Apardılar gülümü,
Sındırdılar belimi
Gel çıx dağlar başına,
Deyim dərdi-dilimi (3, 3).
“Vətənə qayıt” romanının “Beş qız idik” bölməsində danışılan rəvayət hadisədən öncə verilən bu bayatı nümunəsi təsvir olunacaq əhvalatlar, situasiyalar üçün bədii hazırlıq rolunu oynayır. Yazıçı mətləbi, düşüncəsi məlum bayatı mətni üzərində ümumiləşdirilir. Bayatı-epiqrafdan sonra hadisələrin təhkiyəsi başlayır, el-obaya hücum çəkən quldurların xalqın qız-gəlini, qoca-cavanının əsir alması, qadınların fəryadı, öz qızını oda ataraq namusunu yadlardan qoruyan bir ananın faciəsi və s. hadisələr süjetə qoşulur. Keçmişə, tarixə qayıdış və tarixiliyin bədiyyatda cəmləşdirilərək nəqlinə hazırlığın bayatı əsasında aparılması konkret ədib, şəxsiyyətlərin dilindən verilən epiqraflardan fərqli olaraq daha inandırıcı və doğmadır.
Epiqraf-bayatıların mətndaxili funksionallığı isə romanlarda konkret hadisə, obraz emosionallığı üzərində aparılır. Qeyd olunduğu kimi, Azərbaycan xalq bayatıları bu torpağın, tayfa-elin tarixini yaşadan ən zəngin folklor janrıdır. “Adət-ənənələrimizin, ayrı-ayrı yüzilliklərin, tarixi hadisələrin bayatılarda silinməz izləri qalmışdır... Bu poetik parçalar qədim və orta yüzilliklər dövrünün də mərhələlərindən xəbər verir ki, o dövrə aid hadisələrin belə canlılıqla təsvirini tarixi əsərlərdə tapmaq qeyri-mümkündür” (8, 4).
Əzizə Cəfərzadənin əsərləri tarixi-bioqrafik səciyyəsi də uyğun məzmunlu bayatıların təhkiyəyə gətirilməsini tələb edir. Şamaxı zəlzələsi, Şirvan camaatının əsir alınıb köçürülməsi və s. tarixi hadisələrə bağlı bayatılara romanlarda daha çox rast gəlinir:
Apardı tatar məni,
Qul elər, satar məni,
Vəfalı dostum olsa,
Axtarar tapar məni hey! (3, 4).
Qeyd olunan bayatıda tarixən doğma vətənindən didərgin salınan bir elin faciəsi ümumiləşirsə, “Yad et məni” romanında 1902-ci il 31 yanvar tarixində Şamaxıda baş verən zəlzələ tarixi zəmində bayatılara da yansımıyır. Romanın “Dünya, nə qəmlisən” adlandırılan hissəsində Pərnazın dilindən söylənən bayatılar məhz Şamaxı zəlzələsinin faciəsindən xəbər verir:
Pirdirəki dağımdı,
Qoynu qəm oylağımdı,
Yaş tökər leysan kimi,
Deyər yaman çağımdı.
Bu gələn arabadı,
Qoy gəlsin, arabadı,
Dünənki cənnət şəhər,
Bax, bu gün xarabadı (4, 47).
Yazıçı romanda hadisələrin bir-birilə əlaqələndirməsini elə təfərrüat və faktlarla vermişdir ki, burada tarixiliyin bədiiliklə mümkün, qanunauyğun birliyi onlar arasında ayrılıq yaratmır, əksinə fikir, qayənin bütöv təqdimini formalaşdırır. Əsərdə Şamaxı zəlzələsinin yaratdığı tükürpədici mənzərə M.Ə.Sabir, A.Səhhətin məlum qəzəlləri əsasında təfərrüatı ilə verilsə də, ən lakonik emosional təsvir Pərzadın dilindən söylənən bayatılar üzərində cəmlənir.
Məlumdur ki, 1960-1970-ci illərdən başlayaraq Azərbaycan nəsrin də yeni inkişaf meylləri müşahidə olunur. Kəskin dramatik, konfliktlər üzərində qurulan bədii əsərlər, xüsusilə iri həcmli romanların sənətkarlıq, struktur-məzmun mexanizmi tədricən dəyişir: “Yeni keyfiyyətlər kəsb edən nəsr həm əvvəlki dövrün zahiri monumentallıq əlamətlərindən xilas olmaq istəyir, odur ki, başqa səciyyəli təhkiyəyə üz tutur, həm də klassik və müasir bədii düşüncənin təravətli və cəlbedici görünən ifadə vasitələrindən-psixoloji təhlillərdən, assosiativlikdən, daxili düşüncələrdən, sərbəst zaman keçidlərindən, subyektin inikas tərzindən faydalanmağa çalışır, sənətkarlıq axtarışlarını bu istiqamətə yönəldir” (7, 9). Əzizə Cəfərzadənin də romanlarında sərbəst təhkiyəyə bağlı lirik nəqlin üstünlüyü bu baxımdan seçilir. Yeni formada psixoloji, emosional ovqatlar qeyd olunan hər bir əsərdə xalq ədəbiyyatının başlıca lirik janrı-bayatılar üzərində qurulur.
Romanlarda xalq bayatılarına istinad olunması, ikinci bir tərəfdən obraz, qəhrəmanların emosiyalar, ovqatlarına uyğun təhkiyədə yer alır. Bu məqam isə əslində bayatının janr olaraq mövzu, ideya səciyyəviliyindən irəli gəlir.
Ə.Cəfərzadə hadisələr, danışılan hekayələrin məzmununa uyğun, yeri gəldikcə təhkiyəyə əlavə etdiyi bayatılar vasitəsilə əhvalatlardakı emosionallığı artırır, daha çox obrazların mənəvi faciəsinin ümumiləşdirilməsini reallaşdırır. Ədibin XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış məşhur Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvaninin həyatından bəhs edən “Eldən-elə” romanında əsərin, ayrılıq, intizar, həsrət motivlərinə bağlı məqamlarında eyni mövzuda xalq ədəbiyyatı nümunələrinə geniş yer verilmişdir. Şirinbəyim ananın qürbətdə qalan oğlu Zeynalabdinin yuxusuna girməsini yazıçı aşağıdakı məşhur bayatı nümunəsi ilə verməklə, əsərin bədii kontekstinə uyğunlaşdırmışdır:
Dostları ilə paylaş: |