Naxçıvan xanlığı 1747-ci ildə Kəngərli tayfasının başçısı Heydərqulu xan Kəngərli (1747-1763) tərəfindən yaradılmışdır. Paytaxtı Naxçıvan şəhəri olmuşdur. Ərazisi Zəngəzur dağlarından Naxçıvana qədər torpaqları əhatə edirdi.
Naxçıvan xanları. Heydərqulu xan Kəngərli (1747-1763) xanlıq zəif olduğundan Qarabağ xanı Pənahəli xandan asılı olmuşdur. 1763-1783-cü illərdə xanlığı Hacı xan Kəngərli və Rəhim xan idarə etmişlər. Onların dövründə də xanlıq zəif idi.1783-cü ildə Xoy xanı Əhməd xan öz adamı Cəfərqulu xanı Naxçıvanda hakimiyyətə gətirdi.Kəlbəli xan Cəfərqulu xanı əvəz etdi və müstəqil siyasət yeritməyə başladı. 1787-ci ildə İbrahimxəlil xanın hücumuna məruz qalsa da, onu geri oturda bildi. 1792-ci ildə Kəlbəli xan İbrahimxəlil xanın ikinci hücumunu da dəf etdi.1795-ci ildə Ağa Məhəmməd xan Qacar Naxçıvana hücum etdi. Kəlbəli xan Rusiya meyilli xan idi və rus zabiti Zubovla yaxşı əlaqələr qurmuşdu. Buna görə də 1797-ci ildə Qacar ikinci yürüşündə onu həbs etdi və Naxçıvana Abbasqulu xan Kəngərlini xan təyin etdi. Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra İran şahı Fətəli şah Kəlbəli xanı azad etdi və İrəvanda yaşamasına icazə verdi. 1803-cü ildə Kəlbəli xan Naxçıvana qayıtdı. 1827-ci ildə Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edildi və 1828-ci ildə Naxçıvan xanlığı ləğv edildi.
Lənkəran xanlığı. XVII əsrin sonlarında Musa adlı Qızılağac əyanı Astara mərkəz olmaqla Talış dağı ətrafı əraziləri birləşdirdi. Nadir şah onu kənarlaşdırıb əvəzinə Ərdəbildən Seyid Abbası təyin etdi. 1747-ci ildəSeyid Abbasın oğlu Cəmaləddin Mirzə bəy (Qara xan) (1747-1786) müstəqil Lənkəran xanlığını yaratmışdır. Paytaxtı əvvəl Astara, sonra isə Lənkəran olmuşdur və Talış dağları, Xəzər dənizindən Muğan düzünədək əraziləri əhatə edirdi.
Cəmaləddin Mirzə bəy Rusiyaya meyl edirdi. Buna görə də Gilanlı Hidayət xan onu cəzalandırmaq üçün 1768-ci ildə Lənkərana hücum etdi və Qara xan məğlub olub xərac ödəməklə xilas oldu. Gilan xanına qarşı mübarizədə Qara xana Qubalı Fətəli xan köməklik edirdi. 1785-ci ildə Lənkəran xanlığı Quba xanlığından asılı vəziyyətə düşdü. 1786-cı ildə Cəmaləddin Mirzə bəy vəfat etdi və Lənkəranda Mir Mustafa xan hakimiyyətə gəldi (1786-1814).1795-ci ildə Məhəmməd Qacarın yürüşü nəticəsində Mir Mustafa xan Sarı adasına çəkildi. O, 1802-ci ildə Georgiyevsk müqaviləsini imzalayaraq Rusiya ilə yaxınlaşdı. 1812-ci ildə xanlıq Rusiya tərəfindən işğal olundu. 1826-cı ildə xan idarə üsulu ləğv edildi və komendant idarə üsulu yaradıldı.