HAQQIN İZİ İLƏ
Müəllif: Əli Əsğər Rizvani
Çevirən: Maqsud Sayıl
GİRİŞ
Şiəliyin həqiqəti, onun mənşəyi daim bir çox keçmiş və müasir müəlliflərin, tarixçilərin diqqət mərkəzində olmuş və fikir mübadiləsi aparılmışdır. Əksər müəlliflər şiəliyin həqiqətindən danışarkən onun Peyğəmbərin (s) vəfatından yarım əsr sonra inanc bölgüsü əsrində siyasi, etiqadi ixtilaflar səbəbilə meydana gəldiyini bildirirlər. Bu baxımdan sözügedən firqənin meydana gəlməsi və inancları ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəzilərin fikrincə, onlar Abdullah ibn Səbanın ardıcıllarıdır və öz inanclarını yəhudilərdən almışlar. Bəziləri bu firqəni qədim atəşpərəst iranlılarla bağlayırlar. Bəzilərinə görə isə bu firqə Kərbəlada Əhli-beytə (ə) qarşı baş verən hadisələrin nəticəsində yaranmış və ilk işartıları İmam Əlinin (ə) şəhadətindən başlanmışdır. Şiəliyin mənşəyi ilə bağlı fikirlər bu şəkildə davam edirdi. Bəziləri onun Səqifədən sonra, bəziləri Osman dönəmində, bəziləri isə Cəməl və ya Siffeyn döyüşlərinin bağlanğıcında yaranması fikrini irəli sürmüşlər. Bütün bu versiyaların səbəbi gerçək İslamı əks etdirən şiəlik haqqında kifayət qədər məlumatın olmamasıdır. Onlar bilmirlər ki, şiəlik İslam ümmətinin təfəkkürünə sonradan əlavə olunan bir hadisə, digər ümmətlərdən alınma inanc deyil. Əksinə, o, tam mənada İslam əqidəsidir. Onun ilkin toxumlarını Allah-Taala Quranda, Peyğəmbər (s) sünnədə əkmiş, bəsləmiş və məsum Əhli-beyt (ə) iki əsrdən çox bir zamanda bu xətti göz önünə çıxartmış, ona qarşı irəli sürülən iradlara cavab vermişdir. İslam alimləri bugünədək onu izah etməyə, haqq olduğunu sübuta yetirməyə çalışmışlar.
Lakin çox təəssüflər olsun ki, tarixçilər və müəlliflər bu məzhəbin mənşəyi ilə bağlı fikir yürüdərkən yalnız onun düşmənlərinin kitablarına və fikirlərinə əsaslanmışlar. Quran və sünnədən qaynaqlanan düzgün və gerçək fikri isə unutmuşlar.
Qarşınızdakı kitabda şiəliyin mənşəyi ilə bağlı gerçək dəlilləri araşdırmaqla yanaşı, müxalif fikirləri də qeyd və tənqid etməyə çalışmışıq.
Əli Əsğər Rizvani
Dostları ilə paylaş: |