Azərbaycan tarixi


XIX əsrin 40-cı illərində aqrar islahatlar



Yüklə 0,62 Mb.
səhifə164/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   160   161   162   163   164   165   166   167   ...   269
Azərbaycan tarixi mühazirə

XIX əsrin 40-cı illərində aqrar islahatlar. 1840-cı il aprel qanu­nu ilə yerli hakim təbəqənin torpaqlarının alınması reallaşdı. 1841-ci il 25 aprel fərmanı ilə Xəzər vilayətində bəy və ağaların torpaqları müsadirə edildi, onların kəndlilər üzərindəki hakimiyyəti ləğv olundu. Bu yerli ağaların və bəylərin ciddi narazılığına səbəb oldu. 1842-1844-cü illərdə yerli feodalların torpaq hüquqlarının müəyyənləşdirilməsi üçün müxtəlif komitələr yaradıldı. Komitə­lərdən birinin işində ilk dəfə yerli hakim zümrənin nümayəndələri də iştirak edirdi. Onlardan biri A. Bakıxanov idi. Vorontsov canişin təyin edildik­dən sonra bəy və ağaların torpaq hüquqları məsələsini həll etməyə başladı.
Kəndliləri itaət altında saxlamaq üçün Azərbaycan feodallarının şəxsində çarizmə ictimai arxa və onların köməyi lazım idi. 1846-cı il dekabrın 6-da bəy və ağaların hüquqları haqqında I Nikolay 12 maddədən ibarət reskript verdi. Sərəncama görə, yerli feodal­ların ixtiya­rında olan mülk, mülk - xalisə torpaqları ilə bərabər, tiyul torpaqları da rəsmi olaraq bəy və ağaların mülkiyyəti hesab edildi və onların satıl­masına, bağışlan­masına və s. icazə verilirdi. Torpaq sahibi torpağı yalnız öz silkindən olan şəxslərə sata bilər­di. Sərəncam torpaq sahibinə kəndlilər arasında qanun-qayda yaratmaq və onlar üzə­rində polis nəzarətini həyata keçirmək hüququ da verdi. Reskriptdə sahibkar kəndli­lərinə rəiyyət, rəncbər, elat, nökər adları əvəzinə ümumi “mülkədar kəndlisi” adı verildi.
Beləliklə, Azərbaycanın ali müsəlman silki torpaq hüquqları baxımından rus zadəganları ilə bərabər hüquq aldı. Lakin onlar diyarın idarə edilməsində geniş şəkildə iştirak edə bilmirdilər. Bu sərəncam yerli feodalların hüquqlarını möhkəmləndirdi və onlarla çarizm arasında saziş yaratdı.
Azərbaycanda bəy-kəndli münasibətləri 1847-ci il aprelin 20-də və dekabrın 28-də nəşr olunmuş “Kəndli əsasnamələri“ ilə qanuni hala salındı. Həmin əsas­na­mələrə görə bəy torpağında yaşayan 15 yaşından yuxarı hər bir kəndli 5 desyatin yararlı torpaq almalı, bunun əvəzində isə taxıl məhsulunun onda birini, çəltik, meyvə və tərəvəzin üçdə birini bəyə verməli idi. Bu malcəhət vergisi idi. Əgər kəndli pay torpağını mülkədarın əmək aləti, toxumu, iş heyvanı ilə becərirdisə, məhsulun beşdə birini ona verirdi. Otlaqlardan istifadəyə görə çöpbaşı vergisi alınırdı. Kəndlilər mülkədar üçün bir sıra mükəlləfiyyətlər də yerinə yetirməli idi. Bəyin ev işlərini görmək üçün hər 10 kəndli ailəsi bir kişi, hər 15 kəndli ailəsi bir qadın ayırmalı idi. Hər bir kəndli ailəsindən bir kişi ildə 18 gün bəy təsərrüfatında biyar işlərinə cəlb edilirdi. Bütün kəndlilər ildə iki gün bəy təsərrüfatında iməciliyə çıxmalı idilər. “Kəndli əsasnamələri“nə görə, sahibkarlara kəndlilər üzərində polis və məhkəmə səlahiyyəti verildi, kəndlilərin isə bir sahibkarın yanından başqa sahib­karın yanına keçmək hüququ rəsmiləş­dirildi.
Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra kəndlilər dövlət və sahibkar kəndlilərə bölünürdü. 1842-ci il yanvarın 5-də qəbul edilmiş qanuna əsasən Cənubi Qafqazda 2 Dövlət Əmlakı Palatası yaradıldı. Əvvəllər dövlət kəndliləri bir yerdən başqa yerə köçə bilərdi. Bunun üçün kəndlinin yaşadığı və köçmək istədiyi kənd icmasının razılığı lazım idi. 1853-cü ildə dövlət kəndlilərinin bir yerdən başqa yerə köçməsi qadağan olundu. Lakin bu qanun kəndlilərin köçməsinin qarşısını ala bilmədi.
Çar hökuməti əyalətlərdəki vergi sistemini mərkəzi quberniyalara uyğun­laşdırdı. 1851-ci il oktyabrın 23-də yeni vergi sistemi haqqında verilmiş qanuna görə, dövlət kəndlilərinin mükəlləfiyyətləri iki hissəyə bölündü : vergilər və torpaq bəhəri. Vergi hamı üçün bərabər idi, bəhər isə torpağın miqdarından və keyfiyyətindən asılı idi. Kəndli vergini pulla ödəməli idi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin