Tərcümə üçün seçilmiş əsərin məzmunu saxlanılır, lakin qəhrəmanların adları dəyişdirilib, ərəbləşdirilirdi. Məsələn, A.P.Çexovun (1860-1904) əksər hekayələrinin qəhrəmanlarının adları həmin dövrdə ərəb dilinə edilmiş tərcümələrdə belə verilmişdi: Aleksey Yeliseyeviç Pomoyev – Abdulla Samcun, Aqaşka – Səlma, Zelterski – Əmin Əfəndi və s.
Bəzən tərcüməçilər artıq əsərin adından başlayaraq bu cür adaptasiya aparırdılar. Məsələn, Rifaə Ət-Təhtəvinin tələbəsi, J.Lafonten (1621-1695) təmsillərini tərcümə etmiş (Qahirə, 1858) Məhəmməd Osman Cəlal (1829-1898) Bernarden de Sen-Pyerin “Pol və Virciniya” əsərini “Kabul və Varcanna” (1872), Molyerin “Tartüf” əsərini isə “Şeyx Matlüf” (1873) kimi vermişdi (4).
Bəzən də tərcüməçi əsərin və ya əsərdəki obrazların adlarının adaptasiyası ilə kifayətlənmir, əsərin məzmununda da müvafiq dəyişikliklər aparırdı. Bu, iki məqsəddən irəli gəlirdi:
a) tərcüməçi hər hansı bir ideyanı çatdırmaq üçün və ya cəmiyyətdə baş verən hər hansı bir haqsızlığı, ədalətsizliyi, qüsuru göstərmək üçün əsərə başqa qəhrəmanlar daxil edirdi. Məsələn, Rifaə Ət-Təhtəvi “Telmakın sərgüzəştləri” əsərində (Əsər ərəb dilinə dörd dəfə tərcümə olunmuşdur) haqsızlıq, ədalətsizlik və despotizmi qamçılamaq üçün yunan müdriki - Manzur surətini əlavə etmişdi (4);
b) tərcümə zamanı xüsusilə, dini məsələlər, İslam dini, müsəlman dünyası mövqeyindən adaptasiyalar aparılırdı.