Lənkəran üsyanı. Komendantların qeyri-məhdud hakimiyyəti Lənkəran əyalətində özünü daha qabarıq göstərirdi. 1824-cü ildə bura komendant təyin edilmiş İlyinskinin özbaşınalığı həddini aşmışdı. Hətta o 20 nəfər günahsız kəndlini suda boğdurmuşdu. İlyinski Mir Həsən xanı təqib və təhqir edirdi. Şikayətinə heçbir məhəl qoyulmayan Mir Həsən xan 1826-cı ildə İrana qaçdı. Komendant Mir Həsən xanın şəxsi əmlakının üçdə birini ələ keçirdi. Bununla yanaşı, bəy və ruhanilərin hüquqlarını məhdudlaşdırdı. İlyinskinin özbaşınalığı onun bir neçə dəfə məhkəməyə verilməsinə səbəb olmuşdu. Lakin bunun heç bir nəticəsi olmamışdı. Onu əvəz etmiş komendant Korniyenko da qəddar və zülümkar bir şəxs idi.
Alar kəndinə toplaşmış bəylər Mir Həsən xanla əlaqə yaratdılar, öz qüvvələrini toplayaraq onu gözlədiklərini bildirdilər. Mir Həsən xan 1831-ci il martın 5-də sərhəddi keçərək Lənkəran yaxınlığına gəldi. Onun ətrafına 1000 nəfər silahlı toplaşdı. Onlar hücum edərək Kürün üzərindəki balıq vətəgələrini, Şirvandan Qarabağa gedən yolu nəzarətə aldılar. 1831-ci il martın 10-da üsyançılar Lənkəran qalasını mühasirəyə aldılar. Lakin yeni qüvvə alan rus qoşunu üsyançıları məğlub etdi. Çar qoşunları aprelin 22-də üsyançıların son dayağı olan Əmburan kəndini ələ keçirdilər. Mir Həsən xan İrana qaçdı. Beləliklə, Lənkəranda baş verən üsyan yatırıldı.
Quba üsyanı. XIX əsrin 30-cu illərində Azərbaycanda baş verən üsyanlar içərisində Quba üsyanı istər iştirakçıların sayına, istərsə də təsir dairəsinə görə daha güclü idi. Qubanın komendantı Cimbut özünün acgözlüyü və amansızlığı ilə daha çox fərqlənirdi. Üsyan ərəfəsində o, Qubanın kəndlilərinin üzərinə qoyulan vergiləri artırmış, məhsul qıtlığına və mal-qaranın qırılmasına baxmayaraq, ötən illərdən qalan vergilərin ödənilməsini, qoşun üçün bazar qiymətindən üç dəfə aşağı qiymətə taxıl verilməsini tələb edirdi. Vergilərin toplanmasında iltizam sisteminin tətbiqi kəndlilərin vəziyyətini daha da ağırlaşdırırdı. Əyalətdə verginin toplanması Şergilov adlı acgöz bir şəxsə iltizama verilmişdi, o, nəzərdə tutulandan 5 dəfə artıq məbləğdə toplayırdı.
Cimbut kəndliləri öz şəxsi təsərrüfatında da işlədirdi. Onun köməkçiləri olan yerli məmurlar da kəndliləri qarət etməkdən çəkinmirdilər. 1837-ci ilin əvvəllərində Varşavadakı müsəlman alayı üçün atlı toplanılmasına başlanıldı. Yerli məmurların özbaşınalığı nəticəsində hər bir atlını təhciz etmək üçün 350 manat yığılırdı. Halbuki digər əyalətlərdə bu, 130 - 150 manata başa gəlirdi. Bütün bunlar kəndlilərin səbr kasasını doldurmuşdu. Kəndlilər suvari vermək istəmirdilər. General özünün yaxın adamlarını, mahal naibi İsa bəyi, əhalini suvari verməyə razı salmaq üçün onların toplaşdığı Gündüzqalaya göndərdi. Lakin İsa bəy əksinə etdi. Bəyləri və kəndxudaları başa saldı ki, onlar suvari toplanmasına razı olmasınlar. Burada toplaşanlar hökumət qarşısında bir sıra tələblər irəli sürdülər : əyalətdə atlı toplanışı dayandırılsın, dövlət mükəlləfiyyətləri azaldılsın, komendant Cimbut və ya iki naibi vəzifədən azad edilsin və s. Çar hökumət dairələri vaxt qazanmaq üçün vergi və mükəlləfiyyətlərin azaldılmasından savayı, üsyançıların yerdə qalan tələblərini yerinə yetirdilər. Bundan sonra kəndlilər evlərinə dağılışdılar.
Üsyanın ikinci mərhələsi 1837-ci ilin avqust-sentyabr aylarını əhatə etmişdir. Kəndlilər Şeyx Şamillə əlaqə saxlayırdılar. Üsyançılar Şeyx Şamildən məktub aldılar. Məktubda o, rusların verdikləri vədlərə inanmamağı və azadlığın qılıncla alındığını qeyd edir, əhalini çarizmə qarşı mübarizəni davam etdirilməyə çağırır və üsyançılara kömək təklif edirdi.
1837-ci il avqustun 20-də kəndxuda Hacı Məhəmmədin toyunda Şamilin məktubu oxundu və üsyana başlamaq qərara alındı. Üsyanın rəhbəri Hacı Məhəmməd və onun köməkçisi Yarəli seçildi. Tezliklə üsyançıların sayı 12 min nəfərə çatdı. Çarizmin siyasətindən narazı olan bəzi məmurlar da üsyana qoşuldu. Üsyan yenidən qızışdı. Rəhbərlik üçün Hərbi Şura yaradıldı, Şuraya Hacı Məhəmməd rəhbərlik edirdi. Hərbi Şura Qubanın tutulması planını hazırladı və üsyançılar sentyabrın əvvəllərində Qubanı mühasirəyə aldılar. Şəhərin mühasirəsini möhkəmlətmək üçün buraya yeni suvari qüvvələri gətirildi. Sentyabrın 4-dən 5-nə keçən gecə üsyançılar şəhərə hücum etdilər. Şəhər əhalisindən 4 min nəfər könüllü üsyançılara kömək edirdi. Üsyançılar Qubanı tutdular, lakin rus qoşunlarının möhkəmləndiyi qalanı ala bilmədilər. Sentyabrın 6-da edilən yeni hücum da müvəffəqiyyətli olmadı. Bundan sonra üsyançıların bir qismi üsyandan üzaqlaşdı. Sentyabrın 10-da yeni hökumət qoşunları hücuma keçdi və üsyançılar məğlub edilib Qubadan sıxışdırıldılar.Üsyanın yatırılmasında hökumət Şirvan bəylərinin, qazıqumuxluların qüvvələrindən də istifadə etdi. Məhz qazıqumuxlu Məhəmməd Mirzə Hacı Məhəmmədi tutub hökumətə təhvil verdi. Hacı Məhəmməd edam edildi, onun köməkçisi Yarəli dağlara qaçdı.
Üsyanının III mərhələsi 1837-ci ilin oktyabrından 1838-ci ilin yayınadək davam etmişdir.Yarəli dağlara çəkilib çar qüvvələrinə qarşı mübarizəni davam etdirirdi.1838-ci ilin yayı Acı axur döyüşündə məğlub olub ruslara təslim olan Yarəli Rusiyaya sadiq qalacağına and içdi.Aydın məqsədin olmaması, kortəbiilik, bəylərin satqınlığı və s. Quba üsyanının məğlubiyyətinə gətirib çıxartdı.