Sacilər dövlətinin tarixi-coğrafiyası. Sacilər dövləti 879-941-ci illərdə fəaliyyət göstərmişdir. Dövlətin paytaxtı əvvəl Marağa, sonra isə Ərdəbil şəhəri olmuşdur. Sacilər dövlətinin əraziləri qərbdə Ani və Dvin (Dəbil) şəhərlərindən (indiki Gürcüstan və Ermənistanın Türkiyə ilə sərhəd zolagı), şərqdə Xəzər dənizi sahillərinə qədər uzanırdı. Şimalda Kür çayından tutmuş cənubda Zəncana qədər ərazilər Sacilər dövlətinin tərkibinə daxil idi. 893 – cü ildən başlayaraq Məhəmmədin hərbi qələbələri sayəsində dövlətin əraziləri daha da genişləndirildi. İndiki Şərqi Gürcüstan və Ermənistan əraziləri Sacilər dövlətinin təsirinə düşdü. Yusif Sacoğlunun dövründə (901-927-ci illər) bütün Şirvan, Dərbənd, Şəki, Xaçın, Sünik, Tiflis əmirliyi və sair ərazilər Sacilər dövlətinə qatıldı və beləliklə, dövlətin şimal hüdudları Dərbəndə qədər genişləndirildi. Paytaxt Ərdəbildən savayı, Marağa, Təbriz, Urmiya, Xoy, Salmas, Mərənd, Beyləqan, Bərdə, Şəki, Naxçıvan, Şamaxı, Şabran, Dərbənd və başqa şəhərlər Sacilər dövründə böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edirdi.
Sacilər dövləti Dərbənddən Zəncanadək, Xəzərdən Göycəyə, Tiflisədək bütün tarixi Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirən ilk Azərbaycan dövləti olaraq tarixə düşdü. Bu fakt Azərbaycanın sonrakı taleyinə müsbət təsir göstərdi. Tarixi Adərbayqan, Albaniya torpaqları bir dövlətdə birləşdirildi, bu ərazilərdə yaşayan çoxsaylı türk mənşəli tayfaların etnik, iqtisadi, mədəni birliyi daha da möhkəmləndi, onlar arasında dialektik fərqlərin silinməsini, vahid Azərbaycan türk dilinin inkişafı prosesini sürətləndirdi.
Salarilər dövləti. Salarilər dövlətinin tarixi coğrafiyası. X əsrdə Azərbaycanda fəaliyyətdə olan dövlətlərdən biri də Salarilər dövləti olmuşdur. Sacilər dövlətinin zəminində yaranan bu dövlət 941-982-ci illərdə mövcud olmuş, o dövrdə Qafqazın və Ön Asiyanın ən qüdrətli feodal dövlətlərindən biri idi. Dövlətin yaradıcısı Məhəmməd ibn Mərzban olmuşdur. O, Cənubi Azərbaycanın Gilan əyalətindən idi və türk mənşəli Salarilər tayfasına mənsub olduğundan yaratdığı dövlət də Salarilər dövləti adlandırılmışdır. Bəzi orta əsr mənbələrində Salarilərin Kəngərli tayfasından ölduğu göstərilir. Dövlətin paytaxtı Ərdəbil şəhəri olmuşdur. Salarilər dövləti Sacilər dövlətinin zəminində yarandığından ərazisi də demək olar ki, Sacilərə aid ərazilərdən ibarət olmuşdur. Salarilər Kərkükü və Mosulu ələ keçirərək Sacilərdən onlara miras qalan dövlətin ərazilərini daha da genişləndirmişlər. Beləliklə, şimalda Şəkidən və Dərbənddən başlanan Salari əraziləri cənubda İraqın şimalına – Kərkükə, Mosula qədər uzanırdı. Şərqdən Xəzər dənizi ilə əhatə olunan Saları torpaqları qərbdə bugünkü Ermənistan və Tiflisdən şərqdəki Gürcüstan ərazilərini də əhatə edirdi. Göründüyü kimi, Sacilər kimi Salarilər dövləti də bütün tarixi Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirmişdir.
Dövləti idarə edən Mərzban ibn Məhəmmədin əsas məqsədi ara müharibələrinə son qoymaq, mərkəzi hakimiyyəti möhkəmlətmək, Azərbaycanı yadelli tayfaların basqınlarından qorumaq idi. Hakimiyyətinin başlanğıcında salarilər fəlakətlə üzləşdilər. 944-cü ildə mənbələrdə rus adlanan tayfalar Qafqazın mirvarisi hesab edilən Bərdə şəhərinə hücum edib görünməmiş qırğınlar və talanlar törətdilər. Bundan istifadə edən Mosul hakimi cənubda Səlmas şəhərinə basqın etdi. Mərzban ibn Məhəmmədin uğurlu yürüşləri nəticəsində həm Səlmas, həm də Bərdə işğalçılardan azad edildi, üstəlik Azərbaycanın şimal-qərb hissəsi, Göyçə ətrafı ərazilər və Şirvanşah Məzyədilər dövləti Salarilər dövlətinə qatıldı, salarilərin şimal sərhədləri Dərbənd şəhərinə qədər uzandı.
Ancaq, Azərbaycanın cənub-şərqi əraziləri – Zəncan, Əbhər, Qəzvin, İsfahan farslarının əlində idi. Bu əraziləri azad etmək niyyəti ilə 948-ci ildə Mərzban ibn Məhəmməd İsfahana qarşı yürüşə yollandı. Qüvvələr nisbəti düşmənin xeyirinə olsa da o, döyüşdən çəkinmədi və nəticədə sərkərdələri ilə birlikdə əsir düşdü. O, 5 il əsirlikdə qaldı. Bu illər ərzində Salarilər dövlətində daxili müharibələr qızışdı, mərkəzi hakimiyyət zəiflədi. Başda Deysəm olmaqla, Sacilər yenidən baş qaldırdılar. 953-cü ildə əsirlikdən qaçan Mərzban ibn Məhəmməd Ərdəbilə qayıtdı və hakimiyyətini bərpa etdi. Daxili çəkişmələrə son qoyuldu, Dərbənddə tüğyan edən üsyan yatırıldı, Sacilərin başçısı Deysəm həbs edildi və cəzalandırıldı. Ölkədə sabitlik bərqərar oldu, kənd təsərrüfatının, sənətkarlığın, ticarətin inkişafı üçün əlverişli şərait yarandı. 955-ci ildə vergi islahatı keçirildi, vergiqoyma sistemi qaydaya salındı və dövlətin topladığı illik mədaxil qızılla 3 milyon manata çatdı ki, bu da ordunun gücləndirilməsinə imkan verdi. Salari hərbi qüvvələri süvari və piyada hissələrindən və dəniz donanmasından ibarət idi.
957-ci ildə Mərzban ibn Məhəmməd vəfat etdi və onun ölümündən sonra 4 il ərzində, yəni 961-ci ilədək ölkəni taxt-tac uğrunda mübarizə bürüdü. Bu mübarizə Mərzbanın oğulları və qardaşı Vəhsudan arasında gedirdi. Ara müharibələri dövləti zəiflətdi və hakimiyyət uğrunda mübarizədə qalib gələn İbrahimin (961-981) yenidən dövlətin keçmiş qüdrətini bərpa etmək cəhdləri əməli nəticə vermədi. X əsrin ikinci yarısında Salarilər dövlətində mərkəzi hakimiyyətin zəfiləməsi fonunda daxili separatizm gücləndi və nəticədə Salarilər dövləti öz vahidliyini itirdi.
Dövlətin zəifləməsindən istifadə edən Şirvanşah Məzyədilər dövləti Salari tabeçiliyindən çıxdı və yenidən müstəqiliyini bərpa etdi. 971-ci ildə Dəbil əmirliyin qoşunları hücum edib Gəncəni ələ keçirdilər. Kür və Araz çayları arası ərazilər yenicə yaranan Şəddadilər dövlətinin tərkibinə qatıldı. Beləliklə, Salarilərin tabeçiliyində yalız Arazdan cənubdakı Azərbaycan torpaqları qaldı. Belə bir şəraitdə Əhər və Təbriz hakimi, Rəvvadilər sülaləsinin nümayəndəsi Əbülhica 981-ci ildə salari İbrahimi taxtdan saldı və Rəvvadilər dövlətinin əsasını qoydu.