Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə60/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   56   57   58   59   60   61   62   63   ...   128
Ovçuluqla bağlı inanclar. Ovçuluq ən qədim sənətlərdən biri olub, qədim insanların əsas qida mənbəyini təşkil etmişdir. Ovçuluq sənəti ibtidai icma qu­ru­luşu şəraitində meydana çıxmışdır. Rəssamlıqla bağlı ən qədim nümunələr kimi Paleolit, yəni qədim daş dövründə mağaraların divarlarında qazılan, yaxud rəng­lə işlənən təsvirlərdən, xırda heykəlciklərdən, eləcə də qayalar üzərində nəqş olunmuş mamont, bizon, maral kimi heyvanların təsvirlərindən ibarətdir. Bu da onu göstərir ki, ibtidai insan ovçuluqla artıq məşğul olmuşdur. Mezolit dövründə isə ox və kamanın kəşfi ovçuluq sənətini daha da inkişaf etdirdi.

Daim amansız təbii qüvvələr və çoxsaylı maneələrlə rastlaşan ibtidai in­sanları qayalar üzərindəki ov səhnələrini çəkməyə vadar edən anlamadığı bu qüvvələr qarşısında aciz qalmaları olmuşdur. Ovçular ova çıxmazdan qabaq yer­də vəhşi heyvanın təsvirini cızır və həmin təsvirə səcdə edərlərmiş. Beləliklə, onlar ovda müvəffəq olacaqlarına inanırdılar. Ov mərasimləri keçirilmiş, hətta özlərinə “ov tanrısı” belə yaratmışdırlar. “Ova sitayiş edilmişdir. Etiqada görə, ovun taleyi məhz ov tanrısından asılıdır. Tanrı insanlara ov bəxş edə də bilər, ovu onların əlindən ala da bilər” (8, 80). Bu cür rituallarla insanlar ovçuluq sə­nətində özünəməxsus inanclar sistemi yaratmışdır.

Ovçuluq folklor və mifoloji mətnlərdə xüsusi yer tutmuşdur. Türk xalq­ları ova böyük əhəmiyyət vermiş, onu igidliyi, bacarığı, çevikliyi və s. yoxlamaq üçün bir növ məşq hesab etmişlər. Ov və ovçuluq türk, monqol və Sibir xalq­la­rında hərbi-təsərrüfat əhəmiyyəti daşımışdır. Qədim tarixi abidəmiz olan “Dədə Qorqud” dastanında da ovçuluqdan geniş bəhs edilmişdir. “Qazan bəyin ova çıx­masından istifadə edən kafirlər onun evini yağmalayır. Bunu yuxu vasitəsilə bi­lən Qazan xan qardaşı Qaragüneyə “Mənim avımı bozma, ləşkərimi dağıtma”, – deyir (10, 234). Burada ovun pozulması uğursuzluq, nizamın pozulması mə­na­sında işlədilir. Belə bir qayda var idi ki, ova getdinsə, ovu pozmaq olmazdı. Ovu ancaq ovu təşkil edən poza bilərdi. Bu qayda dastanın bir çox yerlərində qo­ru­nub saxlanılmışdır.

Kəlbəcər dağlıq ərazilərə və zəngin flora-faunaya malik olduğu üçün bu­rada ovçuluq sənəti də inkişaf etmişdir. Regionun mahir ovçuları var idi ki, on­ların atdığı bir güllə də boşa çıxmazdı. Zəngin faunaya malik olan meşələrdə maral, ceyran, cüyür, dağkeçisi, dovşan, dələ, kəklik, turac, qırqovul və s. Hey­vanlara rast gəlmək mümkün idi. Bunun sayəsində də ovçular ov vurmaq sə­nə­ti­nə yiyələnmişdirlər. Müxtəlif kənd sakinlərindən dinlədiyimiz mətnlər içərisində ovçuluqla bağlı olduqca maraqlı hekayələrə və inanclara rast gəldik. Bunlardan biri də “tüfəngin çilləyə düşməsi” inancı idi.

Tüfəngin bağlanması, yəni çilləyə düşməsi inancı mahir bir ovçunun tü­fəngindən atılan güllənin atdığı ova dəyməməsi ilə bağlı idi. Buna da “tüfəngin bağlanıb” deyərdilər. Bu iki halda ola bilərdi: Birinci, ovçu yüz ov ovladıqda tü­fəng çilləyə düşərdi. İkinci isə, ov ətindən hamilə, yaxud da zahı qadın ye­yər­di­sə, həmin ovçunun tüfəngi çilləyə düşərdi.

Tüfəngi çillədən çıxartmaq üçün də xüsusi tədbirlər görərdilər. Birinci hal­da, həmin ovçu tüfəngini dəyişməli, yaxud başqasına satıb, sonra geri almalı və yaxud da tüfəngi sonuncu ovunu vurduğu yerdə qırx gün torpağa basdırmalı idi. Əkiz uşağı olan ananın iki hörüyünün arasından üç dəfə keçirəndə də tüfəng açı­lardı.



İkinci halda isə ovçunun tüfəngi ov ətini yeyən hamilə və ya zahı qadının köynəyinin içindən keçirilməli idi. Bunları etdikdən sonra tüfəng açılardı, yəni ovçunun atdığı güllə boşa çıxmazdı (Abbasov Bəhlul Kavış oğlu, Seyidlər kən­di).

Azərbaycan mifoloji mətnlərində, eləcə də Şəki regionuna məxsus folklor nümunələrində yuxarıda qeyd etdiyimizə oxşar inanclara rast gəlmək olar. Nü­munə üçün, “ov ətindən zahı qadın yesə, tüfəng qırxa (çilləyə) düşər. Buna görə də ov əti yeyən zahı saçının ucunu düyünləyib sonra yeməyə başlamalıdır”. “Tü­fəngi əkiz uşağı olan qadına verirlər ki, onu ayaqlarının arasından keçirsin. Son­ra ov­çu növbəti ovdan həmin qadına da pay ayırır” və s. göstərə bilərik (5, 97).

“Qarabağ folkloru” kitabında əraziyə məxsus toplanmış nümunələr içə­ri­sində tüfəngin çilləyə düşməsi haqqında yazılıbdır:“Tüfəngi yerə qoyuf üs­dü­n­nən keçəndə tüfəng tilsimə düşür. Onu tilsimdən çıxartmaq üçün quşdan-zaddan vuruf, qanını tüfəngin üsdünə çəkərlər ki, tilsimdən çıxsın” (6, 142).

Qeyd etdiyimiz üsullardan hər hansı birini icra edən ovçunun növbəti ovu uğurlu keçərsə, tüfəng çillədən (qırxdan) çıxmış sayılır. Əgər olmazsa, demək, ovçunun tüfəngi hələ də çillədən çıxmayıbdır.

Ovçuluqda qadağan edilmiş inancların biri də “ovun omba durması” inan­cıdır. “Yüz ov vuran ovçunun qarşısında ovu omba durardı. Bu, o demək idi ki, artıq ovçu tilsimi qırıb və onun ovları qarşısında hazır dayanır” (Dadaşov Mə­həmməd Muxtar oğlu, Qamışlı kəndi).

Başqa bir söyləyici isə deyir ki, “ovun omba durması ovçuya xə­bər­dar­lıq­dır. Ovların hamısı ovçuya xəbərdarlıq edir ki, artıq ov vurmaq həddini aşıbsan. Ovçu bu ovu nə qədər edərdi, vura bilməzdi. Tüfəngi çilləyə düşərdi. Bəzən bu ov qucağında körpəsi olan qadın cildində, bəzən də ağpaltarlı, uzunsaçlı qız cil­dində görsənirdi. Beləliklə də, ovçu tüfəngi ya çillədən çıxarmalı idi, ya da ki, ovçuluqdan əl çəkməli idi” (Dadaşov Məhəmməd Muxtar oğlu, Qamışlı kəndi).

Bu nümunələrə bənzər süjetlərə Azərbaycan mifoloji mətnlərində yer alan ovçuluq mifləri bölməsində də rast gəlmək olar. Kitabda verilmiş iki mətndə heyvan insana çevrilərək ovçuya xəbərdarlıq edir. Mətnlərin birində ovçunun vurduğu qadın ceyrana çevrilir. Bu hadisədən bərk qorxmuş ovçu bir daha ova getmir. Digər mətndə isə ovçunun atmaq istədiyi təkə ağsaqqal, nurani bir qo­ca­ya çevrilir və ona xəbərdarlıq edir (9, 53).

Zəngəzur folklor antologiyasında da “ovun omba durması” ilə bağlı iki mətn verilmişdir. Hər iki mətndə də ovun sayının yüzü keçdiyi üçün ov onun qar­şı­sın­da omba durur (2, 46).

Sakinlərdən topladığımız məlumatlara əsasən, “omba durmaq” yüz ovdan sonra olur və bu iki mənada anlaşılır. Birinci, ovçuya xəbərdarlıq, ikinci isə, ov­çunun artıq ov tilsimini sındırması və onun ovunun qarşısında hazır dayanması mənasında işlədilir.

Ovçuluqda digər bir sınamalar var idi ki, bu da “ovun uğurlu günləri” idi. Ovun əsas mövsümü payız ayları olardı. Bəzi ovçular hər vaxt ova çıxardı. Am­ma ovun balalayan vaxtlarında heç bir ovçu ova güllə atmaz idi. Bu, böyük gü­nah sayılardı, həmçinin də cəzası ağır olardı. Söyləyicinin dediyinə görə, “həf­tə­nin birinci günü ova çıxmazdılar. Bu gün ağır, uğursuz gün sayılardı. Adətən həftənin cümə günü ova çıxardılar. Hər ovçunun sınanmış günləri olardı. Bu günlərdə ova çıxmaq onlara uğur gətirərdi” (Abbasov Bəhlul Kavış oğlu, Seyid­lər kəndi).

Topladığımız məlumatlar içərisində ovlanmış heyvanın əti ilə də bağlı ma­raqlı yasaqlar var idi. Ovçu ova çıxanda yanında yoldaşı olardı. Ovladığı ovu yanın­da ne­çə ovçu varsa, onunla yarı bölməli idi. Əgər bu bölgü anında ya­n­la­rı­na kimsə gəlsə, “ov üstünə gəlibsən” deyib, onu da paya şərik edərdilər. Ov ətini tərəziyə qoy­maz, yaxud da satmazdılar. Ovçu Sarı Məhəmməd kimi tanınan Da­daşov Mə­həmməd Muxtar oğlu yuxarıda qeyd etdiklərimizi dörd misralıq şeirlə belə ifadə etdi:

Ovçu olan ova güllə atmasın,

Ətin qoyub tərəziyə satmasın.

Səni görüm, ovçu, balan artmasın,

Bu dağda bir maral nə yaman mələr


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin