Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qədər artırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilirdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdular. Müharibənin ilk ilində neft sənayesində işləməyə 11 min qadın gəlmişdi. Gənclərdən ixtisaslı kadrlar hazırlanması işi genişləndirilmişdi və qısa müddət ərzində 40 mindən çox ixtisaslı fəhlə hazırlanmışdı.
1943-cü ilin payızında SSRİ rəhbərliyinin tələbi ilə Azərbaycanda Respublika Yardım Komitəsi yaradıldı ki, onun vəzifəsi SSRİ-nin faşistlərdən azad olmuş rayonlarına kömək etmək idı.
Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. O zaman SSRİ-nin əsas duru yanacaq-neft bazası olan Bakının rolu artmışdı. Bakı Sovet Ordusunun yanacaq bazasına çevrildi.Müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, təyyarə benzininin 85-90 faizini verirdi. Motorlu hərbi texnika demək olardı ki, əsasən Bakının verdiyi yanacaqla işləyirdi. 1941 - 1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi.
Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda «Katyuşa» reaktiv raket qurğusu, «Şpakin pulemyotu» istehsal edilir, «YAK - 3» qırıcı təyyarəsi yığılırdı. Ümumən Bakıda 130-dan çox silah və onun hissələri hazırlanırdı.
Azərbaycanın kənd əməkçiləri də müharibə illərində döyüşən cəbhəyə əllərindən gələni etmişdilər. Onlar ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər. 1941-ci ildə böyük hərbi və təsərrüfat əhəmiyyəti olan Culfa-Mincivan, Salyan-Neftçala, Papanin-Hacıqabul və sair dəmir yol xətləri istifadəyə verildi.
Azərbaycan əhalisi təmənnasız olaraq müdafiə fonduna milyardlarla rubl könüllü vəsait və qiymətli əşyalar verdilər. 1941 - 1943-cü illərdə Azərbaycan vətəndaşları müdafiə fonduna 15 kiloqram qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz verdilər, öz vəsaitləri hesabına tank və təyyarə kolonnaları yaratdılar. Cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərdilər.
Azərbaycan alimləri də müharibə illərində şərəflə işləmişdilər. Məşhur akademik Yusif Məmmədəliyev başda olmaqla kimyaçı alimlər müharibə illərində neft-kimya məhsulunun 100 növünün texnologiyasını, o cümlədən 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər. Bütün ziyalıların, o cümlədən yaradıcı ziyalıların fəaliyyəti faşizm üzərində qələbəyə yönəldilmişdi.
Beləliklə, İkinci Dünya müharibəsində faşizm və militarizm üzərində qələbənin əldə edilməsində Azərbaycan da öz böyük töhfəsini vermişdi.