Sosialistcəsinə yenidən qurma: sənayeləşdirmə və onun sosial-iqtisadi nəticələri. Sosialistcəsinə yenidənqurma üç istiqamətdə həyata keçirilirdi: sənayeləşdirmə, kollektivləşdirmə və mədəni inqilab.
1925-ci ilin dekabrında ölkənin sənayeləşdirilməsi xətti irəli sürüldü, SSRİ-də sənayeləşdirmə prosesi ağır sənayedən başlanıldı və dünya təcrübəsi nəzərə alınmadı. Rusiyada sənayeləşdirmədə ağır sənaye, maşınqayırma və hərbi sənayeyə üstünlük verildi. Azərbaycanda isə sənayeləşmə birinci növbədə neft sənayesinin inkişafına və elektrikləşdirməyə yönəldildi. Neft sənayesində yeni texnika və texnologiyanın tətbiq edilməsinə başlandı. SSRİ-də sənayeləşdirmə daxili ehtiyatlar hesabına aparılırdı. Sənayeləşmə kəndlilərin amansız istismarı, ağır vergilər, «sənayeləşdirmə istiqrazları», qənaət əsasında həyata keçirilirdi. Kommunist təbliğatından ruhlanan fəhlələr böyük ruh yüksəkliyi ilə yeni-yeni iri müəssisələr tikirdilər. «Sosializm yarışı», iməciliklər, zərbəçilik və s. fəhlələrin sənayeləşdirmədə fəal iştirakını təmin edirdi.
SSRİ-nin yeganə neft bazası Bakı idi. Azərbaycan fəhlələri, birinci növbədə Bakı fəhlələri sənayeləşdirmədə fəal iştirak edirdilər. İlk beşilliklərdə (1928-1937) neft maşınqayırma zavodları, sürtkü yağları, ağ neft, benzin, karbit zavodları, respublikanın rayonlarnda fabrik və zavodlar tikilmişdi. 1930-cu illərin ikinci yarısında Azərbaycanda istehsal olunan sənaye məhsulunun 95 faizdən çoxunu 1920-ci illərdə və sonra tikilmiş və yenidən qurulmuş müəssisələr verirdi.
1930-cu ildə uzunluğu 822 km. olan Bakı-Batumi neft kəməri, 400 km. uzunluğunda Ələt-Culfa dəmir yolu, 1926-cı ildə SSRİ-də ilk dəfə Bakı-Balaxanı-Sabunçu-Suraxanı neft-mədən rayonlarını bırləşdirən elektrik dəmir yolu işə salındı. 1926-cı ildə Azərbaycan SSR-də 47 min fəhlə vardısa, 1940-cı ildə onların sayı 456 min nəfərə çatdı.
Sənayeləşdirmə xəttinin həyata keçirilməsi nəticəsində Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmiş, işsizliyə son qoyulmuşdu. 1937-ci ildə Azərbaycan SSRİ respublikaları arasında ərazisinə görə 9-cu, əhalisinə görə 7-ci yer tutmağına baxmayaraq, ümumi məhsul və enerji istehsalına görə 3-cü, pambıq istehsalına gorə 2-ci, neft istehsalına görə 1-ci yeri tuturdu.