RADİO VERİLİŞLƏRİ (transmission broadcast) – Geniş dinləyici kütləsi üçün nəzərdə tutulan operativ informasiya və kütləvi təbliğat, təşviqat vasitələrindən biri. İctimai-siyasi, informasiya, bədii-publisistika R.v.-nin əsas istiqamətləri, məlumat-radio buraxılışı, radioqəzet, radiojurnal isə kütləvi formalarıdır.
RADİOVİZİYA (radiovision) – Radiodalğalar vasitəsilə obyektlərin görünən təsvirlərinin alınması; optik dalğa diapazonunda qeyri-şəffaf obyektlərin daxili strukturunu öyrənmək və optik qeyri-şəffaf mühitdə yerləşən obyektləri müşahidə etmək üçündür.
RADİOYAYIM STUDİYASI (broadcasting studio) – Radiostudiya; Radioyayımın Aparat-Studiya Bloku (ASB-RY). Radioyayımını gerçəkləşdirən əsas sistemin tərkib hissəsi.
RAKORD (leader) – Kadrlara bölünmüş müvafiq işarələrdən, aydınlaşdırma və tanınma yazılarından ibarət, müəyyən uzunluqlu kinofilm rulonunun başlanğıc və son hissələri. R. rulonun tərkib hissəsidir (filmin bir hissəsinin), yaxud kinofilmin hissəsinə yapışdırıla, yaxud onunla birlikdə hazırlana bilər.
RAKURS (fore/shortening) – Baxış bucağı; çəkilən predmetə baxış nöqtəsi; məqsəddən asılı olaraq tətbiq edilən operator sənəti üsulu; çəkiliş zamanı optik oxun mailliyi; əşyanın kinokameraya çəkiliş nöqtəsinə nisbətən vəziyyəti. Bu zaman daha uzaq hissələrin perspektivli ixtisarı müşahidə olunur. Kinokadrlarda kinoçəkiliş aparatına yaxın olan çəkiliş obyekti hissələri böyüdülə bilər. Təsviri montaj kompozisiyası üçün R. geniş istifadə olunur. R. müəllifin ideyasını ifadə etməyə, montaj parçalarında hadisənin dinamikasını nəzərə çarpdırmağa xidmət edir.