Şəddadilər dövlətinin tarixi coğrafiyası. X – XI əsrlərdə Cənubi Qafqazda fəaliyyət göstərən feodal dövlətlərindən biri də Şəddadilər dövləti olmuşdur. Dövlətin adı mənşəcə Məhəmməd İbn Şəddadın adından götürülmüşdür. Şəddadilər nəsli indiki Ermənistanla Türkiyənin sərhəd zolağında yerləşən Dəbil ətrafı ərazilərdə yaşamışlar. Ərəb Xilafətinin zəifləməsindən istifadə edən Məhəmməd İbn Şəddad 951-ci ildə Dəbili (Dvini) ələ keçirmiş, burada Dəbil əmirliyinin əsasını qoymuşdur. Məhəmməd İbn Şəddadın ölümündən sonra hakimiyyət onun oğlu Ləşkəriyə keçdi. Salarilər dövlətində baş verən daxili hərc-mərclikdən istifadə edən Ləşkəri qardaşı Fəzllə birlikdə 971-ci ildə hücum edərək Gəncəni ələ keçirdi, Kür və Araz çayları arasındakı əraziləri işğal edərək burada Şəddadilər dövləti yaratdı. Nəticədə, Kür çayından şimaldakı Şəki və Şirvan əraziləri də Salarilərdən kəsilmiş oldu və burada Şirvanşah Məzyədilər dövləti öz müstəqilliyini bərpa etdi.
Ləşkəridən sonra hakimiyyətə qələm Fəzl İbn Məhəmməd (985-1030-cu illər) hücum edərək Dəbil əmirliyinin müstəqilliyinə son qoyaraq onu özünə tabe etdi. Beləliklə, Şəddadilər dövlətinin əraziləri daha da genişlənərək qərbdə Dəbil (Dvin) şəhərinə qədər uzanırdı. Müəyyən dövrlər Kaxetiya, indiki Ermənistanın şərq hissəsi də Şəddadilərin nüfuz dairəsində olmuşdur.
1066-cı ildə Şəddadilər Səlcuqların vassalına çevrildilər. Şəddadilər Bizans imperiyası ilə, Gürcüstanla, Şirvanşahlarla, Rəvvadilərlə müharibələr aparmış və bu müharibələrdə yalnız Səlcuq türkləri onları dəstəkləmişdir. 1072-ci ildə Şəddadilər Ani şəhərini də ələ keçirərək Ani əmirliyinin əsasını qoymuşlar.Məhz səlcuq türkləri ilə aparılan müttəfiqlik siyasəti sayəsində XI əsrdə Şəddadilər Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilmişdir. Sonuncu Şəddadi əmiri III Fəzlun Səlcuq vassallığından azad olmaq uğrunda mübarizə aparsa da, müvəffəqiyyət qazana bilmədi və Şəddadilər dövləti 1087-ci ildə Səlcuq imperiyası tərəfindən ilhaq olundu. Şəddadilər hakimiyyəti sonralar Azərbaycandan kənarda, indiki Gürücstanın cənubi-qərbində yerləşən Ani vilayətində davam etmişdir. Belə ki, burada 1072-ci ildə yaradılan Ani əmirliyi 1199-cu ilə qədər mövcud olmuşdur.