Azərbaycan mühacirəti müharibə illərində. Mühacirətdə yaşayan və Sovet ordusunda vuruşan bəzi azərbaycanlılar Almaniyanın qalib gəlməsindən sonra Azərbaycanın istiqlal qazanacağına ümid bəsləyirdilər. 1941-ci ildə M.Ə.Rəsulzadə Almaniyaya dəvət edildi. O, Almaniya hökumət nümayəndələri ilə danışıqlarda 12 maddədən ibarət memorandumla məqsədini bildirdi: Azərbaycan Milli Ordusu yaradılmalı, onun komandiri azərbaycanlılardan olmalı, Azərbaycan Ordusu Azərbaycana birinci daxil olmalı, neft xalqa məxsus olmalı və s.
1943-cü ildə gözdən pərdə asmaq üçün Berlində Milli Azərbaycan Komitəsi yaradıldı. Komitə guya almanlar Qafqazı ələ keçirdikdən sonra ölkəyə rəhbərlik etməyi planlaşdırırdı.Əslində almanlar Şimali və Cənubi Azərbaycanı oyuncaq “Böyük Türküstan” hökumətinə qatmaq niyyətində idilər. M.Ə.Rəsulzadə faşistlərin bəd niyyətini başa düşdü və faşizmə qarşı çıxış etdiyinə görə Almaniyadan çıxarıldı. 1943-cü ilin noyabrında Berlində azərbaycanlıların qurultayı keçirildi, mühacir Azərbaycan parlamenti və Ə.Fətəlibəyli başda olmaqla hökumət yaradıldı və bu “hökumət” 1944-cü ilin qışına kimi fəaliyyət göstərdi.
Azərbaycan milli legionlarının təşkil olunması.1941-ci ilin payızına 2 milyondan artıq sovet hərbçisi almanlara əsir düşmüşdü. Alman faşistləri artıq 1941-ci ilin avqustunda əsirləri milli mənsubiyyətinə görə qruplaşdırmaq üçün 30 komissiya yaratmışdılar ki, bunu da milli legionların yaradılmasına hazırlıq kimi başa düşmək olar. Alman faşistləri əsirlərə dözülməz münasibət bəsləyirdilər.Xüsusən, monoloid irqinə aid türk xalqları - qazaxlar, qırğızlar, özbəklər və s.daha şox təhqirə məruz qalırdılar. Qeyri-rəsmi məlumatlara görə azərbaycanlı əsirlərin sayı 150 minə çatırdı. Pribaltikada almanların tərəfinə keçən Sovet ordusunun mayoru Əbdürəhman Fətəlibəyli-Düdənginski 1941-ci ilin noyabrında azərbaycanlılardan ibarət milli hissələr yaratmaq üçün Hitlerə müraciət etdi. Ancaq müharibəni 1941-ci ilin sonuna bitirməyi planlaşdıran Hitlerə “hansısa milli legionlar”ın yaradılması ideyası cəlbedici görünmürdü.
1941-ci ilin 5-6 dekabr günlərində Sovet ordusu Moskva ətrafında alman qoşunlarını məğlub edib 100 km geri atdı. Bu almanların II Dünya müharibəsində ilk məğlubiyyəti idi.Bu məğlubiyyətdən sarsılan Hitler milli legionların yaradılması fikrini təsdiqlədi.Beləliklə, 22 dekabr 1941-ci il tarixdə Hitler Türküstan,erməni, gürcü və Qafqaz - müsəlman legionlarının yaradılması haqqında sənədə imza atdı.Sonralar Qafqaz - müsəlman legionu iki legiona-Azərbaycan və Şimali Qafqaz legionlarına bölündü. Alman generalı fon Makizen Qafqaz müsəlmanlarından ibarət milli legionların komandanı təyin olundu və əsgərlərə daha yaxın olmaq üçün islam dinini qəbul etdi.1942-ci ildə Volqaboyu və Krım tatarlarının da legionu təşkil edildi. Alman tədqiqatçısı Mühlenin yazdığına görə, türk-tatar milli legionlarının yaradılmasında iki türk generalının - tanınmış hərbçi Nuru Paşanın və Türkiyə Ordusu Baş Qərargahının generalı Ərkilətin xüsusi rolu olmuşdur.
Birinci Azərbaycan legionları Polşa ərazisində formalaşdırıldılar.Keçmiş legionerlərin məlumatına görə, Azərbaycan milli legionlarında 70 minə yaxın azərbaycanlı döyüş-çü var idi.Komandirlərin 20-30 %-ini alman zabitləri təşkil edirdilər Azərbaycan milli legionlarını təşkil edən tağımlar “Boz qurd”, “Cavad xan”, “Aslan”, “Berqman”(“Dağlı”) adları daşıyırdılar. Almanların maliyyə dəstəyi ilə hər Azərbaycan legionu öz qəzetini buraxırdı. 1942-ci ilin avqustunda Hitler təşkil olunan milli legionlarla ordu qərargahı arasında rabitə vəzifəsini yerinə yetirən məhdud və muəyyən işlərlə bağlı “Əlaqə qərargahları”ının (almanca: "Ferbindunqştab”ların) qurulmasını əmr etdi. Azərbaycan “Əlaqə qərargahları”ının başına da Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski gətirildi. 1943-cü ilin yayında 162-ci Azad Türk diviziyası yaradıldı və Azərbaycan legionu ona daxil oldu.
1944-cü ildə Azərbaycan legionu Azərbaycan milli-azadlıq ordusunun birləşmiş qərargahına çevrildi.Azərbaycan legionu 4 polkdan, 30 yaxın tağımdan və digər dəstələrdən ibarət idi. Qafqaz müsəlmanlarından,o cümlədən azərbaycanlılardan ibarət milli legionlar Qafqazda Mozdok, Kazbek və Elbrusda strateji yüksəklikləri tutmaqda iştirak etdilər.
Azərbaycan legionunun əsas bazaları Polşa və Almaniya ərazilərində yerləşirdi. Sonralar isə legion Polşanın Rodom məntəqəsindən Fransanın cənubunda yerləşən Rodes şəhərinə köçürüldü. 1944-cu ildə Azərbaycan legionerlərindən Ə.Fətəlibəylinin, İ.İsrafilovun, R.Babayevin, T.Məmməd və Ə.Qazıyevin fəallığı ilə "Əlaqə Qərargahı"nın (“Ferbindunqştab”ın) Paris filialı yaradıldı. Paris filialına Nuşibəy Zulqədərov, Rza Tağıyev və Əlibəy Hacınski daxil oldular. 1944-cü ildə Parisin almanlardan azad edilməsindən sonra Paris filialı da buraxıldı. Azərbaycan Milli legionu Fransanın cənubunda müttəfiqlərə qarşı vuruşurdu. Almaniyanın məğlubiyyətindən sonra legionerlər ingilis-amerikan qoşunlarına təslim oldular. Onların bir hissəsi bitərəf ölkələrə getdilər və çox hissəsi isə Türkiyədə məskunlaşdı.
İkinci Dünya müharibəsi illərində alman əsirliyindən qaçan azərbaycanlıların bir qismi Ukrayna meşələrində həm faşist Almaniyasına, həm də SSRİ-yə,bolşevizmə qarşı silahlı müqavimət göstərən Ukrayna Müqavimət Ordusuna (UPA) qoşulmuşlar. Bu Ordunun sayı 100 minə çatırdı. Ukrayna Müqavimət Ordusu rəhbərliyi azərbaycanlılardan əsasən alman faşistlərinə qarşı döyüşlərdə istifadə etmişlər. Başqa xalqların nümayəndələri ilə birgə vuruşan azərbaycanlılar bu müqavimətdə ən çoxsaylı olmuşlar - bir batolyon (180 nəfər) və bir kəşfiyyat rotası (36 nəfər) həyatlarını azadlıq idealları uğrunda qurban veriblər. Onlardan cəmi bir neçə nəfər sağ qalıb, Avropaya keçə bilmişdir.