f.2. Fiziki və zehni baxımdan zərərli oyunlara qoyulan yasaqlar
Önəmli yasaqlardan biri də uşaqların qəzəb və əsəbini göstərə biləcəyi bir çox savaş oyunlarından – yumruqlaşma yarışının, dəyənəklə döyüşün, itələmənin, qismən dirədöymənin, uzun eşşək oyununun oynanmasına məhdudiyyət gətirilməsidir. Özəlliklə, fiziki cəhətdən zəif uşaqların həvəslənərək yoldaşları ilə birlikdə bu oyunları oynamaq istəməsi təhlükəlidir. Və ya qapalı məkanlarda və şəhərlərdə boksun, karatenin, zalımcasına öldürmənin, başın, qolların, ayaqların qoparılmasının sərgiləndiyi bəzi elektronik oyunlardan uşaqların uzaq tutulması oyun yasaqları baxımından çox önəmlidir.
Önəmli olan bir nöqtə də uşaqların təkbaşına oynayarkən fiziki zərər verə biləcək oyunlardan qaçmasını tərbiyə etməkdir. Uşaqlar, özəlliklə, oğlanlar kollektiv oyun zamanı özlərini göstərmək, təsdiq etmək üçün fiziki zədə ala biləcək oyunlara meyilli olurlar. Ancaq burada qeyd etmək lazımdır ki, oyun yeri və oyun vasitələri seçməkdə, bunlar onlara zərər versə də, verməsə də cinsiyyətin də önəmli payı vardır. Belə ki, oğlan uşaqları daha çox uzun eşşək, çilingağaç, dirədöymə, top, güləş və s. oynadıqları halda qızlar evcik, bəbək, halay və s. oyunlarına üstünlük verirlər. Yaşın artması ilə oyunların hərəkətliliyi, oyun vasitələrinin sərtliyi də buna paralel olaraq artır.
Burada zehni və fiziki əngəlli uşaqların nəzarətsiz qaldıqlarında bəzən yaşıdları ilə oynamaq istəmələri və bu zaman bəzi acılar, ağrılar yaşadığı da gözdən qaçmamalıdır. Belə uşaqlara uyğun bir dillə bu cür oyunlardan uzaq durmalarını başa salmaq lazımdır. Bunun tərsi olduqda, yəni zehni əngəlli uşaqların sosial əlaqə qurmaqda çətinlik çəkdikləri zaman tənha oynanan oyunlara meyl etdikleri, “tək başına oynadıqları, ya da məqsədsiz davranış, hərəkət nümayiş etdirdikləri görülür. Buna görə də həmyaşıdlarından və ya yetişkinlərdən təsirlənmə hallarının öyrədilməsində və dəyişik qavramların-bacarıqların qazandırılmasında çox yaxşı təşkil olunmuş oyun mühitinin öyrənməyə fayda saxladığının böyük önəm daşıdığı diqqət mərkəzində tutulmalıdır” (Slade A., Wolf D.P. (1994). Children at Play. Oxford University Press, 54) Həm bədəncə zəif, həm fiziki, həm də zehni çatışmamazlığı olan uşaqların oyunda normal uşaqlardan geri qalması onların ilk öncə ruhi zərbə almasına səbəb olur. Ona görə də uşaqların oyunu zamanı bu məsələ də diqqətə alınmalıdır.
Xüsusən, internet, planşet, oyun makinalarında yeniyetmə yaşına çatmamış uşaqların qorxunc varlıqların göstərildiyi oyunların onlarda zalımlıq, fərdiyyətçilik, amansızlıq aşılamasıdır. Belə oyunların gün-gündən artması, dövlət və valideyn nəzarətsizliyi və ya valideynlərin kifayət qədər internet oyunlarının zərərini anlamaması da tərbiyədə istənilməz nəticələrə gətirib çıxara bilir. Zorakılığı, amansızlığı aşılayan internet oyunlarının yasaqlanması gələcəkdə uşaqların həm fiziki, həm də zehni travma almadan yetişməsinin qarşısını ala bilər. Müasir dövrdə təhlükə doğuran uşaq oyunlarının başında milli dəyərlərə zərər verən oyunlar gəlir. Məsələn, müsəlman uşaqları internet oyunlarında müsəlmanların və ya türklərin vəhşiliyini, zalımlığını görüb başqa bir əhval-ruhiyyədə tərbiyə almış olurlar. Bu tip oyunlardan sonra uşaqlar milli mənsubiyyətlərinə, dininə nifrət ruhunda tərbiyə olunurlar.
Bəzi oyunları yasaqlamaq tərs təsir göstərə bilər. Belə ki, yasaqlanması və ya qısıtlanması gərəkli oyunları sadəcə olaraq məcburi yasaqla deyil, uşaqları təlginlə, başa salmaqla, bəzən belə oyunları uşaqlar üçün almamaqla, bəzən də uşaqları bu tip oyunlardan uzaq tutmaqla mümkündür. Bir sözlə, yasağın özü də müəyyən tərbiyəvi qayda daxilində, təmkinlə və səbrlə həyata keçirilməlidir.
Son söz
İnsan həyatının ayrılmaz bir parçası olan oyun uşaqların yetişməsində, təlim və tərbiyəsində, sosial varlıq kimi böyüməsində önəmli vasitədir. Oyun vasitəsi ilə uşaq hər yaşda düşünməyi, suallar verməyi, sorğulamağı, problemləri həll etməyi, kəşfetməyi, ən əsası da sosiallaşmağı öyrənir. Oyun uşaqları cəmiyyətin bir parçası etməyə hazırlayır. Oyunla uşaqların beyni inkişaf edir, həyata yaradıcı baxışları formalaşır. Uşaq oyunlarının yaşamda və yetişmədə rolu psixoloqların, pedaqoqların, antropoloqların, folklorçuların, filosofların hər zaman diqqət mərkəzində olmuş cəmiyyətin ən əski mədəni nailiyyəti kimi çıxış etmişdir.
Oyun uşağın daxili aləmini açmaq üçün bir vasitədir, məqsəd deyildir. Təbii ki, uşaq bütün hiss və duyğularını, düşüncə və xəyal gücünü qurduğu oyunlarda “dilə” gətirir. Bir sözlə, uşaq oyunda yaradıcılıq qabiliyyətini, aktiv və ya passiv olduğunu göstərmək imkanı əldə edir. Unudulmaması gərəkən ən başlıca məsələ oyunun gücünün (bax. Elkind, 2011) uşağın bir varlıq kimi mövcudiyyətini müəyyənləşdirən əsas amil olmasını bilməməyimizdir.
Zaman dəyişdikcə uşaq oyunlarının sadəcə olaraq məzmunu və mündəricəsi deyil, eyni zamanda növü və fəlsəfəsi də dəyişimə məruz qalır. XXI yüzilin texnoloji çağında müasir kompyuter oyunlarının məişətə daxil olması, uşaqların arasında geniş yayılması kollektiv hərəkət etməyi arxa plana keçirdiyi kimi sosiallaşmanı da əngəlləmiş olur. Fərdiləşmə, toplumdan qopuqluq nəticədə uşaqların tərbiyəsinə, fiziki və mənəvi yetişməsinə əks təsir göstərmiş olur. Artıq əski uşaq oyunları bayramlarda, xüsusi günlərdə göstərilməklə keçmişi xatırlama vasitəsinə dönüşür.
Qaynaqlar
Arsal S.Y. (2014). “Çocuk oyunları ve Bruegelin oyunu”, Saraydan sokağa oyun, Kavalcı, İstanbul
Atık, B. (1986). Okulöncesi Çağındaki Normal Gelişim Gösteren ve Down Sendromlu Çocukların Tercih Ettikleri Oyun Tiplerinin ve Oyun İçindeki Sosyal iklimi Davranışlarının İncelenmesi. Yayınlanmamış Bilim Uzmanlığı Tezi Hacettepe Üniversitesi Ankara
Baykoç Dönmez N. (1992). Oyun Kitabı. Esin yayınevi, İstanbul
Elkind D. (2011). Oyunun gücü. Çeviren D.E.Öngen, İmge, Ankara
Girmen P. (2012). “Eskişehir folklorunda çocuk oyunları ve bu oyunların yaşam becerisi kazandırmadaki rolü”. Milli Folklor, 24 (95), s.263-273
Karaman G., Nas E. (2012). “Çorum İskilip'te geçmişten günümüze aktarılan bir miras: Ahşap oyuncaklar”. Karadeniz Sosyal Bilimler Dergisi, 4 (14), s.103-116
Kâşgarlı M. (1999). Divanü Lugat-it-Türk Tercümesi, c.3, TDK, Ankara
Madi B. (2014). “Oyun ve beyin gəlişimi”, Saraydan sokağa oyun, Kavalcı, İstanbul
Nəbiyev A. (2009). Azərbaycan xalq ədəbiyyatı. I kitab. Çıraq, Bakı
Onur B. (1993). “Tarih boyunca oyunlar ve oyuncaklar”, A.Ü.Eğitim Bilimleri Fakültesi dergisi 25
Onur B. (2005). Türkiyede çocukluğun tarihi, İmge, Ankara
Onur B. (2010). Oyuncaklı dünya, oyuncağın toplumsal tarihi, İmge, Ankara
Onur B. (2014). “Anılardaki çocukluk: geleneksel oyunlar ve oyuncaklar”, Saraydan sokağa oyun, Kavalcı, İstanbul
Özhan M. (1997). Türkiye’de çocuk oyunları kültürü, Feryal Matbaası, Ankara
Sağlam T. (2007). “Çocuk oyunlarımız, ritüeller ve mit”, Metin Anda armağan, Hazırlayan M.S.Koz, YKY, İstanbul
Yavuz S. (2014). “Denge hareketsizliği kışkırtır”: Alexander Calder ve oyun”, Saraydan sokağa oyun, Kavalcı, İstanbul
Dostları ilə paylaş: |