Ключевые слова: детская игра, ритуал, социологическое изменение, игрушка
Giriş
Körpənin bilinməyən bir dünya ilə ilk təması, ilk tanışlığı həyatın çətin qaydalarına, yaşamın mübarizə və mücadilələrinə uyum saxlaması, böyüməsinin və inkişafının əsas şərti oyundur. Oyun, əslində heyvanların və uşaqların təbii işidir, ən çox onlara aiddir və bioloji bir istəkdir. Əski çağlarda ritual məzmun kəsb edən uşaq oyunları yavaş-yavaş ritual qaynağını itirmiş, əyləncəyə, tərbiyə etməyə, öyrətməyə dönüşmüş oyunun bir növüdür. Müasir dünyada təhsil anlayışının əsasında doğumdan başlayan və bütün uşaqlıq illərini əhatə edən oyun oynamaq, uşaqların öncə özünü, sonra ətrafını və daha sonra da dünyanı tanımasına əsaslanır. “Uşağı tanımaq və onu oyun yolu ilə tərbiyə edərək inkişafına izn vermək üçün istifadə edilə biləcək ən əlverişli vasitələrdən biri uşağın oynadığı oyunlardır” (Sağlam, 2014, 406).
Müasir dünyada uşaqlıq, hüquqi olaraq on səkkiz yaşa qədərki dönəmə verilən addır. Bu yaşın tarixən dəyişkən olduğunu da qeyd etmək lazımdır. Təbii ki, əski çağlara getdikcə uşaqlıq dönəminin daha erkən bitdiyini görürük. Ancaq bütün bunlara baxmayaraq harada uşaq varsa, orada oyun var. Harada oyun varsa, orada da oyuncaqlar var. Hər halda nəzəri olaraq fərdi uşaq oyunları ilə kollektiv uşaq oyunlarını, açıq havada oynanan uşaq oyunları ilə qapalı məkanlarda oynanan oyunları bir-birindən ayırmaq lazımdır. Beləliklə, uşaq oyunları
1. Fərdi,
2. Kollektiv şəkildə oynanmaqla iki qismə bölünür. Buraya uşaqların tərbiyəsi və təlimini də əlavə etmiş olursaq o zaman fərdi şəkildə, həm də qapalı məkanda oynayan uşaqla, kollektiv və açıq havada oynayan uşağın həm psixologiyasında, həm də sosiallaşmasındakı rolları daban-dabana fərqli olacaqdır.
Uşaqlar oyun zamanı iki faktoru sintez etmiş olurlar. Bunlardan biri uşaqların bilavasitə oyunun tərkib hissəsinə çevrilməklə fiziki və mənəvi cəhətdən inkişaf etmələri, müstəqil fəaliyyət göstərməyə hazırlanmalarıdırsa, ikincisi, uşaqların oyundan mənəvi və estetik zövq almaları ilə ətraf aləm haqqındakı biliklərini genişlətmələri, dərinləşdirmələridir. Nəticədə, bu iki faktor uşağın bir şəxsiyyət kimi yetişməsində mühüm rol üstlənmiş olur. Beləliklə, oyun oynayanın fiziki qabiliyyətlərini artırmaqla, orqanizmin inkişafını təmin etməklə bərabər ən çətin və mürəkkəb anlarda kollektiv hərəkət etməyə və xarakterin formalaşmasına yardım edir. Uşaq oyunları uşaqların tərbiyə və təliminin əsas vasitəsi kimi çıxış edir.
Təbii ki, uşaq oyunları haqqında da ilk məlumatı Kaşgarlı Mahmud vermişdir. Divanın müəllifi bir neçə oyunun adını çəkməklə bərabər “Müngüz müngüz” adlı bir uşaq oyunundan da bəhs etmişdir:
“Müngüz müngüz: buynuz buynuz. Bu, bir növ uşaq oyunudur. Çayın kənarında diz çökərək otururlar. Ayaqlarının arasına yaş qum doldururlar, sonra əlləriylə quma vururlar. Onlardan biri (əbə) “müngüz müngüz” deyir və uşaqlar “nə müngüz” deyə soruşurlar. Biri (əbə) buynuzlu heyvanların adlarını bir - bir deməyə başlayır. Uşaqlar da bunu təkrar edirlər. (Əbə) bu zaman dəvə və eşşək kimi buynuzsuz bir heyvanın da adını çəkir. Uşaqlardan biri bu heyvanın və ya başqa buynuzsuz bir heyvanın adını deyərsə onu çaya atırlar. Bu atalar sözündə də qalmışdır: “Süsəgən udhka Tenğri müngüz berməs.” (Süsəyən, çox süsən öküzə Allah buynuz verməz.) Bu atalar sözü bir işi görmək istəyib də görə bilməyən adam üçün deyilir ki, o adam işi görsəydi xalqa pislik etmiş olacaqdı.” (Kaşgarlı, 1999-3, 363–364).
Dostları ilə paylaş: |