SÖZSÜZ FİLM (silent film) – Kinematoqrafiyanın təşəkkülünün ilk illərində qəbul olunmuş adı. XX əsrin 20-ci illərinin ikinci yarısınadək kino əsərləri sözsüz, yalnız təsvirdən ibarət olurdu. Bəzən bütün ekranı tutan yazılardan (titrlərdən) da istifadə edilirdi.
SÖZ YADDAŞI (word memory) – Bax: E ş i t m ə y a d d a ş ı.
SPEKTR (spectrum) – 1) Səsli yayım siqnalının xüsusiyyətlərindən biri. Səsli yayımın siqnalları fasiləsiz (bütöv) S.-ə malik olur. Siqnalın gücünün spektral sıxlığı tezlikdən asılıdır. Onun ən böyük amplitudası orta tezliklərdə yerləşir. Gücün spektral sıxlığının tezlikdən asılı olmasından istifadə edərək səs mənbəyinin tezlik diapazonunu təyin etmək mümkündür. Spektrin təhlilinin nəticələrinə görə nitqin tezlik diapazonu (TD) 70...7000 Hs, skripkanın TD-nu – 250...15000 Hs, orqanın TD-nu – 20...15000 Hs təşkil edir. Səsli yayımın siqnallarının S.-i haqqında məlumatdan səsli yayımın elektrik kanalı (SYEK) parametrlərinin seçilməsi zamanı istifadə edilir; 2) İşıq şüaları; müəyyən bir sistemi və prosesi xarakterizə edən əlamətlərin vəhdəti.