SƏS UCALIĞI (loudness) – Səsin insanın eşitmə orqanı ilə subyektiv təyin edilən keyfiyyəti. S.u. tezlikdən asılıdır: tezlik yüksəldikcə S.u. artır. Mürəkkəb S.u. əsas tonun tezliyi ilə təyin edilir. Kiçik tezlik hüdudunda S.u. səsin gurluğundan və tembrindən asılıdır.
SƏSYAZMA (sound recording) – Səs dalğalarının sonradan səsləndirilməsi üçün qrammofon valı, kino lenti və s. informasiya daşıyıcısına yazılması; səs daşıyıcısının müxtəlif sahələrində fiziki hal və ya formanın dəyişilməsinə əsaslanır. Əsas sistemləri mexaniki səsyazma, maqnit yazısı və fotoqrafik yazmadır.