20.6. İkinci Dünya müharibəsi illərində Azərbaycanın mədəni həyatı.
Azərbaycan SSR-in mədəniyəti İkinci Dünya müharibəsi illərində Müharibə illərində xalq maarifi, elm, mədəniyyət, qələbəyə xidmət edirdi. Müəllimlərin bir hissəsi orduya getsə də, məktəbli gənclər vətənpərvərlik ruhunda ön cəbhədə döyüşür və arxa cəbhədə çalışırdılar. Alimlərin tədqiqatları müharibənin tələblərinə uyğun aparılırdı. Görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək oktanlı aviasiya benzini istehsalının yeni texnologiyası hazırlandı. Geoloqlardan Mirəli Qaşqay, Şamil Əzizbəyov və s. yeni strateji xammal yataqları aşkar etdilər. Məşhur cərrah Mustafa Topçubaşov hərbi cərrahiyədə yeni müalicə metodları hazırladı.
İctimai elmlər sahəsində çalışan alimlər xalqımızın qəhrəmanlıq keçmişinə həsr olunmuş əsərlər yazırdılar. 1943-cü ildə H.Hüseynov və M.A.Dadaşzadənin redaktəsi ilə “Azərbaycan ədəbiyyatının qısa tarixi” nəşr edildi. Şair və yazıçıların əsərləri xalqı düşmənə qarşı mübarizəyə ruhlandırırdı. Müharibə illərində S.Vurğun “Fərhad və Şirin”, M.Hüseyn “Nizami” dramını yazdılar. Ü.Hacıbəyov, S.Rüstəmov, S.Ələsgərov və b. marş, simfoniya, mahnı, opera və s. yaratmışdılar. Qara Qarayev və Cövdət Hacıyev “Vətən” operasını yazdılar. “Vətən oğlu”, “Bəxtiyar”, “T-9 sualtı gəmi” filmləri çəkildi. Azərbaycan rəssamlarından Əzim Əzimzadə, Maral Rəhmanzadə, İsmayıl Axundov və s. müharibəyə, əsgər həyatına, arxa cəbhəyə aid tablolar yaratmış, bu tablolar 1943-cü ildə Moskvada Tretyakov qalereyasında nümayiş etdirilmişdir.
Sovet rəhbərliyi müttəfiq respublikaların alman faşistləri üzərində qələbədə xidmətini nəzərə alaraq bir sıra güzəştlər etdi. 1944-cü il yanvarın 28-dən fevralın 1-dək keçirilmiş SSRİ Ali Sovetinin X sessiyasının qəbul etdiyi qanunlara əsasən xarici dövlətlərlə bilavasitə əlaqə saxlamaq, beynəlxalq əlaqələri daha da genişləndirmək və artırmaq məqsədi ilə müttəfiq respublikalarda Xalq Xarici İşlər Komissarlıqları təşkil edilməyə başlandı. Bu dövrdə Azərbaycan Xalq Xarici İşlər Komissarlığı (Xarici İşlər Nazirliyi) yaradılmış və onun ilk komissarı Mahmud Əliyev təyin edilmişdir.
Müsəlman ruhanilərinin düşmən üzərində qələbədə rolunu nəzərə alaraq, SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il tarixli qərarı ilə Cənubi Qafqaz Müsəlmanlarının Ruhani İdarəsi yaradıldı. Onun ilk sədri Şexülislam Ağa Əlizadə olmuşdur.