15.1. Çar Rusiyasının Şimali Azərbaycanda müstəmləkəçi siyasəti.
Komendant idarə üsulunun bərqərar olması. Azərbaycanın Rusiya tərəfindən işğalının gedişi zamanı xanlıqlar müəyyən müddət öz daxili müstəqilliyini saxlayırdı. Lakin Rusiya Azərbaycanda öz mövqelərini möhkəmlətdikcə xanlıqların daxili müstəqilliyi ləğv edildi. Gəncə xanlığı 1804-cü ildə, Bakı Dərbənd, Quba xanlıqları 1806-cı ildə, (Cavad xanlığı 1768-ci ildən Quba xanlığının tərkibinə qatılmış və 1806-cı ildə ləğv olunmuşdur), Şəki xanlığı – 1819, Şamaxı xanlığı – 1820, Qarabağ xanlığı – 1822, Lənkəran xanlığı – 1826, Naxçıvan və İrəvan xanlıqları 1828-ci ildə ləğv edildilər. Onların ərazisində 6 əyalət (Şəki, Şirvan, Qarabağ, Quba, Bakı, Lənkəran), 2 dairə ( Yelizavetpol, Car-Balakən) və 2 ( Qazax, Şəmşəddil) distansiya təşkil edildi. Hər bir əyalətin və dairənin idarə edilməsi Qafqaz qoşunlarının baş komandanı tərəfindən təyin edilmiş zabitlərə-komendantlara tapşırıldı. Ona görə də, belə idarəetmə sisteminə komendant idarə üsulu deyilirdi. XIX əsrin 20-30-cu illərində Azərbaycanda xanlıqları komendant idarə üsulu əvəz etdi. Bütün hərbi və mülki işlər, yerli məmurları vəzifəyə təyin etmək komendantın səlahiyyətində idi. Distansiyaları komendant tərəfindən təyin olunan naiblər idarə edirdilər.Əyalətlər mahallara, mahallar isə kəndlərə bölünürdü. Mahalları da komendantlar tərəfindən təyin edilmiş yerli naiblər, kəndləri isə kəndxudalar idarə edirdilər. Bütün bu inzibati vahidlər iki mərkəzdən Dərbənd hərbi dairəsindən və mərkəzi Şuşa şəhəri olan “Müsəlman əyalətləri rəisliyi” tərəfindən idarə olunurdu. Bakı, Şirvan və Quba əyalətləri Dərbənd hərbi dairəsinə, Şəki, Qarabağ və Lənkəran əyalətləri “Müsəlman əyalətləri rəisliyi”ə tabe idilər.
XIX əsrin birinci yarısında Şimali Azərbaycanda məhkəmə sistemi 4 kateqoriya məhkəmədən ibarət olmuşdur: əyalət məhkəmələri, şəhər məhkəmələri, şəriət məhkəmələri, hərbi məhkəmələr. Əyalət məhkəmələri Qarabağ və Şəkidə yaradılmışdı, onlara komendantlar başçılıq edirdi. Bakı, Quba və Gəncədə şəhər məhkəmələri fəaliyyət göstərirdi. Hərbi məhkəmələrdə ağır cinayətlərə baxılırdı. Hər bir əyalətdə ruhani idarələrinin başında baş qazı dururdu və o şəriət məhkəmələrinə başçılıq edirdi. Şəriət məhkəmələrində nigah, vərəsəlik və s. məsələlərə dair mülki işlərə baxılırdı.
Əyalət komendantlarının özbaşınalığı, əhalinin amansız şəkildə istismarı çar məmurlarının özləri tərəfindən də etiraf edilirdi. 1829-1830-cu illərdə Cənubi Qafqazda yoxlama keçirən senatorlar Kutaysov və Meçnikov müsəlman əyalətlərində maliyyə-vergi sisteminin bərbad halda olması, qanunsuzluqlar və özbaşınalıqlar haqqında ətraflı bəhs etmişlər. Komendant idarə üsulu müstəmləkə idarəetmə sistemi olub, hərbi-feodal xarakteri daşıyırdı.