ELEKTROMAQNİT İNDUKSİYASI (electromagnetic induction) – Bax: İ n d u k s i y a.
ELEKTROMAQNİT SAHƏSİ (electromagnetic field) – Elektrik yükünə, elektrik və maqnit momentinə malik zərrəciklərin qarşılıqlı təsirini təmin edən sahə. E.s. enerji, kütlə (elektromaqnit kütləsi), impuls və impuls momentinə malikdir.
ELEKTRON ÇAP (electronic print (publishing))– Sözlü, qrafik və illüstrativ informasiya materiallarının ekran variantında göstərilməsi və rabitənin teleelektron xətləri ilə yayılması üçün elektron-kompüter vasitələri ilə dərc olunması. Bu, bahalı kağıza, nəzərdə tutulmayan tirajlara görə maddi itkilərdən qaçmağa imkan verir və çap məhsulu barədə ənənəvi təsəvvürləri kökündən dəyişir: elektron mətnlərə çevrilən çap məhsulları telekompüter qurğularının ekranlarından oxunur, multimedialaşdırılır və qısa müddət ərzində uzaq məsafələrə yayılır.
ELEKTRON EVANGELİZMİ (electronic evangelism) – Kommunikoloqlar arasında müxtəlif cür qiymətləndirilən dini – "İncil" mövzusunda TV proqramları. TV evangelizminin vaizləri iddia edirlər ki, onlar auditoriyaya təsirlərini genişləndirməklə və hətta kilsəyə gəlməyən insan kütlələrinə mənəvi qida verməklə mühüm vəzifəni yerinə yetirirlər.