Cənubi Azərbaycanda demokratik hərəkatın üçüncü mərhələsi, Milli hökumətin yaradılması və fəaliyyəti. Hərəkatın üçüncü mərhələsi.Üçüncü mərhələ Milli hökumətin fəaliyyəti dövrünü əhatə edir. Cənubi Azərbaycan “21 Azər hərəkatı” ümumxalq hərəkatı idi. İran hökuməti Cənubi Azərbaycanda geniş vüsət alan bu hərəkatı boğmaq istəsə də, bunu edə bilməzdi, çünki hələ Cənubi Azərbaycanda Sovet ordusu hissələri dayanmışdı. Sovet ordusu Milli hökumətin qarantı idi.
Cənubi Azərbaycan Milli hökuməti İranın ərazi bötövlüyünə qarşı çıxmırdı. Yalnız İran daxilində Cənubi Azərbaycana muxtariyyət verilməsini və bütün İran miqyasında demokratik islahatların aparılması prinsipini irəli sürmüşdü. Bu məqsədlə Tehranla danışıqlara başlanılmışdı. İran rejimi isə danışıqları imitasiya edərək vaxt qazanmağa çalışırdı. Cənubi Azərbaycan Milli hökuməti vaxt itirmədən islahatlara başladı. 1946-cı ilin yanvar-fevral aylarında yerli əncümənlərə (şuralara) seçkilər keçirildi, yerlərdə müvafiq dövlət strukturları yaradıldı. 1946-cı ilin fevralında aqrar qanun qəbul edildi. Dövlət torpaqları, Milli hökumətə qarşı vuruşan mülkədarların torpaqları kəndlilərə paylandı. Mayın 12-də “Əmək haqqında” qanun qəbul edildi. İqtisadiyyatın mühüm sahələri ilə bağlı bir sıra qanunlar qəbul edildi.
1946-cı ilin yanvarında “Dil haqqında” qanun qəbul edildi. Qanuna görə Cənubi Azərbaycanda Azərbaycan türk dili dövlət dili elan olundu, bütün milli azlıqların dillərinin inkişafına zəmanət verildi. Qanuna əsasən, qısa bir vaxtda Azərbaycan dilində dərsliklər, müxtəlif əsərlər, qəzetlər, jurnallar nəşr edildi, radio verilişləri efirə çıxarıldı. Kəndlərdə və şəhərlərdə ana dilində təhsil verən məktəblər açıldı, kitabxanalar və qiraətxanalar təşkil edildi.
1946-cı ilin iyununda Təbriz Universiteti təsis edildi. Müxtəlif yaradıcılıq birlikləri, təşkilatlar və muzeylər yaradıldı.
Azərbaycan Dövlət Filarmoniyası, incəsənət muzeyi, musiqi məktəbi, radiostansiya açıldı. Milli qəhrəmanlar – Səttərxanın və Bağırxanın heykəlləri qoyuldu. Təbrizdə hərbi məktəb, hərbi qərargah yaradıldı, məxfi olaraq 200 Cənubi Azərbaycan gənci hərbi təhsil almaq üçün Bakıya, zabitlər məktəbinə göndərildi.