verilib. Təkcə bir qoşma adı ilə verilmir, “Aşdı da getdi” qoşmasının ardınca verilir. Həmin şeir “Gönül bir cananın sevdasındadır” misrası ilə başlayan dastanın geniş yayılmış qoşmalarındandır. Qalan şeirlərdən biri təcnis, (“Yara yüz” üç bənd), biri cığalı təcnis (“göz ala” rədifli “Cahan” başlıqlı təcnis, üç bəndlik), onu gəraylı, otuz dördü qoşmadır. Bu şeirlərdən on dördü 1929-cu il nəşrində, on dördü 1930-cu il nəşrində, ikisi hər iki nəşrdə təkrar dərc edilib, on beşi ancaq 1935-ci il nəşrində verilib. Həmin kitabda verilən şeirlər, əsasən, “Əsas versiya”nın şeirləridir. Bunlarla yanaşı, dastanda olmayan şeirlərə, bütün versiyalarda səslənən şeirlər də var. Cəmi altı şeir versiyalar üçün ortaqdır: “İnciməsin” (beş bənd), “Qaşların” (üç bənd), “Cahan” (üç bənd) qoşmaları “Əsas” və Şirvan versiyalarında, “Yaz” (üç bənd) qoşması “Əsas versiya” və “Abbas” dastanında, “Gülgəz” (üç bənd), “Bəyən­məz” (altı bənd) qoşmaları isə bunların hər üçündə səslənən şeirlərdəndir.

H.Əlizadə 1937-ci ildə yetmiş doqquz şeiri toplayıb nəşr etdirmişdir (4, 5-52). Şeirlər öz adları ilə verilir. Həmin şeirlər “Aşıqlar” kitabının 6-52-ci səhifələrində yer alır. Bunlardan biri vücudnamə, biri təcnis, biri cığalı təcnis, iyirmi biri gəraylı, əlli altısı qoşmadır. Vücudnamə “Ustadnamə” adı ilə verilir, əlli səkkiz misradan ibarətdir. Bu, əvvəlki nəşrlərdə yer almış vücudnamə ilə eynidir. Bu şeirlər, əsasən, “Əsas versiya”ya aid olan şeirlərdir. Onlar arasında özündən əvvəlki nəşrlərdə dərc edilmiş şeirlər də yer alır.

S. Mümtaz H. Əlizadədən də əvvəl el şairlərinin şeirlərini, o cümlədən Abbas Tufarqanlıya aid etdiyi bir neçə şeiri toplayıb 1927-1928-ci illərdə nəşr etdirmişdir. Bu kitab bir az da təkmilləşdirilərək 1935-ci ildə dərc olunmuş, daha sonralar Cənnət Nağıyeva və Tahirə Nurəliyevanın müəllifliyi ilə transliterasiya edilmişdir (22). 2005-ci ildə A. Mirzə iki cildliyi bir cild halında, bütün izah, qeyd, şərh və ön sözlə birlikdə nəşrə hazırlayıb (21). Həmin kitabda Tufarqanlı Abbasa aid edilən şeirlərin sayı H. Əlizadənin topladığından çox azdır. Dastanın məşhur şeirlərindən olan “Sındırar” (üç bənd) (21, 23) “Qalmasın” (üç bənd) qoşması, “Gözlərəm səni” (üç bənd), “Mən dönərəm, könül dönməz” (dörd bənd), “Məni” (dörd bənd) (21, 23) gəraylıları bu kitabda yer alır. “Qalmasın” qoşması “Əsas versiya”nın bir çox variantında səslənən eyni şeirin variantıdır. “Gözlərəm səni” gəraylısı Şirvan versiyasaının hər iki variantında, “Mən dönərəm, könül dönməz” gəraylısı isə “Əsas” və Şirvan versiyasının variantlarında səslənən şeirlərdəndir. Kitabda bu şeirlərin müəllifi Tufarqanlı Abbas yox, Zəgəmli Abbas olaraq göstərilir. Buradan çıxış edərək, hesab etmək olar ki, Zəgəmli Abbas adına verilən digər şeirlər də “Abbas-Gülgəz dastanı”na aid ola bilər. Həmin şeirlərlə yanaşı üç bəndlik “Ağlayıbdır” gəraylısı da verilir. Şeirin möhürbəndində Abbasın adı çəkilir: Abbasam, köçdüm yurdumdan (kitabda: Abbasəm kocdym jurdumdan). Bu şeirin də müəllifi Zəgəmli Abbas kimi qeyd edilir (22, 121-124). Amma nə dastanın variantlarında, nə də şeir toplularında bu gəraylıya rast gəlməmişik. “El şairləri” kitabında Bayatlı Abbas adı altında bir neçə şeirə rast gəlirik (21, 40-41). Bu şeirlərin möhürbəndində Bayat Abbas, ya da Bayatlı Abbas verilir. Paşa Əfəndiyev Aşıq Abbas Tufarqanlının təxəllüsünün bir neçə şeirində Bayat Abbas şəklində də işləndiyini bildirir (23, 188). Ancaq bu şeirilərin Abbas haqqında dastanın heç bir variantında olmadığını nəzərə alsaq, onların Aşıq Abbas Tufarqanlıya aid olmasına ehtiyatla yanaşmaq lazımdır. Həmin şeirə verilən qeydlər də bu fikri təsdiqləyir. Tərtibçi A. Mirzə göstərir ki, tədqiqatçı M. Yarəhmədovun fikrincə, Bayatlı Abbas, yaxud Abbas Bayat, Abbas Bayatlı Dərbənd yaxınlığındakı Süleyman Stalski mahalının Kürə kəndində XVI yüzillikdə doğulub yaşamışdır. S. Mümtaza görə də bu, müxtəlif vaxtlarda Dərbəndə səfər edib şeirlər yazmış Tufarqanlı Abbas deyil, ondan xeyli əvvəl yaşamış aşıqdır (21, 277). Bunlardan əlavə, həmin kitabda “Əsas versiya”nın məşhur “Görmüşəm” (üç bənd) (kitabda: “Görmişəm”) və qoşmalarına da rast gəlirik. Həmin nümunələr də Aşıq Abbasın adına verilir. Qeyd edəki, S. Mümtaz, H. Əlizadənin adlarını çəkdiyimiz nəşrlərindən Q. Namazov da məlumat vermişdir (26, 60- 62)

Ə.Axundov (29, 11-14), S.Axundov (5, 23-47; 6, 11-32), İ.Tapdıq (7, 10-16), C.Qəhrəmanov, P.Kərimov və s. müəlliflərin kitablarında da Abbas Tufar­qanlıya aid edilən şeirlər dərc olunmuşdur. Bu şeirlər dastanın ən çox nəşr edilən məşhur şeirləridir.

İlyas Tapdığın tərtib etdiyi “Aşıqlar” kitabında cəmi bir şeir - üç bəndlik “Göz dəyər sənə” qoşması özündən əvvəlki topluların heç birində dərc edil­məyib. Həmin şeirə təkcə dastanın Aşıq Səməd Həkimi (ASH) variantında rast gəlirik. Sözügedən variantın nəşr olunduğu kitabda bu qoşmanın Qurbaniyə aid olduğu qeyd edilib (1, 134) S.Axundovun tərtib etdiyi “Aşıqlar” kitabında (5, 17) və Əhliman Axundovun tərtib etdiyi “Azərbaycan aşıqları və el şairləri” kitabında (11, 28) “Göz dəyər sənə” şeiri Qurbaninin şeirləri arasında yer alır.

“Abbas-Gülgəz” dastanına aid olan şeirlərin ən zəngin toplularından biri Araz Dadaşzadənin hazırladığı “Tufarqanlı Abbas. 72 şeir” kitabıdır (31, 7-79). Yetmiş iki şeir həmin topluda öz əksini tapır. Şeirlərin hamısı adları ilə verilir. Bunlar arasında da yeni toplanmış şeirə rast gəlmirik. Bu kitabda özündən əvvəlkilərdən fərqli olaraq, şeirlər qarışıq verilmir. Əvvəl qoşmalar, sonra gəraylılar və sonda bir cığalı təcnis verilir. Qoşmaların sayı əlli iki, gəraylıların sayı isə on doqquzdur.

Əhliman Axundovun tərtib etdiyi “Azərbaycan aşıqları və el şairləri” kitabında (11, 26-87) Abbas Tufarqanlıya aid şeir verilir. Bunlar arasında yeni toplanmış şeir yoxdur, əvvəlki nəşrlərdə verilən şeirlər yer alır.

“Abbas-Gülgəz” dastanına aid şeirlərin növbəti böyük toplusu “Azər­baycan aşıqları” kitabıdır. Yetmiş iki şeir arasında yeni toplanmışı və dastanın variantlarında olmayanı yoxdur.

Cahangir Qəhrəmanovun tərtib etdiyi “Azərbaycan klassik ədəbiyyatından seçmələr” kitabında da Aşıq Abbas Tufarqanlıya aid dastanın on altı məşhur şeiri nəşr edilmişdir (16, 284-292). Haqqında danışdığımız topluların heç birində şeirlərin nə vaxt və hansı aşıqlardan toplandığı, və ya hansı kitabdan götü­rüldüyü barədə qeydlər verilmir. Şeirlərin variantının olub-olmaması haqqında da heç bir qeydə rast gəlmirik.

“Dərbənd folklor örnəkləri” kitabında da dastanın bir çox variantında səslənən “Dərbəndin” rədifli şeirin səkkiz bəndlik variantı yer alır (19, 253, 254). Yuxarıda söz açdığımız nəşrlərdən fərqli olaraq, bu kitabda şeirin söy­ləyicisi göstərilir. O, Şəmkirli el aşığı Murad Niyazlıdır.

“Azərbaycan Yurd Bilgisi” dərgisində də “Abbas-Gülgəz” dastanından bir neçə şeir parçasına rast gəlirik. M. Sadıq Sənan “Azərbaycan saz şairləri” adlı məqaləsinin ikinci hissəsini Aşıq Abbas Tufarqanlının adına bağlanan dastandan gətirdiyi nümunələrə həsr etmişdir (28, 55-59). Bu məqaləni f.ü.e.d. A.Həsən­qızı yenidən nəşrə hazırlamışdır (25, 177-179). Həmin məqalədə üç şeir verilir.

“Azərbaycan Yurd Bilgisi” dərgisində prof. Əhməd Cəfəroğlunun “XVI əsr Azərbaycan saz şairlərindən Tufarqanlı Abbas” adlı məqaləsi dərc edilib (17, 100). Bu məqalədə müəllif “Abbas-Gülgəz” dastanına aid “Endir yerə kəcabəni mən görüm”, “Aman, əl-aman”, “Ay bu yanda dur” qoşmalarından, “Getdi” gəraylısından nümunələr dərc etdirib. Amma nümunə gətirilən bəndlərdən birinə heç bir variant və ya topluda rast gəlmirik:


Abbas deyər Pərim bir luqab atdı,

Camalını görsətdi günnü yuvatdı.

Hər iyidin də yarı yanına batdı,

Sevdim özgələrin qaşını bülbül

(17, 103)
“Doğu İllerimiz Ağızlarından Toplamalar I, Kars, Erzurum, Çoruh ilbaylıkları ağızları” kitabına da prof. Əhməd Cəfəroğlu Aşıq Abbasa aid etdiyi bir neçə şeiri daxil edib. Bunlardan “Yani ne”(üç bənd), “Öp” (iki bənd), “Yen­dir kecavanı goy yarı görüm” (bir bənd), “Gelin” (üç bənd) qoşmaları “Abbas-Gülgəz” dastanına aid olsa da, şeirlərdən ikisinə heç bir variant və ya topluda rast gəlmirik. Bunlardan biri “Amandı şah baba öldürme beni” misrası ilə bitən bir bənd qoşmadır:
Şah İsmail da atasına guzudu

Deyilenner bütün ara sözüdü


İyidin şöhreti iki gözüdü

Amandı şah baba öldürme beni

(18, 143)
Bu şeirə “Şah İsmayıl” dastanında da rast gəlmirik (14, 123-159). Bu şeirlərdən ikincisi isə bir qüsurlu bənddir (18, 143). Onun ilk iki misrası (Abbas deyer müselleye varmadan, El uzadıp gonça gülün dermeden) “Bu sabahları” qoşmasının Aşıq Mahmud Qasımoğlu (AMQ) və Aşıq Qara Mövlayev (AQM) variantlarının son bəndinin birinci, ikinci misralarıdır. Üçüncü misra isə böyük ehtimalla “Ola” rədifli şeirin bir misrasıdır (Birisi yarap benem, birsi kim ola).

H.Əlizadənin nəşr etdirdiyi şeirlər arasında da dastanda rast gəlmə­diklərimiz var. Həmin şeirlər “Alagöz Pəri”, “Bir özgəsinə”, “Nə gözəl imiş” qoşmaları, “Mən” rədifli gəraylı, “Əvvəl-axır” vücudnaməsidir. Bu şeirlərdən “Nə gözəl imiş” qoşmasını M. Həkimov Abbas Tufarqanlının şeiri olaraq nü­munə göstərir (24, 155). S.Mümtazın topladığı şeirlərdən “Qalmasın”, “Ağla­ram” qoşmaları, “Ağlayıbdır” gəraylısına da əldə etdiyimiz variantlarda rast gəlmirik. Çox ehtimal ki, bu şeirlər dastanın bizə məlum olmayan variant­larından götürülmüşdür. Aşıq Hüseyn Sai və Məhəmməd Əlipur Müqəddəmin topladığı şeirlər arasında da bizə məlum olmayan şeirlərə rast gəlirik. Bu şeirlər arasında Şah Abbasın Gülgəzi Abbasın əlindən almasından (2, 23), şah zül­mündən şikayətdən bəhs edən (2, 193) şeirlərdən əlavə, Kərbəla qırğınından, İmam Hüseyndən (2, 30-31), Fatimeyi-Zəhraya müraciətindən (2, 54,55) bəhs edən şeirlərə də rast gəlirik.

Bu nümunələrdən bir daha məlum olur ki, Abbasın adına bir çox dini şeirlər verilir, hətta Təbriz aşıqları Abbasın adına verilən şeirlərin doxsan doqquz faizinin dinlə, xüsusən də imam Əli ilə bağlı olduğunu hesab edirlər. “Aşıq Abbas məsum imamların pənahgah və ümid yeri olduqlarını aşkar şəkildə qələmə almışdır. Qeyd olunduğu kimi, o, dəfələrlə imam Hüseyn (ə) və Kərbəla şəhidlərinə təvəssül etmiş, onları məzlumların və zülmə məruz qalanların yavəri adlandırmışdır. Ona namizədi Gülgəzin zülmkar məmurlar tərəfindən saxlanıl­dığını xəbər verdikdə belə deyir: “Həzrət Əbülfəzli köməyə çağırıram və şüb­həsiz, Allah mənə yardımçı olacaq.” (35). “Azərbaycan dastanları” kitabının I cildində nəşr olunmuş “Tahir və Zöhrə” dastanının üçüncü ustadnaməsində ve­rilmiş “könül!” rədifli qoşmanın möhürbəndində Abbasın adı çəkilir (13, 126). Həmin kitabın “Qeydlər” bölməsində bu qoşmanın müəllifi olaraq Abbas Tu­farqanlı haqqında məlumat da verilir (13, 313). Bu qoşmaya “Abbas-Gülgəz” dastanının əldə etdiyimiz varianrlarında rast gəlmirik

F.ü.e.d Əfzələddin Əsgərin topladığı materiallar arasında da Aşıq Abbas Tufarqanlıya aid şeir parçalarına rast gəlirik. Həmin şeirlərdən bir neçəsi tovuzlu aşıq Məhəmməd Qasımoğludan toplanmışdır. Aşığın qeydlərinə görə, bu şeirlərdən biri dastanda işlənməyən nümunədir. O, həmin şeiri atasından, atası isə Göyçədə Aşıx Alışandan öyrənib. Bu, “Qədir Allah budur səndən diləyim” misrası ilə başlayan üç bəndlik “Diləyim” qoşmasıdır. Həmin şeir üzərində mü­qayisəli təhlil apararkən məlum olur ki, əslində, sözügedən şeir dastanın “Əsas versiya”sının Aşıq Qara Mövlayev (AQM-2) variantı və Əhliman Axundovun topladığı (ƏA) variantlarında işlənən dörd bəndlik şeirin variantıdır (20).

“Abbas-Gülgəz” dastanı və Abbas Tufarqanlı ilə bağlı nəşr olunan kitab­lardan yararlanaraq Türkiyə tədqaiqatçıları da bu mövzuya toxunmuşlar. Ni­zamettin Onk (27), Dursun Yıldırım (12), Zeynalabdin M. (33) və s. belə müəlliflərdəndir. “ekitab kulturturizm.gov.tr” ünvanlı internet səhifəsində də Aşıq Abbasın adına otuz şeir yerləşdirilmişdir (34). Həmin şeirlər özlərindən əvvəl dərc olunanların ya eynisi, ya da variantlarıdır. Belə məlum olur ki, bu şeirlərin nəşri zamanı öncəki nəşrlərdəki “ənənə” nəzərə alınaraq şeirlər “Abbas-Gülgəz” dastanının yox, Abbas Tufarqanlının şeirləri şəklində verilmişdir.

Yuxarıda sadaladığımız nəşr olunmuş şeirlər, əsasən, “Əsas versiya”nın “Qərb variantları”nda olan şeirlərdir. “Əsas versiya”da olmayan, o biri ver­siyalar üçün səciyyəvi olan şeirlərdən yalnız birinin nəşrinə rast gəlirik. Bu şeir “Şirvan versiyası”nın “Gözlərəm səni” adlı gəraylısıdır. Şeiri S.Mümtaz top­layıb nəşr etdirib. Nəşr olunmuş şeirlər arasında Şirvan versiyasında, və Cənub variantlarında səslənən şeirlərinə rast gəlmirik.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin