TELEVİZİYA REDAKTORU (television produser) – EE-də yayımın ideya və məzmununu müəyyənləşdirən, informasiyanın toplanıb işlənməsini, çoxsaylı reportyorların işini təşkil edən məsul şəxs.
TELEVİZİYA SƏNƏTİ (teleart) – TV-nin meydana gəlməsi ilə əlaqədar yaranmış bədii fəaliyyət və ictimai-siyasi informasiya növlərinin məcmusu. Radio, kino, teatr, estrada, eləcə də dövri mətbuatın bir sıra mühüm əlamət və keyfiyyətlərini özündə cəmləşdirən T.s. qüdrətli, orijinal informasiya, təbliğat və estetik tərbiyə vasitəsidir. T.s. kütləvi informasiya və təbliğat vasitələrinin müstəqil bir qolu kimi çox qısa vaxt ərzində təşəkkül tapmışdır. Texnikanın inkişafı, sosial və estetik informasiyaya artan tələbat, eləcə də dünyanın siyasi və iqtisadi mənzərəsi, ideoloji qarşıdurma T.s.-nin sürətlə yetkinləşməsi və yayılmasına güclü təkan vermişdir.