Müharibənin Azərbaycan iqtisadiyyatına təsiri. Müharibə Azərbaycanın iqtisadiyyatına çox ağır təsir göstərdi. müharibənin başlanması Bakı neft sənayesinin inkişafına mənfi təsir etdi. Neftin hərbi-strateji əhəmiyyəti artdı, yeni bazarlar və neft yataqları uğrunda mübarizə gücləndi. Müharibə ərəfəsində formalaşmış ticarət əlaqələri pozuldu. Arzu olunmayan dövlətlərin neft şirkətlərinin fəaliyyəti üçün məhdudiyyətlər tətbiq edildi.
Neft hasilatı aşağı düşmüş, qazma işləri azalmışdı. Dəmir yolu və dəniz gəmiçiliyi daşımanın öhdəsindən gələ bilmirdi. Müharibə başlananda Azərbaycanda 431 milyon pud neft hasil edilmişdisə, 1917-ci ildə bu rəqəm 402 milyon puda enmişdi.
Müharibənin törətdiyi çətinliklər təsərrüfatın digər sahələrində də özünü göstərirdi. Dağ-mədən, ipəkçilik və başqa sənaye sahələrində də gerilik əmələ gəlmişdi. Gədəbəydə mis çıxarılması 1913-cü ildəki 1,8 milyon puddan 1915-ci ildə 103 min puda, mis istehsalı isə həmin dövrdə 49,7 min puddan 2,5 min puda enmişdi. Şuşa və Nuxada fəaliyyət göstərən ipək emalı fabriklərinin yarıdan çoxu işləmirdi. Pambıq parça istehsalı da kəskin surətdə azalmışdı, 1917-ci ildə Azərbaycanda tütün istehsalı müharibədən əvvəlki səviyyənin 30 %-ni təşkil edirdi. Balıqçılıq sənayesində də istehsal müvafiq olaraq 11,6 min puddan 7,2 min puda enmişdi. Müharibə illərində kənd təsərrüfatı da böhran keçirirdi. Əkinçilik və maldarlıq xeyli ixtisara düşdü, pambıq əkilən sahələr əsaslı surətdə azaldı, bağçılıq və üzümçülük tənəzzülə uğradı.
1915-ci il iyunun 15-də çar hökuməti “özgə xalqlar”dan olan 18 yaşından 43 yaşadək kişilərin müharibə ilə əlaqədar işlərə səfərbərliyə alınması barədə fərman verdi. Arxa cəbhədə işləmək üçün səfərbərliyə alınan azərbaycanlılar əsasən cəbhəyə xidmət edən yardımçı işlərdə çalışırdılar. Çarın fərmanına əsasən mindən artıq azərbaycanlının səfərbərliyə alınması kəndlərdə işçi qüvvəsinin sayını xeyli azaltmışdı. Müharibə dövründə Azərbaycan kəndinin işçi qüvvəsindən, qoşqu heyvanlarından, əmək alətlərindən, toxumdan, ərzaqdan məhrum edilməsi, Rusiya və xarici bazarlarla əlaqələrin kəsilməsi Azərbaycan kəndində ciddi təsərrüfat böhranına səbəb oldu.
Müharibə illərində zəruri ərzaq məhsullarının: çörəyin, ətin, yağın, südün, düyünün və s. qiymətlərində 300-500% artım var idi. 1914-cü ilə nisbətən 1916-cı ildə çörəyin qiyməti 226 %, 1917-ci ildə isə 300 % artmışdı. Qaçqınların və əsgərlərin hesabına Bakı şəhərində əhalinin sayı 70 min nəfər artmışdı. Ərzaq böhranı şəraitində əhalinin axını burada vəziyyəti daha da gərginləşdirir, xalqın narazılığını artırırdı.
1916-cı ilin fevralında Bakıda qadınların aclığa, bahalığa, möhtəkirliyə qarşı kütləvi etiraz aksiyası baş verdi. Fevralın 14-16-da minlərlə qadın küçələrə çıxaraq, mağazaları, anbarları, ticarət köşklərini yandırdı və dağıtdı. İki gün ərzində polislə toqquşma nəticəsində 64 adam həlak oldu, şəhərə 3 milyon rubl dəyərində ziyan dəydi. Qadınların üsyanını yatırmaq üçün hökumət Bakıya Tiflis, Dərbənd, Yelizavetpol və s. şəhərlərdən yüzlərlə polis, atlı kazak, artilleriya gətirməyə məcbur oldu. Xalqın narazılığı getdikcə artmaqda davam edir, ölkədə inqilabi şərait yetişirdi.
22 fevral 1917-ci il tarixdə Petroqradda başlayan xalq nümayişləri 27 fevral tarixdə inqilabın qələbəsi ilə başa çatdı. Fevral burjua-demokratik inqilabı nəticəsində 304 il Rusiyanı idarə edən Romanovlar sülaləsi devrildi. İnqilabda cəmiyyətin bütün təbəqələri iştirak etmişdi və qüvvələr nisbəti eyni olduğundan Rusiyada ikihakimiyyətlilik yarandı. İri sənayeçilər, torpaq sahiblərinin, orta burjuaziyanın maraqlarına uyğun olaraq Müvəqqəti hökumət və cəmiyyətin yoxsul təbəqələrinin maraqlarının müdafiəçisi kimi çıxış edən Fəhlə Deputatları Sovetləri hakimiyyətə gəldi. Bütün Rusiya üzrə ikihakimiyyətlilik bərərar oldu. İnqilabın qələbəsi xəbəri Bakıya 02 mart 1917-ci il tarixində çatdı və bu xəbər həm şəhər, həm də kənd əhalisinin siyasi fəallığının artmasına təkan verdi. Keçirilən nümayişlərdə iştirakçılar çar sülaləsinin devrilməsini böyük ruh yüksəkliyi ilə qarşılayır, yeni hakimiyyət orqanlarının yaradılmasını tələb edirdilər. Artıq martın 6-da Bakı Fəhlə Deputatları Soveti yaradıldı. 52 nəfərdən ibarət bu sovetdə bir nəfər də olsun azərbaycanlı yox idi. 1917-ci ilin aprelində Sovetə yeni seçkilər keçirildi və deputatların sayı 113-ə çatdırıldı ki, onların da yalnız 2 nəfəri azərbaycanlı idi. Bakı Sovetində əsas yerləri menşeviklər, daşnaklar və bolşeviklər tutmuşdular. 1917-ci ilin martında həmçinin əsgər və zabit deputatları Soveti, Göyçayda, Bakı quberniyasının bir çox qəzalarında, xüsusən Muğanın rus kəndlərində Kəndli Deputatları Sovetləri yaradıldı.
Müvəqqəti hökumət yerlərdə öz hakimiyyət orqanlarını yaradırdı. Martın 9-da Müvəqqəti hökumətin qərarı ilə Xüsusi Cənubi Qafqaz Komitəsi yaradıldı. IV Dövlət Dumasında Cənubi Qafqazı təmsil etmiş 5 deputatdan ibarət olan bu komitə Tiflisdə fəaliyyətə başladı. 1917-ci il martın 17-də Bakıda, Gəncədə, Nuxada, Qubada, bir qədər sonra Şamaxıda, Qazaxda və Azərbaycanın başqa şəhərlərində İctimai Təşkilatların İcraiyyə Komitələri yaradıldı.
Bakı komitəsində eserlər, menşeviklər, kadetlər (konstitusiyalı monarxistlər) üstünlük təşkil edirdilər. Onun sədri əvvəl L.Bic, sonra V.Frolov olmusdu. İcraiyyə Komitəsi ilə yanaşı, Bakı Şəhər Duması da öz fəaliyyətini davam etdirirdi.
Beləliklə, bütün Rusiyada olduğu kimi Şimali Azərbaycanda da ikihakimiyyətlilik bərqərar oldu. İdeoloji cəhətdən bir-birinə düşmən olan Bakı Fəhlə Deputatları Soveti ilə İctimai Təşkilatların İcraiyyə Komitələri arasında hegemonluq uğrunda təbliğat və təşviqat müharibəsi başladı.