16.1.XIX əsrin 60-70-ci illərində inzibati-iqtisadi islahatlar Rusiya imperiyası inkişaf səviyyəsinə görə XIX əsrin birinci yarısında Avropanın aparıcı dövlətləri – İngiltərə, Fransa, Prussiya, Avstriyadan çox geridə qalırdı və geriliyin əsas səbəbi hələ də Rusiyada təhkimçilik hüququnun qalması idi. Təhkimçilik, feodal-asılı münasibətlər həm Rusiyada, həm də onun müstəmləkəsi olan Şimali Azərbaycanda məhsuldar qüvvələrin, son nəticədə isə yeni kapitalist münasibətlərinin inkişafına əngəl yaradırdı. XIX əsrin ortalarına artıq Rusiyanın yuxarı təbəqələri, o cümlədən çar hakimiyyətində başa düşmüşdülər ki, Rusiya əhalisinin 90 % - dən çoxunu təşkil edən təhkimli kəndliləri azad etmədən ölkənin inkişafını təmin etmək mümkün olmayacaq. XIX əsrin ikinci yarısında Rusiya imperiyasında aparılan burjua islahatları çar II Aleksandrın adı ilə bağlıdır (1855-1881), hansına ki, xalq “xilaskar” ləqəbini vermişdi.
İlk öncə 19 fevral 1861-ci il Manifesti ilə Rusiyada təhkimçilik hüququ ləğv edildi. Bütün kəndlilərə şəxsi azadlıq verildi. Manifestin müddəalarına görə mülkədar öz torpaqlarını mütləq şəkildə kəndlilərə satmalı idi. Kəndlilərin torpaq almağa vəsaiti olmadığından onlara 1867-ci ildə yaradılan Kəndli bankından 1% - li kredit verilirdi. Kəndli krediti 49 il ərzində ödəməli idi. Pay torpağını alan kəndli onu bağışlaya və yaxud sata bilərdi.
Torpağın alqı-satqı obyektinə çevrilməsi Rusiyanın kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişafına şərait yaratdı. Rusiyanın mərkəzi quberniyalarından sonra kəndli islahatı milli ucqarlarda həyata keçirilməyə başladı. 1864-cü ildə Gürcüstanda təhkimçilik hüququnun ləğvi haqqında qanun verildi. Azərbaycanda da kəndli islahatlarının layihəsini hazırlamaq üçün Bakı və Şuşa şəhərlərində bəy komissiyaları yaradıldı. Kəndli islahatı ərəfəsində kənddə feodal münasibətlərini sarsıtmaq üçün bir-sıra tədbirlər həyata keçirildi.
Məlumdur ki, Rusiyadan fərqli olaraq Azərbaycanda kəndlilər təhkimçiliyin nə olduğunu bilməmişlər. Ancaq 20% kəndli həm hüquqi, həm də iqtisadi cəhətdən mülkədardan asılı vəziyyətdə idi, qalanları şəxsi cəhətdən azad kəndlilər idi.
XIX əsrin 60-cı illərində Azərbaycanda artıq kapitalizm kənd təsərrüfatına yol açmışdı. Ticarət əkinçiliyinin genişlənməsi, kənd təsərrüfatının əmtəə-pul münasibətlərinə cəlb olunması təsərrüfatların ixtisaslaşmasının güclənməsi – bütün bunlar kənd təsərrüfatında kapitalizmin özünü göstərməsi idi. Azərbaycan mülkədarları daha çox mənfəət götürmək üçün kəndlilərdən alınan vergilərin miqdarını artırır, kəndlilərin torpaqlarını əllərindən alırdılar. Bu da kənddə sosial gərginliyi artırırdı. Belə bir şəraitdə çar hökuməti mülkədarlarla asılı kəndlilər arasındakı münasibətlərə müdaxilə etməyə məcbur oldu. 1865-ci ildə “Kənd cəmiyyətləri haqqında” qanun qəbul edildi. Bu qanuna görə kəndlərdə vahid kənd idarəsi yaradıldı. Kənd cəmiyyətinin idarə olunması kəndxudaya həvalə edilirdi. Kənd cəmiyyətinə bir-neçə kənd aid olarsa, yerdə qalan kəndləri kəndxudanın köməkçiləri idarə edirdilər. Kənd idarəsi 3 il müddətinə seçilirdi. Bütün məsələlər kənd cəmiyyətinin ali orqanı olan kənd yığıncağında müzakirə olunurdu. “Kənd cəmiyyətləri haqqında qanun” kəndlilərin sərbəstliyinin artmasına, bəylərin onların üzərində səlahiyyətlərinin ləğv edilməsinə yönəlmişdi.