İşin məqsədi: Tədqiqatın aparılmasında əsas məqsəd folklorda zooantropomorfik çevrilmələr məsələsinin araşdırılmasıdır.
Ümumiyyətlə, çevrilmə – folklor mətnlərində personajların şəkildəyişməsi, yəni öz zahiri görkəmlərini dəyişməsi, bir varlıqdan başqa varlığa çevrilmələri, bir cilddən başqa cildə düşmələri şəklində baş verir ki, bu da elmdə eyni zamanda metamorfoza adlanır. Çevrilmə insanın şüuru altından və şüurunun yaradıcı gücündən meydana çıxan arzuların ifadəsi, xəyal gücünün məhsuludur. Çevrilmə motivinin olduğu nümunələrdə çevrilmə prosesi folklor nümunəsinin məqsədi ilə bağlı olub, fikri daha maraqlı, fərqli formada çatdırmağa, insanların arzu və istəklərini ifadə etməyə kömək edir.
Bu barədə rus alimi L.Vinoqradov yazır ki, çevrilmə – canlı varlığın, yaxud əşyanın öz cildini, zahiri görkəmini, ipostasını dəyişmə qabiliyyəti, başqa sözlə, digər bir varlığa, bitkiyə, əşyaya, daşa və s. çevrilmə imkanı haqqında xalq inamlarının əks olunduğu folklor motividir (9, 67).
Mifoloji düşüncədə əks olunan çevrilmə motivinin kökləri həm də totemizm və animizmlə bağlıdır. İlk öncə sözlərin mənalarına diqqət edək.
“Totemizm” totem sözündən götürülmüşdür. Totem ilkin zamanlarda qəbilələrin atası hesab edilən heyvan və bitkilərə verilən ad olmuşdur. Bu totemləri müqəddəs hesab edən dini və fəlsəfi görüşlər isə “totemizm” adlandırılmışdir. “Animizm” isə latınca “anima” sözündən götürülmüş ruh və heyvan həyatı mənasını verir. Təbiətdə insan ruhuna bənzər ruhların olduğunu qəbul edən dindir. A.Nəbiyev yazır ki, totemizm hələ heyvan qarşısında zəif və aciz olan silahsız insanın dünyagörüşüdür. Alim qeyd edir ki, tarixilik prinsipinə əsaslanan nağıl janrında, heyvanlar haqqındakı nağıllarda və ya heyvanlarla bağlı sehrli nağıllarda totem izləri qorunub saxlanılır (6, 316).
Totemist və animist görüşlərlə bağlı olan çevrilmələr Azərbaycan folklorunun, əsasən, ilkin formaları hesab edilən miflərdə, əfsanələrdə, nağıllarda daha çox təsadüf edilir. Aydındır ki, türk yaradılış miflərinin böyük bir qismi heyvanlarla bağlı olub, onların yaradılmasına həsr olunmuşdur. Dünya mifologiyasında olduğu kimi, türk mifologiyasında da geniş istifadə edilən heyvanlarla bağlı mətnlər, onların mifologiyadakı yerinin çox qədim olduğunu göstərir. V.V.Yevsyukov yazır ki, yer kürəsinin heyvan obrazında təsvir olunduğu miflər ən qədim və sadə miflər hesab olunur (10, 71). Alim həmçinin göstərir ki, kainatın insan bədəni ilə eyniləşdirilməsi dünyanın zoomodelindən cavandır (10, 79).
V.N.Toporov isə dünya mifologiyalarının təcrübəsinə əsaslanaraq yazır ki, mifologiyada heyvanın və ümumiyyətlə, animal elementin rolu müstəsna dərəcədə böyükdür. Bu rol heyvanın bəşəriyyətin inkişafının erkən mərhələsindəki əhəmiyyəti ilə müəyyənləşir (12, 440).
İnsanların ilk əcdadının ən əvvəl heyvan görkəmində təsəvvür edildiyini bildirən E.İmaməliyev yazır ki, bu heyvan əcdad daha sonra insan görkəmi qazanmışdır. Buradan görünür ki, mifologiyada əvvəlcə zoomorfizm hakim olmuş, antropomorfizm onun inkişafı kimi meydana gəlmişdir. Burada bir faktı göstərmək də yerinə düşər ki, “Oğuznamə”nin uyğur versiyasında oğuzların ilk əcdadı Oğuz kağan öküz şəklində rəsm olunmuşdur (5, 68).
Məlumdur ki, bitki və heyvanlar aləmi ilə bağlı olan əfsanələrin əksəriyyəti totem görüşlərinin təsiri ilə yaranmışdır və bu zaman çevrilmə motivindən geniş istifadə olunmuşdur. Totem miflərində, əfsanələrində əsas qəhrəmanın heyvana və ya quşa çevrilməsi onun tayfasının məxsus olduğu totemik görüşlərdən asılı olmuşdur. Yəni qəhrəmanın öz tayfasının toteminə çevrilmək arzusu həmin totemin tayfanın ictimai həyatında oynadığı rolla bağlı olmuşdur. Digər tərəfdən də totemə çevrilmə yeni yaradılış konsepsiyasına xidmət etmişdir. Azərbaycan əfsanələrinin çoxunda, xüsusən də totem əfsanələrində heyvana və ya quşa çevrilmək arzusu hiss olunur. Əsasən, ilan, maral, ceyran, qurd, at, turac, şanapipik və s. zoomorf heyvan və quşlara çevrilmə ilkin düşüncənin məhsuludur. Bu prosesi izah edən R.Əliyev çevrilmənin reinkarnasiya ilə bağlı olduğunu yazır (3, 74).
Qeyd edək ki, türk xalqları arasında geniş yayılmış bir sıra mifoloji süjetlər vardır ki, “anamaral”, “bozqurd”, “yalnız ağac”, “ağ ilan”, “quşlar” və başqaları məhz totemist, animist görüşlərlə birbaşa bağlıdır. Mətnlərdən görürük ki, totemlə bağlı olan bu ünsürlərə insanlar daima inanıb sitayiş etmiş və bu totemləri müqəddəs hesab etmişlər.
Heyvanlarla bağlı nümunələrin əksəriyyəti öz əksini əfsanələrdə daha çox tapsa da, demək olar, Azərbaycan folklorunun bütün janrlarında heyvanlarla, təbiətlə bağlılıq mövcuddur. Bu ilkin mifoloji düşüncə ilə daha çox bağlıdır. “Azərbaycan folklorunda təbiət kultları ilə bağlı inamların böyük bir hissəsi canlı təbiət obyektlərini əhatə edir. Buraya qurd, ilan, at, müxtəlif quşlar və s. kimi mifik obrazlar daxildir. Adları çəkilən heyvanlar ən qədim çağlardan mifik düşüncənin obyektini təşkil etmişdir. Bu heyvanların əsatiri-magik qüvvəyə malik olması düşünülmüş, onlara əcdad kimi yanaşılmış, sitayiş edilmiş, müvafiq kult mərasimləri yerinə yetirilmişdir. Bu gün istər inanclar dünyasında, o cümlədən folklorumuzda həmin heyvanlar ətrafında vaxtilə mövcud olmuş kult inamlarının izləri bu və ya digər şəkildə qorunub qalmışdır. Azərbaycan folklorunun bədii semantikasının, mifik-mənəvi əsaslarının öyrənilməsi heyvan və quş kultları ilə bağlı inamların öyrənilməsini bir zərurət kimi tələb edir. Heyvan və quş kultları ilə bağlı inamların bir xarakterik cəhəti ondan ibarətdir ki, ulu babalarımızın mifoloji-mərasimi dünya modelində, əslində, təbiət və məişət kultları biri-birindən keçilməz sərhədlərlə ayrılmamışdır. Xalqımızın mifik düşüncə çağında pərəstiş etdiyi bütün canlı və cansız kultlar onun vahid mifoloji düşüncə təsəvvürlər sisteminə – kosmoloji dünya modelinə daxil idi. Bu cəhətdən canlı təbiət kultları ilə bağlı inamlar, xüsusilə əcdad kultları ilə qırılmaz şəkildə bağlıdır (4, 75).
Heyvanlarla bağlı totemist və animist görüşlərin əks olunduğu çevrilmə motivinə nəzər salaq:
“Bir kişi dostugilə gəlir. Çörəh yeyillər, içillər, axşam olur. Kişi durur getsin, dostu deyir ki, əkişi, getmə, gecədi, bir şey olar. Kişi deyir ki, yox gedəcəm, at altımda, tüfəng belimdə, nədən qorxacam?
Dostunun arvadı bını eşidir. Demiyəsən, bı arvad bizdən yeylərdənimiş. Arvad durup çıxır eşiyə, donun dəyişip qurt donuna düşür. Durur kişinin yolu üstünə. Bınnar tutaşır. Kişi görür ki, yox, bacarmayacax, birtəhər pıçaxnan bı adamcılın döşünnən yaralayır. Adamcıl aradan çıxır. Kişi də ta gedəmmiyip qeyidir dostugilə, başına gələni danışır.
Bu dəmdə arvad gəlir. Kişi baxır ki, arvadın döşü yaralanıp. Məsələni annıyır. Qeyidip dostuna deyir ki, bə o adamcıl sənin arvadındı. Mən onu yaralamışam.
Dostu heş zad demir. Durup ev-eşiyi axtarır. Kərmə qalağında arvadın donunu tapır, yandırır. Arvad qışqırır, özünnə gedir. Əncax ta əli hara yetəcək. Donu yanannan sora adam adamçıllıxdan çıxır, adam olur (2, 106).
Məlum olduğu kimi, qədim türk qəbilələrinin totemlərindən biri qurddur. Gördüyümüz kimi, nümunədə çevrilmə insanların ilkin əcdadı totem hesab edilən qurdla, qadının yeylərdən olması isə animistik görüşlə bağlıdır.
Nümunədə arvad öz görkəmini magik şəkildə dəyişir. O, bizdən yeylərdən hesab olunur. Bildiyimiz kimi, ilkin mifoloji mətnlərdə cinlərlə bağlı çoxlu nümunələr olmuşdur. Onlardan birinə baxaq: “Cinnərə bizdən yeylər deyərix. Bizdən yeylər hər yerdə var, ancax insannara görsəmməz. Təhcə mal-davar onnarı görür. Ona görə qoyun-keçi olan yerdə bizdən yeylər olmaz, yoxsa, əyax altında qalıp qırılallar” (2, 96).
Burada cin – bizdən yey ev sahibinin arvadıdır. Arvadın qurd geyimi ilə qurda dönməsi çevrilmə motividir. Qadının hamıdan gizlədiyi donu var. Bu don qurd cildidir. Arvad bu donu geyməklə qurda dönür. Donun yandırılması ilə o, əbədi olaraq insana çevrilir. “Qurdun totem olmasında əsas məsələ onun qədim türklərin əcdadı olmasıdır”, – deyə yazan V.Vəliyev həmçinin qeyd edir ki,“Alpamış” eposunda Alpamışın atasının adı Bayburidir. Mənası “qurd” deməkdir. “Kitabi-Dədə Qorqud” dastanında Bamsı Beyrəyin atasının adı Baybura bəydir, onun da adının mənası “qurd” deməkdir. Gördüyümüz kimi, türk xalqlarının folklorunda zəngin şəkildə mövcud olanqurd haqqında miflər, sonralar bir çox janrlara keçmiş və müxtəlif motivlərlə canlandırılmışdır (8, 249).
Elmi ədəbiyyatda qeyd olunduğu kimi, mifologiyada “çevrilmə” personajın öz görkəmini magik şəkildə dəyişməsidir. Bu, əksər hallarda ilkin (əsil) görkəmə qayıtmanı nəzərdə tutan müvəqqəti çevrilmədir. Çevrilmə motivi, görünür, ovçuluq maskalanması təcrübəsinə və bir sıra totemistik və animistik görüşlərə əsaslanır (11, 234-235).
Yuxarıdakı mətnə olan çevrilmə də həmçinin müvəqqəti çevrilmədir, çünki arvad bir müddətdən sonra öz görkəminə qayıdır.
Azərbaycan folklorunda xüsusi bir mərhələni təşkil edən totemizmin yaranmasından və inkişafından sonar antropomorf obrazların formalaşması prosesi başlanmış, ov tanrısı, su tanrısı, ağaclar tanrısı və s. anlayışlar əmələ gəlmişdir. Müqəddəsləşdirilən, hətta totem kimi sitayiş edilən ağac, bitki, heyvan, çiçək və s. öz növbəsində insane kimi təsəvvür olunur, obrazlaşdırılır, onların üzərinə insane xas olan sifətlər köçürülür. Bu isə şifahi düşüncədə antropomorfizm mərhələsidir (3, 6).
Azərbaycan folklorunda quşlarla bağlı zəngin nümunələr mövcuddur. Onların çoxunda quşlar çevrilmə yolu ilə, yəni insanın quşa çevrilməsi yolu ilə əmələ gəlir.
Turac quşunun yaranması ilə bağlı əfsanəyə nəzər salaq:
“Turac darağı hara qoyduğunu yadından çıxarır. Xanım darağı istəyəndə çox axtarır, tapa bilmir. Xanımın qorxusundan daşa dönməyi arzu edir. Quşa dönəndən sonra yadına düşür ki, taxçada boxçanın içindədir. Elə o vaxtdan turac quşu oxuyur: “Taxçada, boxçada” (2, 69).
Burada da insan quşa çevrilir. Quşa çevrilən yenə də qızdır. Çevrilmənin səbəbi darağın harada olmasının yaddan çıxmasıdır. R.Əliyev yazır ki, “Deyirlər, Turac gözəl bir qız imiş” başlanğıc formulu ilə hansısa konkret olmayan zamanda Turac adlı bir qızın yaşaması haqqında məlumat verilir. Bu informasiya Turac adlı bir onqon haqqında mifə söykənir. Əfsanədə totem mifinin qalıqları qalmışdır. Totem miflərində hər hansı bir heyvan və ya quşa dönmə öz əksini tapır. Əfsanədə isə bu quşa dönmə prosesi mətnin sonunda baş verir. Bu prosesi dinləyiciyə başa salmaq üçün söyləyici həmin quşun vaxtilə insan olmasını öz bədii təxəyyülündə formalaşdırır. Bu əfsanə mif strukturunun tərsinə çevrilmiş bir şəklidir. Onqon haqdakı mif strukturu tarixi şüur prosesində demək olar ki, unudulduğundan mifdən yararlanma ancaq ibtidai dünyagörüş səviyyəsindədir. Burada daha çox bədii şüur fəaliyyət göstərir. Bu əfsanədə Turacın quşa çevrilmək arzusu totem miflərinin tələbləri əsasında baş verir. “Turac (quş nəzərdə tutulur) gözəl bir qız imiş” formulu mifdəki inkarnasiyanın əfsanədə qızın quşa çevrilmək arzusu (reinkarnasiya) kimi ifadə olunur. Göründüyü kimi, əfsanədə mif mətnindən gələn inkarnasiya prosesi yoxdur, təkcə reinkarnasiyadan istifadə olunmuşdur (3, 75).
İnsanlar təkcə heyvanlara, quşlara inanıb onu totem hesab etməmişlər. Müxtəlif bitkilər, ağaclar, hətta çiçəklər də totem hesab edilmişdir. Nümunələrdən birinə baxaq:
“Bir bəy oğlunun gözü düşür bir qıza. Deməyəsən, bı qız da ayrı bir oğlanı isdiyirmiş. Bir gün qız öz istədiyi oğlanınan dağd gəzəndə sel gəlir, daşqın olur. Bınnar yenip kənd əgələmmirlər. Bəy oğlu qızı qaçırmaq istəyir. Düşür onnarın dalına. Qızın istəhlisini oxnan vırıp öldürür. Qız Allaha yalvarır ki, məni ağac elə. Allah onu ağaca çevirir. İndi həmin ağaca yalqız ağac deyirıx. Yalqız ağac müqəddəsdi, onu kəsməh olmaz. Bir kişi bilmiyip onun bir putaxını kəsir. Kişinin heyvannarı qırıldı, uşağı öldü, özü də çox yaşamadı. Yalqız ağacın putaxın qıranda, qabığını qoparanda həmən yerdən qan tökülür” (2, 76).
Bu mətndə də çevrilmənin kökündə totem durur. Qız ağaca çevrilir və o ağac müqəddəsləşir, ona sitayiş edilir. Müqəddəs ağacı kəsmək, qoparmaq, yandırmaq, murdarlamaq isə günah hesab olunur və bunu edən şəxs onun qəzəbinə gəlir. Mətndən də gördüyümüz kimi, ağacı qıran kişiyə ziyan dəyir. Demək, ağacın ruhu var, onun ahı həmin insanları tutur. Ağacın müqəddəsliyi ilə bağlı başqa nümunələrdə də buna təsadüf edirik. Məsələn, dağdağan ağacının nəzərdən qoruma funksiyasına inanmaq; bugünümüzdə də qorunan, dilək diləmək üçün müqəddəs olan ağaclara qırmızı yaylıq bağlanması adəti, eləcə də güllərlə bağlı əfsanələri buna aid edə bilərik. Bu mətnlər ağaca, bitkiyə tapınma nəticəsində yaranmışdır. Ağacın totem olması isə mifoloji düşüncədə, eləcə də mətnlərdə gördüyümüz dünya ağacı obrazına (mifik konseptinə) söykənir. S.Rzasoy yazır ki, Dünya Ağacı dünyanın mərkəzidir. Mərkəz – müqəddəs məkandır: orada kəsilən və yeyilən heyvan isə qurbandır (7, 356).
Dostları ilə paylaş: |