AUDİOFİL (audiophile) – Radio, TV ilə translyasiya edilən, yaxud maqnitofon lentlərinə, videokasetlərə və disklərə yazılmış musiqi verilişlərinin qızğın həvəskarı. Adətən, bu termin klassik (meloman) musiqiyə deyil, müasir elektron musiqisinə pərəstiş edənləri səciyyələndirmək üçün işlədilir.
AUDİOGÖRÜNTÜ (audiovision) – Səsli və Vİ-nin yazılmasını və səsləndirilməsini bildirən süni söz birləşməsi.
AUDİOKİTAB (audiobook) – Kitab şəklində çap olunmuş əsərin səsləndirilmiş, lentə yazılmış forması. A. auditoriyanın elə bir hissəsi üçün nəzərdə tutulub ki, bu və ya digər səbəbə görə auditoriya onu maraqlandıran informasiyanın şifahi qavrayış formasına üstünlük verir. A.-a, adətən, zəif görən, xəstə, azsavadlı, çap nəşrlərini əldə edə bilməyən, yaxud, sadəcə, yaxşı qiraətçilərin və ya hətta müəlliflərin ifasında kitab mətnlərini dinləməyi xoşlayan adamlar müraciət edirlər. Uşaq tərbiyəsi təcrübəsində, səhiyyə və digər ictimai təşkilatların işində A.-dan istifadə olunur.