Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə59/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   55   56   57   58   59   60   61   62   ...   128
Çörəklə bağlı inanclar. İnsanların qida mənbəyi kimi istifadə etdiyi ne­mətlər arasında duz və çörək xüsusi yer tutur və müqəddəslik nümunəsi sayılır. Duz maddə kimi bəşəriyyətə çox qədimlərdən məlumdur. İnsanın onunla ta­nış­lı­ğı yeddi min ildən çox tarixə aiddir. Qədim yunan şairi Homer “İliada” və “Odisseya” əsərində duzu müqəddəs substansiya, yəni bütün cisimlərin və ha­di­sələrin ilk əsasını təşkil edən maddə adlandırmışdır.

Qədim yunan filosofu Platon isə demişdir ki, duz allahların xüsusi qiy­mət­ləndirdiyi maddədir. Duza dini mərasimlərdə, ayrı-ayrı şəxslər və dövlətlər ara­sında müqavilələr bağlanan zaman xüsusi əhəmiyyət verilmişdir. Bu kimi hallar bütün dövrlərdə və ölkələrdə baş verdiyindən onları bütün bəşəriyyət üçün ümu­mi sayılan ənənələr hesab etmək olar.

Atalar sözlərində və məsəllərdə, eləcə də bir çox folklor nümunələrində duz sadiqlik və dostluq rəmzidir. Ona görə ki, duzun tərkibi həmişə dəyişməz qalır. Duzu suda həll etdikdə və duz məhlul şəklində buxarlandırıldıqdan sonra qabın dibinə yenə də kub kristalları şəklində çökür. Bu, duzun dəyişməz ol­du­ğundan xəbər verir. Duzla yanaşı, çörək də müqəddəs sayılmış və onun əvəzsiz olması göstərilmişdir. Qədim yunan və Roma mütəfəkkirləri duzu və çörəyi yüksək qiymətləndirmiş və onu “Tanrı sovqatı” adlandırmışdırlar. Dini ki­tab­lar­da da duz və çörək sədaqət, müqəddəslik, bolluq, saflıq və allahlarla xalqlar ara­sında birlik rəmzi kimi dəyərləndirilmişdir.

Yuxarıda qeyd etdiyimiz nümunədə də insanlar yağışı yağdıran qüvvə qar­şısına duz-çörəklə çıxır və ondan aman diləyir. İnanca görə, bu zaman yağış kə­sir.

“Çörək Qurandan əvvəl gəlib” deyimi onun müqəddəsliyinə, hətta bəzən and vasitəsinə çevrilməsinə də gətirib çıxarır. Biz buna müxtəlif folklor nü­mu­nələrimizdə tez-tez rast gəlirik.

Kəlbəcər sakinlərindən dinlədiyimiz mətnlər içərisində çörəklə bağlı ol­duqca maraqlı inanclara rast gəldik. Bu inancların bir çoxu çörəklə bağlı yasa­q­ların olması ilə əlaqəli idi. Onun müqəddəsliyini qorumaq üçün müxtəlif vasi­tə­lərdən istifadə edirdilər. Çörəyi heç vaxt dizi üstünə qoymazdılar. Bu yasaq “çö­rəyi dizi üstündə olan adam”, yəni etibarsız, nankor adam deyiminə əsasən ya­ra­nıbdır. Doğrudur, deyim məcazi mənada işlənsə də, həqiqi mə­na­da çörəyi dizi üstünə qoymaq günah və yasaq sayılıbdır.

“Çörək bişirəndə sacla dördayaq arasından keçmək günahdır.

Oxlovun ucunu yandırmaq günahdır.

Sacı götürəndə sacın altındakı külü mütləq tərpətmək lazımdır.

Sacı kim ocağa qoysa (sac asmaq), o da götürməlidir. Yəni asanda günah et­diyi üçün götürəndə savab qazanar” (Həşimova Səmayə Ədli qızı, Comərd kəndi).

Bildiyimiz kimi, sac, dördayaq və oxlov çörək bişirmək üçün istifadə edi­lən əşyalardır. Burada əşyalarla bağlı yasaqlar isə çörəyin müqəddəsliyini onlar üzərinə də köçürülməsi ilə əlaqələndirilibdir. Eyni zamanda, çörəyin odda, ocaq­da bişirilməsi onun müqəddəslik yükünü daha da artırmışdır. Ümumiyyətlə, çö­rəyin tərkibində istifadə olunan taxılın, unun torpaqda yetişdirilməsi, onun hazır­lanması üçün suyun istifadə olunması və od vasitəsi ilə bişirilməsi torpaq, su, od kultunu özündə birləşdirir.



Başqa bir söyləyici isə bu barədə deyir: “Sac çörəyinin ortasına barmaqla de­şik açırlar. Bu, çörəyin sərin bişməsini təmin edir. O deşiyi nə qədər böyük aç­san, bir o qədər savab qazanarsan. Çünki o biri dünyada çörəkdə açdığın deşik boyda yer­dən ən istəkli, əziz adamını görürsən” (Həşimova Səmayə Ədli qızı, Comərd kən­di). Dini inanclarla bağlı olaraq bu inancda iki dünya–cənnət və cə­hənnəm düşün­cəsi yer alıbdır. Eyni zamanda, çörək cənnətə getmək üçün bir va­sitəyə çevrilibdir.

Mifik düşüncəyə əsaslanan başqa bir inancda isə “Çörəyin ilkini yeməzlər. Onu ya itə atarlar, ya da dul adama verərlər. Çünki kim yesə, dul qalar” deyilir. Bu isə təbiətdə mövcud olan nemətlərin hamısının ilkini paylaşmaqla bağlı bir inanc idi. Paylaşmasan, təbiət ananın sənə qəzəbi tutar və səni cəzalandırar. Çö­rəyin ilkinin verilməsi də onunla bağlıdır. Digər bir inanca görə isə, bu inanc “tasadlığa çıxmaq” mənasında işlənibdir. Bir söyləyicinin dediyinə əsasən, “qə­dim dövrlərdə çörək olduqca bol imiş, amma insanlar ona biganə yanaşmışdır. Bir gün bir gəlin sac kənarında yuxa bişirirmiş. Onun balaca uşağı paltarını ba­tı­rıb. Gəlin uşağı yuxa ilə təmizləyibdir. Onun hərəkəti Allaha acıq gedib və yer üzündə olan bütün çörəyi göyə çəkibdir. İnsanlar aclıqdan tələf olubdu. Nə qə­dər Allaha dua ediblərsə, Allah onları bağışlamayıbdır. Sonunda it-pişiyin üzünü Allaha tutub yalvarması ilə Allah çörəyi yer üzünə qaytarıbdır” (Abbasova Gü­nəş Şəmşir qızı, Nəcəfalı kəndi). Bunun üçün də insanlar çörəyi bişirəndə bi­rinci olaraq onu kəsib it-pişiyə verirlər ki, bu da onlara qarşı minnətdarlıq mə­na­sını daşıyır.

Çörəklə bağlı digər bir inancda isə deyilir: “Çörəyin sonunda balaca bir kömbə bişirərlər. Bu evdə uşağın olmasına işarədir. Çörəyi bişirib qurtaranda heç vaxt qurtardı deməzdilər. Onun əvəzində “çörək bərəkətləndi” deyərdilər. Çörəyi süfrədən qaldırmamış durmaq günah sayılır” (Əsgərova Nətavan Mürsəl qızı, Çorman kəndi). Bütün bu inanclar insanların nemətə olan hörmət və ona verdiyi dəyərlə bağlı olmuşdur.

Azərbaycanın ayrı-ayrı regionlarının folklorunda da çörəklə bağlı olduqca maraqlı inanclar, yasaqlar olmuşdur. Nümunə üçün: Ağdaş folklorunda “təndirə kim çörək yapsa, birinci özü yeməlidir. Başqası yesə, əri ölər” (3, 183). Göyçə folklorunda “çörəyi süfrəyə tərsinə qoysan, evin bərəkəti göyə qaçar” (4, 80). “İsti çörəyin üstünə çıxanda “bərəkətli olsun” deyib bir tikə kəsməsən, evin bə­rəkəti qaçar” (4, 93). “Təndirə küt getmiş çörəyi yeyən adam pul tapar” (4, 91). “Çörəyi tək əllə kəsmək günahdır” (4, 21).

Azərbaycan xalqının tarixi təcrübəsinə əsaslanan və nəsildən-nəslə ke­çi­rə­rək günümüzə qədər gələn inancları olmuşdur. Bəzən bu inanclar dini baxımdan batil inanclar olmuşdur. Batil inanc heç bir əsasa söykənməyən, xurafat, yalan və sonradan qondarma olan inanclardır. İnsanlar yarandığı gündən indiyə qədər başlarına bir bəla gəldikdə, çətinliyə düşdükdə dərman və şəfa ümidi ilə hər ça­rəyə baş vururlar. Bəzən də bu çarələri inanclarda axtarırlar. İnanclar özləri ilə mifik təfəkkür və dünyagörüşümüzü, tarixi, mədəni dəyərlərimizi qoruyaraq bu­günümüzə qədər gətirmişdir.




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin