Qurd ağzı bağlama inancı. Türk xalqlarının mifologiyasında mühüm yer tutan obrazlardan biri də qurd obrazıdır. Qədim dastanlarda və digər folklor nümunələrində bu obrazın müxtəlif funksiyalarını izləməklə onun mifoloji təfəkkürdə yerini müəyyən etmək mümkündür. Daha çox ilkin yaradılışla bağlı miflərdə, əfsanələrdə və dastanlarda yer alan qurd obrazı haqqında geniş monoqrafiyalar, araşdırmalar aparılmışdır. Bizim araşdırmamız isə Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus folklorda olan “qurd ağzı bağlama” inancının fərqli və oxşar cəhətləri ilə bağlı olacaqdır.
Bir çox türk xalqlarının folklorunda qurd obrazına qarşı münasibət bir mənalı olub, bu xalqlar qurdu özlərinə totem seçmiş, özlərinin ulu əcdadı elan etmişdirlər. “Qədim çağların köçəbə xalqlarında bütün sakral olanlara olduğu kimi qurda da ikili münasibət vardı. Bütün bunlarla yanaşı türk xalqlarında qurddan adama ziyan gəlməyəcəyi inancı əsas olmuşdur” (14, 229). Buna baxmayaraq, Azərbaycan folklorunda qurd totem kimi yox, əksər hallarda bələdçi-xilaskar rolunda çıxış edibdir. Qədim dastanımız olan “Dədə Qorqud” dastanında qurd motivi müsbət mənada olub, yol göstərən, əziz, mübarəküzlü, güclü bir obraz kimi göstərilmişdir. “Salur Qazanın evinin yağmalanması boyunda” Qazan xan yurdunu canavardan “qurd üzü mübarəkdir”, “qurdla bir xəbərləşəyim” deyə soruşur:
Ordunun xəbərini bilirmisən, degil mana!
Qara başım qurban olsun, qurdum sana! (10, 33).
Bu isə qurdun xeyirxah və mübarək heyvan sayılmasına işarədir. Xalq arasında bu gün də mövcud olan inanclar əski dastanlardakı mifik qurd obrazına inam ruhunu özündə yaşadır.
Qəhrəmanlıq dastanımız olan “Koroğlu” dastanında isə Koroğlu igidlərinin gücünü, qüvvətini qurdla müqayisə edir:
Dəmirçioğlu, mən yarağa dolaram,
Ac qurd kimi düşmən üstə ularam...(11, 60).
Qurd obrazı ilə bağlı Azərbaycan folklorundakı təzadlıq daha çox atalar sözlərində özünü göstərir. Məsələn, “Arxalı köpək qurd basar” (1, 45) atalar sözündə əgər qurd bizim üçün totem olsa idi, ulu əcdadlarımız onu heç vaxt köpəklə müqayisə etməz və totem-yaradıcı hesab etdikləri heyvanı heç vaxt köpəyə məğlub etdirməzdi.
Digər bir nümunədə isə insanın qurda çevrilməsidir ki, buna biz Azərbaycan mifoloji mətnlərində rast gəldiyimiz “Qurd Zalxa” mətnində rast gəlirik (9, 122). Burada qadın qurda çevrilib vəhşi bir heyvan olur və insanları məhv etməklə məşğul olur. Bu mətnə əsasən qurd nəsli artıran bir totem kimi yox, əksinə onu məhv edən kimi göstərilmişdir. Eləcə də, bir çox ovsunlarımız var ki, burada qurd ayrılıq, nifaq gətirən bir vasitəyə çevrilir. Qurdun ehtiva etdiyi mənəvi qüvvədən istifadə edərək insanların dilini, ağzını, könlünü bağlamaq da olur. Bunun üçün qurd yağından istifadə edilir. İnanca görə, “üstünə qurd yağı sürtülən insanlar arasına nifaq, düşmənçilik düşür. İnsanların gülərüz olmalarını əngəlləyir, onların xoş danışmaqlarının qarşısını alır” (13).
Qurdla bağlı folklorda maraqlı bir inanc da var ki, bu da “qurd ağzı bağlama” inancıdır. Burada da qurda müsbət yox, mənfi münasibət özünü göstərmişdir.
Bu ovsunu Azərbaycanda və digər türk xalqlarının folklorunda gecə sahibsiz çöldə qalan heyvanları qurddan qorumaq üçün yerinə yetirərdilər. Bu inanc daha çox dağlıq fiziki-coğrafi əraziyə malik olan və təsərrüfatçılıqla – maldarlıqla məşğul olan regionlarda geniş yayılmışdır. Kəlbəcər regionunun sakinlərindən topladığımız nümunələr içərisində “qurd ağzı bağlama” ovsunu da xüsusi yer tutur.
“Mal-qara meşədə qalanda onu canavardan qorumaq üçün müxtəlif ovsunlar oxuyardılar. Bunun üçün ya mollaya, ya da kəndin ağsaqqal-ağbirçəyinin yanına gedərdilər. Ovsunu oxumaqla yanaşı, bəzi ayinlər də edərdilər. Sümük bıçağı və ya təzə bıçağı üfürüb ağzını bağlaya-bağlaya aşağıdakı sözləri oxuyardılar:
Ayı gördüm ağladım,
Gülü dəstə bağladım.
Öz əmlakımın üstündə,
Qurdun ağzını bağladım.
Bunu deyib bağlayırdılar”
Dostları ilə paylaş: |